Məhkəmə qərarları › İş №1(099)-487/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-487/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-487/2024 25.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), X3 və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, MİK-12, ev 28, mənzil 50-də qeydiyyatda olan yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə İran İslam Respublikası vətəndaşı olması güman edilən “Əli” adlı şəxslə “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində yerləşdirilmiş 1 ədəd bağlamanın içərisində 1 ədəd bükümdə ümumi təmiz çəkisi 146,779 qram olan külli miqdarda narkotik vasitə heroini, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 5330,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və 15 ədəd konvalyutda 150 ədəd təsiredici maddəsinin ümumi miqdarı 6,0 qram çəkidə olan külli miqdarda narkotik vasitə metadon həblərini Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisindən götürmək məqsədi ilə 20 yanvar 2024-cü il tarixdə Cəlilabad rayonuna gələrək Cəlilabad şəhəri, H.Əliyev prospektinin Uzuntəpə kəndindən keçən hissəsində yerləşən “Cəlilabad şəhəri” sözləri yazılan löhvənin yaxınlığından həmin narkotik vasitələri götürərək qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 20 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının qeyd edilən ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əlində olan 1 ədəd ağ rəngli bağlamanın içərisində həmin narkotik vasitələrdən 1 ədəd bükümdə 146,779 qram olan külli miqdarda narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1110,0 qram, 1990,0 qram və 2230,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 15 ədəd konvalyutda 150 ədəd təsiredici maddəsinin ümumi miqdarı 6,0 qram çəkidə olan külli miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarında “İnstagram” sosial şəbəkəsində təsadüfən İran İslam Respublikası vətəndaşı Əli adlı şəxslə tanış olmuş, bir neçə gün danışdıqdan sonra bir-birlərinə mobil nömrələrini verərək “Whatsapp” vasitəsilə əlaqə saxlamağa başlamışlar. 20 yanvar 2024cü il tarixdə, günorta saatlarında Əli ona Cəlilabad şəhərində narkotik vasitə olduğunu, əgər tanışı varsa onun dediyi narkotik vasitəni olduğu yerdən götürüb dediyi yerə aparılacağı təqdirdə 1000 manat pul veriləcəyini bildirmişdir. Pulda ehtiyacı olduğu üçün özü götürəcəyini bildirmişdir. Lakin, Əli təcili lazım olduğu üçün 1000 manat təklif etdiyini, gec çatacağı üçün 1000 manat yox, 300 manat verəcəyini bildirmişdir. Pula çox ehtiyacı olduğu üçün yenə də onunla razılaşmışdır. 20 yanvar 2024-cü i1 tarixdə, təxminən saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı taksi ilə Bakı şəhərində Lökbatan dairəsinə gəlmişdir. Oradan tanımadığı başqa taksi ilə Cəlilabad rayonuna yola düşmüşdür. Razılığa görə Cəlilabad rayonuna az qalmış Əliyə məlumat verəcək, sonuncu isə narkotik vasitənin yeri barədə məlumatları ona göndərəcək. Həmin gün saat 19-20 radələrində o, Cəlilabad şəhərinə girmiş və bu barədə Əliyə məlumat vermişdir. Həmçinin Bakıdan gəldiyi taksidən düşərək yolun kənarında Əlidən xəbər gözləmişdir. Bir neçə dəqiqə sonra Əli ona narkotik vasitənin yerinin koordinatları və fotoşəkillərini göndərmişdir. X5 sözünün lövhəsinin fotoşəklini göndərərək narkotik vasitənin həmin lövhənin sağ tərəfi istiqamətində 300 metr məsafədə yerləşdiyini bildirmişdir. O, yolun kənarında tanımadığı taksiyə əyləşərək Cəlilabad sözü olan lövhənin yanına getmişdir. Əlinin göndərdiyi istiqamətlə getmiş, narkotik vasitəsinə təxminən 2-3 metr qalmış polis əməkdaşları onu tutmuşlar və Cəlilabad rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə baxış keçirmişlər. Üzərindən qadağan olunmuş predmet aşkar olunmamışdır. Polis şöbəsində bağlamaya baxış keçirilmiş bağlamanın içərsində bükümlərdə heroin narkotik vasitəsi, narkotik vasitə qurudulmuş marixuana və metadon həbləri aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər tərəzidə çəkilərək qablaşdırılmış və möhürlənmişdir. İranlı Əlinin dediyi Cəlilabad rayonu ərazisindən narkotik vasitə götürməyə gəlsə də içərisində narkotik vasitə olan bağlamanı götürə bilməyərək polislər tərəfindən saxlanılmışdır. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza nəzərə alınmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq 20 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində narkotik vasitəni Əlinin dediyi yerdən taparaq götürüb, Bakı şəhərinə qayıtmaq üçün taksi axtarmaqdan ötrü yolun kənarına gəlməsini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadələrində “İranlı Əlinin dediyi Cəlilabad rayonu ərazisindən narkotik vasitə götürməyə getsə də içərisində narkotik vasitə olan bağlamanı götürə bilməyərək polislər tərəfindən saxlanılmışdır” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi sözü gedən xüsusatı ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisindən külli miqdarda müxtəlif növ narkotik vasitələr əldə edəcəyi, daşıyacağı və dövriyyəsini həyata keçirəcəyi barədə daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 20 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospektinin Uzuntəpə kəndindən keçən hissəsində “Cəlilabad” sözü yazılan löhvənin yanında onlar tərəfindən müşahidəyə götürülmüşdür. O, həmin vaxt Uzuntəpə kənd qəbristanlığına doğru hərəkət etmişdir. Bir neçə dəqiqə sonra əlində 1 ədəd bağlama ilə geri qayıtmışdır. Təqsirləndirilən şəxs piyada hərəkət edərkən ona yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə əlindəki ağ rəngli bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Azxər Hüseynova üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim edilməsi bildirilmiş, Təqsirləndirilən şəxs da əlində olan ağ rəngli bağlamanı təqdim edərək bildirmişdir ki, həmin bağlamanın içərisində müxtəlif növ külli miqdarda narkotik vasitələr vardır. Həmin bağlamaya onlar tərəfindən baxış keçirildikdən sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuana, heroin və metadon həblərinə bənzər maddələr olması müəyyən olunmuşdur. Aşkar olunmuş bağlamalar qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Şahid4, Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə kimyəvi -bioloji ekspertizasının 21 yanvar 2024-cü il tarixli 19/59 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs əlində olan ağ kisədə aşkar olunmuş narkotik maddəyə bənzər kütlə və 15 list metadon 40 həbləri....." sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -146,779 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -1110,0 qr; -1990,0 qr; -2230,0 qr: -ümumi təmiz çəkisi: -5330,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 15 ədəd konvalyutda ümumi sayı 150 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və təsiredici maddənin göstəricilərinə görə bir-biriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: -6,0 qramdır. (üzərində olan göstəriciyə əsasən bir həbdə -0,04 qr). Qeyd: heroinin təmiz çəkisi – 146,779 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 146,679 qram, marixuananın təmiz çəkisi – 5330,0 qram, cəmi tədqiqata sərf edildi – 0,3 qram, qalıq – 5329,7 qram, metadon həbləri – 150 ədəd, cəmi tədqiqata sərf edildi – 13 ədəd, qalıq – 137 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manatdır. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli 55 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli 442 saylı ambulator məhkəmə psixtiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. İş materiallarında olan 20 yanvar 2024-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan bir ədəd bağlamanın içərisində ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, qurudulmuş marixuana və metadon həblərinə bənzər kütlələr olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələrin miqdarı çəkilmiş və qablaşdırılıb DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A13” markalı mobil telefon da baxış keçirilməsindən ötrü götürülmüşdür. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, mobil telefon boz rəngdə olmaqla işlək vəziyyətdədir. Üz ekranında çatlar var. Mobil telefonda “Whatsapp Business” proqramı mövcuddur. Həmin proqramda İran İslam Respublikasına məxsus +98 914 535 9295 saylı mobil nömrə ilə, “Eli Heci” kontakt adı ilə qeydiyyatdan keçirilmiş şəxslə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məzmunda müxtəlif vaxtlarda danışıqlar aparılmışdır. Həmçinin “Eli Heci” kontakt adı ilə qeydiyyatdan keçirilmiş şəxslə Təqsirləndirilən şəxs arasında “Whatsapp Business” proqramında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fotoşəkillər aşkar edilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 06 fevral 2024-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,679 qram çəkidə olan narkotik vasitə heroin, 5329,7 qram olan qurudulmuş marixuana, 137 ədəd narkotik vasitə olan metadon həbləri, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin əks etdirildiyi 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A13” markalı mobil telefon maddi sübut kimi tanınmış, narkotik vasitələr saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin sübutlar otağına təhvil verilmiş, 1 ədəd mobil telefon və 1 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan 20 yanvar 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən və məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şahid2 küçəsi ev 27A-da yaşamış, hal hazırda həmin ünvanda yaşamır, himayəsində 28 aprel 2022-ci il təvəllüdlü X7 adlı azayaşlı uşağı var, yaşadığı müddətdə barəsində nümayəndəliyev heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 21 aprel 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarla İİR-nın vətəndaşı Əli adlı şəxsin yerini və şəxsiyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan CM-nin 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və cinayət təqibi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs CM-nin 234.4.1, və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı ovldının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməsini, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,679 qram narkotik vasitə heroin, 5329,7 qram narkotik vasitə qurudulmuş marixuana, 137 ədəd metadon həbləri məhv edilməli, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A13” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin əks etdirildiyi 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 20 yanvar 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2024-cü ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,679 qram narkotik vasitə heroin, 5329,7 qram narkotik vasitə qurudulmuş marixuana və 137 ədəd metadon həbləri məhv edilsin. - Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A13” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. - “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin əks etdirildiyi 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar