Məhkəmə qərarları › İş №1(099)-493/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-493/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-493/2022 02.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1979-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Masallı şəhəri, Digah küçəsi, ev 98-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində müvəqqəti yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar şəhəri Q.Həsənova küçəsində, «Balharı çayı» lövhəsinin yanında gizlədilmiş 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 293,748 qram, 223,353 qram, 267,062 qram, 303,827 qram olmaqla ümumilikdə külli miqdarda 1087,99 qram çəkidə narkotik vasitə tiryəki, bir ədəd bükümdə külli miqdarda 243,374 qram çəkidə narkotik vasitə heroini və bir ədəd bükümdə külli miqdarda, 167,538 qram çəkidə psixotrop maddə metamfetamini cinayətkar qrupun digər üzvünə çatdırmaq məqsədi ilə 14 aprel 2022-ci il tarixdə saat 22 radələrində həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr onun əlindəki bir ədəd sellofan torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Bir müddət əvvəl «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Mamed adlı şəxslə tanış olmuş, bir-birilərinə telefon nömrələrini verib danışmağa başlamışlar. Mamedlə telefonun vatsap proqramında əlaqə saxlayıb narkotik vasitə barəsində söhbət edib danışıqlar aparmışdır. Söhbət zamanı iranlı tanışı Mamedə narkotik vasitə istifadəçisi olduğunu demişdir. 13 aprel 2022-ci il tarixdə səhər saatlarında Mamedlə telefonunun vatsap proqramında danışan vaxtı Mamed ona təklif edib demişdir ki, ona içərisində narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin olan bağlama göndərəcək, həmin bağlamanı Biləsuvar rayonunda gömrük yolunda körpü var, ora qoyacaq, gəlib həmin bağlamanı oradan götürüb Bakı şəhərinə aparar, Bakı şəhərində olan zaman ona hara desə aparıb həmin narkotik vasitə və psixotrop maddələri ora qoyar, bunun da müqabilində ya pul, da ki, pulun əvəzində həmin bağlamanın içərisindən 50-60 qram psixotrop maddə metamfetamin götürər. Mamedin təklifi ilə razılaşmışdır. Razılaşandan sonra Mamed ona demişdir ki, ondan xəbər gözləsin. Bundan sonra Mameddən ona narkotik vasitə və psixotrop maddələr göndərəcəyi barədə xəbəri gözləməyə başlamışdır. 14 aprel 2022-ci il tarixdə günorta saatlarında iranlı tanışı Mamed telefonunun vatsap proqramına zəng vuraraq demişdir ki, Biləsuvar gömrük yolundakı körpünün yanında «Balharı çayı» sözü yazılan lövhə var, həmin lövhənin yanına bağlama qoyacaq, həmin bağlamanın içərisində narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin olacaq, gəlib həmin bağlamanı orada götürər. Bundan sonra Biləsuvar rayonuna gəlmək üçün Bakı şəhəri 20 yanvar metrosunun yanına gəlmiş və tanımadığı taksiyə əyləşib Biləsuvar rayonuna gəlmişdir. Biləsuvar rayonunda olan zaman Mamedə zəng vurub ona bu haqda telefonunun vatsap proqramında məlumat vermişdir. Həmin vaxtı artıq saat 21 radələrində Mamed onun telefonuna narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi həmin lövhənin şəklini çəkib göndərmişdir. O, da Azpetrol yanacaqdoldurma məntəqəsi tərəfdən piyada gedərək həmin lövhənin yanına çatmış və ətrafını axtarmağa başlamışdır. Bu vaxtı ağ rəngli sellofan torbanı taparaq götürmüş və oradan uzaqlaşmağa başlamış, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah edəndən sonra onu əlindəki sellofan torba ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Şöbədə axtarış aparılan zaman iranlının göndərdiyi torbanın içərisindən külli miqdarda heroin, tiryək və metamfetamin aşkar edilmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 14 aprel 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Q.Həsənova küçəsindən Biləsuvar şəhəri, H.Əliyev prospekti istiqamətində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Q.Həsənova küçəsində yerləşən «Balharı çayı» lövhəsinin yaxınlığında piyada hərəkətdə olarkən əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs gəlişlərinin səbəbini izah edib onu rayon polis şöbəsinə gətirmişlər. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əlində olan torbanın içərisindən külli miqdarda heroin və tiryək narkotik vasitələri, həmçinin mütamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri İran vətəndaşının göndərdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 15 aprel 2022-ci il tarixli 19/459 №-li ekspert rəyində göstərilmişdir, ki tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi:-243,374 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi:-167,538 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi:-293,748 qram, 223,353 qram, 267,062 qram, 303,827; ümumi təmiz çəkisi:- 1087,99 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir. (Siyahı İ) Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir. (Siyahı İ)Tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir. (Siyahı İ) Ekpertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitəsi 243,324 qram, tiryək narkotik vasitəsi 1087,79 qram və metamfetamin psixotrop maddəsi 167,488 qram. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2022ci il tarixli 485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi” barədə 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlindəki sellofan torbanın içərisindən 6 (altı) ədəd bükülü aşkar edilmişdir, həmin bükülülərin dördündə narkotik vasitə tiryək, birində heroin, digərində isə metamfetamin psixotrop maddələrinə bənzər kütlələr və bir ədəd «Samsung» markalı mobil telefon aşkar dilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 29 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 243,324 qram narkotik vasitə heroin, 167,488 qrampsixotrop maddə metamfetamin, 1087,79 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefona baxış keçirilməsi haqqında 07 may 2022-ci il tarixli protokolda qeyd edilmişdir ki, onun telefonunun «Whatsapp» proqramında İran İslam Respublikasının mobil operatoruna aid +98914 5313 464 nömrəsi «Mortezaataz» adı ilə, +**********19 nömrəsi isə «Mamed Azəri» adı ilə qeyd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin «Whatsapp» proqramında qeyd edilən İran mobil operatoruna adi nömrələr arasında çoxsaylı qarşılıqlı zənglər olunaraq danışıqlar aparılması, qarşılıqlı olaraq bir-birilərinə yazılı və səsli mesajlar göndərilməsi müəyyən edilmişdir. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 16 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 09 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 03 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuş və üzərindən məhkumluq götürülmüşdür. Məhkumluğu yoxdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Biləsuvar Rayon Polis Şöbəsinin 14 aprel 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli «sübutların saxlanılması haqqında» qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək igötürülmüş bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərarla cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan DİN-in şəxsiyyət vəsiqələrinənə dair portaldan çıxarışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxslununxx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı azyaşlı uşaqları vardır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, onun məhz narkotik vasitəni əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, lakin ona Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə düzgün ittiham verilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxs X2 əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 243,324 qram narkotik vasitə heroin, 167,488 qrampsixotrop maddə metamfetamin, 1087,79 qram narkotik vasitə tiryək məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 14 aprel 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 243,324 qram narkotik vasitə heroin, 167,488 qrampsixotrop maddə metamfetamin, 1087,79 qram narkotik vasitə tiryək məhv edilsin. - Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar