Məhkəmə qərarları › İş №1(099)-472/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-472/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-472/2023 04.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Hacıqabul şəhəri X.Məmmədov küçəsi, ev 3-də qeydiyyatda olmaqla, Şirvan şəhəri H.Əliyev prospekti, ev 26, mənzil 28-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,355 qram narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 08 yanvar 2023-cü il tarixdə saat 09:15 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Şirvan şəhəri N.Nərimanov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 10:10-da üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 2,355 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, özü narkotik istifadəçisi olmuş, həmçinin də QİÇS xəstəliyindən əziyyət çəkir. Son vaxtlar isə müalicə proqramına qoşulmuş rəsmi olaraq medaton suyu alaraq içmişdir. xx.xx.2023-cü ildə gecə vaxtı, yəni xx.xx.2023-cü ilə keçən gecə saat 05:00 radələrində Bakı şəhərindən gəlib Şirvan şəhərinə çatmışdır. Şirvan şəhərində onu DYP əməkdaşları saxlamışlar. DYP əməkdaşları Şirvana girişdə polis bölməsinin yanında onu saxlamışlar. Həmin polislər onu aldatmış, 50 olan yolda 120 ilə maşın sürdüyünü bildirmişlər. Sonra DYP əməkdaşları onu öz xidməti maşınlarına içkili olub-olmadığını yoxlamaq üçün dəvət etmişlər, lakin maşının qapısını bağlayıb, onu şöbəyə aparmışlar. Şöbəyə apardıqdan sonra onu içəri atmışlar. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Şöbədə olarkən sonradan əməliyyatçılar gəlmiş, şöbədə olarkən onu döyüb, hədə-qorxu gəlmişlər. Nəticədə məcbur olub narkotik vasitəni üstünə götürmüşdür. Üzərinə 2,3 qram narkotik qoyub rəsmiləşdirmişlər, ona haqsızlıq etmişlər. Bakıdan gələrkən iki dənə postdan keçmiş, videolara da düşüb. Həmin vaxt qar yağmış, Bakıdan gecə saat 02:00-da çıxıb, səhərə yaxın 05:00-da Şirvana çatmışdır. Özü metadon proqramına rəsmi yazılmış, müalicə almışdır. Polis şöbəsində isə ona demişlər ki, getməlisən içəri. Xəstəliyi ilə əlaqədar dərmanlarla yaşayır. Bu işin ciddi araşdırılmasını xahiş edir. O, bu cinayəti törətməmişdir, saxlanılarkən üzərində heçnə olmamışdır. Ona sübutlarının təqdim edilməsinə, video-çəkilişləri çıxarmasına, təqsirli olmamasını sübut etməyə icazə verilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saatlarında yaşadığı Şirvan şəhəri H.Əliyev prospektində gəzən zaman yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm onun marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açmış, əvvəllər də istifadə etdiyindən tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə heroin olmasını bilmiş və həmin narkotik vasitə heroini tapmış olduğu sellofan bükümdə şalvarının yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində Şirvan şəhəri N.Nərimanov küçəsində olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu bildirib onu ŞPŞnə gətirmişlər. ŞPŞ-də olarkən otaqların birində saat 10:10-da polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmış, o da üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söyləmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanların müstəntiq tərəfindən deyildiyini, necə deyibsə elə də yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində Şirvan şəhəri N.Nərimanov küçəsində saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, ona qarşı saxlanılarkən və polis şöbəsində olarkən heç bir fiziki zor və ya təhdid edilməmişdir, Təqsirləndirilən şəxs Nərimanov küçəsində tək saxlanılıb, yanında heç kəs olmamışdır, onun bu barədə bildirdikləri tamamilə şərdir, yalan və böhtandır. İşdə olan, Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:15-dən tutulmuş hesab edilmişdir. (c İ, i.v 20-21) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 28-30) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/26 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-2,355 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,305 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 36-38) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 yanvar 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 67-68) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra çəkisi 2,305 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (c İ, i.v 77-78) İşdə olan, qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd “İphone 6”, 1 ədəd “Samsung Duos”, 1 ədəd “Samsung A30” markalı mobil telefonlar və 1 ədəd mobil telefonun qulaqcığı xx.xx.2023-cü ildə anası X3 təhvil verilmişdir. (c İ, i.v 82) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (c İ, i.v 101- 103) İşdə olan, “ambulator məcburi-narkoloji tibbi yoxlamanın” xx.xx.2023-cü il tarixli, 1773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Nakotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 115-116) İşdə olan, Məhkəmə-psixiatriya ekspertizasının 18 mart 2023-cü il tarixli, 771 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 117-119) İşdə olan, xx.xx.2023-cü il tarixli Hacıqabul RİHB-nın Hacıabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəcəfov X5 şəhəri, X.Məmmədov küçəsi 3 saylı ünvanda uzun müddətdir yaşamır, barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur. (c İ, i.v 138-39) İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncy müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ilədək üçüncü dərəcəli əlillik verilmişdir. (c İ, i.v 140) İşdə olan, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid2 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (c İ, i.v 143-146) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitəheroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və təhdidlər edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin zorakılıq, fiziki təzyiq hərəkətləri, təhdidlər və pis rəftar tətbiq edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs zorakılıq, fiziki təzyiqə, təhdidə və pis rəftara məruz qalaraq etirafedici ifadələr verməsinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq xx.xx.2023-cü il tarixli qərarla (cild İ, i.v 143-146) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. X11 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə, təhdidə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşı təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmiş, eyni zamanda təqsirləndirilən şəxsdə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, tapdığını, tutularkən, polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir təsir, təzyiq olunmadığını, narkotik vasitəni kiminsə üzərinə qoyması hallarının olmadığını öz səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyqilər, təhdidlər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulduqdan sonra vermiş olduğu izahatında (cild İ – i.v. 31) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 164) şəxs qismində verdiyi ifadəsində, eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, narkotik vasitəni yerdən tapdığını, həmin narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqlərə məruz qaldığını, üzərinə narkotik vasitə qoyulduğunu iddia etdiyi halla məhkəmə həm də ona görə razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı şübhəli (cild İ – i.v. 45-46) və təqsirləndirilən (cild İ – i.v. 59-60) şəxs qismində verdiyi ifadələrində iddia etdiyi həmin halları mübahisələndirmişdir. Qeyd edilən hallarla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra isə təqsirləndirlən şəxs müdafiəçinin iştirakı ilə xx.xx.2023-cü ildə verdiyi ifadəsində ilkin izahatında və üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində göstərdikləri ilə eyniməzmunlu ifadə vermişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs hələ ibtidai araşdırma zamanı vermiş olduğu ilkin ifadələrində, eləcə də məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə, eləcə də məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi yuxarıda qeyd edilən xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulduqdan sonra vermiş olduğu izahatını və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Artıq bu hallar təqsirləndirilən şəxsin istər ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qimində verdiyi ilkin ifadələrin, istərsə də məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulduqdan sonra vermiş olduğu izahatının və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli şəxs qismində tutulduqdan sonra vermiş olduğu izahatını və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu yuxarıda qeyd edilən izahat və ifadəsində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan izahat və ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni yerdən tapdığını və istifadə etdiyini bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan izahat və dindirmə protokolları ilə tanış olsa da, həmin izahat və protokolda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan izahat və ifadəsini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xx.xx.2023-cü ildə saat 09:15 radələrində deyil, məhz xx.xx.2023-cü il tarixdə səhər saat 05:00 radələrində DYP əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılması isə yuxarıda sadalanan sübutlarla tam təkzib olunduğuna görə bu xüsusatla əlaqədar təqsirləndirilən şəxsin göstərdikləri xüsusatlara məhkəmə tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq xarakteri daşıyır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanmasının - tutulmasının xx.xx.2023-cü il tarixdə baş verməsinə dair çoxsaylı sənədlərin olması, vəkilin iştirakı ilə istintaq və prosessual hərkətlər aparılmaqla həmin sənədlərin tərtib olunması, eləcə də, ibtidai istintaq dövründə müdafiə tərəfinin təqsirləndirilən şəxsin xx.xx.2023-cü il deyil xx.xx.2023-cü ildə tutulmasına dair xüsusata istinad etməməsi, bundan başqa təqsirləndirilən şəxsin hətta özünün də xx.xx.2023-cü ildə şübhəli və təqsirləndirilən şəxs qismində narkotik vasitənin ona aid olmasını mübahisələndirdiyi ifadələrində belə xx.xx.2023-cü ildə saat 09:15-də Şirvan şəhərində Nərimanov küçəsində saxlanılmasını bildirməsi, müdafiə tərəfindən bu xüsusatın əsassız mübahisələndirildiyini və təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmağa yönəldiyini bir daha təsdiq edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 08 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİİ dərəcə əlilliyi olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,305 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,305 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar