Məhkəmə qərarları › İş №1(099)-503/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-503/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-503/2024 23.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri, Dövlət ittihamçısı2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1981-ci ildə Cəlilabad rayonu Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Səttarxan küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, yəni 12,029 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 fevral 2024-cü il tarixdə saat 17:15-də Cəlilabad şəhər, H.Əliyev prospektinin Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə həmin psixotrop maddə metamfetamin əynindəki gödəkçənin sağ iç cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Cəlilabad şəhəri Səttarxan küçəsində ailə üzvləri ilə birlikdə yaşayır və tikintidə ustalıqla məşğul olur. Narkotik maddələrdən istifadə etmir. 21 fevral 2024-cü il tarixdə saat 18 radələrində evindən küçəyə çıxan zaman küçədə dayanmış qara rəngli, üzərinə «taksi» nişanı quraşdırılmış «VAZ-2106» markalı avtomaşından dörd nəfər şəxs düşərək ona yaxınlaşmış və onu tutmuşlar. Onu ailə üzvlərinin yanında döyərək avtomaşına mindirib Cəlilabad Rayon Polis Şöbəsinə aparmışlar. Orada polis rəisi onu narkotiklə «yükləmələri» bardə göstərmiş vermişdir. Polis işçiləri yarım meşok narkotiki onun ayağının altına tökərək ona məxsus olmasını demişlər. Polis işçiləri ona tutulmalı olmasını, narkotiki boynuna götürməsini, əks halda onun başına «Tərtər hadisələrini» gətirəcəklərini bildirmiş, evinə külli miqdarda narkotik qoymaqla, ailə üzvləri ilə hədələmişlər. Ona görə də polis işçiləri tərəfindən üzərinə bir ədəd bükümdə qoyulmuş psixotrop maddənin guya özünə məxsus olması və öz istifadəsi üçün üzərində saxlaması barədə ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 22 fevral 2024-cü il tarixdə saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada gəzən zaman polis işçiləri tərəfindən saxlanılmış, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynimdəki gödəkçənin sağ iç cibində gizlətdiyi bir ədəd sellofan paketdə olan, tapdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi bükülüyə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmiş, daha sonra iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Təhqiqatçı üzərində aşkar olunmuş kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona sual vermişdir. O da həmin kütləni 21 fevral 2024-cü il tarixdə Bakı şəhərində olduğu vaxt piyada gəzən zaman yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən X5 göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 fevral 2024-cü il tarixdə ona Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 22 fevral 2024-ci il tarixdə saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prosketində yerləşən “Ulduz” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlamış, üzərində narkotik vasitələri saxlamaqda şübhəli olmasını bildirmiş və üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçitnin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli bir ədəd sellofan bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində psixotrop maddə metamfetaminəbənzər kütlə olduğu müəyyən olunmuşdur. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni 21 fevral 2024-cü il tarixdə Bakı şəhərində olarkən yerdən tapdığını və narkotik vasitə və psixotrop maddə istifadəçisi olmadığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid4 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən X2 göstərdi ki, əri Təqsirləndirilən şəxs və uşaqları ilə Cəlilabad şəhəri Səttarxan küçəsindəki evdə yaşayırlar. 22 fevral 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs bazarlıq etmək üçün yaxınlıqda yerləşən marketə getmək məqsədi ilə evdən çıxmışdır. Təqsirləndirilən şəxs küçəyə çıxmasından az sonra küçədən səs-küy eşidib küçyə çıxdıqda bir qara rəngli, üzərinə «taksi» nişanı quraşdırılmış «VAZ-2106» markalı avtomaşının dayandığını və dörd-beş nəfər şəxslərin ərini tutaraq həmin avtomaşına mindirib apardıqlarını görmüşdür. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrlə məşğul olmamışdır. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 22 fevral 2024-cü il tarixli protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 23 fevral 2024-cü il tarixli, 19/185 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 12,029 qram olan, ağ rəngli, kristallardan ibarət maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 14 mart 2024-cü il tarixli, 262 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır. Onda narkomaniya xəstəliyi aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 01 aprel 2024-cü il tarixli, 839 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan 16 mart 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2006, 2007 və 2011-ci ildə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 12,029 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi, yəni polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması, psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçilərinin ona təzyiq göstərmələri səbəbindən psixotrop maddənin özünə məxsus olmasına etiraf etməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 12,029 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla psixotrop maddə metamfetaminin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində metamfetamini satmaq məqsədinin olmadığını göstərmişdir. Ramin Rüstəmovun üzərində aşkar olunan psixotrop maddə metamfetamini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə etməsinin istisna edilməməməsini, üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin miqdlarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun psixotrop maddəni satmaq məqsədinin olmaması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılmalı, Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 11,929 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılsın, Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 11,929 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar