Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-475/2022 04.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2004-cü ildə Tovuz rayonunun Düz- Qırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, döngə 2, ev 1-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 09 mart 2022-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 3,050 qram psixotrop maddə olan metamfetamini və qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ölçülərinə və konstruktiv əlamətlərinə əsasən soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 08 mart 2022-ci ildə, saat 04:15 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən 1 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 05:35-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunda, bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,459 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki şalvarın kəmərinin arxa sağ tərəfinə keçirdiyi bir ədəd soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 228.4 və 234.1-ci maddələri təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri ilə birgə Şirvan şəhərində yaşayır. Valideynlərinin xəbəri olmadan bir neçə aydır ki, psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. 2022-ci ilin mart ayının 07-dən 8-nə keçən gecə saat 02 radələrində yaşadığı Şirvan şəhəri, Ş.Şükürov küçəsində olarkən içərisində bir bükümdə metamfetamin olan “Rothmans” markalı siqaret qutusunu görüb onu öz istifadəsi üçün götürmüş, sonra küçədə gəzərkən 1 nömrəli orta məktəbin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq, onu polis şöbəsinə aparmış, şöbədə üzərinə anasının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan bıçağı və az əvvəl taparaq cibinə qoyduğu siqaret qutusunu içərisində metamfetaminlə birlikdə çıxarıb polis əməkdaşına təqdim etmiş, sorğu-sual zamanı metamfetamini küçədən taparaq öz istifadəsi üçün üzərində saxladığını, heç vaxt narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərinə keçirilən şəxsi baxışdan sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Hazırda özünü CM-in 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, gənc olmasını və təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Şirvan şəhər polis şöbəsinin PPXB-nün manqa komandiri vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 08 mart 2022-ci ildə gecə saat 04:15 radələrində polis əməkdaşları ilə xidmətdə olarkən Şirvan şəhəri, Ş.Şükürov küçəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görüb ona yaxınlaşarkən, həmin şəxs qaçaraq aradan çıxmaq istəmiş, sonuncununu saxlayaraq polis şöbəsinə aparmış, şöbədə anasının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisində bir ədəd sellofan büküm, üzərində olan şalvarın kəmərinə keçirdiyi bir ədəd bıçağı çıxarıb onlara təqdim edərək, sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sonra keçirilən baxışla bağlı protokol tərtib olunaraq baxışda iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları tam təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 08 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2022-ci il tarixli, 18/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində və “Təqsirləndirilən şəxs” üzərindən sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi- 3,459 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-ekspertizasının 11 mart 2022-ci il tarixli, 18/290 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli, 1689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.1-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İş materiallarında olan AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs 18 yaşı tamam olmuş, yəni yetkinlik yaşına çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığını nəzərə alaraq hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. İş materiallarında olan məhkəmə-psixiatriya ekspertizasının 08 aprel 2022-ci il tarixli, 856 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İş materiallarında olan “Şirvan şəhər mərkəzi xəstəxanası” X3 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 3,409 qram qalığı və bir ədəd soyuq silah hesab edilən ov bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi” haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşımır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin psixotrop maddəni satmaq niyyətində olması, onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə vermişdir ki, psixotrop maddə metamfetamin külli miqdardan, yəni 2 qramdan artıq olmuşdur, başqa digər sübut isə olmamışdır. Psixotrop maddənin miqdarının çox olması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, psixotrop maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda psixotrop maddə olan metamfetaminin külli miqdardan artıq olması həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 3,459 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitənin çəkilərək xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, o, cümlədən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat yolu ilə heç bir məlumatın əldə olunmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi, eləcə də metamfetaminin külli miqdardan, yəni 2 qramdan bir qədər artıq olması həmin psixotrop maddənin satış məqsədi ilə gətirilməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3,459 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi - satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə və saxlama cinayəti kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzaya məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində cəza təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 09 mart 2022-ci ildə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2022-ci ilin mart ayının 08-dən 09-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli, 2033 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri, bacı və qardaşları ilə birgə Şirvan şəhəri, Ş.Şükürov küçəsi, döngə 2, ev 1-də qeydiyyatda olmaqla orada yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən, onun törətdiyi cinayət əməlinin şəxsiyyət əleyhinə cinayətlərə aid edilmədiyini, cinayət hadisəsini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, cinayəti törətdikdən sonrakı davranışını, hazırkı yaşını - gənc olmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını, onun azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyi təqdirdə onun gələcək həyatına və sağlamlığına mənfi təsir göstərəcəyini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yəni daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi mümkün və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs az ağır və böyük ictimai təhlükə törətməyən cinayət əməlləri törətməsini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə işləyəcəyi halda cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cəzanın icrası onun faktiki qeydiyyatda olduğu və yaşadığı yer üzrə - Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-in 99.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99.1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 3,409 qram psixotrop maddə olan metamfetamin və bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 107 (yüz yeddi) manat 14 qəpik məbləğində məhkəmə məsrəfi(ekspertiza xərci)alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni 2022-ci ilin mart ayının 08dən 09-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti bir günə azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 günü bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə işləyəcəyi halda cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası onun qeydiyyatda olduğu və faktiki yaşadığı yer üzrə - Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindiyi andan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 3,409 qram psixotrop maddə olan metamfetamin və bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 107 (yüz yeddi) manat 14 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-475/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-475/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver