Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-483/2025 05.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, azyaşlı Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, mütəxəssis-müəllim X2 iştirakları ilə, - xx xxx 1981-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan, bir azyaşlı olmaqla üç uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirmə qismində təhlükəsizlik tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsdə saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat materialına məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi vasitəsilə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq, 28 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanında birgə yaşadıqları mənzildə heç bir səbəb olmadan xx.xx.2013-cü il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs öldürmək məqsədilə bu niyyətini həyata keçirmək üçün kənar şəxslərin müdaxilə etmək imkanının qarşısını almaqdan ötrü qəflətən ani hərəkətlərlə, həyətdən götürdüyü sapı və tiyəsi metaldan olan çəkiclə müqavimət göstərmək imkanına malik olmayan, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncunu həyat fəaliyyətini təmin edən orqanı hesab olunan başına zərbə vurmaqla ənsə sümüyünün basılmış qəlpəli sınığı, baş beynin ənsə nahiyəsində epidural hematoma, ənsə nahiyyəsində dərialtı hematoma və emfizema xəsarətləri kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra yenə çəkic ilə vurmaq istəyərkən sonuncunun anası Qanuni nümayəndə2 hadisəni görüb növbəti zərbələrin qarşısını alması səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, anlaqsız vəziyyətdə aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə olanda ildırım çaxmış, onu döyədöyə aşağı aparmışlar. Özü də qorxmuş, əlində çəkic olmuşdur. Atası çəkici ondan almışdır. Təqsirləndirilən şəxs məhkəmədə proses iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, çəkiclə öz övladına xəsarət yetirməmişdir. Hadisə baş verən gün çəkici nə məqsədlə götürməsini xatırlamır. Ailəsi onunla yaxşı yola getmiş, uşaqları onu döyməmiş, özü də onları döyməmişdir. Ailə üzvləri onu aradabir əsəbiləşdirmişlər. Adını dəqiq xatırlamdığı dərman qəbul etmişdir. Oğlu Hüseyn evə quş, dovşan, pişik gətirirmiş və bu da ona pis təsir etmişdir. Hüseyn evdə pişikləri dalaşdırdığı üçün ona öz iradını bildirmişdir. Hadisə günü aralarında mübahisə olmamış, birdən Hüseynin yerdə olduğunu görmüşdür. Hüseyn ağlamışdır. Nə baş verdiyini dəqiq xatırlamır. Hadisə vaxtı həyəcandan dili-ağzı tutulmuşdur. Sanki içərisində başqa adam var və ondan xoşu gəlmir. İçərisində olan adamdan hər gün qorxur, çünki həmin adam onu uçuruma aparmaq istəyir. Gözünün qırağında olan xəsarəti əvvəllər almışdır. Hüseyni vurmağını xatırlamır. Atası hadisə ilə bağlı onu danlamışdır. Çəkici götürməmişdir. Halhazırda yaxşıdır. Xəstəxanada olmasının səbəbini bilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsində nəzərdə tutulan və cinayət məsuliyyətinə səbəb olan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. Rövşəndə anadangəlmə hər hansı bir qüsur, əqli gerilik və sair kimi xəstəliklər olmamış, psixi problemləri ailə qurandan sonra yaranmışdır. Son illər Rövşənə qarşı evdə öz uşaqları Əli ilə Hüseyn sərt davranışlar etmiş, onu vuraraq incitmişlər, bu səbəbdən də Rövşən əsəbiləşmiş və psixoloji durumunda ağırlaşmalar baş vermişdir. Güman etmişdir ki, bu hadisələrin hər biri məhz evdə uşaqlarla Rövşən arasında olan mütəmadi zorakılıqlar səbəbindən olmuşdur. 28 noyabr 2024-cü il tarixdə yaşadığı evdə olarkən birdən həyətdən qışqırıq səsləri eşitmişdir. Oğlu Rövşənin ailəsi ilə eyni ünvanda və eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşamışlar. İlkin olaraq gəlini Cəmalənin uşaqları döyməsini zənn etmişdir. Səs-küydən narahat olduğundan Rövşənin evinə daxil olanda oğlunun divanın üzərində uzanıb ağladığını, nəvəsi Hüseynin də zalda, yerdə qan içərisində huşsuz vəziyyətdə uzandığını görmüşdür. Cəmaləyə öz iradını bildirmiş, sonuncu Rövşənin Hüseynə xəsarət yetirməsini bildirmişdir. Dərhal Cəmalə ilə birgə Hüseyni təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparmışlar. Rövşəni xəstəxanaya aparanda onun döyüldüyünü bildirərək, bu vəziyyətdə qəbul etmək istəməmişlər, lakin israr etdikdən sonra qəbul etmişlər. Nəvəsi Hüseyn isə öz etirazını bildirərək xəstəxanada qalmaq istəməmişdir. Hüseyni müvafiq tibbi yoxlamalardan keçirmişlər və onda ciddi nəsə aşkar edilməmişdir. Qanuni nümayəndə1 məhkəmədə proses iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, əri və on səkkiz yaşlı nəvəsi ilə birlikdə yaşayır. Oğlu Rövşən də bəzi günlər onun yanında qalmışdır. Rövşən həyətdə əzgil ağaclarının meyvələrini yığan zaman meyvələrlə danışır, əlini atıb meyvəni dərərkən irəli-geri çəkilirmiş. Rövşəndən niyə belə etdiyini soruşanda, sonuncu “ağac və meyvələr məndən geri çəkilir” demişdir. Hadisədən bir ay qabaq Rövşəni döyülməsi səbəbindən halsız olduğu üçün öz yanına gətirmiş, Rövşən gündüzlər evində, axşam isə onlarda qalmışdır. Rövşəndə qeyri-adilik özünə qapanması, öz-özü ilə danışması, o baş-bu başa gedibgəlməsi ilə bağlı olmuş, lakin nəyisə vurmaq, sındırmaq kimi hallar olmamışdır. Rövşən ailəsindən narazı olmamış və ona da bu barədə bildirməmişdir. Rövşən oğlu Hüseynə qarşı məlum hadisəni törətməsinin səbəbini deməmişdir. Cəmalə Rövşənin Hüseyni sonuncu paltarını dəyişən vaxt vurduğunu ona bildirmişdir. Hüseyn xəstəxanada beş gün qaldığı müddətdə onun yanında qalmışdır. Cəmalə Rövşənə xəstəliyi ilə bağlı dərman verməmiş, bu barədə Rövşən özü ona demişdir ki, dərman atmır. Lakin, Cəmalə ona Rövşənə dərman atdırdığını bildirmişdir. Hüseyn doğru ifadə vermir, belə ki, ona soruşanda yüngül ağrılarının olması barədə deməyi tapşırmamışdır. Əvvəllər Rövşən ailəsinə qarşı belə hərəkətlər etməmiş, cinayətə yol verməmiş, yalnız xeyli müddət əvvəl bir dəfə bıçaqla digər şəxsə yüngül xəsarət yetirmişdir. Rövşənin aqressiv olmasına səbəb dərman qəbul etməməsi olmuş, dərman qəbul etdikdən sonra onda bir qədər sakitlik yaranmışdır. Cəmalənin Rövşənə dərman atdırmaması barədə qonşudan da eşitmişdir. Rövşən ailəsinə qarşı həmişə sakit, mülayim olmuşdur. Hadisədən qabaq Rövşəni vəziyyəti pisləşəndə (aqressivləşəndə) Bakı şəhərinə, hətta Şirvanda müalicəyə aparmışdır. Rövşənə dərmanlar dövlət tərəfindən pulsuz verilmişdir. Rövşənin xəstəxanada qalıb müalicə olunmasını istədiyini bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsinin və mütəxəssis-müəllimin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sərbəst şəkildə ifadə verir. Atası Təqsirləndirilən şəxs deyil, anasını çox istəyir. Əvvəllər də atasının xətrini istəməmişdir və buna səbəb atasının onu vurması olmuşdur. Atası onun bacısı ilə qardaşını da döymüşdür. Hadisə baş verən gün, yəni 28 noyabr 2025-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evdə olarkən həyətdə top oynayıb tərlədiyindən içəri otağa keçib paltarını dəyişmək istəmiş, bu zaman atası həyətdəki pişikləri içəri salmış, öz-özünə danışaraq ətrafda gəzmiş, qardaşı Əli də küçədə olmuşdur. Anası, bacısı evdəki qonaq otağında onunla birlikdə olmuşlar. Paltarını dəyişən zaman atası bərk küt əşya ilə arxadan sürətlə gələrək onu möhkəm vurmuş və o yerə yıxılmışdır. Hadisədən qabaq həmin predmetin çəkic olduğunu bilmiş, çünki atasının əlində görmüşdür. O an huşunu itirdiyi üçün olanların davamını tam xatırlamamış, həmçinin atasına qarşı çıxıb onu dayandıra bilməmişdir, çünki, atası arxadan surətlə hərəkət edərək başına qəflətən zərbə endirmişdir. Özünə gələndə xəstəxanada olduğunu görmüş, başında çox güclü ağrılar hiss etmiş, ilk vaxtlar ətrafı görə bilməmişdir. Həkimlər onu bir həftəyə yaxın xəstəxanada saxlayaraq müalicə etmişlər və sağalmışdır. Bundan sonrakı prosesləri xatırlamamışdır. Atası onu əvvələr də təpik və yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, qardaş-bacısı ondan böyükdürlər. Qardaşının gücü çatmayan yaşlarında atası onu da müxtəlif səbəblərdən, məsələn anası ilə söhbət etdiyinə görə vurmuşdur. Ümumiyyətlə atası onlara qarşı mehriban olmamışdır. Atası gün ərzində adətən telefona baxırmış. Nənəsi atasına baş çəkirmiş. Atası onları vuranda ayrı otaqda yatırmış. Yatanda qorxularından qapını bağlayırmışlar. Evləri ikiotaqlıdır. Atası əvvəllər öz-özünə danışır, stəkan-nəlbəkini ora-bura atırmış. Nənəsinə atasının bu cür hərəkətini bildirəndə, “atanızdır, qorxmayın sizə nəsə etməz” deyə bildirmişdir. Atası bir-iki ay xəstəxanada olmuş, sonra onu evə gətirmişlər. Atasının evə gəlməsini istəməmişdir. Hadisə zamanı anası yanında olmasaydı atası onu daha pis vuracaqdı. Həmin vaxt qardaşı da köməyə gəlmişdir. Hazırda ağrıları vardır. Xəstəxanadan evə gələndə atası artıq evdə olmamışdır. Atası onu çəkiclə vuranda üzüstə yıxılmış, anası da atasının onu yenidən vurmasının qarşısını almaq məqsədilə atasını itələyəndə sonuncu yıxılmışdır. Atası çəkici gizlətmişdir. Qardaşının köməkliyi ilə atasını digər otağa aparmışlar. Siqaret çəkmir, içki içmir, digər şəxslərə qarşı bıçaq çəkməmişdir. Hadisədən beş dəqiqə qabaq atası evin içində söyüş söyə-söyə o baş, bu başa hərəkət edirmiş. Atası arada nənəsigildə qalır, gecələr evə gəlmişdir. Atası səhhəti ilə bağlı dərman qəbul edirmiş. Atası nənəsi ilə birlikdə həyətdəki pişikləri zirzəmiyə salırmışlar. Evdə pişik saxlaması ilə bağlı atası ona irad bildirməmişdir. Məhkəmədə azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nigaha daxil olmuş və bu izdivacdan üç övladı dünyaya gəlmişdir. Toy gününün səhəri Rövşəndə psixi problem olduğunu anlamış və bu barədə qaynanasına bildirmişdir. Rövşən əlini atıb meyvəni dərərkən irəli-geri çəkilirmiş və ondan niyə belə etdiyini soruşanda, sonuncu ona, “əzgil məndən qaçır” cavabını vermişdir. Sonralar Rövşəndə özünəqapanma olmuşdur. Bir neçə dəfə söz-söhbətdən sonra acıq edərək ata evinə getmiş, etirazına baxmayaraq onu hər dəfə geri qaytarmışlar. Sonuncu dəfə Rövşənin anası Sərfinaza Rövşəni xəstəxanaya yatırmalarını bildirmiş, Sərfinaz isə xəstəxanada təmir işləri getdiyi üçün bunun mümkün olmadığını bildirmişdir. Qaynanası Rövşənin dərmanlarını içkisinin içərisinə qatıb verməyi bildirmiş, nəticədə Rövşəndə əkstəsirlər olmuş və öz anası ilə məsləhətləşdikdən sonra ona dərman verməyi dayandırmışdır. Çünki, bununla bağlı xoşagəlməz hadisə olacağı halda Sərfinazın onu günahkar biləcəyindən qorxmuşdur. 28 noyabr 2024-cü il tarixdə axşam saatlarında evdə divanda oturub telefonla danışan zaman kiçik oğlu Hüseyn otaqda paltarını dəyişir, qızı isə stolun üzərini silirmiş. Qəfildən əri Rövşənin əlində çəkiclə zala daxil olub oğlu Hüseynin başına arxadan möhkəm zərbə endirdiyini görmüş, tez qaçıb Rövşənin qolundan yapışaraq ikinci dəfə zərbə vurmasının qarşısını almışdır. Rövşəni itəlmiş və onun qapıpəncərəyə dəyməsi nəticəsində şüşələri sınmışdır. Hüseyn huşunu itirib gözlərinin qarşısında yerə sərilmiş, qorxusundan qışqırıb qohum-qonşunu köməyə çağırmışdır. Rövşəni dayandırmasaydı Hüseynə daha çox zərbələr endirəcəkmiş. Səs-küyə gələn qonşuların sayəsində Rövşənin Hüseyni öldürməsinin qarşısını almışdır. Sonra Rövşən heç bir şey olmamış kimi, etdiyini unudaraq divanda uzanıb telefonla oynamağa başlamışdır. Təcili və təxirəsalınmaz tibbi yardıma zəng edib tibbi yardım maşını ilə Hüseyni qohumları ilə birgə dərhal Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Orada Hüseynə ilkin tibbi yardım göstərilmiş, hadisənin qorxusu və təsirindən dəqiqliklə hansı tədbirlərin görüldüyünü unutmuş, lakin bir həftəyə yaxın (beş gün) xəstəxanada saxlanıldıqdan sonra oğlu xəstəxanada qalmaqdan qəti imtina etdiyi və problem yaşadığı üçün sonuncunu məcburən çıxarıb evə gətirmişdir. Qanuni nümayəndə2 məhkəmədə proses iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, əri Rövşən övladlarını pis gözlə görmüş, hətta övladlarının ondan olmamasını ona bildirmişdir. Hadisə baş verən gün evdə söz-söhbət olmamışdır. Hüseyn pişik saxladığı üçün Rövşənin ondan xoşu gəlməmişdir. Rövşən hər şeyə qarşı aqressiv idi, evdə söyüş söyür, siqareti çəkib evə atırmış. Rövşən çəkicin baş hissəsi ilə Hüseyni vurmuşdur və qarşısını almasaydı Hüseyni həyatdan məhrum edəcəkmiş. Rövşən həddindən artıq aqressiv olanda qapını bağlayıb yatırmışlar ki, onlara ziyan vurmasın. Rövşən öz-özünə danışır, səhərə kimi oyaq qalır, bəzən də nələrisə sındırırmış. Hüseyn xəstəxanada olanda onun əməliyyat olunmasını bilmir, çünki tikiş atılanda dözə bilməyib çölə çıxmışdır. Hüseyndə ağrılar olmuşdur və başında hələ də çökək hissə var. Rövşəndən şikayətçidir, onunla barışmamış və barəsində müvafiq tibbi xarakterli tədbir tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs uzun illərdir ki, evdə-söz söhbət yaratmış, anasını, qardaşlarını və onu döymüş, təhqir etmiş, onlara psixoloji təsir göstərmişdir. Gecə yatdıqları vaxt dəfələrlə qəflətən atası onu və qardaşlarını sillə və yumruq zərbələri ilə vuraraq, ağrı verərək yuxudan oyatmış, onun yanında paltarsız- lüt formada gəzmiş, hər birinə narahatlıq vermişdir. 28 noyabr 2024-cü il tarixdə axşam saatlarında evin mətbəxində stolu silib evi yığışdırarkən qəflətən anasının “uşaq öldü” deyə qışqırdığını eşidib, tez mətbəxdən zala qaçmışdır. Səs-küyə qonşular da yığışmışdırlar. Qonaq otağına daxil olanda qardaşı Hüseynin yerdə başı qanlı və huşunu itirmiş halda yerdə uzanmış vəziyyətdə görmüşdür. Anası ağlaya-ağlaya atasının qardaşını çəkiclə vurduğunu və qardaşının öldüyünü bildirmiş, atası isə şok vəziyyətində ayaq üstə dayanmış, iki dəqiqə sonra isə “mən heç nə etməmişəm” deyib divana uzanmışdır. Qardaşını anası təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparmış və evə polis əməkdaşları gəlmişlər. Qardaşı və anası xəstəxanaya getdikdən sonra zalda olan qan ləkələrini silib, evi təmizləyib-yığışdırmış, polis əməkdaşları evinə baxış keçirərək zalın şəkillərini çəkmiş və onu sorğu-sual etmişlər. Şahid2 məhkəmədə proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, Hüseyn yaşca ondan balacadır və evdə özünü yaxşı aparmışdır. Hadisə baş verən gün Hüseyn atasını qıcıqlandıran hər hansı hərəkət etməmişdir. Hüseyn bəzən dini mütaliələr edəndə atası narahat olmuşdur. Atası onlara qarşı mehriban olmamışdır. Anası atasına qarşı onları öyrətməmişdir. Atasının Hüseyni vurmasını bilsə də, çəkicin konkret olaraq hansı hissəsi ilə vurmasını xatırlamamışdır. Məhkəmədə dindirilmiş Şahid3 bacısı Şahid2 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Şahid3 əlavə olaraq bildirmişdir ki, atası Təqsirləndirilən şəxsla münasibətinin pis olmasına səbəb sonuncunun mənfi hərəkətləri olmuşdur. Hadisə baş verən vaxt həyətdə olmuş, atası hadisədən sonra o biri otağa keçmişdir. Həmin vaxt çəkici görməmişdir. Qardaşı Hüseynin xəstəxanada nə qədər müddət qalmasını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə1 və oğlu Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Rövşəni uzun illərdir ki, qonşu kimi, dərmanla yaşayan biri olaraq tanımış, əvvəlki illərdə psixoloji xəstəliyinin olduğunu bilsə də, səhhəti stabil olmuş və qonşulara hər hansı bir narahatlıq verməmişdir. Son zamanlar Rövşənin psixoloji durumunda ağırlaşmalar baş vermişdir. Bildiyinə görə Rövşənin arvadı Cəmalə dərmanlarını vaxtı-vaxtında verməmiş, bu haqda onunla söhbət edəndə Cəmalə özü ona bildirmişdir ki, Rövşəndən qorxduğu üçün dərmanlarını içirə bilməmişdir. Hətta Cəmaləyə Rövşənə dərman verməli olduğunu, əks təqdirdə özü və ətrafdakılar üçün təhlükəli ola biləcəyini bildirmişdir. 28 noyabr 2025-ci il tarixdə axşam saatlarında təsadüfən Rövşəngilə getmiş və hadisə barədə, yəni Rövşənin oğlu Hüseyni çəkiclə vurduğunu, sonuncunun xsəstəxanaya aparıldığını bilmişdir. Rövşəngilə gedəndə onu dayanan vəziyyətdə qəribə halda görmüşdür. Rövşən heç bir hadisə törətmədiyini bildirmişdir. Sonra polis əməkdaşları Rövşəni aparmışlar. Məlum hadisənin canlı şahidi olmamışdır. Şahid1 məhkəmədə proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Rövşən onu görəndə sadəcə salamlaşmışdır. Rövşənin ailə üzvlərinə qarşı zorakılıq etdiyi ona deyilməmiş, lakin dərman qəbul etmədiyi üçün öz-özünə danışması barədə məlumatı olmuşdur. Məhkəmə cinayət işi üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmədə dindirilmiş şəxslərin (anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs, zərərçəkmiş, qanuni nümayəndələr və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 20:05-də ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs ənsə nahiyəsinin kəsilmiş-əzilmiş yarası ilə xəstəxanaya daxil olması, həmin xəsarəti atasının yetirməsi barədə məlumat daxil olmuşdur (iş vərəqi 03). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zal adlanan qonaq otağıdır. Baxış zamanı Qanuni nümayəndə2 hadisənin necə baş verməsini bildirmiş, hadisənin aləti olmuş bir ədəd çəkici təqdim etmiş, həmin çəkic qablaşdırılaraq götürülmüş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 05-11). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd çəkicə baxış keçirilmişdir. Çəkic biri-birinə qaynaq edilmiş dəstək və metal hissədən ibarət olmaqla, ümumi uzunluğu təqribən 320 mm-dir. Həmin çəkicin metal hissənin səthi üzərində qeyrimüəyyən, həmçinin az miqdarda silinmiş qanabənzər ləkələr qeyd edilmişdir (iş vərəqi 13). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin psixoloji kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır (iş vərəqi 16). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs, anası Qanuni nümayəndə2 isə onun qanuni nümayəndəsi qismində tanınmışlar (iş vərəqi 23-24). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin “ambulator məhkəmə-psixiatrik ekspertizasının” xx.xx.2024-cü il tarixli, 3710 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər “şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik qeydiyyatda olmaqla müalicələrdə olmasını nəzərə alaraq, hazırda isə ona ittiham olunan əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə daha əsaslı və uzun müddətli müayinə üçün stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (iş vərəqi 37-38). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizası”na dair 20 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər- ənsə sümüyünün basılmış qəlpəli sınığı, baş beynin ənsə nahiyəsində epidural hematoma, ənsə nahiyyəsində dərialtı hematoma və emfizema küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 28 noyabr 2024-cü il tarixdə çəkiclə vurma nətiəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir (iş vərəqi 39-41). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 42). Şirvan Şəhər Məhkəməsinin 4(032)-31/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin stasionarına yerləşdirilməsi qismində təhlükəsizlik tədbiri tətbiq edilmişdir (iş vərəqi 50-54). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (iş vərəqi 60). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin “stasionar məhkəməpsixiatrik ekspertizasının” xx.xx.2025-ci il tarixli, 57 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs düçar olduğu fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyi nəticəsində təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hal-hazırda da davam edir və buna görə hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir və psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir və onun hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir (iş vərəqi 63-66). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təzələnmiş, elə həmin tarixdə təqsirləndirilən şəxsin müalicə alması ilə əlaqədar yenidən dayandırılmışdır (iş vərəqi 67, 69-70). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmiş, eyni tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək yenidən dayandırılmışdır (iş vərəqi 73; 75). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və Şirvan Şəhər Məhkəməsinin 1(032)- 154/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış iş xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 476.0.1-ci maddəsinə əsasən məhkəməyə göndərilmiş və o, sözügedən cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilmiş, barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Beləliklə, o, əvvəllər məhkum edilməmişdir (iş vərəqi 77-78; 205-209). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təzələnmişdir (iş vərəqi 79). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmiş və barəsində olan cinayət işinin aidiyyəti üzrə Şirvan şəhər prokuroruna göndərilməsi qərara alınmışdır (iş vərəqi 81-82). Azərbaycan Respublikası Baş Prokurorluğu Şirvan Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi icraata qəbul edilmişdir (iş vərəqi 87-89). Şirvan Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması və məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılması qərara alınmışdır (iş vərəqi 90-93). Şirvan Şəhər Məhkəməsinin 4(032)-125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (iş vərəqi 112-116). Şirvan Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Qanuni nümayəndə1 oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (iş vərəqi 121-123). Şirvan Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.9-cu maddəsinə tövsif edilmişdir (iş vərəqi 142-146). Şirvan Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni nümayəndəsinə Rövşənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi müdafiəçinin vasitəsilə izah edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 147-148). Şirvan Şəhər Məhkəməsinin 4(032)-127/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs mühafizəsi təmin olunmaqla xüsusi tibb müəssisəsinə yerləşdirilməsi qərara alınmışdır (iş vərəqi 168-172). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizası”na dair 460/2025-MTBŞ nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB-alfa/İV/. Təqdim edilən hadisə yerindən götürülmüş bir ədəd çəkic üzərində qan aşkar olunmamışdır (iş vərəqi 192-193). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizası”na dair 304/MKTŞ-2025 nömrəli nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, təqdim olunmuş predmet kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı çəkicdir və soyuq silah hesab edilmir. Çəkicin üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 196-198). Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələyinin xx.xx.2025-ci il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamış, ailə tərkibi arvadı, 2010, 2011, 2013cü il təvəllüdlərində iki yetkinlik yaşına çatmamış, bir azyaşlı olmaqla üç uşağından ibarətdir və yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Xasiyyətnamədə həmçinin, onun psixoloji vəziyyətinin yerində olmaması barədə məlumatın olması qeyd olunmuşdur (iş vərəqi 202-203). “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxananın cərrahiyyə şöbəsində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “qapalı kəllə beyin travması, baş beynin əzilməsi, ənsə sümüyünün basılmış qəlpəli sınığı, ənsə nahiyəsində dərialtı hematoma emfizema” diaqnozu ilə stasionar müalicə edilmişdir (iş vərəqi 211-231). Şirvan Şəhər Prokurorluğunun “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsində saxlanılması qərara alınmış və hadisə yerindən aşkar edilərək götürülərək maddi sübut kimi tanınmış bir ədəd metal çəkicin həmin prokurorluğun maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılması nəzərə alınmışdır (iş vərəqi 254-267). Məhkəmənin sorğusuna cavab olaraq “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquq Şəxsin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onun Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 7 (yeddi) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə icraat materialı üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli, 8 nömrəli Qərarının 12-ci bəndinə əsasən, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan Cinayət-Prosessual Məcəllənin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 470-ci maddəsinin tələbinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı, vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. Hazırki qərarın təsviri hissəsində qeyd olunanlara əsasən məhkəmə heyəti hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, əməlində cinayət tərkibinin əlamətləri vardır və ibtidai istintaq orqanı tərəfindən onun əməli sözügedən maddə ilə düzgün tövsif edilmişdir. Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, habelə digər sənədlər sübut kimi qəbul olunur. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı Cinayət Məcəlləsinin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır (“Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli, 8 nömrəli Qərarı, 13-cü bənd). Məhkəmə bu hissədə xüsusilə qeyd edir ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin “stasionar məhkəmə-psixiatrik ekspertizasının” xx.xx.2025-ci il tarixli, 57 saylı rəyində yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “fasiləsiz gedişli paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkməsi, onun düçar olduğu həmin xəstəlik nəticəsində təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaması, buna görə də təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməli olması, əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyətin hal-hazırda da davam etməsi, buna görə hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, hal-hazırki psixi durumunun onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermədiyi, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşməsi, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yaranmasının müəyyənləşdirildiyi, halhazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görülməsi göstərilmişdir (iş vərəqi 63-66). “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2012-ci il tarixli, 8 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1 və 93.1.1-ci maddələrinə görə, məhkəmə bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93.1-1, 93.1-1.1-ci maddələrində isə qeyd olunur ki, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edilir. 93.2-ci maddənin tələbinə görə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri Cinayət Məcəlləsinin 95-ci maddəsində göstərilmişdir. Beləliklə, məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:- məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 348.2.1-ci maddəsinə əsasən, əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin hesab edir ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərkən həmin şəxs haqqında seçilmiş təhlükəsizlik tədbirinə də münasibət bildirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474-cü maddəsində deyilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bildirməklə xəstəni qohumlarının, himayəçilərinin və qəyyumlarının nəzarəti altına vermək, bundan başqa xəstəni xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirmək qismində təhlükəsizlik tədbirləri tətbiq edilə bilər. Şəxsin xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında yol verilir. Cinayət-Prosessual Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə heyəti hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli, habelə onun psixi pozuntusunun özünə və başqa şəxslərə yeni zərər yetirmək təhlükəsini istisna etmədiyini və barəsində olan ekspert rəylərini nəzərə alaraq Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsə tapşırılmalı, qərar qanuni qüvvəyə minənədək barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirmə qismində təhlükəsizlik tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmənin qərarı qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Şirvan Şəhər Prokurorluğunun məsul saxlancına təhvil verilmiş, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs hadisə zamanı cinayətin aləti kimi istifadə etdiyi bir ədəd metal çəkic məhv edilməlidir. Məhkəmə qeyd edir ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsə məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş və həmin müdafiəçi müqavilə üzrə müdafiəçi işə buraxılanadək onun və qanuni nümayəndəsinin hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bundan başqa, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2012-ci il tarixli, 8 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CPM-nin 193.2-cı, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmədə anlaqsız cinayət törətmiş şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2012-ci il tarixli, 8 nömrəli Qərarının 23-cü bəndinə əsasən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərərçəkmiş şəxs və onun nümayəndəsi və ya prokuror tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 344-345, 347, 348.2, 356, 358, 381, 383-385, 468-478-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.9cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsə tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirmə növündə təhlükəsizlik tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Məhkəmənin qərarı qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Şirvan Şəhər Prokurorluğunun məsul saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs hadisə zamanı cinayətin aləti kimi istifadə etdiyi bir ədəd metal çəkic məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-483/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-483/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver