Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-478/2022 13.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1996-cı ildə Lənkəran rayonunun Darquba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Lənkəran rayonunun Darquba kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda-8,916 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 25 mart 2022-ci il tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, H.Aslanov küçəsində saxlanılıb polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı bir ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda-8,916 qram narkotik vasitə olan heroin əynindəki şalvarının cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, anası ilə birlikdə yaşayır, anasından başqa heç kimi yoxdur, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Xeyli müddətdir ki, heroindən istifadə etməyə başlamışdır. Əvvəllər bir dəfə, 2021-ci ildə oğurluğa görə məhkum olunmuşdur. 25 mart 2022-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhərində, “Böyük bazar”ın yanında olarkən polis əməkdaşları tərəfindən tutulub regional polis şöbəsinə aparılmışdır. Polis şöbəsində ona məlum olmuşdur ki, onu narkotiklə bağlı tutmuşlar, həmin vaxt üzərində narkotik maddə olmasa da, polis əməkdaşları üzərində narkotik maddə olmasını bildirmişlər. Səhərisi gün, yəni 26 mart 2022-ci il tarixdə regional şöbədə polis əməkdaşları cibinə bir bükümdə heroin qoymuş, sonra ona qarşı təzyiqlər etmişlər ki, üzərində axtarış zamanı həmin heroinin özünə məxsus olmasını bildirsin. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü cibində olan həmin bükümdə olan heroini çıxarıb polislərə təqdim edib özünə məxsus olmasını, şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Aşkar olunan heroin elektron tərəzidə çəkildikdən sonra polis əməkdaşları tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. Üzərində heroin aşkar edilsə də, həmin narkotikə görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik vasitələrdən istifadə etdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 4-5 aydır ki, heroindən istifadə etməyə başlamışdır. Tutulmamışdan iki gün əvvəl Lənkəran şəhərində, “Kiçik bazar” ərazisində üzdən tanıdığı bir şəxsdən 200 manata bir büküm heroin almış və fikirləşmişdir ki, həmin heroini hissə-hissə özü qəbul edər, elə bu məqsədlə bu heroini üzərində saxlamışdır. 25 mart 2022-ci il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri, H.Aslanov küçəsində bazar tərəfə piyada gedərkən polis əməkdaşları onu saxlayıb narkotik vasitələr əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirilib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinə aparılmışdır. Şöbədə vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümdə heroini çıxardıb təqdim etmişdir. Şifahi olaraq sorğu zamanı o, həmin heroini iki gün əvvəl üzdən tandığı bir şəxsdən 200 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində aşkar olunmuş heroini özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamış, həmin heroindən heç kimə istifadə üçün verməmiş, satmamış, ümumiyyətlə o, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, həmin maddəni onun cibinə polis əməkdaşları qoymuşlar. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin özünü məxsus olmasını, şəxsi istifadəsi üçün həmin heroini əldə edib üzərində saxladığını və əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin CBRŞ-nin əməkdaşıdır. 25 mart 2022-ci il tarixdə Lənkəran rayonun Darquba kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə məlumat əldə etmiş və həmin məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 25 mart 2022-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Aslanov küçəsində, Access bankın yaxınlığında piyada hərəkətdə olarkən əməliyyat qrupu tərəfindən saxlanılıb qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və istifadəsində şübhəli olduğu bildirilib regional şöbəyə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Famil Həsənov tərəfindən vəkil Müdafiəçi iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir büküm çıxarıb təqdim edib heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini pulla aldığını və özünün şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik maddə satmış şəxsin kimliyini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitələr satması barədə məlumatlar əldə edilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin (bundan sonra regional şöbənin) əməkdaşının 25 mart 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayonunun Darquba kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş və bu məlumat əsasında həmin tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Aslanov küçəsində, Access bankın yaxınlığında saxlanılıb regional şöbəyə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 mart 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə regional şöbənin təhqiqatçısı Famil Həsənov tərəfindən Müdafiəçi iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, özünün şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “... Vət. X3 təqdim etidyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-8,916 qram olan maddə tiryəkdən kustar üsülla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqatdan sonra qalıq heroin 8,866 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 27 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 8,866 qram heroin maddi sübut kimi tanınmışdır. Həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür İşdə olan, məhkəmə-tibbi ekspertizasının 28 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin 07 may 2022-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumatlar əldə olunmamışdr. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində narkotik maddənin olmaması, həmin heroini cibinə polis əməkdaşlarının qoyması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması, polis əməkdaşların təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməsi, üzərində şəxsi axtarışın 25 martda yox, 26 mart 2022-ci il tarixdə aparılmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış barədə protokolla (həmin vaxt üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində narkotik maddənin olmaması, həmin heroini cibinə polis əməkdaşlarının qoyması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması, polis əməkdaşların təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməsi, üzərində şəxsi axtarışın 25 martda yox, 26 mart 2022-ci il tarixdə aparılmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə (videofaylda həmin videoçəkilişin tarixi “2022.03.25.” yazılmışdır) şəxsi axtarış barədə protokol ilə (həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olması və istifadəsi üçün alıb üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda-8,916 qram heroini əldə edib, saxlayıb üzərində daşıması cinayətini törətmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 2022-ci ilin mart ayında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd bükümdə külli miqdarda- 8,916 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 25 mart 2022-ci il tarixdə, saat 16 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin, X8 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Həzi Aslanov küçəsində Access bankın yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı həmin narktoik vasitə heroin 1 ədəd sellofan bükümün içərisində əynindəki cins şalvarının sol yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunan heroini satmaq məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitədən (heroindən) istifadə etməsi və narkomaniya xəstəsi olması tam təsdiq olunur. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid kimi ifadə verən polis əməkdaşları da göstərmişlər ki, Təqsirləndirilən şəxs da narkotik maddə aşkar olunduqdan sonra o, həmin narkotik maddəni özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmiş, habelə onun kiməsə narkotik vasitə satması barədə məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 8,916 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 8,916 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin külli miqdarda olması onun bu narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu maddələri satış məqsədi ilə əldə etməsi, habelə onların satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qeyd olunan əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma İlə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə heyəti cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünə məlum mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda-8,916 qram heroini əldə edib, saxlayıb, üzərində daşıması, 25 mart 2022-ci il tarixdə, saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış zamanı həmin narkotik vasitənin aşkar edilib götürülməsi onun özünün və şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkran Rayon Məhkəməsinin 27 mart 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-25 mart 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan, Lənkəran rayon İcra və Probasiya şöbəsinin 16 iyun 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü icra üçün 16 sentyabr 2021-ci il tarixdə şöbəyə daxil olmuş və cəzası 21 sentyabr 2021-ci il tarixdən hesablanmağa başlanmışdır. Lənkəran Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş 01 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış və üzərində 05 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə cinayət törətməsi və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəlinin 25 mart 2022-ci il tarixdən hesablanması nəzərə alınaraq hazırda 23 avqust 2021-ci il tarixli hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 ay 24 gün təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən bir il keçdikdən məhkumluğu olmayan hesab edilir) 23 avqust 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edlimiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olsa da, onun əməlində cinayətin residivi yoxdur. İşdə olan, Lənkəran rayon İHB-nın Kərgəlan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Darquba kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 27 gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən, həmin cəza yeni təyin edilmiş cəzaya tamamilə birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 8,866 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddə sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, həmin cəza yeni təyin edilmiş cəzaya tamamilə birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 8,866 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-478/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-478/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver