Məhkəmə qərarları › İş №1(099)-506/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-506/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-506/2023 12.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Hüseynov Nahid Nəsir oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə külli miqdarda 2,978 qram narkotik vasitə heroini (bundan sonra – heroin) qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 29 mart 2023-cü il tarixdə saat 06:00-da Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra- Şirvan ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,978 qram heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə təxminən saat 04:30 radələrində həyətdə olarkən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Onun üzərində ümumiyyətlə narkotik vasitə olmamış, narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları bir bükümdə narkotiki onun cibinə qoymuş və onu evində daha çox narkotik vasitə çıxaracaqları ilə hədələdiyindən polis əməkdaşlarının cibinə qoyduğu narkotikin ona məxsus olmasını bildirmişdir. Lakin onun heç vaxt narkotik vasitə ilə əlaqəsi olmamışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları hansı formada danışacağını ona dediklərindən videoçəkiliş zamanı da onların dediyi formada ifadə verərək narkotik vasitənin ona məxsus olmasını bildirmiş, buna səbəb isə adları yadında qalmayan polis əməkdaşlarının onun evindən kiloqramla narkotik çıxaracaqlarını bildirməsi olmuşdur. İlkin tutulub polis şöbəsinə gətirilərkən ona fiziki təzyiq göstərilsə də bədəni üzərində hər hansı xəsarət izi qalmamış, sonradan da bu barədə heç bir şikayəti olmamışdır. Onu Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində evində saxlamışlar, həmin vaxt evində tək olmuş, “Ramazan” ayı olduğundan imsak etmək üçün həmin saatda oyanmış, bu vaxt da polis əməkdaşları evinə girərək onu saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadələrini oxumamış, polislərin dediyi kimi ifadə vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün hakim qarşısına çıxarılarkən polis əməkdaşları tərəfindən hədələnməsi və üzərinə narkotik vasitə qoyulması barədə hər hansı söz deməmiş, bu barədə həmçinin müdafiəçisinə də bildirməmişdir. 2003-2007-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Gömrük İşinin təşkili fakultəsini bitirmiş, ali təhsilli olmasına baxmayaraq ifadələrini oxumamış, buna səbəb isə polis əməkdaşlarının buna icazə verməməsi olmuşdur. Etiraz etməsinin mənası olmadığını fikirləşib bu barədə müdafiəçisinə də bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında son sözlə çıxış edərkən polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə ona bəraət verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 29 mart 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, 30 mart 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş, həmin sellofan büküm diqqətini çəkdiyindən yerdən götürüb açıb içərisinə baxdıqda içərisində heroin olduğu görmüş və istifadə etmək üçün götürmüşdür. 29 mart 2023-cü il tarixdə saat 06 radələrində şəhərin Hacıqəhərmanlı qəsəbəsində olarkən mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını və narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində video kamera vasitəsi ilə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümdə heroin olduğunu bildirmişdir. Həmçinin şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş və içərisində narkotik vasitə heroini yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hnası fiziki zor tətbiq edilməmiş, hər hansı hədə-qorxu gəlinməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs hərəkətdə olmasını görüb sonuncuya yaxınlaşmış və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, həmin vaxt sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümündə narkotik vasitə olan heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdə 3,09 qram olması müəyyən edildikdən sonra, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, heroini 28 mart 2023-cü il tarixdə yaşadığı küçədən yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmış və daha sonra protokol tərtib olunduqdan sonra bütün iştirakçılar həmin protokola imza etmişlər. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatda sonuncunun narkotik vasitələrin satışında şübhəli olması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan heroini təqdim edərkən hər hansı hala etiraz etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində heroin olmadığını göstərməsi özünü müdafiə kimi qəbul edir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid2 da Şahid1la eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin satışında, üzərində gəzdirməkdə şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 29 mart 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi 01 bükümdəki heroini könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (i.v 03-05; 08-09; 30-32) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:55-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26-27 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 mart 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş 01 ədəd kütləni çıxarıb təqdim etmiş, həmin bükümdə heroinə bənzər kütlələrin olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin heroin olduğunu, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığından tapdığını və istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. (i.v. 30-32) -Materialların məhkəmə ekspertizasının 30 mart 2023-cü il tarixli, 18/362 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,978 qram olan maddələr kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir. (i.v.38-41) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 51-52) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(032)-134/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 69-74) - Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(032)-168/2023 saylı qərarından görünür ki, Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilən “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir . (i.v. 81-82) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 may 2023-cü il tarixli, 3050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiycı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 117-118) - Məhkəmə-psixiatriya ekspertizasının 29 aprel 2023-cü il tarixli, 1165 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır.( i.v. 120-121) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində hər hansı miqdarda narkotik vasitə olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroinin ona məxsus olmadığını, polis əməkdaşlarının hədəsi ilə həmin kütlə barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində yaşadığı evin yerləşdiyi küçədən bir bükümdə heroin tapdığını, istifadə etmək üçün həmin heroini götürüb üzərində saxladığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Şirvan şəhəri ərazisindən narkotik vasitə tapdığını göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 büküm heroini könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı heroinin ona məxsus olmasını, yaşadığı evin yerləşdiyi küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən hədələndiyi və evindən bir neçə kiloqramdan artıq narkotik vasitə aşkar ediləcəyi bildirildiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir hədə və fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən hədəyə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq işinin daha ağır olması hədəsi ilə etirafedici ifadələri verdiyini göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı tamamilə mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə istifadə etdiyini, lakin narkotik vasitələrin saıtşı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2,978 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 30 mart 2023cü il tarixli qərardan (i.v.1) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə başlandıqdan və “şübhəli şəxs qismində tutma haqqında” 29 mart 2023-cü il tarixli qərarla (i.v.17) Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 01 (bir) gün sonra ibtidai istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,978 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-cü il tarixli, 3050 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə hallarının olmasının müəyyən edilməsi, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 2,978 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,978 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlilini əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/362 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 may 2023-cü il tarixli, 3050 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v 103) - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 107-108) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halların və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3050 saylı nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,928 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,928 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar