Məhkəmə qərarları › İş №1(099)-504/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-504/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-504/2023 24.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiə-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Ağcabədi rayonu Şənlik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 10,274 qram narkotik vasitə heroini əldə edərək çəkiləri 4,144 qram və 6,130 qram olan iki ədəd bükümlərdə üzərində saxlamaqla daşımış, 01 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri H.Hacıyev küçəsində yerləşən Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,144 qram və 6,130 qram-ümumi çəkisi 10,274 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ata-anası ilə Ağcabədi rayonu Şənlik kəndində yaşayır. 01 fevral 2023-cü il tarixdə anası evdə xəstələnmişdir. Təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gəlmiş və anasını xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər anasını müayinə edərək əməliyyat edilməli olduğunu bildirmişlər. Həkimlər onun anasını əməliyyat etmək üçün ondan pul istəmişlər. Onun isə pulu olmamışdır. Həkimlər ondan pul istədiklərinə görə aralarında mübahisə yaranmışdır. Ona görə də “102” xidmətinə və səhiyyə nazirliyinin “qaynar xəttinə” zəng edərək bu barədə məlumat vermişdir. Sonra polisdən ona zəng edərək xəstəxananın qarşısında olmasını, polislərin də oraya gələcəklərini və tədbir görəcəklərini demişlər. Xəstəxananın qarşısına gedərək gözləmişdir. Bir qədər sonra polis işçiləri oraya gələrək onu tutmuşlar. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Polislər onu özləri ilə polis şöbəsinə aparmışlar. Orada üzərinə narkotik vasitə qoymuşlar. Polislər ona təzyiq etdiklərinə görə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Sonra polislər dini kitabları gətirərək guya kitabların ona məxsus olmasını demişlər. Lakin həmin kitablar ona məxsus olmamış və dini fəaliyyəti olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqda elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 3-4 aydır ki, o narkotik vasitələrdən istifadə edir. 01 fevral 2023-cü il tarixdə günorta saat 16 radələrində Ağcabədi Rayonu Mərkəzi Xəstəxananın yaxınlığında olan zaman zibil qutularının yanında yerdən 01 ədəd bağlamada iki ədəd sellofan bükümlərdə narkotik vasitə heroin tapmış, heroini pul qarşılığında kiməsə satmaq üçün əynindəki şalvarının sağ yan cibinə qoymuş və həmin yerdən bir qədər uzaqlaşmışdır. Təxminən yarım saat sonra polis əməkdaşları tərəfindən saxlanılmış, Ağcabədi Rayon Polis Şöbəsinə aparılmış, narkotik vasitələri saxlamaqda şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək üzərində şəxs axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən içində narkotik maddə heroin olan 02 ədəd bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərilərində narkotik maddə heroinə bənzər kütlələr olması məlum olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilərək götürülmüşdür. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. O “Whatssapp” sosial şəbəkəsində müxtəlif sosial qruplarda iştirak etmişdir. Həmin qruplara onu tanımadığı şəxslər əlavə etmişlər. Həmin sosial qruplarda əsasən dini mövzularda və bir neçə qrupda isə siyasi mövzularda paylaşımlar edilmişdir. O həmin qruplarda maraqlı gəldiyi üçün iştirak etmişdir. Həmin qruplarda onun Ağcabədi rayonundan tanıdığı adamlar olmamışdır. O sadəcə həmin qruplarda nömrələr görmüşdür. Həmin qruplarda şəxslər öz adları ilə iştirak etməmişlər. Həmin şəxslər əsasən “Allahı sevən”, “Allah aşiqi”, “ Zəhra aşiqi”, “Dinsevər” kimi adlardan istifadə etmişlər. Onların paylaşımlarında əsasən dini mövzular və bəzən də cəmiyyətdə baş verən sosial hadisələr göstərilmişdir. O əvvəllər iş elanları paylaşılan qrupda iştirak etmişdir. Bir müddət sonra həmin qrupda tanımadığı şəxslər dini paylaşımlar olan qrupların linklərini paylaşmışlar. O da həmin linklərə daxil olub həmin sosial qruplarda işitrakçı olmuşdur. Konkret olaraq kimin həmin linkləri paylaşdığını bilmir. O həmin qruplarda dini mövzularda nələrisə öyrənmək üçün və də cəmiyyətdə baş verənlərdən xəbərdar olmaq üçün istifadə etmişdir. Həmçinin qruplarda iranlı şəxslər də iştirak etmişlər. Lakin o həmin iranlı şəxslərin adlarını bilmir, paylaşım etdikləri nömrələrdən anlamışdır ki , həmin şəxslər iranlıdırlar. O həmin iştirakçıların nömrələrini xatırlamır. Həmin qruplarda əsasən ölkədə baş verənlərlə bağlı paylaşımlar edilib, paylaşımların altından da rəylər yazılmışdır. Həmin rəylər əsasən qınaq məqsədli və neqativ yöndə pisləyən formada olmuşdur. O həmin kitabları və dini yazılar olan vərəqləri marağı olduğu üçün oxumaq məqsədilə almışdır. Bayrağı və digər şəkilləri isə sadəcə olaraq marağı olduğu üçün alıb evdə saxlamışdır. O yaşadığı ünvan 1 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş olan “X3”, “Səhifeyi-Mehdiyyə”, “Dost Diyarı” , “Bağışlayan və mehriban Allahın adı ilə” , “Günəş dərinliyi” , “Təqvim 2016” və “Bəxt duaları” adlı kitabları özü oxumaq üçün müxtəlif vaxtlarda almışdır. O həmin kitabları çox vaxt Bakı şəhərində küçələrdə olan səyyar satış yerlərindən, bəzilərini də Ağcabədi rayonunda səyyar satıcılardan almışdır. O həmin adlarını qeyd etdiyi kitabları özü oxumuşdur. O heç kimə evindəki kitablardan pay verməmiş, həmçinin satmamışdır. O ümumiyətlə kitab satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2023-cü il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi, üzərində daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri, H.Hacıyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, tədqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində videoçəkilişdən istifadə edilərək və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan büküm çıxarıb stolun üstünə qoymuşdur. Sellofan bükümlərə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs sosoial şəbəkədə bir nəfərlə tanış olduğunu, həmin şəxs ona mərkəzi xəstəxanaya gəlməsini, orda yerə narkotik atacaqlarını, həmin narkotiki götürüb kiməsə verməli olduğunu demişdir. O, həmin yerə yaxınlaşmış, oradan narkotiki götürüb getmişdir. Lakin az sonra tutulmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və vidoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirilərkən, o, şalvarının sağ yan cibindən 02 ədəd sellofan kəsiyi bükümləri təqdim edir. Bükümlər açıldıqda içərisində narkotik vasitə heroinəbənzər maddələr aşkar olunur. Həmin bükümlər çəkildikdə ayrı-ayrılıqda çəkiləri 4,34 qram və 6,61 qram olmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 02 fevral 2023-cü il tarixli, 18/120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,144 qram, 6,130 qram-ümumi çəkisi 10,274 qram olan maddələr kustar üsulla hazrılanmış, narkotik vasitə heroindir. Məhkəmə-tibb ekspertizasının 02 fevral 2023-cü il tarixli, 68 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2023-cü il tarixli, 652 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olmuşdur, əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Ağcabədi rayon poliklinikasının xx.xx.2023-cü il tarixli, 360 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il tarixdən “Şizofreniya” diaqnozu ilə ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durur. Lakin narkoloji qeydiyyatda durmur. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 13 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədən məlum olur ki, onun barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər subuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübatlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-polis işçiləri tərəfindən saxlanılması zamanı üzərində heç bir narkotik vasitənin olmaması, üzərinə narkotik vasitələrin polis işçiləri tərəfindən qoyulması, polis işçiləri ona təzyiq etdiklərinə görə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 10,174 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 129 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 10,174 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 129 (yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar