Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-483/2024 13.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1979-cu ildə Ağcabədi rayonu Şahmallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Şahmallar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 3900 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir ədəd sintetik torbada saxlayaraq daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 13 yanvar 2024-cü il tarixdə saat 19:20-də yaşadığı Ağcabədi rayonu Şahmallar kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən əlindəki torbada 3900 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, hərdənbir narkotik vasitə olan “nəşə”dən yəni, qurudulmuş marixuanadan istifadə etmişdir. Tutulmasından təxminən üç ay əvvəl Şahmallar kəndi ərazisində əkmiş olduğu taxıl sahəsinə baxmağa gedən zaman su arxını içərisində bir ədəd köhnə torba bükümdə qurudulmuş marixuana tapmışdır. O, həmin torbanı sahədə gizlətmişdir. 13 yanvar 2024-cü il tarixdə günün ikinci yarısında o, yeni torba götürərək sahəyə gedib gizlətdiyi içərisində qurudulmuş marixuana olan bükümü çıxardaraq yeni torbaya qoymuşdur. O, həmin torbanı yaşadığı evə gətirirmiş ki, orada gizlətsin. O, havanın qaralmasını gözləmiş və saat 19 radələrində yaşadığı evin yerləşdiyi küçənin baş tərəfinə çatan zaman 2 nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Ağcabədi Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış kekeçirilərkən əlində olan göy rəngli torbanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. İştirakçıların və müdafiəçinin iştirakı ilə həmin torba açılan zaman içərisində yaşıl rəngli, kəskin iyə malik qurudulmuş marixuana olduğu aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Yalnız öz istifadəsi üçün əldə edib saxlamışdır. Hər hansı şəxsə narkotik vasitə satması halları olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 göstərdi ki, Ağcabədi rayonu Şahmallar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 13 yanvar 2024-cü il tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Şahmallar kəndi ərazisində saxlamışlar. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirməklə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılan zaman narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlindəki torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Torbaya baxış keçirildikdə içərisində qurudulmuş marixuanayabənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini satış məqsəd olmadığını bildirmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid3 və Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. 13 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan göy rəngli polietilen torbanın içərisində 3,910 kiloqram narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlələr aşkar edilərək götürülmüşdür. Ağcabədi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 5(017)-15/2024 nömrəli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi Rayon Polis Şöbəsinin 13 yanvar 2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilsin. Məhkəmə-bioloji ekspertizasının 14 yanvar 2024-cü il tarixli, 18/57 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd sintetik torbada təmiz çəkisi 3900,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə psixoloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 157 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2024-cü il tarixli, 675 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə hallar olmuş, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2004 və 2006-cı illərdə doğulmuş uşaqları vardır. Ağcabədi rayonu Şərəfxanlı kənd inzibati ərazi dairəsi üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 3900 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla narkotik vasitənin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində qurudulmuş marixuananı satmaq məqsədinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan qurudulmuş marixuananı və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkotik vasitə olan kannabinoiddən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliyinə tutulmasını, üzərində aşkar olunmuş qurudulmuş marixuananın miqdlarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun qurudulmuş marixuananı satmaq məqsədinin olmaması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 3899,90 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 3899,90 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-483/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-483/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver