Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-477/2025 19.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Saatlı rayonu Mustafabəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (Bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2025-ci ilin mart ayının əvvəllərində yaşadığı Saatlı rayonu Mustafabəyli kəndində yerləşən evinin arxa hissəsində yerləşən həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan 95 ədəd çətənə (kannabis) bitkilərini torpaqda, 20 ədədini isə plastik materialdan olan dibçəklərdə olmaqla cəmi 115 ədəd külli miqdarda əkmiş və onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, 14 mart 2025-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin həyatyanı sahəyə baxış zamanı saat 10:22-dən 11:30-dək olan müddət ərzində bağ sahəsində ümumilikdə 115 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 13,50 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2025-ci il mart ayının əvvəllərində yaşadığı kənddə yol kənarından sayını bilmədiyi miqdarda çətənə bitkilərinin toxumlarını tapmışdır. Həmin toxumları gələcəkdə özü istifadə etmək üçün əkib-becərmək qərarına gəlmişdir. Toxumları yaşadığı evə aparmışdır. Evin arxa hissəsində yerləşən həyətyanı sahədə həmin toxumları əkmək üçün yer hazırlamış və bazardan plastik materialdan olan dibçəklər almışdır. 2025ci ilin mart ayının əvvəllərində həmin toxumların bir hissəsini həyətdə olan torpaqda, bir hissəsini isə torpaq doldurduğu plastik qablarda əkmişdir. Həmin çətənə bitkisinin toxumlarına qulluq edib suvarmağa başlamışdır. Bir neçə gün sonra həmin bitkilər cücərməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olduğu zaman polis işçiləri evinin həyətinə gələrək ona evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirməli olduqlarını bildirmişlər. O, evinin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Polis əməkdaşları özləri ilə bir nəfər aqronom da gətirmişdilər. Baxış keçirilərkən yaşadığım evin arxa hissəsində yerləşən həyətyanı bağ sahəsində çətənə bitkilərini əkib becərdiyi yeri təqdim etmişdir. Polis əməkdaşları torpaqda və dibçəkdə əkmiş olduğu çətənə bitkisini şitillərini aşkar etmişlər. Həmin çətənə bitkilərinin şitilləri bir-bir polis əməkdaşları tərəfindən çıxarılmış, sayılmış, ümumilikdə 115 ədəd çətənə bitkisi şitilləri müəyyən edilmişdir. O, çətənə bitkilərini öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Həmin bitkilər polis işçiləri tərəfindən qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əvvəl məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyi və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2025-ci il tarixdə ona Saatlı rayon Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkibyetişdirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirməklə 14 mart 2025-ci il tarixdə saat 10:22 radələrində digər polis əməkdaşları və aqronom mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs evdə olmuşdur. Təqsirləndirilən şəxs evinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkərək yetişdirməsi barədə məlumat daxil olduğunu və evinin həyətyanı torpaq sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin qanunsuz kultivasiyası ilə məşğul olduğunu səmimi etiraf edərək, həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, həmin bitkiləri əkdiyi yeri göstərə biləcəyini demişdir. Bundan sonra həyətə daxil olub evin arxa hissəsində yerləşən bağ sahəsinə gəlmişlər. Həmin yerdə 3 ədəd müxtəlif yerlərdə torpağa əkilmiş 95 ədəd, bundan başqa həmin bağ sahəsində 12 ədəd plastik qabda torpağa əkilmiş vəziyyətdə 12 ədəd və həmin bağ sahəsində 8 ədəd plastik qabda torpağa əkilmiş 8 ədəd olmaqla ümumilikdə 115 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər götürülmüşdür. X3 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qulluq olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bunları təsdiqləmiş, həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün əkdiyini bidirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. “Baxış keçirilməsi haqqında” 14 mart 2025-ci il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində ümumilikdə 115 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizanın 14 mart 2025-ci il tarixli 18/233 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşayış evinin bağ sahəsindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd şəffaf polietilen torbada ümumi sayı 115 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 13,50qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli, 3237 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1903 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Saatlı rayon İHB-nin Mustafabəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2015-ci ildə doğulmuş bir uşağı vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs iş üzrə 14 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda marixuana (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etməsi, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 115 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, bir ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 115 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. 1 ədəd CD disk cinayət işinə saxlanılsın. Ekspertiza xərci 39 (otuz doqquz) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-477/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-477/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver