Məhkəmə qərarları › İş №1(099)-485/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-485/2025

05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-485/2025 05.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə xx xxxxxxx 2010-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ümumi təhsilli, Masallı rayonun Boradigah qəsəbəsi İ.Nağıyev adına 2 nömrəli Tam orta məktəbin 8-ci sinfin şagirdi, işləməyən, məhkum olunmamış, Masallı rayonun Boradigah qəsəbəsi, Təbriz küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşamış və və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə, saat 13 radələrində Masallı rayonun Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 №-li tam orta məktəbin həyətində əvvəllər tanıdığı Masallı rayonun Boradigah qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 2də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs onun qohumunu sevməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sol bud nahiyəsinə qəsdən iki dəfə zərbə vurmuş, Zərərçəkmiş şəxs onu buraxması və öldürməməsi üçün aman diləyib yalvarmasına baxmayaraq o, öz cinayətkar niyyətini davam etdirib, müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi əzab və ağrılar verdiyini dərk edib, bunu arzulayaraq Zərərçəkmiş şəxs şiddətli ağrılar vermək məqsədilə bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol ön və yan hissəsinin döş və qarın boşluğuna nüfuz edən sol ağciyəri, ürək kisəsini, diafraqmanı, qaraciyərin sol payını və mədəni zədələyən iki ədəd deşilmişkəsilmiş yarası, sol tərəfli pnevmohemotoraks ilə müşayiət olunan dərəcəsinə görə ayrıayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol said nahiyəsinin bir ədəd və sol bud nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, xilas olmaq məqsədi ilə əlindən çıxıb hadisə yerindən qaçıb uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs təqib etdiyini görən qəsəbə sakini Şahid7 onun qarşısını kəsib əlindəki bıçağı aldığına və Zərərçəkmiş şəxs orada olan şəxslər tərəfindən xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyinə görə, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib və törətdiyi əmələ görə özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Masallı rayonun Boradigah qəsəbəsi, Təbriz küçəsi ev 3-də qeydiyyatda olmaqla, Masallı rayonun Boradigah qəsəbəsində yerləşən 2 №-li tam orta məktəbin 8-ci sinifində oxumuşdur. Zərərçəkmiş şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur. Odər də Boradigah qəsəbəsində yaşamış və qəsəbədə olan 1 №-li orta məktəbdə oxumuşdur. Əvvəllər o, Odərlə birlikdə idman təlimlərinə getmiş, həmişə də münasibətləri yaxşı olmuşdur. Bu hadisədən bir müddət əvvəl o, həmkəndlisi və həmyaşıdı olan, həm də Odərlə eyni məktəbdə oxuyan Nihadla görüşüb söhbət edərkən Nihad ona Odərin qız sevdiyini və sevdiyi qızın onun atasının əmisi nəvəsi Mehribanın olmasını demişdir. Bundan sonra o, Odərlə görüşüb bu barədə danışmaq qərarına gəlmiş, sonra Odərlə görüşüb ondan Mehribanla münasibətinin olub-olmamasını soruşmuş, o da Mehribanla münasibətlərinin olmasını demişdir. Həmin vaxt onun Odərlə hər hansı bir mübahisəsi olmamış, sadəcə olaraq o, Odərə Mehribandan uzaqlaşmasını bildirmiş, Odər də heç bir etiraz etmədən “yaxşı” deyib ounla razılaşmışdır. Həmin günün səhərisi Nihad ona Odərin onun arxası ilə danışıb “lazım olsa Əlinin vurub sifətini dağıdaram” dediyinə və onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmin vaxt o, Nihada Odərə sözünü dediyini və bu söhbətin bağlandığını bildirmişdir. 13 iyun 2025-ci il tarixdə, saat 12 radələrində Odər mobil telefonla ona zəng edib onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirib söhbət etmək üçün oxuduğu məktəbin həyətinə (Masallı rayonun Boradigah qəsəbəsində yerləşən 1 №li orta məktəbin həyətinə) gəlməyini demiş, o da evdən çıxıb Odərin oxuduğu məktəbin (1 №-li orta məktəbin) həyətinə gedib orada Odərlə görüşüb söhbət etmiş, həmin vaxt yanlarında Nihad da olmuşdur. Söhbət zamanı o, Odərə onun arxasınca danışmadığını, ona sözünü əvvəlcədən dediyini, qohumu Mehribandan uzaq durmasını, söhbəti uzatmamasını, mehribançılıqla ayrılmaq istədiyini bildirmiş, Odər də onunla razılaşmış və aralarında başqa bir söhbət olmadan ayrılmışlar. Odərin yanından ayrıldıqdan sonra o, yaşadığı Boradigah qəsəbəsində yerləşən hazırda fəaliyyət göstərməyən “Al marketi” dükanının qarısına getmişdir. Az sonra Odər mobil telefonla yenidən ona zəng edib ünvanına nalayiq ifadələr işlədiyb “mən şirinçiliklə səndən qutarmıram, sən peysərsən, məktəbin həyətində səni gözləyirəm, tək gəlməyən kişi deyil” ifadəsini işlətmiş, o da “gözlə gəlirəm” deyib oradan birbaşa yaşadığı evə getmişdir. Odərin onun ünvanına “peysər” ifadəsini işlətməsini ona pis təsir etmiş və bu sözü qəbul edə bilməmiş, bu dəfə aralarında davanın baş verməsinin qaçılmaz olmasını düşünüb yaşadığı evin mətbəxindən bir ədəd bıçaq götürüb əynindəki şalvarın arxa tərəfindən kəmərin altına qoyub evdən çıxıb 1 saylı məktəbin həyətinə, məktəbin həyətində olan stadionun yanına getmiş, ora çatanda Odərin yanında başqa uşaqlarla orada dayandığını görmüşdür. Sonra Odər onunla təkbətək söhbət etmək istədiyini deyib orada olan uşaqları oradan uzaqlaşdırmışdır. O, Odərə yaxınlaşıb nə üçün söyüş söydüyün soruşmuş, Odər də “yaxşı edirəm” deyib yenə də onun ünvanına nalayiq ifadə işlətmiş, o da Odərə “peysər özünsən” demiş və bu anda Odər qəflətən əli ilə onun boğazından tutub onu boğmağa başlamışdır. Həmin vaxt Odərin əli ilə onun boğazından tutub onu boğduğundan o, özünü müdafiə etmək üçün kəmərinin arxa tərəfinə keçirtdiyi bıçağı çıxarıb Odərin bud nahiyəsinə iki zərbə vurmuşdur ki, Odər onu buraxsın, lakin Odər onu buraxmamışdır. Bundan sonra o, bıçaqla Odərin bədəninə (sinə nahiyəsinə) daha bir dəfə zərbə vurmuş və bundan sonra Odər onu buraxıb qaçmağa başlamış, o da Odərin arxasınca qaçmışdır. Odərin arxasınca qaçmaqda məqsədi onu bıçaqla vurmaq olmamış, ona köməklik etmək niyyəti olmuşdur. O, Odərin arxasınca qaçarkən qəsəbə sakini kimi tanıdığı Ruslan adlı şəxs əvvəl Odəri saxlamış, sonra da onu da saxlayıb bıçağı əlindən alıb onu sakitləşdirmişdir. Həmin vaxt Ruslan Odərin üzünə su vurub ona kömək etməyə başlamış, o isə oradan uzaqlaşıb birbaşa yaşadığı evə getmişdir. Təxminən yarım saatdan sonra bir neçə polis əməkdaşı yaşadığı evə gəlib onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, törətdiyi əməlini etiraf edib hadisə barədə izahat vermişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Odər rayon xəstəxanasına aparılmışdır. Odər onun ünvanına nalayiq ifadə işlədib söyüb söydüyünə görə, həm də mübahisə zamanı əli ilə onun boğazından tutub boğduğuna görə o, özünü müdafiə etmək məqsədi ilə Odəri bıçaqla vurmuşdur, ona neçə dəfə bıçaqla vurduğunu xatırlamır. Onun bıçaqla Odəri vurub öldürmək niyyəti olmamış, sadəcə olaraq onu qorxutmaq üçün belə hərəkət etmiş, yəni onu bıçaqla vurmuşdur. Hadisə zamanı Odərə bir neçə dəfə bıçaqla vurmasına səbəb isə, hadisənin anidən baş verməsi və əsəbiləşdiyi üçün hərəkətlərini tənzimləyə bilmədiyindən Odərə ard-arda bıçaqla zərbələr vurmuşdur. Hadisə zamanı onların yanında heç kim olmamış, kənardan bu hadisənin kiminsə görməsini bilmir. Bu hadisənin baş verməsinə əsas səbəb Odərin onun boğazından tutaraq boğması və ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Baş vermiş hadisədən sonra zərərçəkmiş şəxs Odər onunla barışmış və hazırda o, törətdiyi əməlinə görə peşmançılıq çəkir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayəti törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisidir, onunla münasibəti yaxşı olmuşdur. Hazırda o, Masallı rayonun Boradigah qəsəbəsində 1 №-li orta məktəbin 10-cu sinifində oxuyur, Əli isə Boradigah qəsəbəsində 2 №-li orta məktəbin şagirdidir. Əli həmyaşıdı olmaqla onunla birlikdə əvvəllər idman təlimlərinə getmiş, münasibətləri həmişə yaxşı olmuşdur. Bir müddət əvvəl Əlinin qohumu olan Mehriban adlı qızı sevməsini məktəb yoldaşı və yaxın münasibətdə olduğu həmyaşıdı Nihada demiş, sonra bu söhbəti Nihad da Əliyə çatdırmışdır. 07 iyun 2025-ci il tarixdə, axşam saatlarında Əli onunla görüşüb qohumu Mehribanla münasibətinin olub-olmadığını soruşmuş, o da həmin qızı sevdiyini və münasibətinin olduğunu demiş, sonra da Əlidən bu məsələni haradan eşitdiyini soruşmuş, o da Nihadın dediyini bildirmişdir. Həmin vaxt Əli ondan Mehribandan uzaqlaşmağını tələb etmiş, o da münaqişə olmaması üçün Əliyə heç bir etiraz etmədən “yaxşı” deyib onunla razılaşmış və aralarında hər hansı bir mübahisə olmadan ayrılmışlar. 13 iyun 2025-ci il tarixdə, saat 12 radələrində oxuduğu məktəbin həyətində (1 №-li tam orta məktəbin həyətində) sinif yoldaşları ilə oturub söhbət edərkən Nihad da ona yaxınlaşıb söhbət edərkən Əlinin onun barəsində söyüş söydüyünü demiş, o da Əli onun arxasınca belə söyüşlər söyürsə “lazım olsa Əlinin vurub sifətini dağıdaram” demişdir. Sonra o, bu məsələni aydınlaşdırmaq məqsədilə mobil telefonla Əliyə zəng edib ünvanına söyüş söydüyünü bildirib söhbət etmək üçün oxuduğu məktəbin (1 №-li orta məktəbin) həyətinə gəlməyini demiş, Əli də həmin yerə gələcəyini bildirmişdir. Bundan sonra Əli məktəbin həyətinə gəlib onunla görüşüb söhbət etmiş, həmin vaxt yanlarında Nihad da olmuşdur. Söhbət zamanı Əliyə nə üçün arxasınca danışıb ünvanına söyüş söydüyünü bildirmiş, Əli də onun arxası ilə danışmadığını deyib qohumu Mehribandan uzaq durmağını bildirmiş, aralarında başqa söhbət olmamış, bundan sonra Əli ondan ayrılıb çıxıb getmişdir. Bir qədər sonra Nihadla söhbət edərkən Nihad ona söydüyü söyüşə görə Əlini bağışlamalı olmadığını bildirmiş, bundan sonra o, əsəbiləşərək mobil telefonla zəng edib Əliyə “mən şirinçiliklə səndən qutarmıram, sən peysərsən, məktəbin həyətində səni gözləyirəm, tək gəl” demiş, Əli də ona “gözlə gəlirəm” demişdir. Sonra o, məktəbin (1 №-li orta məktəbin) həyətyanı sahədə yerləşən futbol meydançasının yanında Əlini gözləməyə başlamışdır. Həmin vaxt onun yanında məktəb yoldaşları Amil, Ramal və Hüseyn olmuşdur. Saat 13 radələrində Əli məktəbin çəpərindən keçib futbol meydançasına onun dayandığı yerə gəlmiş, həmin vaxt o, yanında olan uşaqlara oradan uzaqlaşmalarını, Əli ilə təkbətək söhbət edəcəyini bildirmiş, uşaqlar da oradan uzaqlaşıb getmişlər. Sonra o, Əli ilə söhbət edib onun arxasınca nəyə görə söyüş söydüyünü soruşmuş, Əli də onun söyüş söydüyünü deyib “peysər özünsən” demiş, bu vaxt o, əsəbiləşərək Əlinin boğazından əli ilə tutub sıxmış, bu zaman Əli əlindəki bıçaqla əvvəl onun ayaq nahiyəsinə vurmuş, Əlinin üzərindən bıçaq çıxartmasını görmədiyindən əvvəl elə başa düşmüşdür ki, Əli onu yumruqla vurmuşdur, lakin Əli ayağına ikinci dəfə bıçaqla vurulandan sonra başa düşmüşdür ki, Əli onu bıçaqla vurmuşdur. Sonra Əli bıçaqla onun sol qoluna, bundan sonra iki dəfə də bədəninə vurmuş və o, bərk ağrı hiss edib Əlini kənara itələmişdir. Əlinin onu bıçaqlandığını görüb onu yalvarıb vurmamasını, dayanmasını demiş, lakin Əli daha da qızışaraq bıçaqla onu vurmağa davam etmiş, o isə Əlinin əlindən çıxıb “kömək edin, kömək edin” deyib qışqıraraq məktəbə tərəf qaçmış, Əli də onun arxası ilə qaçmağa başlamışdır. Əli onun arxasınca qaça-qaça söyüşlər söyüb “dayan səni öldürəcəm” deyib onu bıçaqla vurmağa çalışmış, elə bu zaman məktəbin həyətində olan qəsəbə sakini Ruslan adlı şəxs Əlini tutub saxlayıb əlindən bıçağı almışdır. Sonra Ruslan kömək edib onu yerə uzadıb üzünə su vurub yardım etməyə başlamış, Əli isə qaçıb oradan getmişdir. Daha sonra ora gəlmiş təcili tibbi yardım maşını ilə o, xəstəxanaya aparılmışdır. O, bir müddət xəstəxana müalicə olunduqdan sonra sağalıb evə buraxılmışdır. Hadisə vaxtı Əli ilə aralarında söhbət zamanı danışığında aqresivlik yarandığı üçün Əli onun söyüş söydüyünü bildirib “peysər özünsən” demiş, o da əsəbiləşib əli ilə Əlinin boğazından tutub sıxmış, bundan sonra Əli əlindəki bıçaqla onun bədəninə dəfələrlə vurub onu bıçaqlamışdır. Əli ilə Əlinin boğazını tutub sıxmaqda məqsədi sadəcə olaraq Əlini qorxutmaq olmuşdur. Əlinin bıçaqla onu vurmasına səbəb bir-birlərinə söyüş söymələrindən sonra aralarında yaranmış anlaşılmazlıq olmuşdur. Əlinin onu bıçaqla vurmaqda məqsədinin onu öldürmək olub-olmamasını bilməmişdir. Baş vermiş hadisədən sonra o, Əli ilə barışmış, hazırda ona qarşı şikayət və tələbi yoxdur. İşdə olan, məhkəməyə ünvanlanmış 28 noyabr 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlar həmyerlisi olmaqla münasibətləri yaxşı olmuş, həmçinin onunla eyni məktəbdə oxuyan Odərlə yaxın münasibəti vardır. Bu hadisədən bir müddət əvvəl təsadüfən Əli ilə görüşüb söhbət edərkən Əli ona Odərin sevdiyi qızın kim olduğunu soruşmuş, o da bilmədiyini demişdir. Sonra Əli ona Odərin onun qohumu Mehriban adlı qızla danışdığını bildirib yenə də bu barədə ondan soruşmuş, o da məlumatı olmadığını, bunu gedib Əlinin özünün soruşmasını demişdir. Bir neçə gündən sonra Əli ilə qəsəbədə köhnə bazar deyilən yerdə rastlaşmışlar və Əli ona Odərlə söhbət etdiyini bildirmiş, lakin nə söhbət etmələri barədə heç nə deməmişdir. 13 iyun 2025-ci il tarixdə, saat 12 radələrində oxuduğu məktəbin (1 №-li tam orta məktəbin) futbol meydançasına gəlib orada dayanmış məktəb yoldaşları Səbuhi, İsuliddin və Odərin yanına getmiş, həmin vaxt oradakı uşaqlardan kimsə ona Odərlə Əlinin söhbət etdiklərini və bir-birlərindən üzr istədiklərini, söhbətin bağlandığını demiş, o da üzr istəməyin ayıb olmadığını bildirmişdir. Bu zaman Səhubi Odərə “gərək üzr istəməyəydin, gedib başqa yerdə deyəcək ki, Odərə üzr istətdim, özünü təmizə çıxartmaq üçün Əlini çağırıb söhbət etməlisən” demiş, o da Odərə bağlanmış söhbəti açmağın mənası olmadığını bildirmiş, sonra onlardan ayrılıb çörək alıb evə aparmaq üçün getmişdir. O, çörək alıb qayıdan zaman məktəbin həyətində çoxlu adamın toplaşdığını görüb oraya yaxınlaşmış və orada Əlinin Odəri bıçaqladığını eşitmişdir. Sonradan isə ona məlum olmuşdur ki, o, gedəndən sonra Odər mobil telefonla Əliyə zəng edib onu yenidən məktəbin həyətinə çağırmış və mübahisə zamanı Əli Odəri bıçaqlamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Boradigah qəsəbə 1 №-li orta məktəbdə təhsil alır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla münasibəti yaxşı olmuş, həmçinin Odər 1 №-li orta məktəbin, Əli isə 2 №-li orta məktəbin şagirdləridirlər. 13 iyun 2025-ci il tarixdə, günorta saatlarında oxuduğu məktəbin futbol meydançasında o, Səbuhi, İsuliddin və Odər söhbət edərkən məktəb yoldaşı Nihad da onların yanına gəlib Odəri kənara çəkilib nəsə söhbət etmişlər. X4 mobil telefonu ilə Əliyə zəng edib söhbət etmək üçün məktəbin həyətinə dəvət etmişdir. Orada ona məlum olmuşdur ki, Odər Əlinin qohumu olan bir qızı sevdiyinə görə aralarında söhbət olmuş, bu söhbətdən sonra Nihad gəlib Odərə Əlinin onun arxası ilə söyüş söydüyünü demiş, bu səbəbdən də Odər məsələyə aydınlıq gətimək üçün Əlini məktəbin həyətinə çağırmışdır. Az sonra Əli məktəbin həyətinə gəlmiş və Odərlə Əli kənara çəkilib söhbət etmişlər, onların nə barədə söhbət etmələrini bilməmişdir. Sonra o, yanında olan digər uşaqlarla birlikdə Əli ilə Odərə yaxınlaşmışlar ki, onlar dalaşmasınlar, həmin vaxt Odərlə Əlinin barışdıqlarını və normal şəkildə sağollaşdıqlarını görmüş, sonra Əli məktəbin həyətindən çıxıb getmişdir. Əli gedəndən sonra Nihad Odəri qızışdırıb Əli ilə barışmalı olmadığını, söydüyü söyüşü ona keçməməli olduğunu demiş, Odər də əsəbiləşib İsuliddinin mobil telefonu ilə yenidən Əliyə zəng edib onu məktəbin həyətinə çağırmışdır. Əli geri qayıdıb gələnədək o, orada çıxıb əvvəl məktəbə, sonra evinə gedərkən yolda uşaqların məktəbə doğru qaçmalarını görüb məktəbə qayıtmış və orada Əlinin Odəri bıçaqladığını və Odərin xəstəxanaya aparıldığını eşitmişdir. Məhkəmə iclasında ifadələri elan olunmaqla tədqiq edilmiş, şahidlər Şahid2, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, o, Masallı rayonun Boradigah qəsəbəsi, N.Gəncəvi adına 1 №-li tam orta məktəbin direktoru vəzifəsində işləyir. Boradigah qəsəbə sakini Zərərçəkmiş şəxs 1 №-li tam orta məktəbin şagirdidir. Zərərçəkmiş şəxs şagird kimi intizamlı olmaqla dərslərini yaxşı oxuyur və sinif yoldaşları ilə münasibətləri yaxşı olmuşdur. 13 iyun 2025-ci il tarixdə, saat 13 radələrində məktəbdə iş otağında olan vaxt məktəbin həyətindən səs-küy gəldiyini eşidib pəncərədən baxanda iki uşağın qaça-qaça məktəbin futbol meydançasından məktəbin giriş qapısına doğru qaçdıqlarını görüb otaqdan çıxıb həyətə düşmüşdür. Məktəbin həyətində giriş qapının yanında dalandar Nurəddinin və məktəbin yaxınlığında yaşayan Ruslan adlı qəsəbə sakininin olduqlarını, şagird Zərərçəkmiş şəxs ağacın altında yerə uzatdıqlarını, qarın nahiyəsindən qan axdığını, həmçinin bir nəfər tanımadığı uşağın isə ayaqüstə durduğunu görüb nə baş verdiyini soruşanda Ruslan orada dayanmış uşağın Odəri bıçaqladığını bildirmişdir. Həmin uşaqdan kim olduğunu soruşanda həmin uşaq özünü Təqsirləndirilən şəxs kimi təqdim edib 2 №-li orta məktbədə (Boradigah qəsəbə 2 №-li tam orta məktbədə) təhsil aldığını demişdir. Əlidən nə üçün Odəri bıçaqladığını soruşmuş, o da Odərin ona söyüş söydüyünə görə bıçaqladığını demişdir. X5 əlindən bıçağı aldığını demişdir. Sonra o, təcili tibbi yardıma və DİN-nin 102-i xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs qaçıb oradan getmişdir. Qısa müddətdə təcili tibbi yardım əməkdaşları gəlib Odəri xəstəxanaya aparmış, daha sonra isə hadisə yerinə polis əməkdaşları gəlib hadisəni araşdırmağa başlamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Boradigah qəsəbə 1 №-li tam orta məktəbdə dalandar işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Boradigah qəsəbə sakinləri kimi tanıyır, həm də Zərərçəkmiş şəxs işlədiyi məktəbin şagirdidir. 13 iyun 2025-ci il tarixdə, günorta saatlarında məktəbin inzibati binasının girişində olarkən orada Boradigah qəsəbə sakini kimi tanıdığı Ruslan adlı şəxs də (Şahid7) olmuşdur. Həmin vaxt məktəbin futbol meydançası tərəfdən Odər və onun arxasınca Əlinin qaçaraq onlara tərəf gəldiklərini görmüş, Odər qışqıra-qırşqıra “kömək edin, kömək edin” demişdir. Yaxınlaşanda Odərin üst başının qan, Əlinin isə əlində bıçaq olduğunu görüb Əlinin Odəri bıçaqladığını başa düşmüşdür. Onlar yaxınlaşan vaxt Ruslan Əlini saxlayıb əlindən bıçağı almış, sonra o və Ruslan Odəri yerə uzadıb ona ilkin yardım göstərməyə başlamışlar. Odərin sinə və sol ayıq nahiyələri hissəsində paltarları qanlı olmuşdur. Sonra məktəbin direktoru Emil müəllim də yaranmış səs-küyə onların yanına gəlib nə baş verdiyini soruşmuş, Ruslan da orada dayanmış uşağın, yəni Əlinin Odəri bıçaqladığını bildirmişdir. Emil müəllim Əlidən nəyə görə belə hərəkət etdiyini soruşmuş, Əli də söyüş söydüyünə görə Odəri bıçaqladığını bildirmişdir. Sonra Əli qaçıb oradan getmişdir. Emil müəllim təcili tibbi yardıma və polisə zəng edib hadisə barədə məlumat vermiş, az sonra təcili tibbi yardım gəlib Odəri xəstəxanaya aparmış, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bu hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid7 ibtidai istintaq zamanı Şahid8 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Masallı RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Mirzə Sadıqovun 13 iyun 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, 13 iyun 2025-ci il tarixdə, saat 14:20də Masallı RMX-dan həkim F.Nəzərov telefonla məlumat verilib bildirilmişdir ki, Masallı rayonunun Boradigah qəsəbə sakini, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs “döş qəfəsinin sol plevra boşluğuna nüfuz edn 2 ədəd deşilmiş-kəsilmiş yaralar, sol budun 1/3-in bayır səthinin kəsilmiş-deşilmiş, sol saidin içəri səthinin kəsilmiş yarası və ağ ciyərin zədələnməsi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. İşdə olan, Masallı RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Mirzə Sadıqovun 13 iyun 2025-ci il tarixli “Raprot”u ilə müəyyən olunur ki, 13 iyun 2025-ci il tarixdə, saat 14:23də Masallı rayonun Boradigah qəsəbə 1 №-li tam orta məktəbin direktoru Şahid9 telefonla məlumat verilib bildirilmişdir ki, 1 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Zərərçəkmiş şəxs 2 №-li tam orta məktəbin şagirdi tərəfindən bıçaqlanmış və xəsarət alan şagird Zərərçəkmiş şəxs xstəxanaya aparılır. İşdə olan, Masallı RPŞ-nin CAB-nin əməkdaşının 13 iyun 2025-ci il tarixli “Raprot”u ilə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanının “Masallı rayonun Boradigah qəsəbə sakini Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət alması və onu bıçaqlayan şəxsin məüyyən edilrək istintaqı təhvil verilməsi, habelə hadisə zamanı istifadə olunmuş kəsici alətin tapılaraq istintaqa verilməsi”nə dair təhqiqat orqanına verilmiş tapşırığın icrası ilə bağlı Zərərçəkmiş şəxs xəsarət yetirmiş şəxs Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə yaşadığı ünvanda saxlanılıb Masallı RPŞ-nə gətirilib istintaqa təhvil verilmişdir. Habelə Masallı rayonun Boradigah qəsəbə sakini Şahid7 hadisə yerində Təqsirləndirilən şəxs saxlayıb ondan götürdüyü bir ədəd bıçaq Şahid7 götürülüb Masallı RPŞ-nin İB-nə təhvil verilmişdir. İşdə olan, “Götürmə aparılması haqqında” 13 iyun 2025-ci il tarixli protokolla və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, Masallı MRX PHŞ-dən TYŞ-dən təqdim edilmiş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd açıq boz rəngli qısaqol köynək və bir ədəd qara rəngli şalvar istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2025-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, qeyd olunan cinayətin baş verdiyi yer Masallı rayonun Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 №-li tam orta məktəbin həyətyanı sahəsində yerləşən futbol meydançasıdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 14 iyun 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 25 iyun 2025-ci il tarixli, 586 №-li rəyi lə müəyyən olunur ki, vət. Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön və yan hissəsinin döş və qarın boşluğuna nüfuz edən sol ağciyəri, ürək kisəsini, diafraqmanı, qaraciyərin sol payını və mədəni zədələyən iki ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmohemotoraks, sol saidin bir ədəd və sol bud nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 13 iyun 2025-ci il tarixə uyğun gəlir. Döş qəfəsinin sol ön və yan hissəsinin döş və qarın boşluğuna nüfuz edən sol ağciyəri, ürək kisəsini, diafraqmanı, qaraciyərin sol payını və mədəni zədələyən iki ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmohemotoraks dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aiddir. Sol saidin bir ədəd və sol bud nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısında aşkar olunan deşilmiş-kəsilmiş yaraların zədələdiyi nahiyələrə və üzvlərə əsasən demək olar ki, yara kanalının istiqaməti yuxarıda aşağıya, bir qədər öndən arxaya və bir qədər soldan sağa istiqamətdədir. Sol said və sol bud nahiyəsində olan yaraların yara kanalları xəstəlik tarixində təsvir olunmadığından bu yaraların yara kanalı haqqında fikir söyləmək mümkün deyildir. İşdə olan, kompleks məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının 07 iyul 2025-ci il tarixli, 233-MTKŞ/2025 №-li rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd, qısaqol köynəyin ön səthinin solda iki ədəd, ön səthində ortada bir ədəd və arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və zədələrin ekspertizaya təqdim edimiş vıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsul ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər aşkar edilmədi. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 07 iyul 2025-ci il tarixli, 368/2025-TBŞ №-li rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan-qrupu-Abeta/İİ/ təqdim olunan portaldan çıxarışın kserosurətinə əsasən. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus kofta və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sitemi üzrə təyin olunduqda “A” antigeni, kofta üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 iyul 2025-ci il tarixli, 2412 №-li rəyi ilə müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, cinayəti törədən zaman, eləcə də cinayəti törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyətlərində mübahisəyə meyillilik, öz üstünlüyünü nümayiş etdirmək, eqosentrizm, qıcığa qarşı həssaslıq müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, emosionallıq yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi və əməlin tövsifi haqqında” 19 sentyabr 2025-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd açıq boz rəngli qısaqol köynək və 1 (bir) ədəd qara rəngli şalvar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar Masallı rayon prokurorluğunda maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Zərərçəkmiş şəxs ifadəsi, eləcə də şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid8 və Şahid7 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid8 və Şahid7 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid8 və Şahid7 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən cinayətin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən aslı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 8-ci bəndində izah verilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla adam öldürmə) tövsif olunur ki, bu zaman təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən şahid və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurması və sonuncunun aldığı zərbələrdən əzab və ağrılar çəkərək təqsirkarın əlindən çıxıb “kömək edin, kömək edin” deyib qışqırıb qaçmasına (bu hallar təqsirkara onu öldürməməsi üçün aman diləyib yalvarması kimi qəbul edilib) baxmayaraq təqsirkarın zərərçəkmişə zərbələri vurmaqda davam etməsi hallarını xüsusi amansızlıqla qəsdən adam öldürmənin əlamətləri kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Masallı Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 iyun 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Masallı rayon İHB-nın Boradigah qəsəbəsi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Masallı rayonun Boradigah qəsəbəsi, Təbriz küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Masallı rayon Boradigah qəsəbəsi İ.Nağıyev adına 2 №-li tam orta məktəbindən təqdim olunmuş 17 sentyabr 2025-ci il tarixli xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu müddətdə dərslərində zəif olmuş, xaraktercə şıltaq, dərsə davamiyyəti aşağı olmaqla, sinif yoldaşları ilə münasibəti yaxşı olmuşdur. İşdə olan, AA******* №-li şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2010-cu ildə doğulmuşdur. Qeyd olunan cinayət törədilən vaxt-13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmayan olması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan, Masallı rayon İHB-nın Boradigah qəsəbəsi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs Masallı rayonun Boradigah qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə qənaətbəxş (ondan ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Masallı rayonun Boradigah qəsəbəsi N.Gəncəvi adına 1 №-li tam orta məktəbindən təqdim olunmuş 17 sentyabr 2025-ci il tarixli xasiyyətnamə ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs tərbiyəli şagird olmaqla dərslərinə davamiyyəti yaxşı olmuş, sinif yoldaşları ilə münasibəti yaxşı olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 63.3 və 85.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla həmin Məcəllənin 29,120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Həmçinin bu Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Habelə həmin Məcəllənin 85.5 və 85.5.1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar təyin olunmuş cəzalarını-ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 63.3 və 85.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 29,120.2.4-cü maddəsi ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalı, habelə CM-nin 29,120.2.4-cü maddəsi ilə təyin olunan cəza həddi on ildən çox olmayan müddətə təyin edilməlidir. Həmçinin məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, həmin Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı bu Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 63.3 və 85.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu CM-nin 29,120.2.4-cü maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün- azadlıqdan məhrum etmə cəzasının son həddi 10 ildən çox olmamalı, eyni zamanda onun barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 29,120.2.4-cü maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçün dörddə üçündən artıq olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan CM-nin 85.5.1-ci maddəsinə əsasən o, təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı, 1 (bir) ədəd açıq boz rəngli qısaqol köynək və 1 (bir) ədəd qara rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı, 1 (bir) ədəd açıq boz rəngli qısaqol köynək və 1 (bir) ədəd qara rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar