Məhkəmə qərarları › İş №1(099)-472/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-472/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-472/2022 24.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emil Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X3 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla, tutulanadək Lənkəran rayonu Darquba kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd selefon kəsiyi bükümündə, şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 10,069 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə saat 18:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Darquba kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin ünvanı ünvan 1 keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən qeyd edilən bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilsə də, ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə saat 16 radələrində evində olarkən polis əməkdaşları gəlib, onu apararaq videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə axtarış keçirmişlər. Həmin vaxt üzərindən heç nə çıxmamışdır. Onu uşağı ilə təhdid edib, sonra da Aqil adlı polis əməkdaşı narkotik vasitəni onun üzərinə qoymuşdur. O Azərdən narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, onun üzərində 2 qram heroin olmuşdur. Həmin heroini X1rkən gizlətmişdir. 10 qram heroin isə ona aid deyil. Vəkilinin iştirakı ilə ifadə vermişdir. Müstəntiqə ifadə verərkən ona heç bir təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, 7-8 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əldə etdiyi narkotik vasitələri şəhər ərazisində tanımadığı şəxslərdən əldə edir. Həmin şəxsləri görsə, üzdən tanıya bilər. Narkotik vasitə olan heroini zərdə tüstüsünü çəkmək yolu ilə istifadə edir. İstifadə etmədiyi gün bədənində dözülməz ağrılar olur. 20 aprel 2022-ci il tarixdə Lənkəran şəhəri Qalayçılar adlanan ərazidən Azər kimi tanıdığı şəxsdən bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni 200 manata almış və şalvarının sağ yan cibində saxlamışdır. 23 aprel 2022-ci il tarixdə saat 18 radələrində Lənkəran rayon Darquba kəndində küçədə hərəkətdə olarkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərində şəxsi axtarış keçirilməsindən ötrü regional şöbəyə dəvət etmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Ədalət Muradovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarın sağ yan cibində olan bir büküm heroini təqdim etmişdir. O, həmin bükümü özünə məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 10,37 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolları, həmin istintaq hərəkətinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü ilə, əldə olunmuş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə ona tam sübuta yetirilmişdir. Belə ki, dindirilmiş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran rayon Darquba kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 23 aprel 2022-ci il tarixdə saat 18 radələrində Lənkəran rayonu Darquba kəndində Təqsirləndirilən şəxs saxlayıb, şöbəyə gətirmişlər. Orada vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Videoçəkilişin aparılması Şahid2 həvalə edilmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya varsa, təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs isə cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə çıxarıb təqdim etmişdir. Sorğu zamanı o üzərindən aşkar olunmuş bükümün içərisində narkotik vasitə heroini, Lənkəran şəhəri Qalayçılar ərazisindən tanımadığı şəxsdən 200 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra heroinə bənzər kütlə olan bir ədəd büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 10,37 qram olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, əməliyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. O yaşadığı evin yaxınlığında küçədə saxlanılmışdır. Saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. O səmimi olaraq üzərindən bir bükümdə olan narkotik vasitəni onlara təqdim etmişdir. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və X12 ifadələrində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr verdilər. Cinayət işinin materiallarında olan 23 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə, içərisində narkotik vasitə heroin olan büküm aşkar edilmiş, həmin bükümün çəkisi 10,37 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə nümayiş etdirilmiş baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində X11 Dadaşovun üzərində şəxsi axtarış aparılarkən o səmimi olaraq üzərində olan bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2022-ci il tarixli, 19/504 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 10,069 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İbtidai istintaq orqanının 09 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə, təmiz çəkisi 10,069 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 10,019 qram qalığı və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu 1 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının təqdim etdiyi arayışdan görünür ki, Dadaşov X7 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İşdə olan 23 aprel 2022-ci il tarixli təqrirdən görünür ki, həmin təqrirdə etimad doğuran, məlum və qərəzsiz mənbəədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və daşımasının bildirildiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan və Təqsirləndirilən şəxs ifşa olunması üçün müvafiq tədbirlərin keçirilməsinə icazə veilməsinin qeyd edildiyi təqrirdə onun narkotik vasitələri saxlaması və daşıması göstərilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 “əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” 23 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrindən və şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən heroini Lənkəran şəhəri ərazisində özü istifadə etmək üçün tanımadığı şəxsdən əldə edərək üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryək alkoloidlərini özündə saxlayan maddələrdən sui-istifadə etməsi ilə əlaqədar olaraq narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin cinayət işinin materiallarında olan etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda, əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarda və onun ifşa olunması üçün müvafiq tədbirlərin keçirilməsinə icazə veilməsinin qeyd edildiyi təqrirdə Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və daşıması göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun narkotik maddəni satış məqsədi ilə əldə etməsi, həmçinin narkotik maddənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş çəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Bunu məhkəmədə dindirilimiş şahidlər Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və X9 ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən o həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə etdiyinini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 10,069 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təstiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. İnsan Hüquqlarının və X6 X5 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-in 234.4.3-cü maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddələsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmalı dır. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində üzərindən aşkar edilərək götürülmüş bir bükümdə heroinin ona aid olmadığını, həmin narkotik vasitəni onun üzərinə polis əməkdaşı Şahid1 qoyduğunu bildirmişdir. Məhkəmə onun vermiş olduğu bu ziddiyətli ifadəni özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilmiş baxış və götürmə aparılması haqqında protokolla, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heronin ona məxsus olması barədə vəkilinin iştirakı ilə verdiyi ifadələri ilə, dindirilmiş şahidlərin ifadələri ilə, Lənkəran Rayon Məhkəməsində ona qarşı həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılması zamanı keçirilən məhkəmə iclasında əməlini səmimi etiraf eməsi haqqında verdiyi izahatı ilə, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə onun ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi yuxarıda qeyd edilən ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. İşdə olan ibtidai istintaq orqanının 02 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, hazırki cinayət işindən Azər adlı şəxsin barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonunun Darquba kəndində yaşamışdır. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Yaşayış yeri üzrə xasiyyətnamədə o qabiliyyətli, səmimi, qonşuları və ailə üzvlərinə qarşı rəftarının yaxşı olması göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Dadaşov X7 Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Dadaşov X7 Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi o məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. CM-in 18-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi halı mövcuddur və bu hal CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmaqla, CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddədə nəzərdə tutulan ciddi cəza növünün yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 23 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 10,019 qram heroin məhv edilməli və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 10,019 qram heroin məhv edilsin və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar