Məhkəmə qərarları › İş №1(099)-491/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-491/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-491/2022 08.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə,

1. xx xxxxxx 1982-ci ildə İran İslam Respublikasının Xumarlı rayonunda doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Xumarlı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsiəndə həbs qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə;

2. xx xxxxx 1995-ci ildə İran İslam Respublikasının Xumarlı rayonunda doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Xumarlı rayonu, Qaraca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏNETDİ:

İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onlar 05 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasında külli miqdarda- 495 qram narkotik vasitə tiryəki, külli miqdarda-9680 qram qurudulmuş marixuananı, 500 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 20 qram olan metadonu, külli miqdarda-100 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, 06 yanvar 2022-ci il tarixdə saat 01 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə həmin maddələri özləri ilə daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Cəbrayıl rayonu ərazisində yerləşən 13-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və qeyd olunan külli miqdarda müxtəlif növ narkotik vasitələr və külli miqdarda psixotrop maddə onlarda aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə İran İslam Respublikasının Xumarlı rayonunda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18:00-da Xumarlı rayonu Şərəfə kəndində yerləşən qardaşına məxsus evdə Siyamək Mustafai, Quləli və Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Orada Quləli onu Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Söhbət zamanı Quləli ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitəni qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdəcək və bunun müqabilində onlara geri dönəndən sonra 25000000 (iyirmi beş milyon) tümən iran pulu vəd etmişdir. Onlar bu təkliflə razılaşmışlar. xx.xx.2022-ci ildə saat 19:00-da Güngörməz kəndi ilə Qaraca kəndinin yaxınlığında narkotik vasitələr olan torbaları Quləli Siyaməkə məxsus avtomaşınına yerləşdirmiş, Siyamək narkotik vasitələr olan avtomaşınla onu və Təqsirləndirilən şəxs2 Araz çayının kənarına gətirmişdir. Daha sonra onlar həmin narkotik vasitələr olan torbaları şin kamerinin üzərinə qoyub Araz çayını qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmişlər. Quləli “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə onlara zəng edib bildirmişdir ki, narkotik vasitəni yolun kənarına qoysunlar, oradan ”Vaz 2107” markalı, ağ rəngli avtomaşın yaxınlaşıb götürəcək. Onlar əraziyə tanımadıqları avtomaşının gəldiyini görərək o, istiqamətə doğru hərəkət edərkən uca səslə «Dayan» qışqırıq səsi eşitmişlər və bu zaman onları Azərbaycan Respublikası ərazisində sərhədçilər üzərlərində narkotik vasitələr olan torbalar ilə birlikdə saxlamışlar. Oradan hərbi hissəyə aparılmışlar. Onlarda olan narkotik vasitələr götürülmüşdür. Əməlindən peşimandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə İran İslam Respublikasının Xumarlı rayonunda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21:00-da həmkəndlisi Siyamək Mustafai ona zəng edərək bildirdimişdir ki, sonuncunun tanışı olan Quləli adlı şəxsdə narkotik vasitələr olan torbalar vardır, həmin narkotik vasitələr olan torbaları İran İslam Respublikasından Azərbaycan Respublikasına Araz çayından keçməklə qanunsuz yolla aparmaq lazımdır. xx.xx.2022-ci il tarixdə 18:00-da Siyamək Mustafai ilə birlikdə Xumarlı rayonu, Şərəfə kəndində yerləşən Təqsirləndirilən şəxs1n yaşadığı ünvana getmiş, İran İslam Respublikası vətəndaşı Qulubəyli kəndində yaşayan Quləli də orada olmuşdur. Söhbət zamanı Quləli ona bildirmişdir ki, Çapar Aşiq ilə birlikdə narkotik vasitəni qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirəcək və bunun müqabilində onlara geri dönəndən sonra 25000000 (iyirmi beş milyon) tümən iran pulu vəd etmişdir. xx.xx.2022-ci ildə 19:00-da Güngörməz kəndi ilə Qaraca kəndinin yaxınlığında narkotik vasitələr olan torbaları Quləli adlı şəxs gətirərək Siyaməkin avtomaşınına yerləşdirdi. Siyamək narkotik vasitələr olan avtomaşınla Təqsirləndirilən şəxs1 və onu Araz çayının kənarına gətirmişdir. Daha sonra onlar həmin narkotik vasitələr olan torbaları şin kamerinin üzərinə qoyub Araz çayını qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmişlər. Quləli “Whatsap” ani mesajlaşma mobil tətbiqi vasitəsilə onlara zəng edərək bildirmişdir ki, narkotik vasitəni yolun kənarına qoysunlar, oradan ”VAZ- 2107” markalı, ağ rəngli avtomaşın yaxınlaşıb götürəcək. Onlar əraziyə tanımadıqları avtomaşının gəldiyini görərək o, istiqamətə doğru hərəkət edərkən uca səslə «Dayan» qışqırıq səsi eşitmişlər və bu zaman onları Azərbaycan Respublikası ərazisində sərhədçilər üzərlərində narkotik vasitələr olan torbalar ilə birlikdə saxlamışlar. Onları hərbi hissəyə aparmışlar. Onların üzərlərində olan torbalara baxış keçirilərkən narkotik vasitələr aşkar olunaraq götürülmüş və onların iştirakları ilə bu barədə protokol tərtib olunmuşdur. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri onların öz ifadələrindən əlavə məhkəmədə şahid kimi dindirilmiş şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 21:00-dan xx.xx.2022-ci il tarixə saat 01:00-dək 13-cü sərhəd zastavasının 28-ci sahəsi istiqamətinə gizir Şahid2 ilə birlikdə «Pusqu» sərhəd naryadı xidmətinə təyin edilmişlər. Müvafiq əmr aldıqdan sonra 13-cü sərhəd zastavasının 28-ci sahəsi istiqamətində əlverişli mövqe seçərək maskalanaraq xidməti təşkil etmişlər. Xidmət zamanı xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində İran İslam Respublikası istiqamətindən Cəbrayıl rayonu Karxulu kəndi istiqamətinə doğru iki nəfər şəxsin hərəkət etdiyini müşahidə etmişlər. Həmin şəxslər orada olan kol bitkilərinin arasından iki ədəd torbaları keçirtmək istiyərkən o, onlara uca səslə «Dayan» çağrışını vermiş, həmin şəxslər torbaları yerə ataraq oradan uzaqlaşmaq istəyərkən onları saxlamışlar. Daha sonra qeyd olunan əraziyə hərbi qulluqçular gəlmiş və saxlanılan şəxsləri üzərlərində aşkar olunan, içərisində külli miqdarda narkotik vasitələr olan torba ilə birlikdə hərbi hissəyə aparmışlar. Şahid4 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə onu və Şahid4 13-cü sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Onların iştirakları ilə İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdikləri hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə keçdikləri yeri göstərmişlər. Baxış zamanı Araz çayının Azərbaycan Respublikası tərəf sahilində 2 müxtəlif şəxsə məxsus ayaq izləri aşkar edilmiş, saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ayaq izlərinin onlara məxsus olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən iki ədəd narıncı və göy rəngli torbalar aşkar olunmuş, həmin bağlamaya baxış keçirilən zaman narkotik vasitə olan marixuanaya, tiryəkə və psixotrop maddə olan metamfetaminə oxşar maddələr, üzərində “Metadon-40” yazılmış dərman preparatları aşkar olunaraq götürülmüşlər. Bundan sonra bütün bu hallar barədə müvafiq rəsmiləşdirmə işləri aparılmış və tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Cəbrayıl rayonu Karxulu kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 28-ci sahəsidir. Həmin istiqamətdə Araz çayının Azərbaycan Respublikası tərəf sahilində iki nəfər müxtəlif şəxslərə məxsus ayaq izləri aşkar olunmuşdur. Baxış zamanı İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən narıncı və göy rəngli olmaqla 2 (iki) ədəd torba aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli narkotik vasitəyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan narıncı və göy rəngli torbaya baxış keçirilən zaman içərisindən sıx yapışqan lentlə sarılmış bükümlər aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirilən zaman qırmızı qabda olan toz halında torpağa bənzər, narkotik vasitə olan marixuanaya oxşar maddə 10295 qram, narkotik vasitə olan tiryəkə oxşar maddə 505 qram, psixotrop vasitə olan metamfetaminə oxşar maddə 260 qram, dərman preparatlarına oxşar üzərində “Metadon-40” yazılmış dərman preparatlarının sayı 500 ədəd aşkar olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 7/12 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamalarda ümumi təmiz çəkisi 9680 qram olan maddə narkotik vasitə - qurudulmuş marixuandır. Materialların məhkəmə ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 6/58 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş bir ədəd bağlamada təmiz çəkisi 495 qram olan, tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 1 ədəd sellofan bağlamada təmiz halda çəkisi 100 qram olan, ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üzərilərində “M-40” göstəriciləri olan, ümumi sayı 500 ədəd həblər metadon həbləridirlər, təsiredici maddəsinin miqdarı 20 qram təşkil edir. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədindən hərəkətləri qeydə alınmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 575 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1da narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1180 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2da narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 685 saylı və xx.xx.2022-ci il tarixli, 2016 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmamışdır, törətmiş olduqları əməl barəsində anlaqlı hesab olunurlar. İş materiallarında olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər əvvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddəni əldə etmələri, saxlamaları və özləri ilə daşıyaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələridən kənarda qanunsuz olaraq keçməklə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxslərin hər ikisinə CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 494,95 qram narkotik vasitə tiryək, 495 ədəd metadon həbləri, 99,950 qram psixotrop maddə metamfetaminin, 9679,24 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 167 manat 52 qəpik təqsirləndirilən şəxslərin hər birindən 83 manat 76 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Döəvlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 494,95 qram narkotik vasitə tiryək, 495 ədəd metadon həbləri, 99,950 qram psixotrop maddə metamfetaminin və 9679,24 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 167 (yüz altmış yeddi) manat 52 (əlli iki) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 83 (səksən üç) manat 76 (yetmiş altı) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar