Məhkəmə qərarları › İş №1(099)-473/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-473/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-473/2022 26.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1978-ci ildə Ermənistan Rspublikasının Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Şuşa rayonunun Malıbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi”, ev 447-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-115,886 qram narkotik vasitə olan heroin və külli miqdarda-6,886 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb, daşımış və həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə, yəni heroini 29,551 qram, 31,302 qram, 23,441 və 31,592 qram olmaqla dörd ədəd bükümlərə və metamfetamini bir ədəd bükümə qablaşdırılıb üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 mart 2022-ci il tarixdə, saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul rayonunun ərazisində, Hacıqabul-Şirvan yolunun üzərində yerləşən körpünün yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən dörd ədəd bükümdə, ayrı-ayrılıqda-129,551 qram, 31,302 qram, 23,441 və 31,592 qram olmaqla cəmi, külli miqdarda-115,886 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda-6,886 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi”, 447 №-li evdə yaşayır, heç bir yerdə işləmir. Özü və ailəsi Şuşa rayonunun Malıbəyli kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Bakı şəhərində “Şuşa şəhərciyi”ndə yaşayırlar. Əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu məhkumluqla bağlı verilmiş cəzanın çəkilməmiş hissəsindən 2019-cu ildə əfv olunaraq azad olunmuşdur. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasəndə heroindən, həm də metamfetamindən istifadə etmişdir. Tutulmamışdan bir-iki gün əvvəl Bakı şəhərində yaşadığı ərazidə yerdən tapdığı bir ədəd sellofan bükümün içərsində 2 büküm heroin və 1 büküm metamfetamin olmuşdur. Heroin və metamfetamindən istifadə etdiyi üsün həmin bükümləri cibinə qoymuşdur ki, sonradan özü istifadə etsin. İki ədəd bükümdə olan heroinin cəmi çəkisi təxminən 17 qram, bir ədəd bükümdə olan metamfetminin çəkisi isə 1 qram olmuşdur. 27 mart 2022-ci il tarixdə, gecə saatlarında şəxsi işi ilə bağlı Yevlax rayonuna getmək üçün Bakı şəhərində tanışı taksi sürücüsü Rəşad adlı şəxsin idarə etdiyi avtomobilə oturub yola çıxmışdır. Həmin vaxt 2 bükümdə heroin və 1 bükümdə metamfetmin əynindəki gödəkcənin cibində olmuşdur. O, şəxsi istifadəsi üçün heroini və metamfetamini üzərində saxlamış, həmin maddələri kiməsə satmaq niyyəti olmamışdır. Səhər saatlarında Hacıqabul rayonu ərazisinə çatdıqları vaxt özünü pis hiss etdiyindən, həm bir az gəzib hava almaq, həm də narkotik maddə qəbul etmək üçün taksi sürücüsündən avtomobili saxlamasını xahiş etmiş, o da avtomobili Hacıqabul rayonu ərazisində olan körpünün yanında yolun kənarında saxlamışdır. Sonra o, avtomobildən düşüb bir qədər gəzib hava almağa başlamış, elə həmin vaxt bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb üzərində narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmiş, o da etiraf edib üzərində heroin və metamfetamin olduğu və özünün istifadəsi üçün üstündə saxladığını demişdir. Sonra polis əməkdaşları onu və taksi sürücüsünu Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarışdan əvvəl bir nəfər polis əməkdaşı cibinə əlavə içərisində heroin olan 2 büküm qoymuş, bundan sonra üzərində axtarış aparılmışdır. Axtarış zamanı o, əynindəki gödəkcəsinin cibindən bükümləri çıxarıb polislərə təqdim edib bükümlərin içərisində heroin və metamfetamin olduğunu, yaşadığı ərazidə yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş 5 ədəd bükümə baxış zamanı bu bükümlərdən 4-də heroin və 1də metamfetamin olması məlum olmuşdur. Aşkar olunmuş bükümlərdən 2 bükümdə olan heroin və 1 bükümdə olan metamfetamin özünə məxsusdur, digər 2 bükümdə olan heroin ona aid deyil, həmin bükümləri cibinə polis əməkdaşı qoymuşdur. Həmçinin özünə aid heroinin cəmi çəkisi təxminən 17 qram, metamfetamin çəkisi isə 1 qram olmuşdur. Üzərində aşkar olunmuş heroin və metamfetamin kütlələri polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. O, şəxsi istifadəsi üçün üzərində 17 qram heroin və 1 qram metamfetamin saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə bilavasitə ümumən uyğun ifadələr vermiş, eyni zamanda bu ifadələrində göstərmişdir ki, 25 mart 2022-ci il tarixdə Bakı şəhərində yaşadığı binanın yanında olarkən yerdə bir ədəd sellofan büküm görmüş və bu büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb baxarkən içərisində 5 ədəd bükümlər, həmin bükümlərin 4-nün içərisində heroin və 1-nin içərisində metamfetamin olduğunu görmüşdür. O, metamfetamin və heroindən istifadə etdiyi üçün həmin bükümləri cibinə qoymuşdur. 27 mart 2022-ci il tarixdə gecə saatlarında o, taksi sürücüsü tanışı Şahid4 idarə etdiyi avtomobillə Yevlax rayonuna şəxsi işi ilə bağlı gedərkən, saat 09 radələrində Hacıqabul rayonu ərazisində özünü pis hiss etdiyi üçün Rəşaddan avtomobili saxlamasını xahiş etmiş, o da avtomobili Hacıqabul rayonunda yerləşən körpünün yanında saxlamışdır. Sonra o, avtomobildən düşmüb bir qədər gəzib hava almağa başlamış, bu zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirib onu Hacıqabul RPŞ-nə aparmışlar. Həmin vaxt üzərində heroin və metamfetamin olmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən o, əynindəki gödəkcəsinin iç cibindən 5 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyub həmin bükümlərin 4-nün içərisində heroin, 1-nin içərisində metamfetamin olduğunu, bu maddələri Bakı şəhərində yaşadığı binanın yanında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ifadəsində yerdən tapdığı sellofan bükümün içərisində 4 bükümdə heroinin olması və üzərindən aşkar olunmuş bütün bükümlərin özünə məxsus olması barədə yazılanları təsdiq etmir. Saxlanılan vaxt, həm də üzərində axtarış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və təsir olmamış, lakin polis əməkdaşı tərəfindən cibinə əlavə bükümlər qoyulduqdan sonra həmin bükümlərin cibində olan bükümlərlə birlikdə aşkar edildiyindən o, ibtidai istintaq zamanı aşkar olunmuş bükümlərdə olan heroin və metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Əslində isə şəxsi istifadəsi üçün üzərində saxladığı və axtarış zamanı aşkar olunmuş bükümlərdən yalnız 2 bükümdə olan 17 qram heroinə və 1 bükümdə olan 1 qram metamfetaminə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 27 mart 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında, qanunsuz olaraq üzərində narkotik maddələr saxlamaqda şübhəli olan Bakı şəhər sakini Təqsirləndirilən şəxs Hacıqabul rayonunun ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, həmin gün səhər saatlarında özünün də daxil olduğu əməliyyat qrupu Hacıqabul rayonunun ərazisində yerləşən körpünün yanına getmiş və orada yolun kənarında dayanmış avtomobilin yanında olan Təqsirləndirilən şəxs, həm də taksi sürücüsü saxlanılıb Hacıqabul RPŞ-nə gətirilmişlər. Şöbədə təhqiqatçı Tural Namazov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən 5 ədəd bükümü çıxarıb təqdim edib bükümlərin içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlərdən 4-nün içərisində heroinə, 1-nin içərisində metamfetaminə oxşar kütlələr olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələri Bakı şəhərində yaşadığı binanın qarşısında yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2 və X5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 27 mart 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və hazırda Hacıqabul rayonunun ərazisində olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin gün Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul rayonunun ərazisində, Hacıqabul-Şirvan yolunun üzərində yerləşən körpünün yaxınlığında saxlanılıb Hacıqabul RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 27 mart 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Tural Namazov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən 4 ədəd bükümdə heroinə, 1 ədəd bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin heroin və metamfetamin olduğunu, həmin maddələri Bakı şəhərində yaşadığı binanın qarşısında yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı aparılmış videoçəkliş 1 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen bükülünün içərisində 4 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-29,551 qram, 31,302 qram, 23,441 və 31, 592 qram, ümumi çəkisi-115,886 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin polietilen bükülünün içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-6,886 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 115,686 qram və qalıq metamfetamin 6,836 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 28 mart 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 115,686 qram heroin və qalıq 6,836 metamfetamin, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut olan heroin və metamfetamin Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 may 2022-ci il tarixli, rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. İşdə olan, Hacıqabul RPŞ-nin 10 aprel 2022-ci il tarixli arayışında (verilmiş əməliyyat tapşırığına cavabda) göstərilir ki, iş üzrə keçirilmiş əməliyyat-axtarış tədbiri ilə Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması, tüfeyli həyat tərzi keçirməsi, heç bir yerdə işləməməsi, daimi qazanc yerinin olmaması, narkotik maddələri satmaqla əldə edəcəyi gəlirdən başqa gəlir yerinin olmaması müəyyən edilmişdir. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 01 iyul 2022ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından narkotik və psixotrop maddələrin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (saxlanılan vaxt üzərində üç ədəd büküm olması və onlardan iki ədəd bükümdə cəmi təxminən 17 qram heroin, bir ədəd bükümdə 1 qram metamfetamin olması, aşkar olunmuş digər iki ədəd bükümdə olan heroinin ona məxsus olmaması və həmin iki ədəd bükümü üzərinə polis əməkdaşının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni saxlanılan vaxt üzərində üç ədəd büküm olması və onlardan iki ədəd bükümdə cəmi təxminən 17 qram heroin, bir ədəd bükümdə 1 qram metamfetamin olması, aşkar olunmuş digər iki ədəd bükümdə olan heroinin ona məxsus olmaması və həmin iki ədəd bükümü üzərinə polis əməkdaşının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Mahmud Mehdiyevin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş 5 ədəd bükümdə olan narkotik və psixotrop maddələrin özünə məxsus olmasını bildirib ittihamda göstərilən digər halları da təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 115,886 qram narkotik vasitə olan heroin və 6,886 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi maddələrin külli miqdarda olmaqla müxtəlif növlərdən ibarət olmasını, onları, o cümlədən heroini çoxsaylı bükümlərə qablaşdırıb üzərində saxlamaqla gəzdirməsini, heç bir yerdə işləməməsi və qazanc yerinin olmamasını onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələr əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-27 mart 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Füzuli və Qubadlı Hərbi Tribunalının 03 fevral 2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 242-ci maddəsinin “a” bəndi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli Amnistiya haqqında Qərarının 3.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Habelə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 sentyabr 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli Sərəncamına əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 07 sentyabr 2009-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi MKİS-nin 25 may 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şuşa rayonunun Malıbəyli kəndində qeydiyyatda olmaqla Şuşa rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi”ndə 447 №-li evdə yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. Təqsirləndirilən şəxs məcburi köçkün olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin (12 ilin) üçdə ikisindən (08 ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 115,686 qram heroin və 6,836 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 115,686 qram narkotik vasitə olan heroin və 6,836 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar