Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-476/2024 07.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1984-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 275, mənzil 35-də qeydiyyatda olmaqla Şəmkir rayonun Çinarlı kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs əvvəllərində “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Muhəmməd” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü və ya üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə 01 ədəd torbada külli miqdarda- 550,0 qram narkotik vasitə olan tiryəkin və 01 ədəd torbada külli miqdarda-2045,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın Hacıqabul rayonun Nəvahi kəndinin ərazisində, yolunun kənarında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 12 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən 01 ədəd torbada külli miqdarda-550,0 qram narkotik vasitə olan tiryəki və 01 ədəd torbada külli miqdarda-2045,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq olaraq əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 12 yanvar 2024-cü il tarixdə, saat 03:45-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul rayonun Nəvahi kəndininin ərazisində yerləşən “İpək yolu” restoranının qarşısında saxlanılıb üzərində şəxsi axtarış aparılarkən əlindəki 01 ədəd torbanın içərisində külli miqdarda-550,0 qram narkotik vasitə olan tiryək və 01 ədəd torbanın içərisində külli miqdarda-2045,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində biri ağır xəstə olmaqla iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 275 mənzil 35-də qeydiyyatda olmaqla Şəmkir rayonun Çinarlı kəndində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə”-dən (qurudulmuş marixuanadan) istifadə etmişdir. Tutulmamışdan bir neçə ay əvvəl İrana aid, tanımadığı telefon nömrəsindən istifadəsində olan telefon nömrəsinə zəng gəlmiş, tanımadığı, özünü iranlı “Muhəmməd” adı ilə təqdim edən şəxs onunla söhbət etmiş, sonradan onunla telefonla söhbətləri olmuş və həmin iranlı olan şəxs onun narkotik istifadəçisi olduğu bildikdən sonra onun üçün 500 qram marixuana qoyacağını və gedib götürməsini demişdir. Bundan sonra 11 yanvar 2024-cü il tarixdə iranlı “Muhəmməd” adlı şəxs narkotik maddənin qoyulduğu yerin fotoşəklini vatsapla ona göndərdikdən sonra ona məlum olmuşdur ki, narkotik maddə Hacıqabul rayonun Nəvahi kəndinin ərazisinə qoyulmuşdur. Sonra o, tanışı Nurlana onunla birlikdə Hacıqabul rayona getməsini, lakin pulu olmadığını, ona kömək edib birlikdə getmələrini və Hacıqabul rayonunda tanışından pul alıb geri qayıdacağını və onun da pulunu verəcəyini demiş, Nurlan da razılaşıb tanışı Rəşad adlı taksi sürücü olduğunu həmin şəxslə danışıb onun maşını ilə gedib-gəlmələrinə razılaşmışlar. O, Nurlanı tanısa da, Nurlanın dediyi taksi sürücüsü Rəşadı tanımamışdır. Nurlan zəng edib taksi sürücüsü ilə danışdıqdan sonra həmin gün gecə saatlarında taksi sürücüsü Rəşad gəlib onu və Nurlanı maşına götürmüş, sonra Nurlan maşına benzin vurmuş, bundan sonra sürücü yolda daha bir nəfəri, əvvəllər tanımadığı bir nəfəri də maşına mindirmişdir. Sonra onlar Hacıqabul rayonu istiqamətində hərəkət etmişlər. İranlı olan şəxs ona vatsapla narkotik maddənin qoyulduğu yerin fotoşəklini göndərdiyindən avtomobil Hacıqabul rayonun Nəvahi kəndinin ərazisində yerləşən “İpək yolu” restoranının yanına çatanda o, sürücüyə həmin yerdə avtomobili saxlamasını demiş, sürücü də avtomobili “İpək yolu” restoranının qarşısında saxlamış, avtomobildən o və Nurlan düşmüş, taksi sürücüsü digər sərnişinlə birlikdə oradan uzaqlaşmışlar. Onlar həmin yerə çatanda saat 01-02 radələri olmuş, yəni 2024-cü ilin yanvar ayının 11-dən 12-nə keçən gecə saat 01-02 radələri olmuşdur. Sonra o, Nurlana orada onu gözləməsini, tanışı ilə görüşüb qayıdacağını deyib yolun digər tərəfinə keçib iranlının ona göndərdiyi fotoşəkildə göstərilən yerə-yolun kənarındakı kolluq sahəyə yaxınlaşıb həmin yerdə narkotik maddəni axtarmış, lakin narkotik maddəni tapa bilməmişdir. Narkotik madəni tapa bilmədiyindən, Nurlan da onu gözlədiyindən o, yolu keçib restoranın qarşısına gəlmiş və elə həmin vaxt bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib maşında Hacıqabul RPŞnə aparılmışdır. Həmin vaxt polislər Nurlanı da tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları onu döyməsələr də, ona qarşı təzyiqlər edərək qarşısına qoyulmuş torbanın içərisində olan narkotik maddələrin ona məxsus olmasını və onun həmin torbanı götürmək üçün saxlandığı yerə gəlməsini bildirmiş, o isə həmin yerə 500 qram marixuananı götürmək üçün gəldiyini, lakin marixuananı tapıb götürə bilmədiyini, ona təqdim olunan torbanın və həmin torbanın içərisində olan narkotik maddələrin ona məxsus olmamasını bildirmişdir. Bundan sonra özünün və vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən həmin torbaya baxış keçirilmiş və torbanın içərisindən narkotik maddələr aşkar edilmişdir. Orada polislərin ona qarşı təzyiqləri olduğundan o, torbanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını və həmin narkotiklər maddələri götürmək üçün saxlandığı yerə gəldiyini bildirmişdir. Əslində isə o, həmin yerə 500 qram marixuana götürmək üçün gəlmiş, lakin narkotik maddəni tapıb götürə bilməmiş, bundan sonra polis əməkdaşları tərəfindən tutulmudur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 500 qram marixuana götürmək üçün Hacıqabul rayonun Nəvahi kəndinin ərazisində yerləşən “İpək yolu” restoranının yanına getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Bir müddət əvvəl o, sosial şəbəkədə özünü “Muhəmməd” kimi təqdim edən İran vətəndaşı ilə tanış olmuş, sonradan istifadəsində olan “Redmi” markalı telefonun üzərində olan 050/408-53-57 saylı mobil telefon nömrəsi ilə onunla əlaqə saxlamaqla münasibətləri davam etdirmişdir. Daha sonra iranlı “Muhəmməd” adlı şəxs ona zəng edib istifadə etmək üçün ona 150-200 qram marixuana göndərmək istədiyini bildirib, həm də narkotik maddənin qoyulduğu yeri demiş, o da razılaşmışdır. Bundan sonra o, həmin narkotik vasitəni götürmək üçün 12 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Şəmkir rayonundan çıxıb Hacıqabul rayonu istiqamətində hərəkət etməyə başlamışdır. 12 yanvar 2024-cü il tarixdə, saat 02:21 ona “Muhəmməd” adlı şəxs **********351 nömrəsi ilə ona “məkan” (əşyanın qoyulduğu yer barədə məlumat) göndərib demişdir ki, “sənə 150-200 qram marixuana pay qoymuşam onu götür”. Bundan sonra o, dostu Nurlan və Nurlanın tanıdığı Eltunla birlikdə Rəşadın idarə etdiyi “Mercedes” markalı avtomaşınla “məkan”da göstərilən ünvana-Hacıqabul rayonun Nəvahi kəndinin ərazisinə getmişdir. Həmin yerə çatdıqdan sonra iranlı ona zəng edib “həmin yerə sənin üçün tiryək də pay etmişəm” bildirmiş, o da “Muhəmməd”ə “yaxşı eləmisəm götürüb istifadə edəcəm” demişdir. Sonra o, “Muhəmməd”in dediyi yerdən marixuananı və tiryəki tapıb götürüb baxdıqda görmüşdür ki, “malın” (narkotik maddələrin) miqdarı ona deyiləndən çoxdur, ona görə də qorxub “malı” (narkotik maddələri) kənara tullamışdır. Həmin vaxt polis əməkdaşları onu saxlayıb özünü şübhəli apardığını bildirib ondan narkotik vasitələrin yerini soruşmuş, o da polislərə əlindən atdığı narkotik vasitələrin yerin göstərib sellofan paketin içində marixuana və tiryək olduğunu bildirmiş və polis əməkdaşları tərəfindən həmin sellofan paket götürülmüş, sonra polis əməkdaşları onu Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi təklif edilmiş, o da əlində olan iki ədəd sellofan torbanı, sonra cibində olan “Redmi” markalı telefonu, anasına məxsus "xxxx" kartını, bir ədəd elektron siqareti və bir ədəd alışqanı da təqdim etmişdir. Təqdim etdiyi torbaların içərisindən tiryək və marixuana kütlələri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, aşkar olunmuş narkotik vasitələri ona “Muhəmməd” adlı İran vətəndaşının pay verdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində içərisində narkotik maddələr olan bağlamalar olmamışdır. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş və ona təqdim etdiyi bağlamalarda olan narkotik maddələrin ona məxsus olduğunu bildirməyə məcbur edilmiş, sonradan da o, polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində polislərin ona təqdim etdiyi bağalamalarda olan narkotik maddələr (tiryək və qurudulmuş marixuana) ona məxsus deyil. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən o, üzərindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb isə polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və ona narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin tanışı olduğu “Muhəmməd” adlı şəxslə danışıb özünün istifadəsi üçün 500 qram marixuana götürmək üçün Hacıqabul rayonun Nəvahi kəndinin ərazisinə getməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşı olmuşur. 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, Hacıqabul rayonunda bir nəfər şəxsdən 460 manat pul alacağı vardır və yol pulu olmadığına görə Hacıqabul rayonuna getmək üçün ona köməklik etməsinin xahiş etmiş, o da Namiqə Rəşad adlı tanış taksi sürücüsü olduğunu və Rışadın avtomobilinə 50 manatlıq benzin vursalar Rəşad onları apara biləcəyini demiş, həm də Namiqdən xahiş etmişdir ki, 460 manat pulu aldıqdan sonra onun 50 manatını qaytarsın. Namiq onunla razılaşdıqdan sonra o, Rəşada zəng edib bu barədə demiş, Rəşad da saat 23 radələrində avtomobillə gəlib onu və Namiqi avtomobilə götürmüş, sonra o, Rəşadın avtomobilinə Şəmkirdə 50 manatlıq yanacaq vurmuş, bundan sonra Rəşad avtomobilə sonradan adının Eltun olduğunu bildiyi şəxsi də mindirmiş və onlar birlikdə yola çıxmışlar. Hacıqabul rayonun ərazisində, avtomobil yolunun kənarında yerləşən “İpək yolu” restoranının yanına çatanda Namiq avtomobili saxlatdırmış, Namiq və o, avtomobildən düşmüş, sürücü Rəşad digər sərnişin Eltunla birlikdə yola davam etmişlər. Avtomobildən düşəndən sonra o, Namiqin yolun kənarında olan kolluqda nəsə axtardağını görüb ondan nə axtardığını və niyə pulu verən adamın gəlmədiyini soruşmuş, Namiq isə ona heç nə deməmiş, o da nəsə problemli məsələ olmasını başa düşüb, Namiqdən uzaqlaşıb yolun kənarında dayınmış, sonra gəlib onu götürməsi üçün Rəşada zəng etmiş, lakin Rəşad telefonu açmamışdır. Sonra o, geriyə çevirilib baxanda Namiqin əlindəki torbanı əynindəki gödəkcəsinin altına salıb yolu keçmək üçün hərəkət etməsini, elə həmin vaxtı da mülki geyimli şəxslərin Namiqə yaxınlaşıb onu saxlamalarını görmüşdür. Sonra polis əməkdaşları onu da saxlamış və üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilmiş, o isə üzərində narkotik maddələrin olmadığını demişdir. Polis əməkdaşları onun yanında Namiqdən üzərində narkotik maddələrin olub-olmamasını soruşmuş, Namiq də üzərində olan torbalarda narkotik maddələr olduğu bildirmişdir. Həmin vaxt o, Namiqə nə etdiyini, onu da bəlaya saldığını bildirmişdir. Sonra polis əməkdaşlarına Namiqin əməlindən məlumatım olmadığını demiş, Namiq də elə orada polislərə həqiqətən də onun bu işdən məlumatının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Hacıqabul RPŞ-nə aparmış, orada üzərində axtarış olmuş və üzərindən qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Namiq Hacıqabul rayonu ərazisinə narkotik maddələr götürmək üçün gəlmiş və buna görə də tutulmuşdur. O, Namiqin yolun kənarında olan kolluqda nəsə axtardığını, kolluqdan torba tapıb əynindəki gödəkcəsinin altına qoymasını görmüş, lakin Namiqin götürdüyü torbanın içərisində nə olmasını bilməmiş, sonradan ona məlum olmuşdur ki, Namiqin kolluqdan götürdüyü torbanın içərisində narkotik maddələr olmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 12 yanvar 2024-cü il tarixdə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs Hacıqabul rayonun ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış, 12 yanvar 2024-cü il tarixdə, gecə saat 03 radələrində əməliyyat-axtarış tədbiri keçirilməyə başlamış və Təqsirləndirilən şəxs Hacıqabul rayonun Nəvahi kəndinin ərazisində yerləşən “İpək yolu” restoranının qarşısında olması müəyyən edilib saat 03:45-də orada saxlanılıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olması bildirilmiş, həmçinin Təqsirləndirilən şəxs həmin yerə gəldiyi avtomobildə olan şəxslər də saxlanılıb Hacıqabul RPŞ-nə aparılmışlar. Polis şöbəsində təhqiqatçı Taryel Səfərov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və əlində tutduğu sellofan torbalara baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyalar və hər hansı narkotik vasitələr aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs əlində tutduğu iki ədəd torbalardanbirinin içərisindən qurudulmuş marixuanaya və digərindən tiryəkə oxşar kütlələri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan götürülmüş kütlələrin qurudulmuş marixuana və tiryək olduğunu, həmin maddələri İran vətəndaşı ilə danışıb əldə etdiyini və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və sellofan torbalara baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 12 yanvar 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şəmkir rayon sakini Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat üzrə 12 yanvar 2024-cü il tarixdə, saat 03:45 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Hacıqabul rayonun Nəvahi kəndinin ərazisində yerləşən “İpək yolu” restoranının qarşısında Təqsirləndirilən şəxs saxlanılıb Hacıqabul RPŞ-nə aparılmışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2024-cü il tarixli rəyi müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 12 yanvar 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Taryel Səfərov tərəfindən müdafiəçi Ağabba Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki sellofan torbaların içərisində qurudulmuş marixuanaya və tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı, "xxxx" ASC-nə aid bir ədəd bank kartı, bir ədəd üzük və bir ədəd elektron siqaret təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekpertizasının 12 yanvar 2024-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş və üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış bir ədəd polietilen torbada təmiz çəkisi 550,0 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazrılanmış narkotik vasitətiryəkdir. Bir ədəd polietilen torbada təmiz çəkisi 2045,0 qram olan bitki mənşəli narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 2044,90 qram və qalıq tiryək 549,90 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 12 və 18 yanvar 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2044,90 qram qurudulmuş marixuana 549,90 qram tiryək, eləcə də bir ədəd “Redmi” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar, həmçinin Təqsirləndirilən şəxs aid "xxxx" ASC tərəfindən verilmiş üzərində 5261 6333 3695 0606 rəqəmləri olan bir ədəd bank kartı, bir ədəd üzük və bir ədəd elektron siqaret saxlanılması üçün Hacıqabu RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X16 29 yanvar 2024-cü il tarixli məlumat məktubu ilə müəyyən edilir ki, xx xxxx 1984-cü il təvllüdlü Təqsirləndirilən şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetdə 05 mart 2021-ci il tarixdən “Həşiş narkotiki” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 yanvar 2024cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun xasiyyətində xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məzuliyyətsizlik, emosianallıq, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İşdə olan, “Mobil telefona baxış keçirilməsi barədə” 18 yanvar 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun (üzərində 050/408-53-57 saylı mobil telefon nömrəsi olmaqla) yaddaşında olan məlumatlarda +**********35 saylı və +**********84 saylı İran İslam Respublikasına aid telefon nömrələri vardır və müxtəlif vaxtlarda həmin telefonlarla danışıqlar aparılmışdır. Mobil telefonun yaddaşında olan məlumatlar bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid6, X1 və Şahid8 barəsində CM-nin 234.4.1 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid6, Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutularkən üzərində (əlində) narkotik maddələr olan bağlamanın olmaması, 500 qram marixuananı götürməyə getməsi və saxlandığı yerdən heç bir narkotik maddə götürməməsi, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla polislərin təqdim etdiyi bağlamalarda olan narkotik maddələrin ona məxsus olduğunu bildirməyə məcbur edilməsi, iki ədəd bağlamada aşkar olunmuş narkotik maddələrin (tiryək və qurudulmuş marixuananın) ona məxsus olmaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid6, Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutularkən üzərində (əlində) narkotik maddələr olan bağlamanın olmaması, 500 qram marixuananı götürməyə getməsi və saxlandığı yerdən heç bir narkotik maddə götürməməsi, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla polislərin təqdim etdiyi bağlamalarda olan narkotik maddələrin ona məxsus olduğunu bildirməyə məcbur edilməsi, iki ədəd bağlamada aşkar olunmuş narkotik maddələrin (tiryək və qurudulmuş marixuananın) ona məxsus olmaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid6, Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş (həmin vaxt o, əlindəki bağlamalarda aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmiş, habelə ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmiş, həm də ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Hacıqabul Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi xeyli miqdar, qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək və tiryəkin 50 qramdan 5000 qramadək külli miqdar və qurudulmuş marixuananın 50000 qramı, tiryəkin 5000 qram və ya ondan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 550,0 qram narkotik vasitə olan tiryək və 2045,0 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət olan külli miqdarda narkotik vasitələri əldə etməsi, üzərində saxlayıb daşıması onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Şəmkir rayon Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət və ərizə daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Şəmkir rayon Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli arayışla və işdə olan digər sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, S.Vurğun küçəsi ev 275, mənzil 35-də qeydiyyatda olmaqla Şəmkir rayonun Çinarlı kəndində yaşamış, evli olmaqla himayəsində 15 may 2008-ci il təvəllüdlü X7 və 07 iyun 2009-cu il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nın maddi sübutlar otağında saxlanılan 549,90 qram tiryək və 2044,90 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus əşyalar-bir ədəd “Redmi Note 11 Pro” markalı **********67043 və **********67050 imei kodlu mobil telefon aparatı, "xxxx" ASC tərəfindən verilmiş üzərində 5261 6333 3695 0606 rəqəmləri olan bir ədəd bank kartı, bir ədəd üzük və bir ədəd elektron siqaret hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anası Xədicə Hüseynovaya (ünvan: Şəmkir rayonun Çinarlı kəndi) təhvil verilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 549,90 qram narkotik vasitə olan tiryək və 2044,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus əşyalar-1 (bir) ədəd “Redmi Note 11 Pro” markalı **********67043 və **********67050 imei kodlu mobil telefon aparatı, "xxxx" ASC tərəfindən verilmiş üzərində 5261 6333 3695 0606 rəqəmləri olan bir ədəd bank kartı, 1 (bir) ədəd üzük və 1 (bir) ədəd elektron siqaret hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anası X2 (ünvan: Şəmkir rayonun Çinarlı kəndi) təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-63 (altmış üç) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-476/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-476/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver