Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-472/2025 08.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1960-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, İmişli şəhəri ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə yaşadığı İmişli şəhəri, ünvan 2 üvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 20 ədəd, yəni külli miqdarda çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 12 iyun 2025-ci il tarixdə saat 10:18-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən sahədən 20 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 526.11 qram olan, əkib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, cavan yaşlarından narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Hər dəfə müxtəlif şəxslərdən marixuana əldə etdikdən sonra bükümlərin arasında olan toxumları yığıb saxlamışdır. Toplamış olduğu 20 ədəd toxumları 13 mart 2025-ci il tarixdə yaşadığı İmişli şəhəri, ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpağa basdırıb sulamışdır. Toxumun hamısı bitmişdir. O, çətənə kollarına qulluq etmiş, sualmış və diblərini boşaltmışdır. Kolların bəziləri böyümüş, bəziləri isə hələ kiçik olmuşdur. 12 iyun 2025-ci il tarixdə saat 10:18 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və ona yaşadığı evin həyətində qanunsuz olaraq çətənə kolları əkməsi barədə məlumat daxil olduğunu, bu səbəbdən də yaşadığı evin həyətinə baxış keçirməli olduqlarını bildirmişlər. O da etiraz etməmiş və polis əməkdaşlarını narkotik tərkibli çətənə kollarını əkdiyi yerə aparmışdır. Orada video çəkilişlə polis əməkdaşları tərəfindən həmin bitkilər bir-bir kökündən çıxarılmış, sayılmış və qablaşdırlmışdır. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, İmişli Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyun 2025ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs İmişli şəhəri ünvan 2 ünvanında yerləşən evinin həyətyanı sahəsində çətənə bitkilərini əkib yetişdirməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 10 radələrində əməliyyat qrupunun üzvləri və aqronom mütəxəssis ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən 20 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər köküstə və yaşıl vəziyyətdə olmuşlar. Bitkilər köklərindən çıxarılmaqla sayılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kolları öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşı Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında 12 iyun 2025-ci il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Fizuli küçəsi ev 11 ünvanında yerləşən evin həyətyanı sahəsində 20 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. İmişli rayonu Bitki Mühafizəsi və Fumuqasiya (zərərsizləşdirmə) Mərkəzinin 12 iyun 2025-ci il tarixli rəyindən görünür ki, İmişli şəhəri, ünvan 2 ünvanında aşkar edilmiş 20 ədəd çətənə (kannabis) bitkilərinə aqro-texniki qaydada qulluq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 13 iyun 2025-ci il tarixli, 18/462 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 20 ədəd, yaş vəziyyətdə, təmiz çəksi 515.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2025-ci il tarixli, 4280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş qaydalara müvafiq olaraq Təqsirləndirilən şəxs yaşı 60-dan çox olduğundan barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsi mümkün deyildir. O, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İmişli şəhər inzabati ərazi dairəsi üzrə nümayəndəliyin məktubundan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində uşaqları olmamışdır, onun barəsində hər hansı şikayət və ya müraciət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkərək yetişdirməklə kültivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifaəyət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətinldən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı, onun Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədən şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) gün azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla İmişli Rayon Polis Şöbəsində saxlanılan 20 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun 12 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədən şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) gün azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla İmişli Rayon Polis Şöbəsində saxlanılan 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-472/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-472/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver