Məhkəmə qərarları › İş №1(099)-477/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-477/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-477/2022 06.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1975-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, L.Vəliyev küçəsi 43 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmək, daşıyaraq özündə saxlamaq və bir neçə gün sonra digər şəxsə təhvil vermək məqsədilə tanışı, X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 27 mart 2021-ci il tarixdə saat 19:30 radələrində idarə etdiyi «PEUGEOT 406» markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə X21 İmişli şəhərinin mərkəzi bazarının yaxınlığından götürüb İmişli rayonunun Rəsullu kəndinin ərazisindəki qəbiristanlığın yaxınlığına gətirmiş, orada avtomobilin salonunda olarkən İbiş Hüseynliyə mobil telefonunda fotoşəkillər göstərərək narkotik vasitə və psixotrop maddələrin olduğu yeri izah edib gedib götürüb gətirməsini tapşıraraq sonradan İmişli şəhəri ərazisində görüşərək sonuncudan narkotik vasitələri qəbul edəcəyinə razilaşmışlar, bundan sonra avtomobili idarə edərək İmişli şəhəri istiqamətində hərəkət etmiş, İbiş Hüseynli isə qəbiristanlığa daxil olaraq qəbiristanlıqdakı şam ağacının altında gizlədilmiş, üzərində “BMW” sözü yazılmış boz rəngdə polietilen torbanı götürərək, içərisindəki külli miqdarda, yəni 1585,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda, yəni 760,0 qram çəkidə narkotik vasitə olan heroini, külli miqdarda yəni, 980,0 qram çəkidə psixotrop maddə olan metamfetamini İbiş Hüseynli ilə birlikdə və sonuncunun vasitəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitə və psixotrop maddəni İbiş Hüseynli əlində olan polietilen torbada daşıyaraq qəbiristanlıqdan çıxararkən, saat 20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilərək, orada İbiş Hüseynilin üzərində şəxsi axtarış aparılarkən əlindəki, üzərində “BMW” sözü yazılmış boz rəngdə polietilen torbadakı sarı rəngli polietilen torbanın içərisindən külli miqdarda, yəni 980,0 qram çəkidə psixotrop maddə olan metamfetamin, ağ rəngdə polietilen torbanın içərisindən külli miqdarda, yəni 760,0 qram çəkidə narkotik vasitə olan heroin və üzərində “Bazarstore” sözü yazılmış yaşıl rəngli polietilen torbanın içərisindən külli miqdarda, yəni 1585,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,803 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, daşıyaraq saxlamış, 19 mart 2022-ci il tarixdə saat 11 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı o, İmişli şəhəri, A. Ələskər küçəsində saxlanılaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və RPŞ-də üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçəsinin sol yan cibində «Viniston» siqaret qutusunun içərisindən 2 (iki) ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qram, 0,386 qram, umumi təmiz çəkisi 0,803 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür.. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni 19 mart 2022-ci il tarixdə şəxsi istifadəsi üçün üzərindən 0,803 qram psixotrop maddə olan metamfetamin aşkarlanmasında, özünü təqsirli bilmiş, digər epizod üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələr istifadəçisidir. Buna görə də üzərində narkotik vasitə və psixotrop maddə gəzdirir. 19 mart 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “PEUGEOT 406” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, A.Ələsgər küçəsinə gəlmiş və avtomobili həmin küçədə yerləşən 2 nömrəli tam orta məktəbin yaxınlığında maqnitafon təmiri sexinin yanında saxlayıb, maşından yerə düşüb sexdə olarkən İmişli rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq şöbəyə gətirmişlər. Orada üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, o, üzərində psixotrop maddə metafetamin olmasını etiraf etmişdir. Üzərində aparılan şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol cibində “Vinsiton” markalı siqaret qutusunun içərisində saxladığı iki sellofan bükümdə olan metafetamini çıxarıb polislərə təqdim etmişdir. Metamfetamin qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitəni tanımadığı şəxsdən almış, öz istifadəsi üçün saxlamışdır. Heç kimə narkotik vasitə satmamışdır. Əvvəllər, 2013-cü ildə İran İslam Respublikasından narkotik gətirdiyinə görə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə cinayət işi istintaq edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Əməlinin düz tövsif edilməsi və yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, X21 tanıyır, sonuncu onun atası evi ilə qonşu küçədə yaşamışdır. İbişin narkotik vasitələrin dövrüyyəsi ilə məşğul olamısını bilirmiş, həmçinin İbiş oboy ustası olmuşdur. 2021-ci ilin mart ayının sonlarında evinə oboy çəkdirmək üçün İbişlə söhbət aparmışdır. Söhbət zamanı İbiş ona narkotik əldə edəcəyini demişdir. Sonuncunu ifşa etmək istəmiş və bu barədə İmişli rayon polis şöbəsinin əməkdaşı Şahid1 məlumat vermişdir. Ona görə İbişi nəzarətdə saxlamaq üçün ona öz mobil telefonunu vermiş və onun həmin nömrəsinə zənglər etmiş, nəticədə ifşa olunmasına nail olmuşdur. İbiş narkotik götürmək üçün ondan xahiş etmişdir ki, onu İmişli rayonu, Rəsullu kəndində yerləşən qəbirstanlığa aparsın. O, bu barədə Şahid1 bildirmişdir və 27 mart 2021-ci il tarixdə İbişi öz maşını İbiş həmin qəbirstanlığın yaxınlığına aparmış, orada İbiş düşmüş, o, isə çıxıb getmişdir. İbiş narkotiki götürəndən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin narkotik vasitələr İbişə məxsusdur, ona heç bir aidiyyəti olmamışdır, əksinə İbişin əməllərini ifşa etmişdir. Lakin buna baxmayaraq rayon prokuroru onu həbs etdirmişdir. Bundan əlavə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, “Əmi” ləqəbi ilə narkotik satıçısı kimi tanınmamış və heç kimə narkotik maddə satmamışdır. İstifadəsində olmuş telefon məlumatları ilə əlaqədar narkotik maddələrin satışı barədə aparılmış danışıqlarla bağlı verilmiş suala cavabında göstərmişdir ki, özü narkotik istifadəçisi olduğu üçün narkotik vasitələrin satışı deyil, əldə olunması mövzusunda müxtəlif şəxslərlə danışıqlar apardığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla İmişli Rayon polis Şöbəsinin əməkdaşı Şahid1 istifadəsində olan mobil telefona xx.xx.2021-ci il tarixdə “Əmi o haqhesabı 1ci ya 2ci gün bank versin gətirəcəm” məzmunlu smslə bağlı suala cavab olaraq bildirmişdir ki, Rusiyada Federasiyasında polis orqanlarında işlədiyi dövrdən Şahid1 tanıyır, ona pul lazım olduğu üçün həmin ərəfədə İlqardan 1600 manat borc almış, həmin borcun qaytarmaq üçün bankdan kredit götürmüş, bunu da İlqara sms vasitəsi ilə bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun əvvəllərdən tanıyır, sonuncu Rusiya Federasiyasında daxili işlər orqanlarında işləmiş, xidməti zərurətlə əlaqədar onunla tanış olmuş, aralarında ədavət və ya düşmənçilik yoxdur, münasibətləri normaldır. 27 mart 2021-ci il tarixdə İmişli rayon sakini X3 məqsədi ilə üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumatı qəbul etmiş, məlumatı qəbul etdiyi şəxs həmin məlumatın Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildirmiş, o, da Seymuru çoxdan tanıdığı üçün Seymurla görüşmüşdür. Seymur da İbişin narkotik əldə edəcəyini bildirmişdir. X19 ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, 27 mart 2021-ci il tarixdə saat 20:00 radələrində şöbənin digər əməkdaşları ilə birlikdə avtomobilə əyləşib İmişli rayonu, Rəsullu kəndində yerləşən qəbiristanlığa getmiş və həmin qəbiristanlığın ərazisini müşahidəyə götürmüşlər. Saat 20:15 radələrində İbiş Hüseynlinin qəbiristanlığın yaxınlığında hərəkət etdiyini görmüşlər. Həmin vaxt onlar hərəsi bir tərəfdən İbiş Hüseynliyə yaxınlaşıb özlərini ona təqdim etmişlər. Küçədə adamların sayı çox olduğu üçün İbiş Hüseynlinin üzərində şəxsi axtarış keçirilməsinin mümkün olmadığını görüb sonuncunu polis şöbəsinə dəvət etmişlər, İbiş də onlarla razılaşaraq polis şöbəsinə gəlmişdir. Şöbədə İbişin üzərində şəxsi axtarış həyata keçirilmiş və İbiş Hüseynli əlində olan “BMW” sözü yazılmış sellofan torbadan özü ilə daşıdığı, içərisində narkotik vasitə olan marixuana və heroin, həmçinin psixotrop maddə metamfetamin olan kütlələr götürülmüşdür. Daha sonra həmin marixuana, heroin və metamfetamin İbiş Hüseynli, müdafiəçi və digər iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şahid1 ifadəsinə davam edərək bildirmişdir ki, İbiş Hüsenlidən aşkar edilən narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olması barədə onda heç bir məlumat olmamış, əksinə X27 Ocaqov ifşa etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla Şahid1 istifadəsində olan mobil telefona xx.xx.2021-ci il tarixdə “Əmi o haqhesabı 1ci ya 2ci gün bank versin gətirəcəm” məzmunlu smslə bağlı suala Şahid1 cavab olaraq bildirmişdir ki, həmin ərəfədə Seymurun ona 1600 manat borcu olmuş, həmin borcu bankdan kredit yolu ilə qaytarması barədə ona Seymur sms göndərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli rayon Polis şöbəsinin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metafetamin gəzdirməsi barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 19 mart 2022-ci ildə saat 11 radələrində İmişli şəhər A.Ələsgər küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində axtarış keçirilmişdir. Axtarış keçirilən zaman üzərində olan narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibində “Vinston” markalı siqaret qutusunun içərisində saxladığı iki sellofan bükümdə olan metafetamini çıxarıb təqdim etmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı Şahid7 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, Seymur taksi fəaliyyəti ilə məşğuldur. 2021-ci ilin mart ayında İranlı vasitəsi ilə İmişli rayonu, Rəsullu kəndində yerləşən qəbirstanlıqdan külli miqdarda narkotik vasitələr əldə etmişdir. Taksi sürücüsü kimi Seymurdan onu həmin əraziyə aparmasını xahiş etmişdir. Seymur da onu 27 mart 2021-ci il tarixdə İmişli şəhərindən həmin qəbirstanlığa taksi sürücüsü kimi aparmışdır, orada avtomaşından düşmüş, Seymur isə çıxıb getmişdir. O, da narkotik vasitələri götürəndən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin narkotik vasitələr özünə məxsus olmuş, Seymurun heç bir məlumatı olmamışdır. İbiş Hüseynlinin ibtidai istintaq zamanı verdiyi sonrakı ifadəsi elan edilmişdir, həmin ifadədə İbiş Hüseynli göstərmişdir ki, tutulduğu gündən iki gün əvvəl axşam vaxtı saat 16-17 radələrində Seymurla küçədə rastlaşmış və Seymur onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ona bir büküm narkotik vasitə olacağını və bükümü gedib onun dediyi yerdən götürüb gətirib ona verməsini xahiş etmişdir. Sonra Seymur ona bir ədəd sadə mobil telefon vermiş və əlaqə saxlamaq üçün nömrəsini həmin telefona qoyub işlətməsini tapşırmışdır. 27 mart 2021-ci ildə ona saat 19 radələrində Seymur zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, İmişli şəhərində Mərkəzi bazarın yaxınlığında Eyvaz adlı şəxsin evində divara oboy vurmaqla məşğul olduğundan, Seymuru Eyvazın evinin yanına çağırmışdır. Seymur özünə məxsus xarici markalı, aliminum rəngli minik maşını ilə ora gəlmiş və o, küçəyə çıxıb Seymurun avtomobilinə əyləşmişdir. Avtomobilə oturandan sonra Seymur mobil telefonunda ona şəkil göstərərək, həmin şəkildə göstərilən yerin İmişli rayonu, Rəsullu kənd qəbirstanlığı olmasını, orada olan “yolka” ağacının altında polietilen torbada narkotik vasitələr olmasını, onunla gedib qəbirstanlıqdan narkotik vasitəni götürüb gətirib ona verməsini və əvəzində ona narkotik vasitədən istifadə etmək üçün pay ayıracağını və 1000 manat pul verəcəyinə vəd etmişdir. O, Seymurla razılaşmış və sonuncu idarə etdiyi avtomobillə onu İmişli şəhərindən Rəsullu kənd qəbirstanlığına kimi aparıb, orada yol kənarında avtomobili saxlamışdır. Seymur avtomobildə oturub gözləmiş, o isə qəbirstanlıqda olan, Seymurun ona telefonda göstərdiyi “yolka” ağacının yanına getmişdir. Avtomobildən düşərkən Seymurdan fanarını istəmiş, Seymur ona fanar da verməmişdir. O, qəbirstanlıqdakı olan “yolka” ağacını tapmış və ağacın altına qoyulmuş polietilen torbanı götürüb qəbirstanlıqdan çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2022-ci il tarixli, 18/369-18/370 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində: “X16 əlindəki...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi – 1585,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd polietilen torbada təmiz çəkisi – 980,0 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd polietilen torbada təmiz çəkisi – 760,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2022-ci il tarixli, 18/332 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs əynindəki...” sözləri yazılmış və imzalar olan kağız paketdəki siqaret qutusunda 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,417 qram, 0,386 qram, ümumi çəkisi - 0,803 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metafetamindir. Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetmin psixotrop maddəs 0,703 qram təşkil edir. Qeyd: Aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli, 3112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı X16 əlində saxladığı üzərində “bmw” sözü yazılmış boz rəngdə sellofan torbanın içərisindən sarı rəngdə sellofan torbada olan psixotrop maddə metamfetamin, ağ rəngdə sellofan torbada narkotik vasitə heroin və üzərində “Bazarstore” sözü yazılmış yaşıl rəngdə sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 19 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən «VİNSTON» markalı siqaret qutusunda olan iki büküm sellofanda olan psixotrop maddə metafetaminə oxşar kütləni çıxırıb stolun üzərinə qoymuşdur. Həmin iki büküm psixotrop maddə metafetamin təhqiqatçı Cəlal Azadov tərəfindən videoçəkişlə götürülmüşdür. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən İbiş Hüseynli tutulan gün, yəni 27 mart 2021-ci il tarixdə 5 dəfə zəng qeydə alınmışdır. Belə ki, həmin gün ilk dəfə ***-***-**-** mobil telefon nömrəsindən İbiş Hüseynlinin istifadəsində olan ***-***-**-** nömrəsinə saat 09:44:48-də zəng onunmuş və 148 saniyə danışıq aparılmışdır. Sonra ***-***-**-** nömrəsindən ***- ***-**-** nömrəyə saat 11:52:53-də zəng olunmuş və 19 saniyə danışıq aparılmışdır. Bundan sonra ***-***-**-** mobil nömrədən ***-***-**-** nömrəyə saat 12:34:01 zəng edilmiş 76 saniyə, saat 19:26:00 zəng edilmiş 32 saniyə və 19:30:07-də zəng edilmiş 15 saniyə danışıq aparılmışdır. Bununla da müəyyən olunur ki, cinayət işi üzrə tutulanadək təqsirləndirilən İ.Hüseynlinin sonuncu telefon danışıqları Təqsirləndirilən şəxsla olmuşdur. Həmin telefon danışıqları saat 19:26 və 19:30-da baş tutmuş və hər iki halda Təqsirləndirilən şəxs təqsirləndirilən İ.Hüseynliyə zəng etmişdir. Anten məlumatlarına əsasən, Təqsirləndirilən şəxs danışıqları “İmisli r-nu” antenində, İ.Hüseynlinin danışıqları ilə “İmisli r-nu, Elcin otel” antenində qeydə alınmışdır. İş materiallarında olan 26 oktyabr 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və atası X22 adına qeydə alınmış ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlara daxil olan çıxan sms mətnlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. O, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər arasında “Əmi” ləqəbi ilə tanınır və sms mətnlərinə əsasən ona bu formada müraciət edilir. Belə ki, X11 istifadəsindəki ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il tarixdə saat 00:37:32-də “Sen allahh geldim siz terefdeyem pul elimdedi birde etmerem”; -xx.xx.2021-ci il tarixdə saat 00:51:19-də “Emi azarivi cekim baqwla uzurli say birde olmaz yegibar emiye gore etdim”; -xx.xx.2021-ci il tarixdə saat 03:09:23-də “Emi cox pisem vallahh hardasan sen allahh meni blokdan cixar yada zeng vur komek et mene”; -xx.xx.2021-ci il tarixdə saat 21:18:29-də “Emi nolar sene qurban meni blokdan cixar da gelim gorsey sohbet edey”; -xx.xx.2021-ci il tarixdə saat 20:46:05-də “Emi salam necesen sene qurban men cox pisem nolar meni gor de qurban olaram”; -xx.xx.2021-ci il tarixdə saat 21:12:56-da “Emi xayiw edirem cox pisem mene komek et ulum da elimdedir”; -xx.xx.2021-ci il tarixdə saat 21:13:52-də “Xayiw edirem sende pis ola bilersen nolar men it gundeyem” -xx.xx.2021-ci il saat 23:33:24-də “Emi yanimdadir uwaq 100 manat var iki qiram varsa tez de gedecek”; -xx.xx.2021-ci il saat 15:10:44-də “Sen romayla iw gorursen petini de almisan yanva men bilirem sene ne edecem” məzmunlu ismarıclar, Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X7 adına olan ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il tarixdə saat 21:50:07-də “Qardaşım mən keçib getdim uje sabirabaddayam sən tel. götürmədin nə oldu sənə, Deyəsən patını nisyə dedim qortdun. Mən sadəcə dünənkinə görə təşəkkürümü bildirirdim” məzmunlu ismaric, Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X12 adına qeydə alınmış ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il tarixdə saat 14:43:48-də “Qaqaş mənə niyə cavab vermirsən”; -saat 15:09:41-də “Ay Cavad telefona cavab ver xahiş edirəm”; -saat 17:04:41-də “Ay qaqa mən səndən gözləmirdim mənim sənə hansı pisliyim dəymişdi, məni pod udar qoydun”; -saat 17:06:35-də “Sroçnu mənə zəng vur 50 dən yiyəsi gözləyir” məzmunlu ismarıclar, -xx.xx.2021-ci il tarixdə saat 00:15:12-də “Ay Cavad məni pis vəziyyətdə qoymusan. Şirvan məndən pul gözləyir”; -saat 00:22:33-də “Mən belə görürəm etdiyim yaxşılıqlara belə cavab verirsən. Mənə indi zəng vur mən ağrıyıram bu nə hərəkətdir”; -saat 00:33:33-də “CAVAD MƏNƏ MƏXSUS OLAN PULU GƏTİR QARDAŞİN UĞURA AİD SÖZ VAR YAXŞİ,GÖRÜNMÜR AQİBƏTİ” məzmunlu ismarıclar, Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il tarixdə saat 19:24:37-də “Mənə zəng vur tural”; -saat 20:07:11-də “Ay qaqaş gəlmirsənsə de mən işimi bilim”; -saat 20:15:06-də “Tural bir söz de gözləməyim” məzmunlu ismarıclar, X1 istifadəsindəki ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il tarixdə saat 20:16:54-də “Emi varyoxun ...diyimi gozduyurem, yigiram zanit verir”; -saat 20:17:40-də “Acan kimi emi quranhaki pramoy seni yigacam” məzmunlu ismarıclar, Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə: -xx.xx.2019-cu il saat 22:51:09-də “Salam. Ayə qaqa vallah pula görə zənq etmirəm cavab ver. Yaxşı tema var”; Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2019-cu il saat 22:53:35-də “Salam qaqa. Yaxşı tema var tel. Götür. Pula görə zənq etmirəm”; X5 istifadəsindəki ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-cu il saat 19:06:33-də “Terezi hardadi...10 lazimdi.....İfadiye de vacabda.”; -xx.xx.2020-ci il saat 19:24:13-də “1 Lazimdi..” -xx.xx.2021-ci il saat 19:01:45-də “Acar bazar storun yanindagi Orxan margetde..Maşin Yapnan uzbe uz... Gulqabidadi siqaret. Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 13:18:39-da “Qəfər bu gündən sənə zəng etməyəcəm demədi demə ayın 4 masallıda vüsalın yanında olacac pulu götürüb gələrsən başqa yolu yoxdu. Məsləhətdi ki pul üstündə olsun.” ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il 11:49:21-də “Qaqa darixma birazdan pul olacaq vuraram kartina. Sey isteseler deyecem”; Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X13 istifadəsində olan ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 06:11:40-da “Salam qaqa səhərəcən gücnən dözmüşəm. Heç olmasa tel. Aç mənə bir söz ded mən işimi bilim. Mən uzaqı 1 saata gedirəm üzü oyanlara. Bir şey va”; -xx.xx.2020-ci il saat 04:31:47-də “Sağ ol qardaş!!! Bu jest qeyri oldu, mən ölüm bundan heç görməmişdim” -xx.xx.2020-ci il saat 09:59:33-də “Brat hə yox de gedim işimin dalıyca” -xx.xx.2021-ci il saat 19:36:36, **********66, **********08, Qaqa vəziyyət çətindi, o qaqada varsa pulun verəy alaq. Məndə sabah tezdən olacaq. Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2021-ci il tarixdə, saat 19:22-də “Əmi o haqhesabı 1ci ya 2ci gün bank versin gətirəcəm” mətnli sms göndərmişdir. ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il 13:50:24-də “AY SEYMUR NA OLDU. AXŞAM OLDU” Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X8 adına olan ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 00:43:35-də “Salam qaqa lazım olsa super şey var”, X9 adına olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 04:31:24-də “Qaqam berke aza olsa bişey varundu maşın var ölem agrdan”, X2 adına olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 21:34:15-də “Salam qaqa imkan olsa yarım dene mene pas atarsan” Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X17 adına olan ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 20:51:53-də “Ay qaqa mənə bir söz de mən gedim”; -xx.xx.2021-ci il saat 21:18:07-də “Mənim işim sarvat oldu”; -xx.xx.2021-ci il saat 22:10:57-də “Ramil sroçnu zəng et 1 nəfər tutulub”; -xx.xx.2021-ci il saat 21:32:56-da “Ramin 50 ver 50 de tapmışam”, Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X14 adına olan ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 01:43:12-də “Sənə nə oldu əmi 1 dənə mənə götürməy olar”, ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 18:32:19-da “Seymur dede menem şamo bidene iş var kiloda elde eliremde bu sinaq merhelesidi qaqam”; -saat 18:32:44-də “Bu 7 deneni deyir verim 2 günen sora yiqim gel kilo apar”; -saat 18:33:09-da “Zengivi gozleyirem”; Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X13 adına olan ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 20:18:09-da “Ay qaqa pulun neqd verecm yoxdursa gedim bawqa yere”; -saat 21:23:20-də “Davay brat men gozleye bilmedim Allah komeyin olsun Vallah aqreyirsansa gedey aqridan chaxardim”; Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrədən X13 adına olan ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2020-ci il saat 19:17:20-də “**********430393 Huseynli Nezrin” X11 istifadəsindəki ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 00:31:54-də “Emi ikisinen de isteyirdim e ona gore dedim ki var sa naxadi goturum”; -saat 00:33:18-də “Mene xeber et bilim azarvi cekim emi can”; -xx.xx.2021-ci il saat 13:10:17-də “Emi menimle elaqe saxla sozum var sene qurban”; -xx.xx.2021-ci il saat 02:53:23-də “Emi men gedirem eve xeber et”; -saat 02:54:26-da “Bu uwaq meni qoyub gedir piyada qalacam nolar emi azarvi cekim tez de gedim eve”; -saat 02:56:27-də “Emi nolar gelim goturum ya yox de gedim xarabama”; -saat 03:00:26-da “Emi gedim men eve sen allahh bir soz de”; -saat 03:24:44-də “Ay bilet onun icne pox men day hecne demirem”; -saat 03:46:07-də “Menden sene ziyan gelmemiwdi de elemi ay bilet neynek emi men olurem offff”; X10 adına olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***- ***-**-** mobil nömrəyə: -xx.xx.2021-ci il saat 23:34:43-də “Salam Seymur. Gel qaqa gel bunu neterse yoluna qoyaq. Sey verirdim istemedin. Bele usaqlara sey tapib vermisem, 5ci gun axsama qeder vereceyler pulun. Gozleye bilirsense 5ci gun verim. Seymur men basqa hereket elememisem. Basima geleni sene demisem. Adamin basina is geler. Men qacmiram elemirem.” məzmunlu ismarıclar göndərilmişdir. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən İbiş Hüseynlinin istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi müxtəlif İMEİ kodlu mobil telefonlarda istifadə olunmuşdur. Belə ki, həmin nömrə xx.xx.2021-ci il saat 22:39:54-dən xx.xx.2021-ci il saat 13:22:30dək **********35270 İMEİ kodlu, xx.xx.2021-ci il tarixdə saat 15:23:01-dən 15:23:16-dək **********06940 İMEİ kodlu, xx.xx.2021-ci il saat 05:13:10-dan xx.xx.2021-ci il saat 19:30:07-dək **********90510 İMEİ kodlu mobil telefonda istifadə olunmuşdur. Eyni zamanda baxış protokolu ilə müəyyən olunur ki, İ.Hüseynlinin ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2021-ci il saat 05:13:10-dan xx.xx.2021-ci il saat 19:30:07-dək **********90510 İMEİ kodlu mobil telefon istifadə olunmamışdan əvvəl, xx.xx.2021-ci il saat 23:15:04-dən xx.xx.2021-ci il saat 17:03:17-dək Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil telefon nömrəsində, xx.xx.2021-ci il saat 19:42:08-dən xx.xx.2021-ci il saat 16:30:07-dək Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil telefon nömrəsində istifadə olunmuşdur. Bununla da müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən İ.Hüseynlinin istifadəsində olan **********90510 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs məxsus olmuş və xx.xx.2021-ci il tarixdə saat 16:30-dan sonra istifadə olunması üçün İ.Hüseynliyə verilmişdir. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, Ocaqov X23 RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərarı ilə 1 il 25 gün vaxtından əvvəl şərti azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X26 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə İbiş Hüseynlidən aşkar olunaraq götürülmüş 1584,98 qram marixuanna, 759,95 qram heroin narkotik vasitələri və 979,95 qram metamfetamin psixotrop maddəsi üzrə məhv edilmişdir. İş materiallarında olan İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Ocaqov X18 şəhəri, L.Vəliyev küçəsi ev 43-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və oğlundan ibarətdir, yaşadığı dövrdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 25 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və ibtidai istintaqın nəticəsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,703 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutlar saxlanc kamerasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həmdə ki, məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq “İbiş Hüseynlidən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması, onu avtomobili ilə İmişli rayonu, Rəsullu kəndi ərazisində yerləşən qəbirstanlığa apararkən narkotik əldə etmək deyil İbiş Hüseynlini ifşa etmək məqsədi ilə getməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır, bir sözlə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdür. Həmçinin məhkəmə X16 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatları tətdiq etmişdir. Belə ki, İbiş Hüseynli məhkəmə baxışı zaman ifadəsində “aşkar edilən narkotik vasitələrin özünə məxsus olması, Təqsirləndirilən şəxs məxsus olmaması, sonuncudan taksi sürücüsü kimi onu Rəsullu kəndinə aparmasını xahiş etməsi, narkotik barədə Seymurun məlumatı olmaması” sözlərini bildirmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadələrdən birində “27 mart 2021-ci ildə ona saat 19 radələrində Seymur zəng edərək görüşərək maşına əyləşmiş, Seymur mobil telefonunda ona şəkil göstərərək, həmin şəkildə göstərilən yerin İmişli rayonu, Rəsullu kənd qəbirstanlığı olmasını, orada olan yolka ağacının altında polietilen torbada narkotik vasitələr olmasını, onunla gedib qəbirstanlıqdan narkotik vasitəni götürüb gətirib ona verməsini və əvəzində ona narkotik vasitədən istifadə etmək üçün pay ayıracağını və 1000 manat pul verəcəyinə vəd etməsi, o, Seymurla razılaşmış və sonuncu idarə etdiyi avtomobillə onu İmişli şəhərindən Rəsullu kənd qəbirstanlığına kimi aparıb, orada yol kənarında avtomobili saxlamışdır. Seymur avtomobildə oturub gözləmiş, o isə qəbirstanlıqda olan, Seymurun ona telefonda göstərdiyi yolka ağacının yanına getmişdir. Qəbirstanlıqdakı olan yolka ağacını tapmış və ağacın altına qoyulmuş polietilen torbanı götürüb qəbirstanlıqdan çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır” sözlərini göstərmişdir. Məhkəmə qeyd olunan iki ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, İbiş Hüseynlinin məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusat işin faktiki hallarına, iş materiallarına uyğun deyil, digər sübutlarla təkzib olunur. Məhkəmə İbiş Hüseynlinin məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. İ.Hüseynlinin ibtidai istintaq zamanı verdiyi qeyd olunan ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin Şahid1 həm ibtidai istintaq, həmdə ki, məhkəmə baxışı zamanı verdiyi ifadələrdə göstərdikləri xüsusatları tətdiq etmişdir. Belə ki, Şahid1 ifadələrində “İbiş Hüseynlinin narkotik vasitələr əldə etməsini Təqsirləndirilən şəxs tərəfindən ifşa etmişdir” xüsusatları göstərmişdir. Məhkəmə həmin ifadələrə qiymət verərək hesab edir ki, qeyd olunan xüsusatlar işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə Şahid1 ifadələrində göstərilən xüsusatlar şəxsi tanışlığı olduğu Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığından sübut kimi qəbul etmir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, tanışı tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış, saxlamış, habelə təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmiş, daşımış, saxlamışdır. Məhkəmə işin qeyd olunan fakitiki halları baxımından təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdı və həmin şəxslərin hərəkətləri “birgə” olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5 və 19-cü sətrlərinə əsasən heroin və tiryək narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram və 0,5 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram və 50 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2013-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, CM-in 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, CM-in 65.2-ci maddəsinə görə təhlükəli resedivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- İmişli rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,703 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 19 mart 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - İmişli rayon polis şöbəsində saxlanılan İmişli rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,703 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar