Məhkəmə qərarları › İş №1(099)-487/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-487/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-487/2025 09.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), X4 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü ildə Kürdəmir rayonu, Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşamış, 29 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin mart ayının sonlarında yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində özünə məxsus evin həyətyanı sahəsində torpaqda əkmiş, həmin toxumlardan inkişaf etmiş külli miqdarda 25 (iyirmi beş) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 29 may 2025-ci il tarixdə, saat 15:15 radələrində Kürdəmir RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı torpağa əkdiyi külli miqdarda 25 (iyirmi beş) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 965.0 (doqquz yüz altmış beş) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək demişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan hərdən istifadə edir. 2025-ci ilin mart ayının sonlarında yaşadığı evin həyətində 25 (iyirmi beş) ədəd narkotik tərkibli çətənə bitkiləri əkmiş, həmin bitkilərə mütəmadi olaraq qulluq etmiş, suvarıb diblərini boşaltmışdır. Həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkmişdir. 29 may 2025-ci il tarixdə, saat 15 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları gəlib yaşadığı evin həyətinə baxış keçirilmələrini bildirmişlər. Çətənə bitkiləri əkdiyi yeri, torpağı göstərmiş, həmin bitkilərə aqronom da baxış keçirmişdir. Bundan sonra həmin bitkilər çıxarılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağının, iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, xəstə anasına baxmasını, evinin olmamasını, evinə qazanc gətirən tək şəxs olmasını məhkəmədən nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə 29 may 2025-ci il tarixdə daxil olmuş məxfi əməliyyat məlumatı əsasında evin həyət qapısının qarşısına getmişlər, Təqsirləndirilən şəxs razılıq ərizəsi verərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs torpağa əkilmiş 25 ədəd tərkibində natkotik maddələr olan çətənə bitkisinə bənzər bitkiləri göstərib həmin bitkiləri əkib qulluq etdiyini bildirmişdir. Bundan sonra torpaqda olan 25 ədəd çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış və götürülmüşdür. Aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq olunduğunu demişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda hər hansı bir məlumat olmamışdır. Dindirilmiş şahidlər Şahid3 Zülfü oğlu və Şahid4 şahid Elman Bünyatovun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Təqsirləndirilən şəxs şahidlərin düzgün ifadə verdiklərini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, 29 may 2025-ci il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində ümumilikdə külli miqdarda-25 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1) -“əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, evə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında həmin tarixdə, saat 15:15-də Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı bağ sahəsində torpaqda əkdiyi xeyli miqdarda 25 (iyirmi beş) ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür.(i.v.10-12) -Kürdəmir rayon DAİM-in Bitkiçilik sektorunun aparıcı məsləhətçisi Fuad Cəbiyev tərəfindən tərtib olunmuş 29 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş cəmi 25 (iyirmi beş) ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Həmçinin həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (i.v.13) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:15-dəqiqədə Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.18-19) -“əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində torpaqda əkilmiş 25 (iyirmi beş) ədəd nakotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin qablaşdırıldığı 2 (iki) ədəd polietilen torba təkrar açılaraq həmin 25 (iyirmi beş) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin özünə məxsus olduğunu, ona qarşı heç bir fiziki zorakılıq olmadığını bildirmişdir. 01 ədəd DVD diskdə olan “00308” adlı fayılda olan video material 17 dəqiqə 51 saniyədən ibarət olan görüntünün 03:40 dəqiqəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 25 (iyirmi beş) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunur. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala 25 (iyirmi beş) ədəd bitki kollarının narkotik tərkibli çətənə kolları olduğunu, öz istifadəsi üçün əkərək qulluq etdiyini bildirir. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülüb qablaşdırılmış narkotik tərkibli çətənə kollarına bənzər kollar zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır. (i.v.37-39) -“məhkəmə-bioloji ekspertizası”nın 30 may 2025-ci il tarixli, 18/419 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs həyətindən...” sözləri və imzalar olan polietilen torbada 25 ədəd, yaş vəziyyətdə, təmiz çəkisi -965.0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. (i.v.45-48) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 4(041)- 69/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 29 may 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, Rusiya Federasiyasının Astarxan şəhərinə iş üçün getmiş, qayıtdığı zaman, Tacikistan vətəndaşından toxum almış və siqaretin içərisində keçirib gətirmişdir. Daha sonra 25 ədəd toxumun hamısını yaşadığı evin həyatyanı sahəsində əkmişdir. Həmin toxumları becərdikdən sonra qurutmuş və istifadə etmişdir. Evdə 3 azyaşlı uşağı vardır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Həmin narkotik vasitələri özü istifadə etmək üçün əkmişdir. Anası xəstədir. Evin yeganə qazanc gətirənidir. Əməlindən peşmandır, verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir.(i.v.50-51, 68-71) -“maddi sübut kimi tanımaq haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş 25 ədəd yaş halda çətənə (kannabis) bitkisinin 962.50 qram qalığı maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı və aşkar edilmiş kütlələrə baxış zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır.(i.v.77) -Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 5(041)-50/2025 nömrəli qərarından görünür ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş və Kürdəmir RPŞ-nin rəisi polis polkovniki Arzu Rzayev tərəfindən təsdiq edilmiş 29 may 2025-ci il tarixli qərar şəxsin olduğu yerin müşahidəsinin aparılması (güdülməsi) və torpaq sahəsinə baxış keçirilməsi hissədə qanuna uyğun hesab edilmişdir.(i.v.82-84) -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X9 daxil olmuş 5 iyun 2025-ci il tarixli, 18- 1-49/2-571/2025 məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(i.v.91) -Kürdəmir Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 4(041)-96/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Kürdəmir Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 4(041)-69/2025 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 29 sentyabr 2025-ci il tarixədək müəyyən edilmişdir.(i.v.140-141) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 11 sentyabr 2025-ci il tarixli, 1528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan konnobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v.143) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin 25 (iyirmi beş) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkdiyini etiraf etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş videoçəkilişdən, mütəxəssis rəyi, “məhkəmə-bioloji ekspertizası”nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış 962.50 qram olan 25 ədəd yaş halda narkotik tərkibli çətənə (kannabis) bitkisi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 11 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.93-94) -Kürdəmir rayonu İcra Hakimiyyəti Başçısının Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Şıxımlı kəndində yaşayır, himayəsində 08 may 2008-ci il təvəllüdlü Nurlan Kərimov, 28 may 2009-cu il təvəllüdlü Gülay Kərimova və 19 fevral 2021-ci il təvəllüdlü Milana Kərimova adlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (i.v.135-136) Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasasən himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs şəxsiyyəti və ailə vəziyyəti barədə təqdim olunmuş məlumatları araşdıraraq müəyyən etmişdir ki, o, ailənin yeganə maddi təminatçısıdır. Onun bir nəfər azyaşlı və iki nəfər yetkinlik yaşına çatmayan uşaqları atasız böyüyür və ailənin gündəlik yaşayış tələbatının əsas hissəsi hazırda təqsirləndirilən şəxsin anasının aldığı məhdud məbləğli pensiya hesabına ödənilir. Təqsirləndirilən şəxs ən əsas gəlir mənbəyi olmaqla ailənin sosial müdafiəsini faktiki olaraq təkbaşına təmir edir, onun məsuliyyətə cəlb olunması ilə bağlı tətbiq ediləcək cəzanın həmin uşaqların maddi-məişət şəraitinə ciddi və mənfi təsir göstərəcəyini məhkəmə nəzərə alır. Bu halların hamısı təqsirləndirilən şəxsin ailəsinin sosial cəhətdən həssas durumda olduğunu göstərir və cəzanın fərdiləşdirilməsi zamanı humanizm prinsipinin gözlənilməsini zəruri edir. Təqsirləndirilən şəxs həbs və ya digər sərt məhdudlaşdırıcı cəza tədbirlərində olması ailənin yeganə gəlir mənbəyinin itirilməsi ilə nəticələnən, uşaqların qayğı və təminatının daha da pisləşməsinə səbəb ola bilər. Məhkəmə tərkibi bu sosial və demoqrafik vəziyyəti nəzərə alaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların olması, ailənin yeganə təminatçısı kimi çıxış etməsi, uşaqların atasız böyüməsi və ailənin hazırda yalnız məhdud pensiya vasitələri ilə dolanması hallarını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs bu əməlləri şəxsi istifadə ilə məhdudlaşmış, gəlir əldə etmək niyyəti ilə törətməmiş, törətdiyi cinayət əməllərini etiraf etmiş, onun əməllərində davamlı cinayət niyyəti olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X5rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X3 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 may 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Lənkəran Ağır Cinayət Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 1 (099)-487/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından həbsə alınmış və Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinə keçirilmişdir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, ancaq o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq ekspert tədqiqatından sonra qalıq çəkisi 962.50 qram olan 25 ədəd yaş halda çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə və aşkar edilmiş kütlələrə baxış zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 962.50 qram olan 25 ədəd yaş halda çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə və aşkar edilmiş kütlələrə baxış zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar