Məhkəmə qərarları › İş №1(099)-486/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-486/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-486/2024 23.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6 dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, təqsirləndirilən şəxsin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, həbs olunanadək Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi, 16 nömrəli evdə yaşamış, məhkumluğu olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin, yəni X1 tamah niyəti ilə əmlakını, yəni pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədi ilə 16 oktyabr 2016-cı il tarixdə, gecə saat 03:50 radələrində Səhərgül Abbasovanın yaşadığı evin yanından keçən qəsəbəarası yola gələrək tanınmaması üçün özü ilə əvvəlcədən götürdüyü tibbi masqanı üzünə, papağı isə başına keçirib Səhərgül Abbasovanın yaşadığı evin həyətinin qarşısından keçən qaz borusunun üzərinə çıxıb həyətin metal şiferdən olan hasarının üzərindən həyətə keçmiş, evin giriş qapısı içəridən bağlı olduğuna görə evə bitişik yardımçı tikilinin pəncərəsi üzərindəki setqa toru cırıb oradan yaşayış sahəsinə qanunsuz olaraq girməklə yardımçı binada pul və qızıl axtarsa da, tapa bilməyib oradan yataq otağına qanunsuz olaraq girib hücuma məruz qalmış şəxs Səhərgül Abbasovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək çarpayıda yatılı vəziyyətdə olan Səhərgül Abbasovanın sifət nahiyəsinə əli ilə toxunub onu yuxudan oyatmış, sonuncu gözlərini açdıqda onun istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçağı nümayiş etdirməsini görüb qışqırarkən o, əli ilə Səhərgül Abbasovanın ağzını tutub ona «Nənə qorxma, sənə heç nə etməyəcəyəm, pula gəlmişəm» sözlərini demiş, Səhərgül Abbasova evində pulunun olmadığını bildirdikdə ona «Dünən pensiyanı almısan» sözlərini demiş, Səhərgül Abbasova onun hərəkətlərindən qorxub yenidən qışqırarkən o, əli ilə sonuncunun boğazından yapışıb boğaraq boyun nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Səhərgül Abbasova dırnaqları ilə onun əlinin üstünü cırmaqladığından o, sillə ilə hər iki sifət nahiyəsinə zərbələr vurmaqla Səhərgül Abbasovadan pullarının yerini soruşmuş, Səhərgül Abbasova yataq otağının girişindəki kreslo örtüyünün altında saxladığı 200 (iki yüz) manat pulunun və qapının arxasındakı mismardan asılı vəziyyətdə olan jiletinin cibində 250 (iki yüz əlli) manat pulunun olduğunu dedikdən sonra o, ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində pulu götürdükdən sonra evin giriş qapısının üzərindəki açarla qapını açıb oradan uzaqlaşmaqla quldurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini bıçaqla hədələmə və zərərçəkmiş şəxsə xəsarət yetirmə hissəsi istisna olmaqla təsdiq edir. Belə ki, 15 oktyabr 2016-cı il tarixdə, gecə saatlarında X1 pul və zinət əşyalarını talamaq məqsədilə onun tənha yaşadığı evə daxil olmuş, əlində bıçaq və digər silah qismində əşya olmamış, Səhərgülü boğmamış və ona heç bir bədən xəsarəti yetirməmişdir. Səhərgül qışqırdığına görə onun ağzını əli ilə tutarkən sonuncu dırnaqları ilə onun əlinin üstünü cırmaqlamış və həmin nahiyəsindən xəsarət almışdır. O, Səhərgüldən pulunun yerini deməsini tələb etmiş, Səhərgül də pulların olduğu yeri demiş və o, 450 manat pulu götürüb evdən çıxmışdır, əməlindən peşmandır. Verilmiş sualları cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Səhərgül ona cırmaqla xəsarət yetirmişdir, onda bıçaq olmamış, zərərçəkmiş şəxsi bıçaqla hədələməmiş, üzünü masqa ilə bağlamışdır, zərərçəkmiş şəxsi əvvəllər tanımışdır, evə girəndə Səhərgül yatılı olmuş, onu oyadıb pul üçün gəldiyini demişdir, o da diksinmiş, qaçmağa cəhd etməmiş, evə girərkən quldurluq niyəti olmamış, oğurluq məqsədilə evə daxil olmuş, evdə pul olduğunu dəqiq bilməmiş, zərərçəkmişin faizə pul verdiyini bildiyi üçün, evdə pul olduğunu təxmin etmişdir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, ibtidai istintaqın gedişində ölmüş X1 17 oktyabr 2016-cı il tarixli ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuşdur. S.Abbasova ifadəsində göstərmişdir ki, 15 oktyabr 2016-cı il tarixdə, saat təxminən 24 radələrində yataq otağına keçib çarpayıda uzanaraq yatmışdır. Çarpayıda yatılı vəziyyətdə olarkən soyuq bir şeyin üzünə dəyməsini hiss etmiş və gözlərini açdıqda iki nəfər üzü maskalı cavan oğlanın başının üzərində dayandığını görmüş, onların biri uzun boylu, digəri isə nisbətən ondan gödək boylu olmuş, uzun boylunun əlində bıçaq olduğuna görüb qorxub qışqırdıqda, həmin şəxs əlləri ilə onun ağzını tutaraq «Nənə qorxma, sənə heç nə etməyəcəyik, pula gəlmişik, uşağım əməliyyat olunacaq» sözlərini demişdir. O, həmin şəxsə pulunun olmamasını demiş, həmin şəxs isə ona pensiyanı dünən aldığını demişdir. O, bıçaqdan qorxaraq yenidən qışqırarkən həmin şəxs əli ilə onun boğazından yapışaraq sıxmış, bu vaxt o, dırnaqları ilə həmin şəxsin əlinin üstünü cırmaqlamışdır. Bundan sonra həmin şəxs sillə ilə onun hər iki sifətinə zərbə vuraraq pullarının yerini soruşmuş, o, yataq otağının girəcəyində olan kreslonun örtüyünün altında və qapının arxasındakı mismardan asılı vəziyyətdə olan jiletin cibində pulunun olmasını demiş, həmin şəxs kreslo örtüyünün altından, daha sonra isə qapıdakı mismardan asılı vəziyyətdə olan jiletinin cibindəki pulları götürdükdən sonra ondan qızılların yerini soruşmuş, o, and içib həmin şəxsə “sən öl” vuraraq evdə qızıllarının olmadığını demiş, həmin şəxs isə «Denən İlqar ölsün evdə qızıl yoxdur» sözlərini demiş, o, həmin sözləri təkrarlamış və oğlu İlqarın adını çəkdiyindən həmin şəxsin onun ailə üzvlərini tanımasından və yaxın adam olmasından şübhələnmişdir. Həmin şəxslər ona inanıb yataq otağından çıxmış, uzun, arıq bədən quruluşlu oğlan yenidən yataq otağına qayıdaraq «Hay salma, əgər hay salsan qayıdıb gəlib səni öldürəcəyik» sözlərini demişdir. O, heç nə deməmiş və onların evinin içəri tərəfindəki giriş qapısının üzərindəki açarla qapını açıb həyətə tərəf getmələrindən əmin olduqdan sonra yastığının altında olan özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla kürəkəni Seymurun istifadə etdiyi ***-***-**-** nömrəli telefonuna zəng etmiş, qızı Kəşmir telefonu açdıqda ona evə adam girdiyini və Seymuru tez evinə göndərməsini demişdir. Seymur təxminən 15-50 dəqiqə sonra öz avtomobili ilə onun evinə gəlmiş, evə baxanda evdəki sandığın və şifonerin içərisində olan paltarların ətrafa dağıdıldığını görmüşlər. Onun evinin pəncərələri dəmir barmaqlıqlarla bağlansa da, yardımçı binanın 80x30 sm ölçüdə olan pəncərəsi dəmir barmaqlıqlarla bağlanmamış, üzərindəki tor cırılmış, pəncərənin aşağı hissəsi palçığa bulaşmışdır. Sonra o, öz telefonu ilə 102 xidmətinə hadisə barədə məlumat vermiş, təxminən yarım saat sonra Füzuli rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupu hadisə yerinə gələrək evində müayinə aparmışdır. O, 102 xidmətinə məlumat verərkən həyəcanlı olduğundan həmin şəxslərin üzlərinin maska ilə bağlı olduğunu deməmiş və evindən 440 (dörd yüz qırx) manat pulunun aparıldığını bildirmişdir. Əslində isə onun evindən 450 (dörd yüz əlli) manat pul aparılmışdır. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisi X2 ARCPM-in 329-cu maddəsinə əsasən ibtidai istintaq dövründə verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, o, mərhum anası Səhərgül Abbasovanın sözləri ilə eyniməzmunlu ifadə vermiş, əlavə olaraq 10 aprel 2024-cü il tarixli ifadəsində bildirmişdir ki, mərhum anası S.Abbasova vəfat etməmişdən öncə ona və əri Seymura evə 2 nəfər yox, 1 nəfər orta boylu, üzü maskalı şəxsin evə daxil olduğunu, ikinci şəxs olmadığını demişdir. Həmin şəxs onun üzünə şillə vuraraq yuxudan oyatmış, gözlərini açdıqda üzü maskalı şəxsin əlində bıçaqla başının üstündə dayandığını görüb qorxaraq qışqırdıqda həmin şəxs əli ilə onun ağzını yumaraq ona qorxmamasını, uşağını əməliyyat etdirəcəyini və pula gəldiyini, pulların və qızılların yerini deməsini tələb etmiş, sonra onu bıçaqla hədələyərək pul tələb etmiş, o, evdə kreslo örtüyünün altındakı və qapının mismarından asılmış jiletinin cibindəki pulların yerini demiş, bundan sonra həmin şəxs pulları götürüb içəridən qapını açarla açaraq yol tərəfə qaçmışdır. Kəşmir Abbasova məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid məhkəmə baxışı zamanı ifadəsində bildirmişdir ki, hadisə günü gecə saat 3 radələrində yatdığı yerdə qaynanası Səhərgül Abbasovanın zəngi ilə qaynanasının evinə gəlmiş və heç kimi görməmişdir, ev dağınıq olmuş, bundan sonra 102-yə zəng edib hadisə barədə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, Nicatı əvvəllər tanımış, belə işlərlə məşğul olduğunu bilməmiş, hadisədən dərhal sonra qaynanası S.Abbasovanın qolunda xəsarət görmüşdür, zərərçəkmiş şəxsin hüquqi varisi onun yoldaşıdır, sonuncu təqsirləndirilən şəxslə barışmışdır. AR CPM-in 126.6-cı maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı, özünün qismən etirafedici ifadəsi, ölmüş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan - “Hadisə yerinin baxışının aparılması haqqında” 16 oktyabr 2016-cı il tarixli protokoldan görünür ki, X1 yaşadığı ev Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi, 69 nömrəli evdə yerləşir. Ev mişar daşından hörülmüşdür, iki otaqdan və yardımçı otaqlardan idarətdir. Yataq otağında bir ədəd taxtın üzərində yorğan-döşək vardır. Digər otaqda bir ədəd servant vardır. Otaqdakı sandıq və yorğan döşəklər döşəmənin üzərinə dağıdılmışdır. Otaqların pəncərələri dəmir barmaqlıqlarla bağlanmış, barmaqlıqların tamlığı pozulmamışdır. Yardımçı otağın pəncərəsi üzərində dəmir barmaqlıq yoxdur və setqa tor cırılmışdır. Pəncərədən 40 sm aşağıda ayaqqabıların divara sürtünməsi nəticəsində palçıq izləri vardır. (1-ci cild, i.v 8-19) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Beyləqan rayon şöbəsindən verilmiş 20 oktyabr 2016-cı il tarixli, 210/16 nömrəli ekspert rəyindən görünür ki, X1 boyun nahiyəsində qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2016-cı il tarixdə əllə sıxma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (1-ci cild, i.v 80-82) - AR DİN BƏSİİ tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Füzuli rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və CM-nin 70-ci maddəsinə əsasən 01 il şərti sınaq müddəti tətbiq edilmişdir. ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və ********* nömrəli cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (1-ci cild, i.v 167-168, 2-ci cild 213-223) - Füzuli rayon İcra Hakimiyyəti başçısının 1 saylı Zobucuq qəsəbəsi İnzibat Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən barəsində həbs qətimkan tədbiri seçilməmişdən əvvəl yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (2-ci cild, i.v.55-56) - Füzuli rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 188520 №-li ölüm haqqında şəhadənamənin surətindən görünür ki, X3 24 may 2021-ci ildə dəqiqləşdirilməmiş ürək çatışmazlığından ölmüşdür. (c İİ, i.v 44) - İş materiallarında olan “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma” haqqında 10 aprel 2024-cü il tarixli, 2903 saylı qərardan görünür ki, X5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. ( C İİ, i.v 34) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs ARCM-in 181.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Təqsirləndirilən şəxs hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla və zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq cinayətini törətməsi cinayət işi üzrə toplanmış sübutlar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs bıçaqla zərərçəkmiş şəxs Səhərgül Abbasovanı hədələməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin həmin dəlili həm ölmüş zərərçəkmiş şəxsin, həm də zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə təkzib edilir. Belə ki, ARCPM-in 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə oluna bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Bundan əlavə, məhkəmə hesab edir ki, gecə vaxtı maska taxaraq yaşayış sahəsinə daxil olub quldurluq cinayəti törətmək niyətində olan şəxsin hədəni gücləndirəcək heç bir vasitə (silah, silah qismində istifadə olunan əşya) olmadan bu cinayəti tərətməsi ağlabatan deyil. Qeyd olunan səbəbdən məhkəmə ölmüş zərərçəkmiş şəxs və onun hüquqi varisinin ölən şəxsin şahid qismində verdiyi ifadəsini işin faktiki halları ilə uzlaşan və mötəbər, təqsirləndirilən şəxsin ifadəsinin əlində bıçaq olmamasına dair ifadəsini isə qeyri-səmimi, iş materialları ilə uzlaşmayan və qeyri-mötəbər hesab edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı qərarının 1-ci bəndinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakın istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlak öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Məhkəmə təqsirləndirilən şəxsi dinləyərək və ölmüş zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin elan edilmiş ifadələrini tədqiq edərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ARCM-in 181.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ARCM-in 181.2.3cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs cinayəti aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ARCM-in 181.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İşdə olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə ağırlaşdırıcı hallarda oğurluq, iki dəfə ağırlaşdırıcı hallarda quldurluq cinayəti törətməyə görə məhkum edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, bu hal təqsirləndirilən şəxsin talama cinayətlərinə meyilli olduğunu təsdiq etməklə, şəxsiyyətini cəmiyyət üçün təhlükəli edir və cəza təyinində nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ARCM-in 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin başlanğıcının 16 may 2019-cu il tarixdən hesablanması və Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, CM-in 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən edilmiş cəzasının müstəqil icra olunması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırki cinayət əməlini isə sözügedən müvafiq hökmlər çıxarılmazdan əvvəl törətmişdir. ARCM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməli, hazırki hökmlə təyin olunan cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmənin şifahi sorğu əsasında əldə etdiyi həbs qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulması və axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və o, 16 may 2019-cu il tarixdə tutularaq, Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, ARCM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 132.1.6-cı maddəsinə əsasən məhkəmə hesab edir ki, ifadənin yerində yoxlanılması və üzləşdirmə zamanı çəkilmiş 2 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 1(099)- 127/2023 saylı hökmü ilə təyin edilmiş 13 il müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 13 il müddətə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi CM-in 69.3-cü maddəsinə əsasən hazırki hökm üzrə qəti cəza müdddətinə hesablanaraq cəzaçəkmə müddətinin əvvəli 16 may 2019-cu ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ifadənin yerində yoxlanılması və üzləşdirmə zamanı çəkilmiş 2 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar