Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-474/2022 09.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri- Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ələsgər oğlunun iştirakları ilə, xx xxxx 1992-ci ildə Astara rayonu Ojakəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Astara rayonu Ojakəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr-heroinin, qurudulmuş marixuananın, tiryəkin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən 11 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonu ərazisində yerləşən 23-cü sərhəd zastavasının xidməti ərazisinə gələrək cinayətkar qrupun digər üzvləri tərəfindən gizlədilmiş narkotik vasitələri:külli miqdarda-350 qram qurudulmuş marixuananı, külli miqdarda-695 qram tiryəki, külli miqdarda-2900 qram heroini və psixotrop maddə olan külli miqdarda-1170 qram metamfetamini gizlədildiyi yerdən götürərək ümumi niyyətlə, qanunsuz olaraq satış məqsədilə əldə edib, üzərində saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və həmin maddələr onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Astara rayonu Ojakəran kəndində qeydiyyatda olsa da, işləri ilə bağlı Bakı şəhərində yaşayır. «İnstagram» proqramı vasitəsi ilə əvvəllər tanımadığı şəxs ona dostluq göndərmiş, dostluğu qəbul etdikdən sonra həmin şəxsin İran vətəndaşı olduğunu, adının isə Babək olduğunu öyrənmişdir. Babəklə «Vhatsapp» proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. 09 oktyabr 2021-ci il tarixdə Babək ona «Whatsapp»-da yazıb bir nəfərin ona borcu olduğunu, Cəlilabada gedib ondan 3500 manat pulu götürmək lazım olduğunu, bunun müqabilində 500 manat verəcəyini demişdir. O, Babəklə razılaşmış və 11 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində «8-ci kilometr» bazarının qarşısında 1 taksiyə yaxınlaşmış, taksi sürücüsü ilə 150 manat pul müqabilində onu Cəlilabada aparıb, Bakı şəhərinə qaytarmaq barədə razılaşmışlar. Taksi sürücüsünə əvvəlcədən benzin almasına görə 40 manat pulu vermişdir. Pulun qalan hissəsini isə Cəlilabadda bir nəfərdən pul alandan sonra verəcəyini taksi sürücüsünə demişdir. Həmin gün saat 18 radələrində Bakı şəhərindən yola düşmüşlər. Salyana çatanda Babək ona «Whatsapp» proqramında yeri göstərmişdir. Həmin yer İmişli rayon ərazisi olmuşdur. Babək ona pul verməli olan adamın orda olduğunu demişdir. Taksi sürücüsü ilə razılaşaraq İmişliyə getmişlər. İmişli rayonunda olarkən Babəkin göndərdiyi məkana çatmışdır. Orada 20 dəqiqə gözləmişdir. Sonra Babək pulu verəcək adamın Bakıya getdiyini, onun qeyd etdiyi ərazidə içərisində bir qədər marixuana olan bağlama olduğunu, həmin bağlamanın artıq bir gündür ki orda olduğunu, onu götürüb Bakıya gətirmək lazım olduğunu demiş və ona ikinci dəfə məkan atmışdır. O, Babəklə əvvəlcə razılaşmamışdır. Babək bunun müqabilində 1500 manat pul verəcəyini demişdir. Sonra Babəklə razılaşmış və taksi sürücüsünə Babəkin ona göndərdiyi yerə sürməsini demişdir. Həmin yerə çatanda maşını saxladıb, sürücüyə bir nəfər ilə görüşüb qayıdacağını demişdir. O, bağlamanı axtarmağa başlamış, tapa bilməmiş, sonra maşına əyləşib sürücüyə bir az qabağa sürməsini demiş, həmin yerə çatanda yenidən maşını saxlatdırmış, maşından düşüb təxminən 30-40 metr uzaqlaşıb yolun kənarına doğru hərəkət etmiş, orada bir ədəd bağlama tapmış, həmin bağlamanı götürüb oradan uzaqlaşan zaman onu sərhədçilər saxlamışlar. Onu hərbi hissəyə aparmaqla əlində olan bağlamaya baxış keçirilərkən bağlmada narkotik vasitələrin olması müəyyən edilmişdir. Həmin maddələr onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib edilmişdir. Qeyd olunan bağlamanın kim tərəfindən, nə vaxt və haradan gətirilib onun götürdüyü yerə qoyulması, həmçinin qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə heç bir məlumatının olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlləri onun özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusudur. 11 oktyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında 23cü sərhəd zastavasının 18-ci sahəsinə gizir Şahid2lə ilə birlikdə pusqu xidmətinə təyin olunmuşdur. Xidmətdə olduqları müddətdə saat 23 radələrində həmin əraziyə İmişli rayonu Qaragüvəndikli kəndi istiqamətindən bir avtomobilin gəldiyini müşahidə etmişlər. Qeyd olunan maşın həmin əraziyə gələrək dayanmışdır. Avtomaşından bir nəfər şəxs düşmüş və yolun kənarında olan əkin sahələrinə doğru hərəkət etmiş, orada nə isə axtarmağa başlamışdır. Əkin sahəsində olan şəxs oradan bir torba götürüb maşın istiqamətində hərəkət etməyə başlamışdır. Onlar dərhal həmin şəxsə «dayan» komandası vermişlər. Həmin şəxs əlində olan torbanı atıb qaçmağa başlamışdır. Onun arxasınca qaçaraq onu saxlamışdır. Şahid2 isə avtomobilə yaxınlaşıb avtomobildəki şəxsi saxlamışdır. Daha sonra saxlanılan şəxsləri, ərazidən götürülmüş torba ilə birlikdə hərbi hissəyə aparmışdır. Həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonradan məlum olmuşdur ki, onun ərazidən götürdüyü torbanın içərisində narkotik vasitələr olmuşdur. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid2 da məhkəmədə şahid kimi verdiyi ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazi İmişli rayonu Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 18-ci sahəsinin mühəndis-texniki çəpərinin arxa istiqamətidir. 18-ci sərhəd mühəndis texniki çəpərindən İran İslam Respublikası ərazisində olan məsafə arasında nəzarət iz zolağında hər hansı bir iz aşkar olunmamışdır.Maneyə çəpərinə və məftillərə müdaxilə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə bir ədəd sarı rəngli, parça materialdan olan torba aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin torbanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Baxış keçirilməsi barədə 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş torbaya baxış keçirilərkən torbada olan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya, heroinə, tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya oxşar maddənin çəkisi 400 qram, tiryəkə oxşar maddənin çəkisi 200 qram, heroinə oxşar maddənin çəkisi 3600 qram, metamfetaminə oxşar maddənin çəkisi isə 1200 qram olmuşdur. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4531-7/1042 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 350,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 1170,0 qram olan, ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 2 ədəd bağlamada ümumi çəkisi 695,0 qram olan qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 3 ədəd bağlamada ümumi çəkisi 2900,0 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2968 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır. İttiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır, əməli CM-nin 21 və 22-ci maddələrinin təsri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1730 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Kijəvə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 24 noyabr 2021-ci il tarixli arayışında Təqsirləndirilən şəxs ailəsinin aztəminatlı ailələr qrupuna aid olması göstərilmişdir. Təqsirləndirilən şəxs iş üzrə 12 oktyabr 2021-ci il tarixli protokol ilə şübhəli şəxs kimi tutulsa da, iş materiallarına sasən onun 11 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla hüquqları həmin vaxtdan məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroini, qurudulmuş marixuananı, tiryəki və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, faktiki olaraq həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinin maddi sübutlar otağında saxlanılan 2899,75 qram narkotik vasitə heroin, 349,95 qram qurudulmuş marixuana, 694,9 qram tiryək və 1169,2 qram metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 148 (yüz qırx səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinin maddi sübutlar otağında saxlanılan 2899,75 qram narkotik vasitə heroin, 349,95 qram qurudulmuş marixuana, 694,9 qram tiryək və 1169,2 qram metamfetamin məhv edilsin. Ekspertiza xərci 148 (yüz qırx səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-474/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-474/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver