Məhkəmə qərarları › İş №1(099)-494/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-494/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-494/2023 19.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayədə yaşamış, barəsində 13 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 6024,967 qram narkotik vasitə heroini və külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2020 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla özündə saxlamış, 11 fevral 2023-cü ildə, saat 21:20 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Astara şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 9,967 qram narkotik vasitə heroin aşkar edilib götürülmüş, həmçinin həmin gün gecə saat 23:00-da əməliyyat-axtarış tədbiri davam etdirilərkən onun kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən evə keçirilən baxış zamanı evin yataq otağındakı çarpayının altından 1 ədəd göy rəngli torbanın içərisindəki 2 ədəd qara rəngli sellofan bağlamada, ayrı-ayrı çəkilərdə olmaqla ümumi təmiz çəkisi 6015 qram narkotik vasitə heroin və 01 ədəd qara rəngli bağlamada, təmiz çəkisi 2020 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il bundan əvvəl İran İslam Respublikasında olarkən Əfşin adlı şəxslə tanış olmuş, onlar biri-birinə mobil telefon nömrəsini vermiş, onlar bir-biri ilə whatsapp vasitəsilə əlaqə saxlamışlar. Tutulmazdan 10-15 gün əvvəl Əfşin ona whatsapp vasitəsilə zəng edərək onun istifadə etməsi üçün ona içərisində narkotik vasitələr olan bağlama göndərdiyini, həmin bağlamanı Astara-Bakı magistral yolunda üzü Bakı şəhəri istiqamətində yolun sağ tərəfində quraşdırılmış «14-cü km» yol nişanının altına qoydurduğunu demiş, o, gecə saat 01 radələrində tanımadığı taksi ilə onun dediyi yerə gedərək oradan içərisində narkotik vasitələr olan bağlamanı götürüb yaşadığı evə gətirib yataq otağındakı çarpayının altına qoymuş, heroinin az bir hissəsini istifadə etmək məqsədilə cibində daşımış, xx.xx.2023-cü ildə saat 21 radələrində yaşadığı edin yaxınlığında piyada gedərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı şalvarının cibində olan narkotik vasitəni çıxarıb polis əməkdaşına təqdim etmiş, sonra özünün və müdafiəçisini iştirakı ilə Astara şəhəri, S.Vurğun küçəsində yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı yataq otağındakı çarpayının altında saxladığı narkotik vasitələri polis əməkdaşına verərək həmin kütlələrin ona məxsus olduğunu demiş, sorğu-sual zamanı üzərindən və yaşadığı evindən aşkar olunan narkotik vasitələri Əfşin adlı İranı vətəndaşının göndərdiyini, onları öz istifadəsi üçün saxladığını bildirmiş, sonra keçirilən şəxsi axtarış və baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda himayəsində heç bir yerdə işləməyən arvadı və yaşlı anasının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Astara rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Astara şəhəri, S.Vurğun küçəsi, ev 38-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü ildə saat 21:20 radələrində yaşadığı Astara şəhəri, S.Vurğun küçəsi ilə piyada gedərkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb onlara təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, hazırda yaşadığı evdə də həmin narkotik vasitədən saxladığını bildirmişdir. Əməliyyat qrupunun üzvləri sonuncunun iştirakı ilə onun yaşadığı ünvana gedərək onun kirayə yaşadığı evə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağındakı çarpayının altından içərisində narkotik vasitə heroinə və qurudulmuş marixuanaya bənzər kütlələr olan 4 ədəd sellofan bağlama çıxarıb onlara etmiş, sorğu-sual zamanı həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmiş, həmin bağlamalar çəkilərək qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış və götürmə haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə heoinə oxşar kütlə olan 1 ədəd şəffaf sellofan büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evin yataq otağındakı çarpayının altından 1 ədəd göy rəngli torbanın içərisindəki 2 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi və bioloji ekspertizasının 12 fevral 2023-ü il tarixli 19/196 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 9,967 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Əliyev Mirzağa oğlunun yaşadığı ünvandan aşkarlanmış kütlələr” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 3010,0 qram və 3005,0 qram olmaqla ümumi təmiz çəkisi: - 6015,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Əliyev Mirzağa oğlunun yaşadığı evdən aşkar olunaraq götürülmüş kütlə” sözlər və imzalar olan bir ədəd bağlamadakı təmiz çəkisi: - 2020,0 qram olan bitki mənşəli kütlə tərkibinə narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş, ümumilikdə 3 ədəd olmaqla, ümumi təmiz çəkisi: - 6024,967 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə birbiriləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli, 183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 50 saylı rəyindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(018)- 36/2023 nömrəli qərarından görünür ki, Astara rayon polis şöbəsinin rəis müavini, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Astara RPŞ-nin 05 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının əvvəllərində ünvan 7 ünvanında yaşayan Şahid4 və hələlik adları konkret müəyyən olunmamış şəxslərə maddi maraq qarşılığında narkotk vasitə heroin satmışdır. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi - 6024,817 qram narkotik vasitə heroin, qalıq çəkisi - 2019,95 qram narkotik vasitə qurudulmuş marixuana Astara rayon polis şöbəsində saxlanılır, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitələri bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr heroin və qurudulmuş marixuana miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 11 fevral 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Astara rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 11 fevral 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X3 rayon məhkəməsinin 13 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə, yenə həmin rayon məhkəməsinin 14 mart 2014-cü il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14 iyun 208-ci ildə cəzasının sonu azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri, Səməd Vurğun küçəsi, ev 38 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayədə yaşamış və yaşayış yerindən kafi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində qeyri-rəsmi nigahda olduğu arvadı və yaşlı anasının olmasını eləcə də məhkəməyədək icraat zamanı və məhkəmədə təqsirini səmimi etiraf etməsini CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 6024,817 qram narkotik vasitə heroin və qalıq çəkisi-2019,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 11 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 6024,817 qram narkotik vasitə heroin və qalıq çəkisi - 2019,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdəki videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar