Məhkəmə qərarları › İş №1(099)-49/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-49/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-49/2025 06.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 2002-ci ildə Lənkəran rayonunun Cil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Cil kəndində qeydiyyatda olub yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 11 fevral 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Lənkəran rayonu, Cil kəndində yerləşən evdən çıxıb, Lənkəran şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “Mərkəzi bazar” ərazisinə gedərək, orada fərdi qaydada valyuta dəyişmə işi ilə məşğul olan şəxs kimi tanıdığı və yaşlı olduğuna görə pulunu asanlıqla ələ keçirə biləcəyini güman etdiyi Zərərçəkmiş şəxs yaxınlaşıb, ona yalandan yaşlı nənəsi X2 200.0000 (iki yüz min) rus rublu pul vəsaitini Azərbaycan manatına dəyişmək istəməsini bildirib, birlikdə yaşadığı kəndə getməyi təklif etmiş, onun bu təklifinə inanıb razılaşan Zərərçəkmiş şəxs yanına çağırdığı taksi xidməti göstərən qohumu Şahid1 idarə etdiyi “Kia Rio” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə həmin gün saat 19 radələrində onun yaşadığı Lənkəran rayonu, Cil kəndində yerləşən evin qarşısına getdikdən sonra niyətinə nail olmaq üçün Zərərçəkmiş şəxs evin həyətinə dəvət etmiş, bu vaxt həyətə daxil olan Zərərçəkmiş şəxs ona havanın qaranlıq olmasına baxmayaraq, evin işıqları yanmadığına görə evdə heç kimin olmadığını deməsindən, sonuncunun onun əsl niyətini başa düşdüyünə əmin olub, əvvəlcədən məqsədli şəkildə əynindəki gödəkçənin sağ yan cibində saxladığı ümumi uzunluğu 160 mm, tiyəsinin uzunluğu 68 mm, orta hissədə eni 19 mm olan, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, soyuq silah hesab edilməyən qara rəngli qatlanan turist bıçağını çıxarıb, evin həyətində xx xxxxxx 1938-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərinə qəflətən hücum edərək ondan cibində saxladığı nağd pul vəsaitini tələb etmiş, həmin vaxt sonuncunun cibində olan 1600 (min altı yüz) manat məbləğində pul vəsaitini verməyərək əlindəki əsa ilə ona aktiv müqavimət göstərməklə əmlakının talanmasının qarşısını almağa çalışdığını görüb, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, əvvəlcə sol qoluna, yerə yıxılmasından sonra isə sol dizinə silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən zərbə vurub, ona sol bazu və sol diz qapağı nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirərək psixi və fiziki zorakılıq nümayiş etdirsə də, hücuma məruz qalmış Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərdiyindən və bu vaxt sonuncunun qışqırıq səslərinə Şahid1 həyətə daxil olduğundan, özgənin əmlakını ələ keçirməyin mümkün olmadığını görüb hadisə yerindən uzaqlaşmaqla, silah qismində istifadə edilən bıçaq tətbiq edib, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü günorta saat 3-dən sonra evdən çıxıb Lənkəran şəhərinə Sabir Əliyev küçəsinə getmişdir, axşam saat 5 radələrində evə gələcəkmiş, Xubəlini orada görmüş, taksi pulu olmadığından Xubəliyə yalandan evdə 200 min rubl pulu olduğunu və dəyişmək lazım olduğunu demişdir. Həyətə gəldikdən sonra Xubəliyə onu evə gəlmək üçün aldatdığını, evdən taksi pulu götürüb ona verəcəyini demişdir. Xubəli onu təhqir etdiyindən bıçağı çıxarıb onun qolundan bıçaqla bir zərbə vurmuşdur. İbtidai istintaq zamanı ifadəsində 2 bıçaq vurduğu yazılmışdır, həmin ifadə doğru deyildir. Müstəntiq ifadəyə zorla qol çəkdirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Xubəlinin pul dəyişməklə məşğul olduğunu bilmişdir, onu bazardan tanıyır, pul da dəyişmişdir, Xubəli də onu tanımışdır, belə ki, Xubəli nənəsi ilə birlikdə Həcc ziyarətində olmuşdur, pulun nənəsinə lazım olduğunu demişdir, Lənkərana gələndə üzərində pul yox idisə necə qayıdacağını fikirləşməmişdir, çünki, həmin vaxtı anlaqsız olmuşdur, ona görə ki, onun psixi problemləri var, bəzən evi tərk edib gedir, ağlı özünə qayıdanda evə qayıdırmış, həmin vaxtı da ağlı özündə olmamışdır, Xubəlini evə aparanda anlaqlı olmuş, özünə gəlmişdir, lakin, həmin vaxtı marşrutlar işləməmişdir ki, marşrutla evə getsin, taksiyə verməyə pulu olmadığından Xubəlini aldatmaq istəmişdir, Xubəlini evin həyətinə salmış, lakin, üzərində pul axtarmamışdır, onu vurduqdan sonra yerə yıxılmış, həmin vaxt sürücü maşında oturmuş, on saniyə keçməmişdir ki, Xubəliylə gəldiyi taksi sürücüsü Taleh həyətə girmişdir, sürücü Xubəlinin qohumu olmuşdur, onda psixi problemlər olanda evdən qaçmaq, gizlənmək, özünə xəsarət yetirmək kimi simptomlar olur, əvvəllər belə hallar olmuşdur, Xubəli həyətə girən kimi işığın yanmadığını, onu aldatdığını demiş, həmin vaxtı o, yol pulunu verməyi təklif etdikdə, Xubəli ona qarşı təhqirəmiz sözlər işlətmişdir, sürücü içəri girəndə o, Xubəlidən aralı olmuşdur, Xubəlini vurduqdan sonra üzərinə getməmiş, pul tələb etməmişdir, sürücü həyətə girəndə iki addım sürücünün üzərinə getmiş, sonra qaçmışdır, şəhərə yol maşını ilə getmişdir, şəhərdə Sevinc şadlıq sarayının qarşısında düşüb ləvəngi dairəsinə getmişdir, onu Elcan marketin qarşısında saxlamışlar, polislər orada ona yaxınlaşıb onu polis şöbəsinə aparmışlar, onu döymüşlər, təcridxanada qolunda xəsarət aşkarlanmışdır, ibtidai istintaqda üzləşdirmə zamanı zərərçəkmiş şəxs ondan pul tələb edildiyini deməmişdir, müstəntiq onu üzləşdirmə protokoluna qol çəkdirməyə məcbur etmişdir, müstəntiq ona “mənə başqa, burda başqa ifadə verirsən” demişdir, üzləşdirmə protokolunda yalan yazıldığı üçün qol çəkməmişdir, özü Rusiyada atası ilə işləmişdir, hadisə vaxtı işləməmişdir, özündə olmadığı vaxt dörd taksiyə yaxınlaşmış, onlardan 3-ü apara bilməyəcəyini demişdir, əvvəllər taksiyə minmişdir, pulu ünvana çatanda vermişdir, yaxınlaşdığı taksilərə pulu çatanda verməyi təklif etmək ağlına gəlməmişdir, çatanda pulunu evdə verməyi Xubəlinin qohumu olan taksiyə demək ağlına gəlməmişdir, sürücü qapıdan içəri girəndə onun əlində bıçağı görmüşdür, üzərində bıçaq gəzdirməmiş, bıçaq cibində qalmışdır, bazarda Xubəlidən başqa tanışı olmamışdır, üzləşdirmədə Xubəli müstəntiqə ondan pul tələb etmədiyini demişdir, əlini rezaqla özü kəsmişdir, rezakı həyətlərində yerdən tapmışdır, cibində isə cib bıçağı olmuşdur, Xubəliyə həmin bıçaqla xəsarət yetirmişdir, həmin bıçaq həyətdə işləmək üçün lazım olmuş, cibində qalmışdır, cibində bıçaq olduğu halda niyə həyətdən rezak götürməyinin səbəbini izah edə bilmir, özündə olmamışdır, onu yaxalayan polislərə pula ehtiyacı olduğu üçün Xubəlini bıçaqladığını deməmişdir, hadisə vaxtı nənəsi evdə olmuşdur, nənəsindən taksi pulunu alıb Xubəliyə verməməsi səbəbi kimi aralarında anlaşmazlıq yarandığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı 12 fevral 2024-cü il tarixli şübhəli şəxs qismində və 13 fevral 2024-cü il tarixli videoçəkilişlə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərmişdir ki, ... 11 fevral 2024-cü il tarixdə, saat 16 radələrində xərcləməyə pulu olmadığına görə yaşadığı evdə oturmuşdur. Həmin vaxtı qərara gəlmişdir ki, rus pulu dəyişmək adı ilə Xubəlini yaşadığı evin həyətinə gətirsin və Xubəlini qorxudaraq ondan pul alıb xərcləmək üçün Bakı şəhərinə getsin. O,həmin günü saat 18 radələrində yaşadığı kənddə tanımadığı taksi maşınına oturub Lənkəran şəhər bazarının qarşı tərəfində olan "bazar store" mağazasının qarşısına gəlmişdir. O, taksidən düşmüş və Xubəliyə yaxınlaşmışdır.O, Xubəli ilə salamlaşıb görüşdükdən sonra ona yalandan "nənəmin 200.000 rus rubulu var, qoca qadın olduğu üçün bazara gələ bilmir, mənimlə gedək Cil kəndinə onun pulunu manata dəyiş" bildirmişdir. Xubəli də onunla razılaşmış və ona "qohumuma zəng edim, o, gəlib bizi Cil kəndinə aparsın" bildirmişdir. Xubəli qohumuna zəng edib onu dayandıqları yerə çağırmışdır. Bir neçə dəqiqədən sonra Kia markalı bir maşın onların yanında dayanmışdır. O və Xubəli həmin maşına əyləşib yaşadığı Cil kəndinə getmişlər. Saat 19 radələrində yaşadığı evin həyət qapısının qarşısına çatmışlar və onlar maşından yerə düşmüşlər. Həmin maşının sürücüsü isə maşından yerə düşməmişdir. O və Xubəli yaşadığı evin həyətinə daxil olmuşlar. Həmin vaxtı, o, Xubəliyə qabaqda getməyini təklif etmişdir. Xubəli də ona "sən qabaqda get" bildirmişdir. O da Xubəlidən qabağa keçib bir-iki addım atdıqdan sonra Xubəli ona " bu evdə heç kim yaşamır, sən məni aldatdın, mən şəhərə qayıdıram" bildirmişdir. Buna görə də, o, geri çevrilərək Xubəlinin qarşısını kəsmişdir. Sonra isə o, əynindəki parça materialından olan gödəkcəsinin sağ yan cibindən qara rəngli qatlanan cib bıçağını çıxartmış və həmin bıçaqla Xubəlini hədələyərək "cibində olan pulları mənə ver, yoxsa səni bıçaqla vuraram" bildirmişdir. Xubəli də pullarını ona verməyəcəyini bildirmişdir. Həmin vaxtı Xubəli qışqıraraq çöldə dayanmış qohumunu çağıran zaman bıçaqla Xubəlinin sol qolundan vurmuş və Xubəli yerə yıxılmışdır. Xubəlinin əlində olan dəmir çəlik və başında olan papaq yerə düşmüşdür. Sonra isə Xubəli qılçalarını yuxarı qaldırıb qışqırmağa başlamışdır. O, Xubəliyə tərəf əyilmiş və bıçaqla Xubəlinin qılçasından vuraraq "sənə deyirəm tez ol cibində olan pullarını ver" bildirmişdir. Həmin vaxtı bıçaq əlindən yerə düşmüşdür. Bu zaman Xubəlinin qohumu həyətə daxil olmuş və bıçağını yerdən götürərək bağa tərəf qaçmışdır. Həmin bıçağı bağda yerə tullamış və çəpərdən tullanıb qaçmışdır. O, asfalt yola çıxmış və tanımadığı bir yol maşınına əyləşib Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsinə gəlmişdir. Ləvəngi dairəsində maşından yerə düşmüş və Bakı şəhərinə gedən taksi maşınlarına yaxınlaşdığı zaman polis işçiləri onu tutub Lənkəran polis şöbəsinə gətirmişlər. O, həmin vaxtı Xubəlinin cibində pul olduğunu bilmişdir. Cünki, Xubəlini rus pulu dəyişmək adı ilə yaşadığı evin həyətinə gətirmişdir. Amma Xubəlinin cibində nə qədər pul olduğunu bilməmişdir. Baş vermiş hadisə zamanı ondan və Xubəlidən başqa həyətdə heç kim olmamışdır. Həmin vaxtı anası Reyhan yaşadıqları kənddən keçən asfalt yolun kənarındakı təndirxanada olmuşdur. Nənəsi isə qoca qadın olduğu üçün evdə olmuş və səs-küyü eşitməmişdir. Sonradan Xubəlinin adını bilmədiyi qohumu həyətə daxil olmuşdur. Xubəlini bıçaqla vurmaqda məqsədi,onun pullarını ələ keçirmək olmuşdur. (İ cild, i.v: 37- 39, 67-69, 88-90) Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini polis əməkdaşlarının ona təzyiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs məhkəməyə son sözünün olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü bazarda olarkən Azər ona yaxınlaşaraq evdə nənəsinin 200 min rus pulu olduğunu və onu dəyişmək istədiyini demiş, sonradan bilmişdir ki, kəndə getmək istəyirmiş, cibində pulu olmadığından ona belə bir təklif etmişdir. Qapıda düşəndə Azərə nənəsi Hacıxanımı çağırmağını demiş, Azər onunla acıqlı danışdığından onu əsəbiləşib söymüşdür. Həmin vaxt Azər onu vurmuş, yerə yıxılmışdır. Sürücü Taleh səsküyə həyətə girəndən sonra Azər Talehə də ağacla vurmuşdur. Azər ondan pul tələb etməmişdir, Azər xəstədir, qapıdan girəndə onu vurmuşdur, pul söhbəti olmamışdır. Müstəntiqə izahatında Azərin ondan pul tələb etmədiyini desə də, müstəntiq ona Azərin ondan pul tələb etdiyini deməyini bildirmişdir. Əsəbləşdiyinə görə müstəntiqə “nə yazırsansa yaz” demiş, sonra verdiyi sənədlərə qol çəkmişdir, həyətə birinci o girmişdir, Azər onu nalayiq söyüş söydüyünə görə belindən vurmuşdur, polisə oğlu Nizami zəng etmişdir, şöbənin padvalında ondan ifadə alınmışdır, həmin vaxt Azərin ondan pul tələb etdiyini deməmişdir, həmin ifadəyə qol çəkmişdir, lakin, oxumamışdır, oxuya bilmir, ona polis və ya prokurorluqda hədə-qorxu gələn olmamışdır, latınca yazıb-oxuya bilmir, müstəntiqə əsəbiləşdiyi üçün verdiyi sənədlərə qol çəkmişdir, Azər onu təpiklə vurmuş, yıxıldıqdan sonra bıçaqla vurmuşdur, Taleh içəri girəndə Azər ona yaxın olmuşdur, Taleh içəri girəndə Azəri vurmuş, Azər də ağacla Talehin əlindən vurub qaçmışdır, polisə hadisəni olduğu kimi danışmışdır, yolda olarkən Talehə pulunun yerində olduğunu demişdir, Azərin ondan pul istədiyini deməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 330-cu maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ... O,geri çevrilib qapıya tərəf bir addım atmışdır ki, həmin oğlan onun qarşısını kəsmiş və cibindən bir bıçaq çıxardıb, ona "tez ol cibində olan pulları çıxart mənə ver, yoxsa səni bıçaqla vuraram" bildirmişdir. O da qorxmuş və həmin oğlana yalvararaq "cibimdə olan pulları sənə verə bilmərəm, baban yaşında kişiyəm,məni vurma" bildirmişdir. Amma həmin oğlan qışqıraraq, ondan pullarını tələb etmişdir. O da pullarını vemədiyinə görə həmin oğlan bıçaqla onun sol qolundan vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxtı dəmirdən olan çəliyi və papağı yerə düşmüşdür. Həmin oğlan ona tərəf əyilərək sol dizindən də bıçaqla vuraraq "sənə deyirəm, pullarını çaxart mənə ver" bildirmişdir. O da həmin vaxtı qışqıraraq Talehi köməyə çağırmışdır. Taleh həyətə daxil olan kimi həmin oğlan həyətdən qaçıb harasa getmişdir. Həmin oğlan ona bıçaqla xəsarət yetirsə də, o, cibində olan 1600 manat pulu ona verməmişdir. İfadələr arasındakı ziddiyyətin səbəbi araşdırılarkən zərərçəkmiş şəxs müstəntiqin verdiyi sənədləri oxumadan, müstəntiqə əsəbiləşdiyi üçün imzalaması ilə əsaslandırmışdır. İş üzrə Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Xubəli xalasının əridir. Taksi sürücüsü olduğundan hadisə günü Xubəli ona zəng edib çağırmış, Azər və Xubəlini Azərin evinə aparmışdır. Onlar həyətə girdikdən sonra səs eşitmiş və həyətə girmişdir. Həyətə daxil olarkən Xubəlini yerdə uzanmış vəziyyətdə görmüşdür, bu zaman Azər ona çomaqla vurmuş, sonra qaçmışdır. Azərlə Xubəli yolda pul dəyişmək barədə danışmışdır, həyətə girdikdən təxminən 2 dəqiqə sonra səs-küy eşitmişdir, Xubəlinin “öldürdülər məni” dediyini eşitdikdən sonra həyətə daxil olmuşdur, Xubəlinin qolunda, ayağında xəsarət olmuşdur, girdikləri həyətdə yaşayış olub-olmadığını bilməmişdir, Azər maşında normal davranmışdır, Xubəli ona Azərin onu vurma səbəbi olaraq pulunu götürmək istədiyini bildirmişdir, o, həyətə girəndə Azər Xubəlinin üstündə olmamışdır, Xubəli yerdə uzanıqlı vəziyyətdə olmuşdur, Azərin Xubəlidən pul istədiyini eşitməmişdir, Xubəlini maşına qoyub evinə aparmışdır, yolda olarkən Xubəli ona Azərin ondan pul tələb etdiyi demişdir, pulu götürüb-götürmədiyini soruşmuş, o da cavabında “pul yerindədir” demişdir, onlar maşında gedəndə pul dəyişmək barədə danışmışlar, Azər yəqin ki, onun Xubəlinin qohumu olduğunu bilməmişdir, Xubəlini oğluna təhvil verərkən pul dəyişməyə getdiyini, orada bıçaqlandığını demişdir, ifadəsini oxumadan qol çəkmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ...Xubəli ona "sən maşında gözlə, rus pulunu dəyişib gəlirəm" bildirmişdir.O, maşında qalmış, Azər və Xubəli isə maşından düşüb həmin evin həyətinə daxil olmuşlar. Təxminən 1-2 dəqiqədən sonra Xubəlinin qışqıraraq "Taleh mənə kömək elə" dediyini eşitmiş və dərhal maşından düşüb həyətə daxil olmuşdur. Həmin vaxtı Xubəlinin həyətdə yerə yıxıldığını, Azərin isə Xubəliyə tərəf əyilərək "tez ol cibində olan pulları mənə ver" dediyini görmüşdür. O, tez qışqıraraq Azərə "sən nə edirsən" bildirmişdir. Azər onu görən kimi həyətdən qaçıb getmişdir. O, tez Xubəlini yerdən qaldırmış və həyətdən çıxardıb maşına əyləşdirmişdir. Sonra isə Xubəlinin həyətdə qalan dəmir çəliyini və papağını yerdən götürüb maşına qoymuşdur. O, maşını Lənkəran şəhər istiqamətində idarə etməyə başlamışdır. Yolda Xubəli ona, həmin oğlanın onun üstünə bıçaq çıxardıb, onu qorxuzaraq cibində olan pullarını ondan istədiyini və o, pullarını həmin oğlana vermədikdə, həmin oğlan bıçaqla onun sol qolundan vurub onu yerə yıxdığını,həmin oğlan yenə də ondan pullarını istədiyini, amma, o, pullarını vermədikdə, həmin oğlanın bıçaqla onun sol dizindən də vurduğunu bildirmişdir. O, Xubəlini yaşadığı evə gətirmiş və Xubəlinin oğlu Nizami baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra isə X7 Yardıma zəng etmiş və həkimlər təcili tibbi yardım maşını ilə gəlib Xubəlini xəstəxanaya aparmışlar. O, Lənkəran polis şöbəsinə gəlmiş və polis işçiləri ilə birlikdə hadisə yerinə getmişdir.O, hadisə yerini polis işçilərinə göstərdikdən sonra,polis işçisi hadisə yerinə baxış keçirmiş və bu barədə protokol tərtib etmişdir.O da həmin protokola imza etmişdir.Hadisə zamanı evin həyətində Xubəli və Azərdən başqa heç kim olmamışdır.O isə Xubəli qışqıraraq onu çağırdıqdan sonra həyətə daxil olmuşdur. (İ cild i.v:. 113-115,233-235, 217-220). İş üzrə Şahid4 ifadəsində göstəmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Xubəli atasıdır. Hadisə günü maşınıyla gedərkən bacısı ona zəng edərək atasının bıçaqlandığını demiş, bundan sonra evə gedib 102 xidmətinə bu barədə məlumat vermişdir. Atasını nəvəsi yaşda adamın niyə vurduğunu dəqiq bilmir, maddi səbəb olduğunu zənn edir, atasının Azəri təhqir etməsi barədə məlumatı yoxdur, cinayət hadisəsi barədə ərizəni atasının sözləri ilə o yazmışdır, müstəntiq ona istiqamət verməmişdir, ərizə bıçaqlanma ilə bağlı olmuşdur, atası ona Azər adında şəxsin onu həyətində bıçaqladığını demişdir, lakin, iş materiallarında olan ərizə onun xətti ilə yazılmış ərizə deyil. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ....O, nə baş verdiyini atası Xubəlidən soruşmuşdur. Xubəli də ona, təxminən 1-2 saat bundan əvvəl bazarın qarşısında adını bilmədiyi bir cavan oğlanın ona yaxınlaşaraq, nənəsinin evdə 200.000 rus rublunun olduğunu, dəyişmək istədiyini bildirib,rus rublunu dəyişmək üçün onunla birlikdə Cil kəndinə getməyini təklif etdiyini, o da həmin oğlanla razılaşaraq birlikdə Talehin maşını ilə Cil kəndinə getdiyini,Taleh maşında qaldığını, o isə həmin oğlanla birlikdə bir evin həyətinə daxil olduğunu, həmin oğlan dərhal cibindən bıçağı çıxardıb, ona "tez ol cibində olan pulları mənə ver" dediyini, o da cibində olan 1600 manat pulu ona vermədiyi üçün həmin oğlanın bıçaqla onun sol qolundan vurub yerə yıxdığını,sonra isə bıçaqla dizindən vurub yenə də ona "sənə demirəm pullarını mənə ver" dediyini, o da pullarını ona verməyərək qışqırıb Talehi köməyə çağırdığını, Taleh həyətə daxil olan kimi həmin oğlanın həyətdən qaçıb getdiyini,Taleh maşını ilə onu evlərinə gətirib qoyduğunu,sonra isə evdən çıxıb getdiyini bildirmişdir. ( İ cild səh.№ 122- 124). Sorğu zamanı Şahid4 ifadələr arasındakı ziddiyyətin səbəbini əsaslandıra bilməmiş, məhkəmədəki ifadəsini təsdiq etmişdir. İş üzrə Şahid2 ifadəsində göstəmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki,11 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqlanması barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşmaqları bildirilmiş, Şahid3 ilə birlikdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşmışlar. Orada müəyyən olunmuşdur ki, həmin şəxsi Lənkəran Rayon Cil kənd sakini Təqsirləndirilən şəxs bıçaqlamışdır. Daha sonra, həmin şəxsin polis nəfəri Həmzə Cavadov tərəfindən saxlanılmasını bilmişlər, həmin yerə yaxınlaşıb Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar, Azəri saxlamamışdan əvvəl Xubəli ilə danışmışlar, o, Azər adlı şəxsin onda olan pulu ələ keçirmək üçün bıçaqla vurduğunu bildirmişdir, Azər isə onlara pula ehtiyacı olduğu üçün etdiyini bildirmişdir, Azərə qarşı zor tətbiq etməmişlər, Azər polis şöbəsinə aparılarkən özünü normal aparmışdır, əlinin niyə qanadığını soruşmuş, o da rezakla kəsdiyini bildirmişdir. İş üzrə Şahid3 Baladdin oğlu Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Azərdən hadisə barədə soruşduqda onlara pula ehtiyacı olduğu üçün etdiyini bildirmişdir, Xubəlinin pula görə bıçaqlandığından əmindir, çünki, zərərçəkmiş şəxsdən soruşduqda özü demişdir, Xubəli, konkret olaraq Azərin ondan pul tələb etdiyini ona qədər onunla görüşən digər polis əməkdaşlarına da bildirmişdir, Azərdən əvvəl zərərçəkmiş şəxslə görüşmüşlər, hadisə barədə ilk zərərçəkmiş şəxsdən eşitmişlər, belə ki, o, həyətin girişində Azərin onun üzərinə cumduğunu, pul istədiyini demişdir, Azər özü isə ona pula ehtiyacının olduğunu, pul almağa apardığını, vermədiyi üçün bıçaqladığını bildirmiş, əlini niyə kəsdiyini deməmişdir. İş üzrə əlavə Şahid5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxs ifadə verən vaxt ondan ərizəni kimin yazdığını soruşmuş, o bildirmişdir ki, özü xəstəxanada yazmış, polis əməkdaşlarına təqdim etmişdir. O, həmin vaxt hadisə yerində olmuş, ərizəni dəftərxanadan götürmüşdür. Ərizənin dəyişdirilməsi mümkün deyil, ərizəni dəftərxanadan qəbul etmişdir. Ola bilər ki, ərizəni zərərçəkmişdən polis əməkdaşları almış və onun dediklərini qeyd etmişlər. Zərərçəkmiş şəxs ifadəsində də, üzləşdirmə zamanı da həmin ərizədə göstərilən xüsusatları qeyd etmişdir İbtidai istintaq dövründə həmin ərizənin kimə aid olub-olmamasını mübahisələndirən olmamışdır. Ərizəni dəftərxanadan götürəndə onun məzmunu ilə tanış olmuş, hazırkı ərizə ilə eyniməzmunlu olmuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri), həmçinin digər şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 11 fevral 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da ARCM-in 182.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 13,27-28) - 13 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qeyd olunan tarixdə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmaqla, Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay həbs qətimkan tədbiri seçilmişdir. ( C-İ, i.v. 78-79,96-100) - 01 iyun 2024-cü il tarixli qərarla iş üzrə cinayət əməli Azərbaycan Respublikası CMnin 182.2.3-cü maddəsindən həmin Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə tövsif edilmiş və 01 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, o, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. ( C-İ, i.v.62-64,66-67) - Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi eksperti Şərif Hüseynovun 15 fevral 2024-cü il tarixli, 128 nömrəli rəyindən görünür ki, Vət.Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (İ cild səh.№ 101-102 ) - Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi eksperti Şərif Hüseynovun 14 fevral 2024-cü il tarixli, 123 nömrəli rəyindən görünür ki; 1- 2.Vət.Zərərçəkmiş şəxs bədəni üzərində-sol diz qapağı,sol bazu nahiyyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, yetirilmə müddəti qərarda göstərilən tarixə-xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. ( İ cild səh.№ 186-188 ) - Lənkəran şəhər Psixiatriya xəstəxanasının 28 fevral 2024-cü il tarixli, 367 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. ( İ cild səh.№ 120 ) - Məhkəmə ambulator-psixiatrik ekspertizasının 01 aprel 2024-cü il tarixli, 837 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. ( İ cild səh.№ 192-195 ) - «Sübutların qiymətləndirilməsi haqqında» 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 1 ədəd qara rəngli, açıq vəziyyətdə ümumi uzunluğu 160 mm, tiyəsinin uzunluğu 68 mm, orta hissədən eni 19 mm, maksimal qalınlığı 1.2 mm və dəstəyinin uzunluğu 92 mm, orta hissədən eni 25 mm, qalınlığı 08 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bışağı maddi sübut hesab edilmiş və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. ( C-İİ. i.v. 101) - Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasına dair 5 mart 2025-ci il tarixli AR ƏN MEM tərəfindən verilmiş müvafiq ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 4-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli ərizənin 1-ci səhifəsində imza qrafasındakı imzalar Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Həmin ərizənin 2-ci səhifəsində olan “Zərərçəkmiş şəxs” yazıları önündəki imzanın Zərərçəkmiş şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. - Əlavə məhkəmə xətşünaslıq ekspertizasına dair 07 avqust 2025-ci il tarixli müvafiq rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 4cü vərəqəsində Zərərçəkmiş şəxs adından olan xx.xx.2024-cü il tarixli ərizənin üz və arxa tərəflərindəki əlyazmalar- Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. - Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı sol biləyin, sol saidin ön səthinin yuxarı 1,3-də 9 ədəd 3-4 sm ölçüdə, sağ əlin İİ barmağının arxa səthində 3 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaraları müşahidə edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Müdafiə tərəfinin dəlilləri: təqsirləndirilən şəxs psixi pozuntusu ilə bağlı evdən çıxıb getmişdir, üzərində pulu olmadığından evə qayıtmaq üçün bazarda əvvəllər tanıdığı xarici valyuta dəyişməsi ilə məşğul olan Xubəli kişiyə yaxınlaşıb onun guya nənəsinin rus rublu dəyişmək istədiyini, lakin, səhhəti ilə əlaqədar gələ bilmədiyini demiş, onunla Lənkəran rayonu, Cil kəndinə getməsini xahiş etmişdir, evə çatanda taksi pulunu qaytarmaq niyəti olmuş, lakin, zərərçəkmiş şəxs qapıdan girən kimi aldadıldığını başa düşmüş, onu təhqir etmiş, o da əsəbiləşib zərərçəkmişi itələmiş, zərərçəkmiş onu çomaqla, o da zərərçəkmiş şəxsi bıçaqla vurmuş, onu bıçaqla vurmaq səbəbi pulunu əldə etmək olmamış, aralarındakı münaqişə olmuşdur, zərərçəkmiş şəxsə basqın etməmişdir, polislər onu saxlayan kimi döymüşlər, müstəntiq etirafedici ifadələrə ona zorla qol çəkdirmişdir, istintaqda təzyiq altında olmuşdur, zərərçəkmiş şəxs istintaqda da ondan pul tələb edildiyini deməmiş, müstəntiq zərərçəkmiş şəxsi aldatmışdır. Müdafiə tərəfinin bildirdiyi və məhkəmə istintaqında araşdırılmış hər bir dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından, mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla, Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də müdafiəçisi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs evdə olduğu zaman pula ehtiyacı olduğu üçün bazara getdiyini və bazarda puldəyişən Zərərçəkmiş şəxs, kənddə yaşayan nənəsinin rus rublları olduğunu, onları manata dəyişmək və buna görə kəndə getmək lazım olduğunu bildirdiyini və Zərərçəkmiş şəxs tanışının avtomobilində yaşadığı Lənkəran rayonunun Cil kəndinə getdiklərini, yaşadığı evin həyətinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs aldadıldığını başa düşüb geri qayıtmaq istəyən zaman, o, cibindən bıçağı çıxardıb Zərərçəkmiş şəxs cibində olan pulları tələb edərək, ona bıçaqla xəsarətlər yetirdiyini, polislər tərəfindən ona fiziki və psixi zorakılıq göstərilmədiyini, nə səbəbdən belə hərəkət etdiyini bilmədiyini, psixi xəstəlik keçirmədiyini və ittihama aid olmayan digər halları bildirmişdir. (Cild İ, 96-100) Məhkumun tibbi kitabçasında qeyd edilən təqsirləndirilən şəxsin sol əl və sol saidində sağ əlində olan xəsarətlərlə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əlindəki xəsarətləri özü-özünə rezakla yetirdiyini, rezakı Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra həyətdən götürdüyünü bildirmiş, bu barədə detallı təsvir vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin niyətinin zərərçəkmiş şəxsin əmlakını talamaq olmaması, ona xəsarət yetirməyə səbəbin aralarında yaranmış anlaşmazlıq olması, taksi pulu olmadığı üçün onu aldadıb evə gətirməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıdakılara əsasən qeyri-inandırıcı və özünümüdafiə xarakterli olmaqla, həqiqətə uyğun deyildir. Əvvəla qeyd edilməlidir ki, müdafiə tərəfi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin psixi problemlərinin olduğunu, arabir psixi pozuntusu baş qaldırdıqda evdən qaçdığını, hadisə zamanı anlaqsız olduğunu qeyd etsə də, işdə olan ambulator-psixiatrik ekspertizasının rəyindən görünür ki, onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət hadisəsini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, anlaqlı hesab edilir. Həmçinin, Lənkəran şəhər Psixiatriya xəstəxanasının müvafiq tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Bundan başqa, müdafiə tərəfi irəli sürdüyü, yuxarıda qeyd edilən dəlillə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bununla yanaşı, ambulator məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyinin tədqiqi hissəsində qeyd olunmuşdur ki, müayinə zamanı hər hansı psixopatoloji simptomatika aşkar olunmur. Ona ittiham olunan əməl barədə soruşduqda aşağıdakıları qeyd edir : “Mənə borcu vardı, qorxudaraq borcunu qaytarmağını istəmişəm. Mən onun pulunu götürməmişəm.” (İ cild, i.v. 194) Məhkəmə iclasında təqsirləndirilən şəxsdən bu barədə soruşulduqda zərərçəkmiş şəxsin ona borcunun olmadığını bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən sübutların təhlilindən görünür ki, təqsirləndirilən şəxsin heç bir psixi xəstəliyi müvafiq ekspert tərəfindən müəyyən olunmamış, əksinə, əməlini ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə fərqli qaydada əsaslandırmışdır. (Hakimə həmin zaman anlaqsız olduğunu, ekspertə isə zərərçəkmiş şəxsin ona borcu olduğu üçün əməli törətdiyini bildirmişdir) Məhkəmə tərkibi bu halı təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmağa hesablanmış niyəti kimi qiymətləndirir. Həmçinin, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs Lənkəran şəhərində yerləşən bazar adlanan ərazidə pul dəyişmək fəaliyyəti ilə məşğuldur və bu təqsirləndirilən şəxsə əvvəlcədən məlum olmuşdur, (təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin nənəsi ilə Zərərçəkmiş şəxs həcc ziyarətində bir yerdə olmuşlar, təqsirləndirilən şəxs əvvəllər zərərçəkmiş şəxslə pul dəyişmə əməliyyatı etmişdir) həmçinin, zərərçəkmiş şəxs hadisə baş verən zaman 86 yaşında olmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, o, əvvəllər də taksi fəaliyyətindən istifadə etmiş, həmişə taksi pulunu öncədən yox, ünvana çatanda ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şəxsin pulu olmadığı üçün evə getmək məqsədilə qoca və köməksiz şəxsi tamamilə aidiyyəti olmayan səbəbdən aldadıb şəhər mərkəzindən kəndə aparmağın ağlabatan heç bir məntiqi izahı yoxdur. Həm işdə olan müvafiq sənədlərdən, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin davranışlarından görünür ki, o, kifayət qədər öz hərəkətlərinin mahiyyətini dərk edə bilən şəxsdir. Əgər təqsirləndirilən şəxsin niyəti sadəcə evə getmək olmuşdursa, istənilən taksiyə yaxınlaşdıqda üzərində pul olmasa da əyləşib taksiyə evə getməsi mümkün idi. Həmçinin, təqsirləndirilən şəxsin ifadəsindən də görünür ki, o, evə çatanda evdə olan nənəsindən pul alıb taksiyə verəcəkdi. Deməli, nənəsi də evdə olduğu halda təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsində bildirdiyi kimi, 4 taksiyə yaxınlaşıb 3-nün pulu olmadığı üçün apara bilməyəciyini bildirməsi inandırıcı qəbul edilə bilməz. Bundan əlavə, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müdafiəçisinin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra yol maşınına minib şəhərə getmişdir. Belə olan halda, görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi bıçaqladıqdan sonra dərhal taksiyə minə bilmişdirsə, onun üzərində pul olmaması, taksi pulu olmadığı üçün belə yola əl atmasına dair dəlilləri məhkəmə tərkibinin qənaətincə, inandırıcı deyildir. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs dindirmə protokoluna əlavə olunmuş 1 (bir) ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə bildirir ki, qabaqcadan qərara aldığı kimi, 11 fevral 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs rus rublunu Azərbaycan manatına dəyişmək adı ilə aldadaraq Lənkəran şəhərindən sonuncunun qohumu Şahid1 idarə etdiyi KİA-RİO markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonunun Cil kəndi ərazisində yerləşən yaşadığı evin həyət qapısının qarşısına gətirmiş və Zərərçəkmiş şəxslə birlikdə avtomobildən yerə düşüb evin həyətinə daxil olduqdan sonra cibindən bıçağını çıxardaraq, həmin bıçaqla Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan pullarını tələb etmiş və Zərərçəkmiş şəxs pullarını ona vermədikdə bıçaqla Zərərçəkmiş şəxs sol qolundan və sol dizindən vurmuş, Zərərçəkmiş şəxs qohumu Şahid1 səs-küyü eşidib həyətə daxil olduqdan sonra bıçağı bağa ataraq, çəpərdən tullanıb qaçmışdır. (Cild İ, 88- 90) Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İşin yuxarıda təhlil olunan faktiki hallarından və müvafiq sübutların təhlilindən görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründəki etirafedici ifadəsi iş üzrə digər sübutlarla təsdiq olunur, onun məhkəmədəki ifadəsi isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini qeyri-inandırıcı, özünümüdafiə xarakterli və qeyri-mötəbər hesab edərək, ibtidai istintaq dövründəki ifadəsini mötəbər sübut kimi qəbul edir. Bundan əlavə, zərərçəkmiş şəxsin ifadələrinə hüquqi qiymət verərkən məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, sonuncunun qohumu olan taksi sürücüsü, hadisənin şahidi Şahid1, həmçinin, polis əməkdaşları olan şahidlər həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ondan pul tələb etdiyini onlara dediyini ayrı-ayrılıqda bildirmişlər. Həmçinin, məhkəmə tərkibi ifadələr arasındakı ziddiyyətin səbəbi araşdırarkən müstəntiqə əsəbiləşdiyi üçün onun verdiyi sənədlərə qol çəkməsinə dair bildirdiklərini ağlabatan hesab etmir. Belə olan halda, məhkəmə tərkibi zərərçəkmiş şəxsin məhkəmə istintaqındakı ifadəsini təqsirləndirilən şəxslə barışdıqdan sonra onun vəziyyətini yüngülləşdirməyə yönəlmiş hərəkət kimi qəbul edərək, həmçinin, digər şahidlərin ifadələri və iş materialları ilə uzlaşmadığından, qeyrisəmimi, qeyri-mötəbər hesab edərək məhkəmədəki ifadəsini sübut kimi qəbul etmir, ibtidai istintaqdakı ifadəsini ittihamın təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla birlikdə sübut kimi nəzərə alır. Həmçinin, məhkəmə tərkibi iş materiallarında olan cinayət hadisəsi barədə ərizənin zərərçəkmiş şəxs və şahid Nizami Quliyevin bildirməsinə əsasən sonuncu tərəfindən yazıldığı halda, müvafiq ekspert rəyinə əsasən xəttin ona məxsus olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin ekspert rəyi özü-özlüyündə təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət etmir. Belə ki, həmin ərizədən də görünür ki, ərizə polis şöbəsinin dəftərxanası vasitəsilə daxil olmuş, ərizədə qeyd olunan xüsusatlar məhkəmə istintaqı dövründə əldə edilmiş sübutlarla təsdiq olunmuşdur. Bundan əlavə, məhkəmə tərkibi təqsirləndirilən şəxsin ibtidai istintaqdakı üzləşdirmə protokollarını imzalamaması, həmin protokollara müdafiəçinin qeydləri ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin qeydlərin mövcudluğu da təqsirləndirilən şəxsə istinad edilmiş ittihamda təqsirini istisna etmir. Belə ki, əvvəla, həmin qeydlər həqiqəti əks etdirmiş olsa belə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdıqdan sonra onun xeyrinə ifadə verməsi istisna deyil. Lakin, nəzərə almaq lazımdır ki, müdafiəçi tərəfindən Şahid1la təqsirləndirilən şəxsin üzləşdirmə protokoluna da qeyd edilmiş, lakin, Şahid1 protokola öz xətti ilə “ifadəmi oxudum, öz sözlərimlə doğru yazılıb, başqa əlavəm yoxdur və doğruluğunu imzamla təsdiq edirəm” qeydini yazaraq müvafiq üzləşdirmə protokoluna imza etmiş, məhkəmə istintaqı zamanı da hadisədən dərhal sonra zərərçəkmiş şəxsin ona təqsirləndirilən şəxsin ondan pulunu tələb etdiyini dediyini bildirmişdir. Göründüyü kimi, Şahid1 məhkəmə istintaqı zamanı ibtidai istintaqdakı ifadələrinə uyğun məzmunda ifadə vermişdir. Bu səbəbdən, həmin üzləşdirmə protokolları (müdafiəçinin qeydləri istisna olmaqla) da sübut kimi qəbul olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın qiymətləndirilməsi zamanı aşağıda qeyd edilən hüquq normalarını nəzərə alır: “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmədə tədqiq edilmiş təkzibedilməz sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1938-ci il təvəllüdlü, özgənin, yəni, aşkar qoca və köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs pulunu talamaq məqsədlə pul dəyişmək bəhanəsiylə onu aldadıb yaşadığı Cil kəndinə aparmış, yaşadığı ünvana çatıb darvazadan içəri girən kimi onun qarşısını kəsib pulunu tələb etmiş, zərərçəkmiş şəxsin aktiv müqaviməti qarşısında pulunu talamaq məqsədilə ona bıçaqla xəsarət yetirməsinə baxmayaraq, həmçinin, zərərçəkmiş şəxsin qohumu olan şahidin müdaxiləsi ilə pulunu ələ keçirə bilməmiş və taksiyə minib hadisə yerindən uzaqlaşmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə haqqında protokollar, maddi sübut, digər istintaq hərəkətlərinin protokolları və ona əlavə edilmiş DVD disk ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğu olmamışdır.( C-İ, i.v 116-117) - Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şağlaser kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsilli, subaydır, nənəsi X3 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.( C-İ, i.v. 118) Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxlsə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cinayəti qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsi CM-in 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, təyin ediləcək cəza cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 315 (üç yüz on beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 315 (üç yüz on beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan - təqsirləndirilən şəxsin hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 1 ədəd qara rəngli, açıq vəziyyətdə ümumi uzunluğu 160 mm, tiyəsinin uzunluğu 68 mm, orta hissədən eni 19 mm, maksimal qalınlığı 1.2 mm və dəstəyinin uzunluğu 92 mm, orta hissədən eni 25 mm, qalınlığı 08 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əlavə olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan - təqsirləndirilən şəxsin hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 1 ədəd qara rəngli, açıq vəziyyətdə ümumi uzunluğu 160 mm, tiyəsinin uzunluğu 68 mm, orta hissədən eni 19 mm, maksimal qalınlığı 1.2 mm və dəstəyinin uzunluğu 92 mm, orta hissədən eni 25 mm, qalınlığı 08 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əlavə olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi - 315 (üç yüz on beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar