Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-477/2023 09.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla, Neftçala şəhəri, Nizami küçəsində yaşamış, barəsində 01 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və məlum olmayan vaxtda qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda külli miqdarda, 191,566 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 31 yanvar 2023-cü ildə, saat 14:20 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol yan cibindən satış məqsədilə əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-191,566 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, himayəsində arvadı və 2 azyaşlı uşaqları ilə birgə Neftçala şəhərində yaşamış, fərdi əməklə, yəni bərbər işləməklə ailəsini dolandırmış, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, kiməsə narkotik verməmiş və ya satmamışdır. 31 yanvar 2023-cü ildə evdə olarkən tanımadığı bir nəfər şəxs onu evdən müştəri adı ilə çağırmış, həyətə çıxarkən mülki geyimli polis əməkdaşları tərəfindən evindən tutularaq Neftçala RPŞ-nə gətirilmiş, şöbədə Müslüm adlı polis əməkdaşı tərəfindən cibinə narkotik vasitə heroin qoyulmuş, sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin narkoik vasitə heroin üzərindən aşkar edilərək götürülmüş, şəxsi axtarışla bağlı tərtib edilmiş protokola imza etməmiş, polis şöbəsində ona təsir göstərilsə də, ona zor tətbiq olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında Rəhman 31 yanvar 2023-cü ildə saat 14:20 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən Neftçala şəhəri ərazisində- evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Rəhmanın əynində olan gödəkçənin sol yan cibindən bir ədəd polietilen büküm aşkar olunmuş, büküm açılıb-baxılarkən içində narkotik vasitə heroinə bənzər maddə olmuş, həmin maddə rəsmiləşdirilərək götürülmüş, sonra aparılmış şəxsi axtarışla bağlı protokol edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərkən, şöbədə sorğu-sual olunarkən, eləcə də ilkin izahatı alınarkən ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Səfadər oğlu və Şahid3 digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü ildə səhər saatlarında evdə olarkən mülki geyimli polis əməkdaşları onlara gələrək kürəkəni Təqsirləndirilən şəxs evdən aparmış, iki gün sonra isə polis əməkdaşları evinə gələrək onun və nəvəsi Mirsadiqin iştirakı ilə evə baxış keçirmiş, baxış zamanı evdən qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, evdən aşkar edilən kitab, şəkil və bayraq polis əməkdaşı tərəfindən evə qoyulmuşdur. Məhkəmə istintaqı zamanı qnuni nümayəndənin iştirakı ilə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü ildə səhər saatlarında evdə olarkən evin qapısı döyülmüş, qapını açarkən bir nəfər şəxsin atası Rəhmanı soruşaraq ona saçını qırxdırmaq istədiyini bildirmiş, bu barədə atasına dedikdə atası günortadan sonra işə gedəcəyini demiş, həmin vaxt mülki geyimli polis əməkdaşları həyətə daxil olub atasını tutub harasa aparmış, iki gün sonra polis əməkdaşları evlərinə gələrək onun və nənəsi Saidənin iştirakı ilə yaşadıqları evə baxış keçirmiş, baxış zamanı polis formasında olan şəxs evlərinə kitab, şəkil və bayraq qoymuş, sonra onlar gətirdikləri əşyaları götürüb getmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan əməliyyat tapşırığına verilmiş 02 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə Neftçala RPŞ-yə son dövrlər mütamadi olaraq məlumatlar daxil olmuşdur. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 18/115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” götürülmüş sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-191,566 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 130 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Neftçala RMX” PHŞ-nin 03 mart 2023-ci il tarixli, PHŞ-6-63/2- 214/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin əsəb-ruhi və narkoloji dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi-191,516 qram narkotik vasitə heroin Neftçala rayon polis şöbəsində saxlanılır, 01 ədəd CD diskdəki videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Neftçala rayon polis şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 1 ədəd üzərində dini şüar olan bayraq, 1 ədəd «Ərəb dili» kitabı, 1 ədəd müəllifi Əhməd Əsədnijad olan «X6» kitabı, Əli Xamanei və Qasım Süleymani adlı şəxslərin fotoşəkilləri onun qaynanası X3 təhvil verilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yanınmağa (kənarda qalmağa) yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumatların olması göstərilən narkotik vasitənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 31 yanvar 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Neftçala rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 31 yanvar 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Bağırov X2 rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olmaqla, Neftçala şəhəri, Nizami küçəsində arvadı və iki azyaşlı uşaqları ilə birlikdə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də ilk məhkumluğunu, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 191,516 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 1 ədəd üzərində dini şüar olan bayraq, 1 ədəd «Ərəb dili» kitabı, 1 ədəd müəllifi Əhməd Əsədnijad olan «X6» kitabı, Əli Xamanei və Qasım Süleymani adlı şəxslərin fotoşəkilləri onun qaynanası X3 qaytarılmalı, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 199 (yüz doxsan doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 31 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 191,516 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 1 ədəd üzərində dini şüar olan bayraq, 1 ədəd «Ərəb dili» kitabı, 1 ədəd müəllifi Əhməd Əsədnijad olan «X6» kitabı, Əli Xamanei və Qasım Süleymani adlı şəxslərin fotoşəkilləri onun qaynanası X3 qaytarılsın, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 199 (yüz doxsan doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov