Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-496/2025 25.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, işsiz, evli, məhkum olunmamış, İmişli şəhəri G.Şıxlinski küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının ortalarında yaşadığı İmişli şəhəri, G.Şıxlinski küçəsi ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 16 (on altı) ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kulitvasiya etmiş, 28 iyul 2025-ci il tarixdə, saat 15:38-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İmişli şəhəri, G.Şıxlinski küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 16 (on altı) ədəd, yəni külli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 7,80 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə qismən özünü təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir və onda narkotik vasitənin toxumları olmuşdur. Aprel ayının sonu may ayının əvvəli içkili olduğu bir gün evinə qayıdarkən həmin narkotik vasitənin toxumlarını evinin həyətyanı sahəsinə əkmişdir. Ancaq onu sulamamış və qulluq etməmişdir. Bundan 2-3 ay sonra narkotik vasitələrin böyüdüyünü görmüşdür, onların sayısının nə qədər olduğunu bilməmişdir. Narkotik vasitənin yetişdiyini gördükdən təxmini bir həftə-on gün sonra polis əməkdaşları gəlib ona evində narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirmişlər. O, evinin həyətyanı sahəsində olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, baxış zamanı 16 ədəd çətənə kolları olduğu aşkar edilmişdir. Ona qarşı polis əməkdaşlarından zor tətbiq edən, təzyiq göstərən olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, təbii narkotik vasitə qurudulmuş marixuana istifadə edir. İstifadə etdiyi narkotik vasitə marixuananı isə adətən Bakı şəhərinə gedən zaman orada müxtəlif şəxslərin vasitəsilə, yaxud sosial şəbəkədə olan səhifələrdəki nömrələrlə “Watsap” mobil tətbiqi vasitəsilə əlaqə yaratmaqla əldə etmişdir. Marixuana istifadə etsə də işsiz olduğu üçün pul ilə alıb çəkə bilməmişdir. Buna görə də özündə olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əkib özü yetişdirmək qərarına gəlmişdir. Bu məqsədlə, 2025-ci ilin may ayının ortalarında o, yaşadığı İmişli şəhəri G.Şıxlinski küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan gül kollarının arasına çətənə (kannabis) bitkisinin toxumlarını basdırmış və mütəmadi olaraq sulamışdır. Kollar böyüyən zaman isə diblərini boşaldıb qulluq etmişdir. Kollar bir qədər böyümüşdür. Həmin kollar kifayət qədər böyüyüb yetişəndən sonra özü yığıb qurudub istifadə edəcəkmiş. ( i.v. 45-46, 82-85) Sorğu zamanı təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətin səbəbini əsaslandıra bilməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 28 iyul tarixində daxil olmuş əməliyyat məlumatına əsasən G.Şıxlinski küçəsinə yollanmışlar və göstərilən ünvanda yaşayan Təqsirləndirilən şəxs özlərini təqdim edərək, yaşadığı yerdə narkotik vasitə varsa, təqdim etməsini təklif etmişlər. O, yaşadığı evin həyətyanı sahəsində olan narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Onların sayı 16 ədəd olmuşdur. Şəxs həmin vaxt əməlini etiraf etmiş, onun tərəfindən bitkilərə qulluq edilməməsi və ya digər başqa məsələləri mübahisələndirməmişdir. Həmçinin, bitkilərin kökü yaş vəziyyətdə olduğundan onlara qulluq edilməsi aydın şəkildə görünmüşdür. Şəxsə qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmiş, narkotik vasitələrin başqaları tərəfindən həmin ərazidə kultivasiya edilməsi kimi hallar olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı zor tətbiq edilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin (qismən) və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan: - «Şübhəli şəxsin tutulması haqqında» 28 iyul 2025-ci il tarixli, 4028 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da ARCM-in 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24-25) - «Şəxsi axtarış aparılması haqqında» 28 iyul 2025-ci il tarixli, 4036 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri G.Şıxlinski küçəsi ev 10 ünvanında yerləşən evin həyətyanı sahəsində aşkar edilərək götürülmüş 16 ədəd çətənə (kannabis) bitkiləri yenidən sayılmış və qablaşdırıldıqdan sonra DİN-in 179 nömrəli möhürü ilə möhürlənmişdir. Şifahi izahat zamanı Təqsirləndirilən şəxs həmin çətənə (kannabis) bitkilərini özünün şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. (i.v. 32-33) - «ƏAT-ın keçirilməsi, vətəndaşın saxlanması, üzərinin yoxlanması və baxış keçirilməsi haqqında» 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri G.Şıxlinski küçəsi 10 ünvanında yerləşən evinin həyətyanı sahəsində olan gül kolları əkilən hissədən 16 (on altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunmuş, bir ədəd kağız torbaya qoyulduqdan sonra üzəri möhürlənərək imzalanmış, bundan başqa Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş çətənə(kannabis) bitkilərinə baxan İmişli Rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin rəisi Şahid4 həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, Təqsirləndirilən şəxs isə həmin bitkiləri iki ay əvvəl özünün istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. ( i.v. 11- 12) - xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətində baxış keçirilən zaman aşkar edilmiş narkotik tərkibli bitki olan 16 ədəd çətənə (marixuana) koluna aqrotexniki qaydada qulluq edilmiş, yəni, dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. (i.v.14) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 30 iyul 2025-ci il tarixli, 1810 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ARCM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 74-75) - «Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi» haqqında 30 iyul 2025-ci il tarixli, 1829 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. ( i.v. 102-103) - Məhkəmə-bioloji ekspertizasının 29 iyul 2025-ci il tarixli, 18/551 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: ”...Təqsirləndirilən şəxs ..yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar olan kağız paketdə 16 ədəd, yaş vəziyyətdə, təmiz çəkisi-7,80 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən, təqdim olunmuş 16 ədəd çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (i.v. 40-43) - Məhkəmə-tibbi ekspertizasının 31 iyul 2025-ci il tarixli, 399 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. ( i.v. 113-114) - İmişli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 04 avqust 2025-ci il tarixli, 2-872 nömrəli məktubundan görünür ki, İmişli şəhəri G.Şıxlıniski küçəsi ev 10-da qeydiyyatda olan Təqsirləndirilən şəxs İmişli RMX PHŞ-də ruhi-əsəb, narkoloji və nevroloji xəstəliklər ilə dispanser qeydiyyatında dayanmır (i.v. 149) - Məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2025-ci il tarixli, 5661 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 163-164) - «Sübutların qiymətləndirilməsi haqqında» 24 sentyabr 2025-ci il tarixli, 2010 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 16 (on altı) ədəd təmiz çəkisi -7,80 qram olan ekspertiza tədqiqatından sonra çəkisi -7,48 qram olan çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün İmişli RPŞ-nin “maddi sübutların saxlanması otağına” təhvil verilmişdir (i.v. 173-181) Müdafiə tərəfinin dəlillinə qiymət verilməsi : Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitə toxumlarını içkili olduğu vaxt bilmədən səpməsi, sonradan narkotik vasitə toxumlarını səpdiyini unutması, həmin toxumlara qulluq göstərməməsi, yetişməsi üçün heç bir tədbir görməməsi ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin faktiki halları ilə üst-üstə düşmür. Belə ki, işdə olan mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətində baxış keçirilən zaman aşkar edilmiş narkotik tərkibli bitki olan 16 ədəd çətənə (marixuana) koluna aqrotexniki qaydada qulluq edilmiş, yəni, dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. Həmçinin, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həyətyanı sahəyə baxışı əks etdirən videoçəkilişdən də görünür ki, təqsirləndirilən şəxsin həyətinin çətənə kolları olan hissəsində məhz həmin kolların olduğu hissə yaş olmuş, yəni, yenicə sulanmış, digər kolların, güllərion olduğu torpaq örtüyü isə quru olmuşdur. Sorğu zamanı təqsirləndirilən şəxs həmin kollardan evdə yaşayan heç kimin məlumatının olamdığını, həyəti özü suladığını bildirmişdir. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründəki etirafedici ifadəsi iş üzrə digər sübutlarla təsdiq olunur, onun məhkəmədəki ifadəsinin yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitələrə qulluq edib kultivasiya etməməsi ilə bağlı hissəsi isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə həmin hissədə ifadəni qeyri-inandırıcı, özünümüdafiə xarakterli, məsuliyyətdən yayınmağa hesablanmış və qeyri-mötəbər hesab edərək, ibtidai istintaq dövründəki ifadəsini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən “çətənə növlü bitkilər” narkotik vasitədir və onun 3-15 ədədi xeyli miqdar, 16-800 ədədi külli miqdar hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 16 (on altı) ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kulitvasiya etməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, maddi sübut və müvafiq protokollarla təsdiq edilir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi ifadələri ilə ( yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitəyə qulluq göstərməməsi istisna olunmaqla) yanaşı, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilən yuxarıda qeyd olunan sübutları mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs ARCM-in 237.2.3cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən işdə olan aşağıda qeyd edilən sübutları nəzərə alır: - DİN-nin BƏSİİ-dən verilmiş 20 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( i.v. 154-155) - İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İmişli şəhəri G.Şıxliniski küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla ailə tərkibi- həyat yoldaşı X4, oğlu X7, qızı X6 ilə birlikdə yaşamışdır. Yaşadığı ərazi üzrə nüməyəndəliyə onunla bağlı heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. ( i.v. 116-117, 150-151) Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası aşağı həddə seçilməlidir ki, həm təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, həm də cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət etsin. Həmçinin, ARCM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2(iki) gün həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesab edilməklə cəza müddətindən çıxılmalı və ona qəti cəza təyin edilməlidir. ARCM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 25 noyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 16 ədəd təmiz çəkisi 7,48 qram olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 131 manat 95 qəpik ( yüz otuz bir manat doxsan beş qəpik) məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. ARCM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2(iki) gün həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesab edilməklə cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalında həbs edilsin. Cəfərov X1 Xidmətin Lənkəran Pentensiar Kompleksinə təhvil verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 16 ədəd- təmiz çəkisi 7,48 qram olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatı xərci-131 manat 95 qəpik ( yüz otuz bir manat doxsan beş qəpik) məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-496/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-496/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver