Məhkəmə qərarları › İş №1(099)-500/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-500/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-500/2022 19.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1, mənzil 59-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işsiz, evli, Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 251-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tanışı Şahid1 ilə satış məqsədilə külli miqdarda müxtəlif növ narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınmasına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Şahid1 İran İslam Respublikası vətəndaşı olması güman edilən «Keyvani» adı ilə tanıdığı şəxslə əvvəlcədən razılaşmalarına əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilərək, Füzuli rayonu, Arayatlı kəndində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16cı sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqaməti) əkin sahələri yaxınlığında olan işiq dirəyinin altında gizlədilmiş hər biri külli miqdar təşkil edən 192,8 qram heroin, 982,2 qram tiryək, 3007,1 qram həşiş qətranı, təsir maddəsinin miqdarı 2,4 qram olan 60 ədəd həb şəklində metadon narkotik vasitələri, külli miqdarda 100,1 qram metamfetamin psixotrop maddə və təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda 224 ədəd kapsul şəklində güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatlarını satış məqsədilə əldə etməkdən ötrü götürmək üçün xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Şahid1 ilə birlikdə cinayətdən məlumatsız olan taksi fəaliyyəti ilə məşğul olan Şahid2 məxsus “Mercedes” markalı, “AZ **-GP-***” dövlət qeydiyyat nişanlı avtomaşınla həmin yerə gəlmiş, sözü gedən qanunsuz maddələri Şahid1 ilə birlikdə əldə etmək üçün sonuncu avtomaşından düşərək həmin yerdə gizlədilmiş bağlamanı götürdükdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 hadisə yerində saxlanılmış, o isə “Mercedes” markalı, “AZ **-GP-***” dövlət qeydiyyat nişanlı avtomaşınla hadisə yerindən qaçaraq getmiş, Şahid1 cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 192,8 qram heroin, ümumi təmiz çəkisi 982,2 qram tiryək, ümumi təmiz çəkisi 3007,1 qram həşiş qətranı, 60 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 2,4 qram metadon, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 100,1 qram metamfetamin və 224 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatları aşkar edilərək götürülmüş, o, isə xx.xx.2022-ci il tarixdə davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində Sabunçu rayon polis idarəsinin əməkdaşları zəng edərək barəsində Dövlət Sərhəd Xidməti tərəfindən axtarış elan edildiyini bildirilmiş və polis idarəsinə dəvət edilmişdir. Bundan sonra həmin gün, saat 17 radələrində Sabunçu RPİ-nin 13-cü polis bölməsinə getmiş, saxlanılaraq Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə aparılmış və Dövlət Sərhəd Xidməti tərəfindən istintaq olunan cinayət işinə cəlb olunmaqla həbs edilmişdir. Şahid1, Təqsirləndirilən şəxs2, Keyvani adlı iranlını əvvəlcədən tanımış, Şahid1 və Təqsirləndirilən şəxs2la hər hansı bir ədavət, düşmənçiliyi olmamışdır. Ceyhun və Orxanı qumar oynanılan məclislərdən tanımışdır. Keyvani adlı iranlını isə 2018-ci ilin sonlarından etibarən tanımış, həmin şəxslə içki məclislərindən birində Bakı şəhərində tanış olmuşdur. Həmin vaxtdan etibarən Keyvani ilə münasibətləri yarandığından aralarında mobil telefon və “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Bir müddətdən sonra Keyvani ilə aralarında ədavətləri olmuş, belə ki, Keyvaninin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu 2020-ci ilin təxminən dekabr ayının sonlarında bilmiş, həmin vaxt Keyvaninin qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi narkotik vasitələri polis əməkdaşları əməliyyat tədbiri keçirərək saxladıqlarından Keyvani həmin hadisə barədə daxili işlər orqanına məhz onun məlumat verdiyini düşündüyü üçün onunla ədavət aparmağa başlamışdır. Reallıqda da qeyd olunan hadisə barədə polisə, yəni Baş Narkotiklərlə Mübarizə İdarəsinə o məlumat vermişdir. Həmin vaxtdan etibarən Keyvani ilə düşmənçilikləri yaranmışdır. Təxminən 2020-ci ilin sonlarında polis əməkdaşları tərəfindən saxlanıldığı zaman Keyvaninin qaçaq yolla İran İslam Respublikasından göndərdiyi narkotik vasitələrin harada olduğu ondan soruşulmuş, həmin vaxt özünün bu işə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra ona Keyvaninin qaçaq yolla narkotik vasitələrin göndərdiyi yerin müəyyən edilməsi məqsədi ilə sonuncu ilə əlaqə saxlaması təklif edilmiş, həmin vaxt qeyd olunan təkliflə razılaşaraq Keyvani ilə qaçaq yolla İran İslam Respublikasından göndərdiyi narkotik vasitələri harada gizlətdiyinin öyrənilməsi məqsədi ilə danışıqlara getmişdir. Həmin danışıqların nəticəsində əməliyyat tədbiri keçirilmiş və Keyvaninin qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhz həmin hadisədən sonra Keyvani onunla mobil telefonda dalaşmışdır. Qeyd olunan vaxtdan, yəni 2020-ci ilin dekabr ayından etibarən Keyvani ilə bir daha əlaqə saxlamamış və sonuncunun mobil nömrəsini telefonundan silmişdir. Şahid1 əldə edib saxladığı, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr ona çatmalı olmamış, həmin narkotik vasitələrin kimə çatacağından məlumatsız olmuşdur. Keyvaninin “Narkotik vasitəni apar Razində Rəşidə ver” deməsi tamamilə yalandır. Şahid1 və Təqsirləndirilən şəxs2 Şahid1 saxlanıldığı yerə qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etmələri üçün göndərməmişdir. Keyvaninin göndərdiyi narkotik vasitələri qəbul edəcəyi barədə Keyvaniyə, Ceyhuna və Orxana vəd verməmiş, ümumiyyətlə Keyvanini narkotik göndərməsi barədə heç bir məlumatı olmamış, bu barədə onlarla heç bir danışıq aparmamışdır. Yalnız Ceyhun tutulandan sonra Keyvaninin narkotik göndərdiyini və Ceyhunun tutulmasını bilmişdir. Belə ki, 04 mart 2021-ci il tarixdə Ceyhunun qeyri-rəsmi olaraq birlikdə yaşadığı İradə adlı qadın onunla mobil telefonla əlaqə saxlayaraq Ceyhunun evdə olmadığını və ondan Ceyhunun harada olmasını maraqlanmasını xahiş etmişdir. Bundan sonra o, Ceyhunun xalasının oğlu Əziz adlı şəxslə əlaqə saxlayıb bilmişdir ki, 04 mart 2021-ci il tarixdə gecə saatlarında iranlının göndərdiyi narkotik vasitələri əldə edən zaman Ceyhun tutulmuşdur. Bundan sonra Əzizdən Orxanın mobil nömrəsini alıb sonuncuya zəng edərək Ceyhunun harada olduğunu soruşmuşdur. Orxan ona Ceyhunla birlikdə Füzuli rayonuna getdiklərini, Ceyhunun narkotik vasitəni götürdüyü zaman saxlanıldığını, bundan sonra özünün həmin ərazidən qaçdığını demişdir. Şahid1 ilə mobil telefon danışıqları olmuş, həmin danışıqlar qumar, kart oynamaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs2la isə Ceyhunun olduğu yeri müəyyən etmək məqsədi ilə 04 mart 2021-ci il tarixdə danışmışdır. Şahid1 ilə son telefon danışığı 03 mart 2021-ci il tarixdə olmuş, lakin narkotik barədə danışığı olmamışdır. Həmişəki kimi, yeyib-içmək, qumar barədə danışmışdır. Keyvaninin narkotik göndərməsi məsələsinə heç bir aidiyyəti yoxdur, bu barədə Keyvani, Ceyhun və Orxanla heç bir danışığı olmamış, heç kimə narkotik götürəcəyini vəd etməmişdir. Heç bir cinayət törətməmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldiqdan sonra ona məlum olmuşdur ki, barəsində elan edilmiş axtarış əsasında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid1 və Təqsirləndirilən şəxs1 tanısa da, Keyvani adlı iranlını tanımamışdır. Ceyhun və Rəşidi qumar oynanılan məclislərdən tanımış, Keyvani adlı iranlını isə ümumiyyətlə tanımamışdır. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Şahid1 saxlanıldığı yerdən əldə edib saxladığı, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin kimə çatacağından məlumatsız olmuş, ümumiyyətlə Ceyhunun nə üçün saxlanıldığı yerə getdiyini bilməmişdir. 04 mart 2021-ci il tarixdə Ceyhun ona Füzuli rayonunda olan tanışından 400-500 manat məbləğində pul alacağını demişdir. Həmin vaxt qeydiyyatda olduğu Ağcabədi rayonuna nə vaxtdır ki, getmədiyini düşünüb, ailə üzvlərinin qəbrini ziyarət etmək məqsədilə Ceyhunla birgə gedərək, geriyə qayıtdıqda yolda düşüb Ağcabədi rayonuna ailə üzvlərinin qəbrini ziyarət etməyi fikirləşdiyindən Ceyhunun təklifi ilə razılaşmışdır. Ceyhun ona Füzuli rayonundan “nəşə” götürəcəyi barədə nəsə deməmişdir. Bundan sonra Bakı şəhərində taksi tutaraq Füzuli rayonuna yola düşmüşlər. Yolda maşında yatmışdır. Bir neçə saatdan sonra Füzuli rayonu, Arayatlı kəndi ərazisinə çatmışlar, Ceyhun sürücüyə maşını saxlamasını bildirmiş, Ceyhun maşından düşərək yol kənarına getmiş, bu zaman Ceyhunun üzərinə bir neçə şəxsin hücum etdiyini görüb qorxaraq sürücüyə dərhal oradan uzaqlaşmalarını demiş, sürücü də yüksək surətlə oradan uzaqlaşmışdır. Bu hadisədən sonra ona məlum oldu ki, Ceyhun Füzuliyə narkotik götürməyə getmişdir. Bir müddət sonra isə o həbs edilmişdir. Rəşid onu və Ceyhunu narkotik götürmək üçün Füzuliyə göndərməmiş, Rəşidlə narkotik barədə ümumiyyətlə heç bir danışığı olmamışdır. Heç bir günahı yoxdur, nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 04 mart 2021-ci il tarixdə saat 05:00-dan saat 09:00-dək N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində kiçik gizir Şahid4 ilə birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman 04 mart 2021-ci il tarixdə, saat 08 radələrində Füzuli rayonu, Arayatlı kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndə çatdıqda yolun kənarında dayandığını və oradan bir nəfərin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini görüb bu barədə dərhal aidiyyatı üzrə məruzə etmişlər. Həmin şəxsin əkin sahəsinin kənarında nə isə axtardığını və orada olan suvarma kanalının içərisindən bir ədəd bağlamanı götürüb avtomobilə doğru hərəkət etdiyini görmüş, tərəflərindən “Dayan!” çağırış komandası verilmiş, bu vaxt həmin şəxs oradan avtomobilə doğru qaçmaq istədikdə sonuncunu saxlamışdır. Bu vaxt saxladığı şəxs əlində olan bağlamanı kənara tullamışdır. Kiçik gizir Şahid4 isə avtomobilə doğru qaçmışdır ki, avtomobildə olan şəxsləri saxlasın. Lakin sürücü avtomobili sürüb ərazidən uzaqlaşdığından Şahid4 dərhal yaxınlaşaraq saxladığı şəxsin tutulmasında ona köməklik etmişdir. Həmin şəxsi saxladıqları zaman yanında, onun özünün saxlanıldığı zaman əlindən tulladığı bir ədəd bağlamanı aşkar edib dərhal bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, bir ədəd bağlamanı götürdükdən sonra qaçmaq istəyən, tərəflərindən saxlanılmış şəxs Şahid1dur. Sonradan onalara məlum olmuşdur ki, Şahid1 götürdüyü bağlamaya baxış keçirildikdə içərisindən müxtəlif növlü narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddə aşkar edilmişdir. Həmçinin məlum olmuşdur ki, avtomobildə hadisə yerindən qaçan Təqsirləndirilən şəxs2 adlı şəxs olmuşdu, Orxan da Ceyhunla birlikdə narkotik götürmək üçün həmin əraziyə gəlmişdir, lakin Orxan Ceyhunun yaxalanmasını görərək özünündə tutulacağını düşüərək qaçıb getmişdir. Təqsirləndirilən şəxs1 adlı şəxsi hadisə yerində görməmiş, sözü gedən narkotik vasitələrin götürülməsi üçün Şahid1 Təqsirləndirilən şəxs1 tərəfindən göndərilməsi, ümumiyyətlə Təqsirləndirilən şəxs1 barəsində onlarda hər hansı bir əməliyyat məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Keyvanini tanıyır, tanışı Təqsirləndirilən şəxs1 vasitəsi ilə bir neçə il bundan əvvəl tanış olmuşdur. Keyvani adlı iranlı 04 mart 2021-ci il tarixdə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində İrandan gətirilmiş narkotik vasitə olan marixuana gizlədildiyini bildirmişdir. Onun həmin narkotik vasitəni götürüb Bakıda deyəcəyi iki ünvana çatdırmasını və bunun qarşılığında ona həmin narkotik vasitədən 50 qram marixuana çatacağını demişdir. Həmin vaxt o, Keyvaninin təklifi ilə razılaşaraq yanında olan Orxan adlı tanışına “bir dənə mənimlə Füzuli rayonuna gedək, gələk” dedikdə, Orxan nə səbəbdən Füzuli rayonuna gedəcəkləri soruşmuş, o isə Orxana “bir nəfərdən pul götürməliyəm, götürüb qayıdaq” demişdir. Bundan sonra Orxanla birlikdə taksi ilə “3-ün kruqu” deyilən yerə gedərək orada Füzuli rayonuna getmək üçün bir taksi sürücüsü ilə pul qarşılığında razılaşmışlar. Bundan sonra yola düşən zaman Keyvaniyə səs göndərərək guya Sabirabad rayonunda olduğunu demişdir. Belə ki, fikirləşmişdir ki, Füzuli rayonuna 3-4 saatlıq yol var və ona görə Keyvanini aldatsın ki, sonuncunun dediyi yerə çatmasına az qalıb. Bir qədər yol getdikdən sonra yatmışdır. Yolda olduğu zaman Keyvani bir neçə dəfə onunla əlaqə saxlayıb harada olduğunu soruşduqda sonuncuya məhz onun dediyi yerə getdiyini bildirmişdir. Bu vaxt Keyvani istifadəsində olan “WhatsApp” mobil tətbiqinə narkotik vasitənin gizlədildiyi yerin fotoşəklini göndərmiş və izah etmişdir ki, həmin yerin yaxınlığında dördüncü işıq dirəyinin yanında bağlama var və həmin bağlamanın yanında salafanın üstündə salfetka qoyulub. O, da öz növbəsində fikirləşmişdir ki, Keyvani məhz göndərdiyi narkotik vasitənin tanınması üçün belə bir iz qoyubdur. Hərəkətdə olduğu zaman Keyvaninin göndərdiyi şəkili sürücüyə göstərib həmin yerə gedəcəklərini bildirmiş, sürücü bu vaxt onlarla həmin yerə gedəcəklərinə dair əvvəlcədən razılaşmadıqlarını xatırlatmış və o sonuncuya əlavə ödəniş nə olacaqsa verəcəyini demişdir. Hətta bildirmişdir ki, işlərini qurtardıqdan sonra onları əks istiqamətdə Bakı şəhərinə qaytarmaq lazım olacaq və buna görə sürücüyə 80 manat pul verəcəyinə dair razılığa gəlmişlər. Füzuli rayonunun Arayatlı kəndi ərazisinə çatıb Keyvaninin dediyi kimi 4-cü işıq dirəyinin yaxınlığında avtomobildən düşüb ərazidə içərisində Keyvaninin dediyi narkotik vasitə olan bağlamanı axtardığı zaman ərazidə yolun kənarında sellofan görüb içərisinə baxmış və orada ayran butulkası və dönər kağızı olduğunu gördükdən sonra həmin selofanı ayağı ilə vurub uzaqlaşdırmışdır. Bu vaxt bir neçə şəxs tərəfindən saxlanılmış, saxlanıldığı ərazidən aşkar olunmuş bir ədəd bağlamaya iştirakı ilə baxış keçirilən zaman içərisindən müxtəlif növlü narkotik vasitələr aşkar edilmişdir. Artıq saxlanandan sonra Keyvani ona səs göndərərək narkotik maddələri Rəşid adlı şəxsə verəcəyini demişdir. Bu barədə onun telefonuna baxış keçiriləndə əməliyyatçılar bildirmişlər, yalnız bundan sonra Keyvaninin Rəşidin adını çəkdiyi məlum olmuşdur. Narkotik vasitəni götürmək üçün onu Füzuliyə Rəşid göndərməmiş, Rəşid ümumiyyətlə onunla narkotik barədə danışıq aparmamış, Keyvaninin göndərdiyi narkotiki qəbul edəcəyini Rəşid vəd etməmiş, Keyvani də ona Rəşidlə danışması barədə heçnə deməmiş, ilk olaraq Bakıda iki ünvana qoymasını demiş, sonradan isə artıq o yaxalanan zaman səs göndərmiş ki, Rəşidə çatdırsın, lakin Rəşidlə bu barədə heç bir danışığı olmamış. Rəşidlə telefonla aparılan danışıqlarda isə həmişəki ki, yeyib-içmək, qumar mövzuları olmuşdur. Həmçinin, Orxan onunla Füzuliyə getsə də, ona yalandan pul dalınca getdiyini demiş, narkotik barədə bir söz deməmişdir. Lakin Şahid1 barəsində aparılan cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Keyvaninin ona narkotik verəcəyi təklifi ilə razılaşdıqda sonra Təqsirləndirilən şəxs2 Füzuli rayonundan gedib nəşə (qurudulmuş marixuana) götürüb qayıtmasını təklif etdikdən sonra, Təqsirləndirilən şəxs2la birlikdə Füzuliyə getmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 mart 2021-ci il tarixdə Füzuli rayonundan olan tanışlarından biri əlaqə saxlayaraq Şuşa şəhərindən 3 nəfər şəxsin Füzuli rayonuna gəldiyini, həmin şəxsləri Bakı şəhərinə aparmaq lazım olduğunu demiş və ondan həmin şəxsləri Bakı şəhərinə apara bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt aralarında razılaşdıqlarından 04 mart 2021-ci il tarixdə, saat 01 radələrində qeyd olunan 3 nəfər şəxsi Füzuli rayonunun Əhmədbəyli kəndində avtomobilə əyləşdirərək 100 manat müqabilində saat 04 radələrində Bakı şəhərinə çatdırmışdır. Bakı şəhərində “3-cü mikrorayon dairəsi” adlanan ərazidə avtomobili saxlayıb əks istiqamətdə, yəni Füzuli rayonuna getmək istəyən sərnişin olarsa özü ilə aparmaq istəmiş, həmin gün, saat 05 radələrində əvvəllər tanımadığı, ilk dəfə gördüyü iki nəfər şəxs yaxınlaşaraq Füzuli rayonu, Şükürbəyli kəndinə nə qədər pula apara biləcəyini soruşmuş, həmin vaxt onları 50 manat qarşılığında qeyd olunan ünvana apara biləcəyini demişdir. Aralarında razılaşdıqdan sonra həmin şəxslər avtomobilə əyləşərək Bakı-Horadiz yolu istiqamətində yola düşmüşlər. Qeyd olunan şəxslərdən biri onun yanında ön oturacaqda, digəri isə arxa oturacaqda əyləşmişdir. Yola düşdükləri zaman ön oturacaqda əyləşmiş şəxs mobil telefon ilə kiməsə səs göndərərək Sabirabad rayonunda olduğunu demişdir. Bakı şəhərinin çıxacağında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsində avtomobili saxlayaraq yanacaq doldurmaq istədiyi zaman yanında, yəni ön sərnişin oturacağında əyləşmiş şəxs gediş haqqı üçün əvvəlcədən razılaşdıqları 50 manat pulu ona vermiş və o da həmin pulu götürüb avtomobilə yanacaq doldurub yola davam etmişlər. Bir az yol getdikdən sonra ön oturacaqda əyləşmiş şəxs yuxulamış, arxa oturacaqda əyləşmiş şəxs isə telefonla filmə baxmışdır. Bir qədər yol getdikdən sonra arxa oturacaqda əyləşmiş şəxslə söhbət edərkən ona məlum olmuşdur ki, həmin şəxsin adı Orxandır, Ağcəbədi rayonundandır, 2 ilə yaxındır ki, Bakı şəhərində yaşayır. Həmin söhbət zamanı ön oturacaqda əyləşmiş şəxsin adının Ceyhun olduğu, İmişli rayon sakini olduğu ona məlum olmuşdur. Təxminən Beyləqan rayonu ərazisində olduqları zaman Ceyhun yuxudan ayılmış və söhbət zamanı nə məqsədlə Füzuli rayonuna getdiklərini soruşduqda, Ceyhun ona Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində olan dostundan pul alacağını demişdir. Hətta özlərinin təxminən 1 saatlıq işlərinin olduğunu, həmin işi gördükdən sonra bütün şərnişinlərin pulunu, yəni 4 nəfərin gediş haqqı üçün nəzərdə tutulan 80 manat pulun qarşılığında onları Bakı şəhərinə qaytara bilib-bilməyəcəyini soruşduqda sonuncu ilə razılaşmışdır. Ceyhun da demişdir ki, avtomobildən düşəndə mobil nömrəsini götürəcək, işlərini qurtardıqdan sonra ona xəbər edəcək. Şükürbəyli kəndinə çatmamış, Ceyhun ona mobil telefonda şəkil göstərərək həmin yeri tanıyıb-tanımadığını soruşmuş, şəkildə Füzuli rayonu, Arayatlı kəndinin girişdə olan lövhəni görüb həmin yeri tanıdığını demiş, Ceyhun həmin yerə getmək lazım olduğunu bildirmiş, özü həmin vaxt Ceyhundan və Orxandan nə üçün Arayatlı kəndinə getdiklərini soruşmasa da, Ceyhuna onlarla Şükürbəyli kəndinə gedəcəklərinə dair razılaşdıqlarını xatırlatmış, Ceyhun isə əlavə etmişdir ki, narahat olmasın, əlavə ödəniş nə edəcəksə həmin pulu da verəcək və aralarında X5 kəndinə aparması müqabilində sonuncuların əlavə 10 manat ödəyəcəklərinə dair razılaşmışlar. Ancaq sonuncular həmin əlavə 10 manat pulu verməmişlər. Belə ki, Füzuli rayonu, Arayıtlı kəndinə çatdıqda Ceyhun ona 4-cü işıq dirəyinin yanında avtomobili saxlamasını demiş, bunda sonra o, həmin işıq dirəyinin yaxınlığında avtomobili saxlamışdır. 04 mart 2021-ci il tarixdə, saat 08 radələrində Ceyhun avtomobildən düşərək qamışlıq ərazi istiqamətində hərəkət etmiş və o, həmin vaxt arxa oturacaqda əyləşən Orxana tərəf çevrilərək xatırlamadığı nəsə soruşmuşdur. Bu vaxt səs-küy eşitmiş, Ceyhun hərəkət etdiyi istiqamətdə baxdıqda sonuncunu bir neçə nəfərin saxladığını görərək baş vermiş hadisədən qorxub avtomobili əks istiqamətdə sürməklə ərazidən uzaqlaşmışdır. Bir qədər yol getdikdən sonra bir avtomobil onun avtomobilinin qarşısını kəsərək içərisindən düşən şəxs o və Orxana avtomobildən düşmələrini bildirmiş, həmin vaxt çox qorxub elə bilmişdir ki, Ceyhunla Orxanın onları saxlayan şəxslərlə nəsə problemləri vardır. Bu səbəbdən də avtomobili sürüb ərazidən uzaqlaşmışdır. Həmin avtomobil bir müddət onları təqib etsə də, sonradan həmin avtomobildən uzaqlaşa bilmişdir. Yolda olduğu zaman Orxandan nə baş verdiyini soruşmuş, Orxan nə baş verdiyini bilmədiyini, Ceyhunun onu da aldadıb özü ilə gətirdiyini demiş, lakin həmin aldatmanın nədən ibarət olduğunu, Orxanı nə vəd etməklə Ceyhunun özü ilə birlikdə gətirdiyini deməmişdir. Həmin vaxt Orxana avtomobildən düşməsini, onu işə saldıqlarını demiş, Orxan avtomobili kənd ərazisində camaatın olduğu yerdə saxlamasını demişdir. Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində avtomobili saxlayaraq Orxanı düşürdükdən sonra yoluna davam etmişdir. Bir qədər fikirləşdikdən sonra Füzuli RPŞ-yə gedərək baş vermiş hadisə barədə könüllü olaraq məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ceyhun narkotik vasitələr əldə etdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 05 mart 2021-ci il tarixli 6/310 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün № 21 yazısı olan dairəvi möhürlə möhürlənmiş sarı-qırmızı rəngli torbadakı -2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 111, 5 qr və 81,4 qr, ümumi təmiz çəkisi 192, 9 qram qəzvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 494 9qr və 487, 3qr, ümumi təmiz çəkisi 982,2 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar usulla alınmış narkotik vasitə tiryəkdir; -2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 57,7 qr və 42, 4 qr ümumi təmiz çəkisi 100,1 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir: üzərində “Methadone 40’ yazısı olan 6 ədəd konvalyutda. hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 60 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 60 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 2,4qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir həddə 0,04qram olmaqla); - üzərində “Preqabalin 50 ” yazısı olan 8 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd dərman kapsul olmaqla, ümumilikdə 112 ədəd ağ rəngli kapsul preqabalin tərkibli preparatıdır və 112 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 5,6qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,05qram preqabalin olmaqla); -üzərində “Preqabalin 75 ” yazısı olan 8 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd kapsul olmaqla, ümumilikdə 112 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 112 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 8,4qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,075qram preqabalin olmaqla).Təqdim edilmiş preqabalinin umimi miqdarı 14 qramdır. Qeyd: Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 192,6 qram, tiryək 982,0 qr, metamfetamin 100,0 qr, 56 ədəd metadon həbləri və 216 ədəd pereqebalin kapsulları təşkil edir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 05 mart 2021-ci il tarixli 7/245 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün № 21 yazısı olan dairəvi möhür əksi olan torbada ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 500,8qram, 496,5 qram, 498,2 qram, 504,1 qram, 500,6 qram, 506,9 qram olmaqla ümumi çəkisi 3007,1 qram olan maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Qeyd: həşiş qətranının ümumi təmiz çəkisi – 3007,1 qr, tətdiqata sərf edilən miqdar – 0,12 qr (hər bir obyekdən 0,02 qram olmaqla), qalıq 3006,98 qram təşkil edir. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 16 noyabr 2021ci il tarixli 5/1178 №-li rəyindən görünür ki, təqsdim edilmirş bir ədəd sensor ekranlı «İOS» əməliyyat sistemi ilə təchiz olunmuş «İphone 7» markalı arxa markalanma göstəricisində olan «A1660» modelli və «SİM» danışıq kartının yuvasındakı «**********66922» imei kodlu mobil smartfonlu tədqiqat aparılan zaman işlək vəziyyətə gətirmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan «İphone 7» markalı «A1660» modelli mobil smartfonun yaddaşından hər hansı bir (kontak, zəng, SMS mesaj, WhatsApp proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi, audio, foto, video və sair fayllar) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümükün olmadı. Ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1728 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olsa da, hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 10 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının 06 dekabr 2021-ci il tarixli 2895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan törətdiyi əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2022-ci il tarixli 957 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan törətdiyi əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan 04 mart 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 14-cü sahəsidir. Həmin istiqamətdə Füzuli rayonu Arayatlı kəndi yaxınlığında əkin sahəsində saxlanılmış Şahid1 saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüş, Şahid1 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «aşkar olunmuş perdmetə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən bükümlə birlikdə çəkisi 46 qram olan kəskin qoxulu, ağ kristallik, metamfetaminə bənzər maddə, bükümlərlə çəkisi 294 qram olan tünd rəngli, kəskin qoxulu, heroinə bənzər maddə, bükümlərlə birlikdə çəkisi 4086 qram tünd qəhvəyi rəngli, kəskin qoxulu, tiryəkə bənzər maddə, 6 ədəd konvolyutda üzərində M/40 yazısı olan metadon həbləri və 16 ədəd konvolyutda üzərində Preqabalin yazısı olan dərmanlar aşkar olunmuşdur. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli «Bakcell MMC-nin diskinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Şahid1 istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 3 halda “13, 8 və 70” saniyəlik danışıqların, digər Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə aralarında xx.xx.2021-ci il tarixdə 2 halda “19 və 548” saniyəlik danışıqların olması aşkar edilmişdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli «Bakcell MMC-nin diskinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Şahid1 istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 4 halda “234, 41, 73 və 273” saniyəlik danışıqların, digər Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə aralarında xx.xx.2021-ci il tarixdə 2 halda “19 və 548” saniyəlik danışıqların olması aşkar edilmişdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli «Azerfon MMC-nin diskinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı nömrə ilə Röya Verdiyevin adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı nömrə arasında xx.xx.2020-ci il tarixdə “salam qardaş xoş gördüy. Kənana dedən zəng etsin Ceyhuna soruşsun patısı var ya düz qoş eləmək olar yüngül presnən, mənə hə yox deyərsən” məzmununda, Pərviz Əhmədovun adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı nömrə arasında xx.xx.2020-ci il tarixdə “hə qaqa onda o kişiyə zəng et denən Xəzər universitetinin yanına gəlsin, şey məndədi, o da Əhmədlidən gəlir tez de” məzmununda, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə “qaqa zəng etdim danışdım dediki ancaq ancaq daşdı, 06-07di, onuda sənöl 30-a dedi, dedim olanım odu, sənöl 20 var dedi, yarı deyil, çoxdu onun üstün yarılıya bilmərəm” məzmununda, Fariz Mehtiyevin adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə “sənə patı verərəm əvəzinə lap bu karta 25 manat vurarsan qağa” məzmununda, həmin mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə “qaqa patı var” məzmununda, Pərviz Əhmədovun adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə “qaqa patı qalıbsa mənə 1 daş ver qoyumda, yaman ağrıyıram” məzmununda, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə “qaqa balamın canı üsdümdə 30 qram mal var hamısı bir yerdədi” məzmununda, Pərviz Əhmədovun adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə “qaqa otelin pulu necə olsun bes? Durğuz onu iki tüsdü şey ver çəksin ayılacaq” məzmununda SMS yazışmaların olması aşkar edilmişdir. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli «üzləşdirmədə dindirilməsi haqqında» protokollarından görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı Keyvaninin “WhatsApp” mobil tətbiqi üzərindən səs göndərərək onun götürəcəyi, içərisində narkotik vasitələr olan bağlamanı aparıb Rəşid adlı şəxsə verməyini dediyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 onunla narkotik barədə hər hansı bir danışıq aparmadığına da bildirmişdir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli «üzləşdirmədə dindirilməsi haqqında» protokollarından görünür ki, Şahid2 ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, sonuncunu Şahid1 ilə birlikdə Ceyhunun saxlanıldığı yerə apardığını, yolda olduqları zaman Şahid1 bir neçə dəfə mobil telefonu Təqsirləndirilən şəxs2 göstərdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 isə Şahid1 ilə bilrikdə sonuncunun saxlanıldığı yerə getdiyini təsdiq etsə də, yolda olduqları zaman Şahid1 ona mobil telefonda nəsə göstərmədiyini bildirmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 08 mart 2022-ci il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 192,6 qram narkotik vasitə heroin, 982,0 qram narkotik vasitə tiryək, 100,0 qram psixotrop maddə metamfetamin, 56 ədəd metadon həbləri, 216 ədəd güclü təsir edən pereqebalin kapsulları və 3006,98 qram narkotik vasitəsi həşiş qətranı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin istintaq və təhqiqat idarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası”nın 05 may 2022-ci il tarixli 21 nömrəli aktından görünür ki, DSX-nin İstintaq və təhqiqat idarəsinin saxlanc yerində saxlanılan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış 192,6 qram narkotik vasitə olan heroin qalığı, 100,0 qram psixotrop maddə olan metamfetamin qalığı, 56 ədəd həb Metadon qalığı, 3006,98 qram narkotik vasitə olan həşiş qətranının qalığı, 982,0 qram narkotik vasitə olan tiryək qalığı və 216 ədəd kapsul güclü təsir edən maddə olan Preqabalin qalığı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)- 606/2021 nömrəli hökmünə əsasən məhv edilmişdir. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Şahid1 əldə edib saxlayıb daşıdığı narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni sonuncuya göndərən Keyvani adlı şəxsin İran İslam Respublikasının Parsabad şəhəri Qaradağlı kənd sakini Keyvani Şapur olması müəyyən edilmişdir. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli «şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmasının əvvəli 14 oktyabr 2021ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli «şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli «aktdan» görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan 09 mart 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmasının əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş 01 dəd qara rəngli «İphone 7» markalı mobil telefon qardaşı X2 qaytarılmışdır. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli Respublika Psixatriya xəstəxanası X8 məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicə almayıb və qeydiyyatda yoxdurlar. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicə almayıb və qeydiyyatda yoxdurlar. İş materiallarında olan Bakı şəhəri Sabunçu Mənzil Kommunal təsərrüfat Birliyinin 81 saylı Mənzil Komunal İstismar sahəsinin rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 59-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və 2014 və 2016-cı il təvəllüdlü övladlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında 29 iyun 2022-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, hazırki cinayət işindən «Keyvani» adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların əldə olunmasının qanunsuzluğu mübahisələndirilmədiyi, eləcə də, məhkəmə baxışı zamanı belə bir hal olmadığından, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini təsdiq edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, şahidlər – Şahid3, Şahid4, Şahid2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 verdiyi ifadələr, «Hadisə yerinə baxış və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» 04 mart 2021-ci il, «Mobil telefona baxış keçirlməsi haqqında» 05 mart 2021-ci il tarixli, həmçinin «Telefon vasitəsi ilə ötürülən məlumatları əks etdirən disklərə baxış keçirlməsi haqqında» 15 oktyabr 2021-ci il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 05 mart 2021-ci il tarixli 7/245 nömrəli, materialların məhkəmə ekspertizasının 05 mart 2021-ci il tarixli 6/910 nömrəli və narkoloji ekspertizanın 11 may 2022-ci il tarixli 1728 nömrəli rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə – heroin, tiryək, həşiş qətranı, metadon, psixotrop maddə - metamfetamin və güclü təsir edən maddə - “Preqabalin” adlı dərmanın əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmişlər, bu məqsədlə də Şahid1 İran İslam Respublikası vətəndaşı olması güman edilən «Keyvani» adı ilə tanıdığı şəxslə əvvəlcədən razılaşmalarına əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilərək, Füzuli rayonu, Arayatlı kəndində gizlədilmiş sözü gedən qanunsuz maddələri birgə əldə etmək üçün Şahid1 ilə həmin əraziyə getmişlər, sonuncu qeyd edilən maddələri götürdükdən sonra onun yaxalandığını görərək tutulmaması üçün hadisə yerindən qaçmağa nail olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Cinayət təqibi başlanan vaxtdan, eləcə də, Şahid1 əməliyyat orqanı tərəfindən hadisə yerində saxlanıldığı andan hadisənin yuxarıda təsvir edilmiş qaydada baş verməsini bildirmiş, Təqsirləndirilən şəxs2 Füzuli rayonuna onunla getməsini təklif eddərək “bir əmanət, nəşə (qurudulmuş marixuana) var, onu götürək gələk” sözlərini deməsindən sonra Təqsirləndirilən şəxs2 razılaşaraq Bakı şəhərindən birlikdə Füzuli rayonuna getmişdir. Həmçinin şahidlər – Şahid3, Şahid4, Şahid2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələr, «Hadisə yerinə baxış və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» 04 mart 2021ci il, «Mobil telefona baxış keçirlməsi haqqında» 05 mart 2021-ci il tarixli, həmçinin «Telefon vasitəsi ilə ötürülən məlumatları əks etdirən disklərə baxış keçirlməsi haqqında» 15 oktyabr 2021-ci il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 05 mart 2021-ci il tarixli 7/245 nömrəli, materialların məhkəmə ekspertizasının 05 mart 2021-ci il tarixli 6/910 nömrəli və narkoloji ekspertizanın 11 may 2022-ci il tarixli 1728 nömrəli rəylərinin məcmusu ilə təsdiq edilir. Məhz qeyd olunan sübutlar Təqsirləndirilən şəxs2 müvafiq cinayət hadisəsi ilə birbaşa əlaqəsinin olmasını təkzibedilməz formada şərtləndirir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Şahid1 özü barəsində aparılan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs, hazırkı iş üzrə isə şahid qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 onun cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını, Təqsirləndirilən şəxs1 onu narkotik vasitələr əldə etməsi üçün Füzuli rayonuna göndərmədiyini, Keyvaninin göndərdiyi narkotik maddələrin Rəşid tərəfindən qəbul edilməsinin sonuncu tərəfindən vəd verilmədiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs1lə narotik barədə danışıq aparılmadığını bildirmişdir. Şahid1 həmçinin ifadələsində Keynvanini ona narkotik maddələri Fuzulidən götürərək Bakida deyəcəyi iki ünvana qoymağını təklif etmiş, artıq yaxalanan zaman Keyvani narkotiki Rəşid adlı şəxsə verməsininə dair Whatsapp vasitəsi ilə səs göndərdiyini bildirmişdir. Həmçinin, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Şahid1 narkotik maddələri götürmək üçün Füzuli rayonuna getdikdə Keyvani sadəcə ona narkotikləri “apar ver Rəşidə” səsini göndərdiyini, Təqsirləndirilən şəxs1 narkotikləri götürməyi barədə vəd vermədiyini, ümumiyyətlə Rəşidlə narkotik barədə hər hansı bir danışığının olmadığını göstərmişdir. Habelə Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadələrində Şahid1 əldə edib saxladığı külli miqdarda narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr ona çatmalı olmadığını, həmin narkotik vasitələrin kimə çatacağından məlumatsız oldığunu, Keyvaninin Whatsapp vasitəsi ilə Ceyhuna “Narkotik vasitəni apar Razində Rəşidə ver” səs göndərməsinin ona aid olmadığını, Şahid1 və Təqsirləndirilən şəxs2 narkotik maddələr götürmələri üçün heç bir yerə göndərmədiyini, Keyvaninin göndərdiyi narkotik vasitələri qəbul edəcəyi barədə Keyvaniyə, Ceyhuna və Orxana vəd vermədiyini, ümumiyyətlə Keyvaninin narkotik göndərməsi barədə heç bir məlumatı olmadığını göstərmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 onu və Ceyhunu narkotik götürmək üçün Füzuliyə göndərmədiyini, Rəşidlə narkotik barədə ümumiyyətlə heç bir danışığı olmadığını göstərmişdir. Bundan əlavə, iş üzrə şahidlər – Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Şahid3 və Şahid4 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 qarşı heç bir dəlil göstərməyərək Təqsirləndirilən şəxs1 hadisə yerində görmədiklərini, X7 vətəndaşından narkotik vasitələr əldə etməsi barədə heç bir məlumatları olmaması, Təqsirləndirilən şəxs1 sözü gedən narkotik vasitələri qəbul edəcəyinə dair vəd verməsi barədə məlumatsız olduqlarını bildirmişlər. Həmçinin Şahid1 və Təqsirləndirilən şəxs2 hadisə yerinə aparan taksi sürücüsü Şahid2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 tanımadığı, onu hadisə yerinə aparmadığı, ümumiyyətlə heç nədən xəbəri olmamasını bildirmişdir. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Təqsirləndirilən şəxs1 əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki halları təhlilini apararaq hesab edir ki, ittiham orqanı Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni İran İslam Respublikası vətəndaşı olması güman edilən “Keyvani” adlı şəxsin Whatsapp vasitəsi ilə Şahid1 “Ay qaqa sənə ciyərim qurban, elə onu götür hamısını apar ver Rəşidə, elə nə cür bağlamadı, bağlamanı apar ver Rəşidə, Rəşid gözdüyür səni, Razindədi də, gözdüyür səni” səs qeydi göndərməsi və həmin səs qeydinin göndərilməsinin Şahid1 tərəfindən ifadəsində bildirməsi halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 istinad olunan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut- “Keyvani” adlı şəxsin Şahid1 göndərdiyi narkotik maddələri Rəşid adlı şəxsə verməsinə dair Şahid1 telefonuna Whatsapp vasitəsi ilə göndərdiyi səs yazısı və həmin səs yazısının Şahid1 tərəfindən ifadəsində göstərməsi faktıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamda qeyd edilmişdir ki: “o, qəsdən tamah niyyət ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikası vətəndaşları Şahid1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Keyvani adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən Şahid1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşınmaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşları Şahid1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Keyvani adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 192,8 qram heroini, ümumi təmiz çəkisi 982,2 qram tiryəki, ümumi təmiz çəkisi 3007,1 qram həşiş qətranını, 60 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 2,4 qram metadonu, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 100,1 qram metamfetamini və 224 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatlarını İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 04 mart 2021-ci il tarixdə Keyvani adlı şəxs cinayətkar qrupun üzvü Şahid1 məlumat verdikdən sonra, sonuncu, «Mercedes» markalı, «AZ **-GP- ***» dövlət qeydiyyat nişanlı avtomaşınla Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən 1 ədəd bağlamada külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni 04 mart 2021-ci il tarixdə saat 08 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Şahid1 cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 192,8 qram heroin, ümumi təmiz çəkisi 982,2 qram tiryək, ümumi təmiz çəkisi 3007,1 qram həşiş qətranı, 60 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 2,4 qram metadon, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 100,1 qram metamfetamin və 224 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatları aşkar edilərək götürülmüşdür.” Verilən ittihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la, praktiki olaraq yalnız onların ad və soyadları dəyişdirilməklə, eyni olan, tamamilə eyni ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs1 cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hansı hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Təqsirləndirilən şəxs2 və Şahid1 tərəfindən cinayət əməllərinin törədilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs1 verilmiş ittihamın başlığında cinayət qanununun maddələrinin dispoziyası təsvir olunmaqla formal olaraq Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham verilməsi qeyd olunsa da, faktiki olaraq təqsirləndirilən şəxsin nədə ittiham olunması göstərilməməklə ona heç bir ittiham verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məhkəmə xüsusilə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi onun əməlində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin tərkib əlamətlərinin olmamasının aşkar təzahürüdür. Bundan əlavə, ittiham tərəfinin iş üzrə əsas şahidləri kimi dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşları Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs1 qarşı heç bir dəlil göstərməyərək Təqsirləndirilən şəxs1 hadisə yerində görmədiklərini, X7 vətəndaşından narkotik vasitələr əldə etməsi barədə heç bir məlumatları olmaması, Təqsirləndirilən şəxs1 sözü gedən narkotik vasitələri qəbul edəcəyinə dair vəd verməsi barədə məlumatsız olduqlarını bildirmişlər. Həmçinin Şahid2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 tanımadığı, onu hadisə yerinə aparmadığı, ümumiyyətlə heç nədən xəbəri olmamasını bildirmişdir. Bu xüsusatlar da, Təqsirləndirilən şəxs1 baş vermiş cinayət hadisəsinə heç bir aidiyyətinin olmamasına dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ümumiyyətlə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr əldə etmək niyyəti ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Şahid1 əldə edib saxladığı, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrin ona çatmalı olmadığını, həmin narkotik maddələrin kimə çatacağından məlumatsız olduğunu, Keyvaninin “Narkotik vasitəni apar Razində Rəşidə ver” səs yazısının ona aid olmadığını, Şahid1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etmələri üçün göndərmədiyini, Keyvaninin göndərdiyi narkotik vasitələri qəbul edəcəyi barədə Keyvaniyə, Ceyhuna və Orxana vəd vermədiyini, ümumiyyətlə Keyvanini narkotik göndərməsi barədə heç bir məlumatı olmadığını, bu barədə onlarla heç bir danışıq aparmadığını, yalnız Şahid1 tutulandan sonra sonuncunun narkotik vasitələr əldə etməsindən xəbərdar olduğunu göstərmişdir. Həmçinin, Şahid1 (özü barəsində aparılan iş üzrə şübhəli və təqsirləndirilən, hazırkı iş üzrə isə şahid qismində) həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 onun cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını, Təqsirləndirilən şəxs1 onu narkotik vasitələr əldə etməsi üçün Füzuli rayonuna göndərmədiyini, Keyvaninin göndərdiyi narkotik maddələrin Təqsirləndirilən şəxs1 tərəfindən qəbul edilməsinin sonuncu tərəfindən vəd verilmədiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs1lə narotik barədə danışıq aparılmadığını bildirmişdir. Keyvani ona narkotikləri Bakı şəhərində iki ünvana qoymasını, sadəcə artıq o Füzuli rayonunda narkotiki götürən ərəfədə narkotikləri “apar ver Rəşidə” səsini göndərdiyini, Təqsirləndirilən şəxs1 narkotikləri götürməyi barədə vəd vermədiyini, ümumiyyətlə Rəşidlə narkotik barədə hər hansı bir danışığının olmadığını göstərmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 onu və Ceyhunu narkotik götürmək üçün Füzuliyə göndərmədiyini, Rəşidlə narkotik barədə ümumiyyətlə heç bir danışığı olmadığını göstərmişdir. Həmçinin, həm ibtidai istintaq zamanı, həmdə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin telefon vasitəsi ilə ötürülən məlumatları özünə əks etdirilən çoxsaylı protokollar tədqiq edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 sözü gedən qanunsuz maddələr barədə hər hansı bir şəxslə, o cümlədən Şahid1, Təqsirləndirilən şəxs2 və “Keyvani” ilə danışıqların aparılması, qeyd olunan qanunsuz maddələri əldə etmək üçün Şahid1 və Təqsirləndirilən şəxs2 Füzuli rayonuna göndərməsi, narkotik maddələrin özü tərəfindən qəbul edilməsi üçün vəd verməsinə dair hər hansı bir məlumat, dəlil müəyyən edilməmişdir. İttiham tərəfi göstərilən bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi “Keyvani” adlı şəxsin Şahid1 göndərdiyi narkotik maddələri Rəşid adlı şəxsə verməsinə dair Şahid1 telefonuna Whatsapp vasitəsi ilə göndərdiyi səs yazısı və həmin səs yazısının Şahid1 tərəfindən ifadəsində göstərməsini, həmçinin Təqsirləndirilən şəxs1 qanunsuz maddələrdən xəbərinin olmamasını, Şahid1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr əldə etmək üçün Füzuli rayonuna göndərməməsi, narkotik maddələrin qəbul edəcəyinə dair “Keyvani”, Şahid1 və Təqsirləndirilən şəxs2 vəd vermədiyini inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini Şahid1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, həmin qrup tərəfindən törədilmiş cinayətə münasibətdə onun əlaqəsinin olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun Təqsirləndirilən şəxs2 və Şahid1 ilə əlbir olmaması, sonuncuların narkotik vasitələr əldə etməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs1 üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmalıdır. Digər Təqsirləndirilən şəxs2 əməlinə gəlincə isə, məhkəmə hesab edir ki, ona istinad edilən əməllərinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş hər bir ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsifi məsələsinə münasibət bildirərək məhkəmə tərkibi qeyd edir ki, bu maddələrdə nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. Həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxslərin etdikləri əməllərin, yəni külli miqdarda narkotik vasitəni əldə etmələri, özlərində saxlamaqla daşımaları müqabilində həmin maddənin bir qismini əldə etmək niyyətində olmaları, onların məhz narkotik vasitənin əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, Şahid1 İran İslam Respublikası vətəndaşı olması güman edilən «Keyvani» adı ilə tanıdığı şəxslə əvvəlcədən razılaşmalarına əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilib, Füzuli rayonu ərazisində gizlədilmiş qanunsuz maddələrinin Şahid1 təklifi ilə gedib həmin ərazidən götürmüşdürlər. Qanunsuz maddələrin Füzuli rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs2 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotik vasitəni gizlədilmiş yerdən götürmək üçün getmişdir. Bu hal həm ifadələr, həm də «Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» protokol, həm də işin digər faktiki hallarından görünür. Qeyd olunan sübutların təhlilindən aydın olur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə, psixotrop və güclü təsiredən maddələrin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Şahid1 təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddələnin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – narkotik vasitənin Füzuli rayonun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə üzrə bəraət verilməlidir. Lakin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasi CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 CM-nin yuxarida qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyalari daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşaraq “Şahid1 ilə Füzuli rayonuna getməsində narkotik maddələr əldə etmə məqsədi olmaması, narkotik maddələrdən məlumatı olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə, müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs2 cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - ekspertiza tədqiqatından sonrakı qalıq 192,6 qram narkotik vasitə heroin, 982,0 qram narkotik vasitə tiryək, 100,0 qram psixotrop maddə metamfetamin, 56 ədəd metadon həbləri, 216 ədəd güclü təsir edən pereqebalin kapsulları və 3006,98 qram narkotik vasitəsi həşiş qətranının Şahid1 barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)- 606/2021 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalı, iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs1 ekspertiza xərclərinin ödənilməsindən azad edilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəlini 09 mart 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkil) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - ekspertiza tədqiqatından sonrakı qalıq 192,6 qram narkotik vasitə heroin, 982,0 qram narkotik vasitə tiryək, 100,0 qram psixotrop maddə metamfetamin, 56 ədəd metadon həbləri, 216 ədəd güclü təsir edən pereqebalin kapsulları və 3006,98 qram narkotik vasitəsi həşiş qətranının Şahid1 barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-606/2021 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar