Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-506/2024 10.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X2 iştirakı ilə xx xxxxx 1986-cı ildə İran İslam Respublikasının Poldəşt şəhərinin Əcirlu kəndində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, İran İslam Respublikasının Poldəşt şəhərinin Əcirli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Nemət” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-narkotik vasitələri və psixotrop maddələri, habelə 9 mm kalibrli "20.00914" №-li, "BAREDDA" markalı, "A6" modelli, səs işarəverici tapançası olan sonradan lüləsi 7,65 mm kalibrli digər lülə ilə dəyişdirilmiş yivli odlu silahı və 11 ədəd 7,65 mm kalibrli döyüş sursatı olan patronları İran İslam Respublikasında əldə edib saxlayıb daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun digər üzvlərinə çatdırılması barədə razılaşdıqdan sonra, o, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 21 oktyabr 2023-cü il tarixdə qrupun üzvü “Nemət” adlı şəxs və qeyriləri ilə görüşüb ondan satış məqsədi ilə qanunsuz olaraq bir ədəd çantaya qablaşdırılmış külli miqdarda-4975 qram narkotik vasitə olan heroin və külli miqdarda-3000 qram psixotrop maddə olan metamfetamini, eləcə də “Baredda” markalı odlu silahı və 11 ədəd döyüş sursatı olan patronu qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq həmin gün saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin Yardımlı rayonunun ərazisində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindən müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək həmin külli miqdarda narkotik vasitəni və psixotrop maddəni, eləcə də odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib Yardımlı rayonunun Ostair kəndininin ərazisində (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 19-cü sərhəd zastavasının 5-ci sahəsində) üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 22 oktyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və ondan bir ədəd çantanın içərisində qablaşdırılmış bir ədəd bağlamada külli miqdarda-4975 qram narkotik vasitə olan heroin və bir ədəd bağlamada külli miqdarda-3000 qram psixotrop maddə olan metamfetamin, habelə üzərindən bir ədəd “Baredda” markalı odlu silah və 11 (on bir) ədəd döyüş sursatı olan patronlar aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının (bundan sonra İran) vətəndaşıdır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə İranın Poldəşt şəhərinin Əcirlu kəndində yaşamış, heç bir yerdə işləməmişdir. 21 oktyabr 2023-cü il tarixdə İran vətəndaşı olan tanışı Nemət adlı şəxs ona zəng edib təklif etmişdir ki, onda (Nemət adlı şəxsdə) olan narkotik maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikası ərazisinə keçirib dediyi yerə qoyub geri qayıtsa buna görə ona üç milyon İran pulu verəcəkdir, pula ehtiyacı olduğundan o da razılaşmışdır. Bundan sonra o, həmin gün Germi şəhərinə gedib Nemətlə görüşüb söhbət etmiş, həmin vaxt Nemət ona bir ədəd tapança verib sərhədyanı ərazilərdə son vaxtlar vəhşi heyvanlar olduğundan həmin ərazidə olarkən ciddi bir şey olsa, yəni üzərinə vəhşi heyvanlar hücum etsə silahdan istifadə etməsini bildirmiş, həmçinin ona bir nəfər iranlı adam tapdığını, bu şəxsin yaşamaq üçün Azərbaycana getmək istədiyini, həmin şəxsi sərhəddən Azərbaycan istiqamətində göndərəcəyini, əgər bu şəxs Azərbaycan sərhədçiləri ilə qarşılaşmasa, rahat Azərbaycan ərazisinə keçsə, deməli ərazidə sakitçilik olduğunu və bundan sonra bu şəxsin arxasınca onun da gedib içərisində narkotik maddələr olan çantanı dediyi yerə çatdırmasını demiş, o da razılaşmışdır. Həm də Nemət dediyi şəxsin onda narkotik maddələr olmasından məlumatının olmamasını bildirmişdir. Daha sonra gecə saatlarında Nemətin idarə etdiyi avtomobillə Germi şəhərinin Üçağac kəndinə gəlmişlər və orada Nemət dediyi şəxsi, yəni Siyamək adlı şəxsi avtomobilə götürüb yola davam etmişlər. Nemət avtomobili tanımadığı istiqamətdə sürüb bulağın yanında saxlamış və onlar həmin yerdə avtomobildən düşmüşlər. Nemət Siyaməkə dövlət sərhədini haradan keçməli olduğu yeri deyib həmin istiqaməti ona göstərmiş, Siyamək Nemətə onu sərhədə kimi müşayət edib sonra geri qayıtmasını bildirmiş, Nemət isə narahat olmamağını, hər şeyin həll olduğunu, rahat sərhədi keçəcəyini və Azərbaycan tərəfə keçdikdən sonra onunla əlaqə saxlamasını bildirmişdir. X20 sərhədi keçməyə köməklik göstərməsinə görə 150 ABŞ dolları pul vermiş, sonra Siyamək Nemətin göstərdiyi istiqamətdə getmiş, təxminən 15-20 dəqiqə sonra Siyamək Nemətə zəng edib azdığını və hansı istiqamətdə getməli olduğunu bilmədiyini bildirmiş, Nemət də gecəgörmə cihazı ilə Siyaməkin getdiyi istiqamətində olan əraziyə baxıb sakitçilik olduğunu demişdir. Sonra Nemət içərisində narkotik maddələr olan bel çantasını və gecəgörmə cihazı ona verib onun da Siyaməkin arxasınca getməsini, Siyaməki tapıb tikanlı məftillərdən keçib Azərbaycan istiqamətində getmələrinə, sərhədi keçəndən sonra bir nəfər tanışının gəlib ondan çantanı götürəcəyini, əgər heç kim olması çantanı orada olan dəmir qabın içərisinə qoyub geri qayıtmasını bildirmişdir. Bundan sonra o, Nemətin dediyi istiqamətdə hərəkət edib İran-Azərbaycan dövlət sərhədini keçib hərəkət etməyə başlamış, bir az getdikdən sonra Siyaməklə rastlaşmış, Siyamək ona yolu azdığını demiş, sonra onlar hərəkət edib sərhdəni keçib bir qədər hərəkət etdikdən sonra sərhədçilər onlara dayan komandası vermiş, bu zaman o, kiməsə xəsarət yetirmək məqsədi ilə yox, sadəcə qorxusundan üzərində olan silahı çıxarıb havaya atəş açıb geriyə, İran ərazisi istiqamətində qaçmağa başlamış, qaçarkən çiynində olan çantanı yerə atmış, bir az qaçdıqdan sonra sərhədçilər onu tutub saxlamışlar. Sonra sərhədçilər onun üzərindən bir ədəd tapançanı, bir ədəd gözəgörmə cihazını götürmüş, bundan sonra özünün iştirakı ilə tutulduğu ərazidən sərhədçilər bir ədəd çantanı aşkar edib götürmüşlər. Tutulduqdan sonra özünün iştirakı ilə Nemətin ona verdiyi çantaya baxış keçirilmiş və həmin çantanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Sərhədçilər tərəfindən üzərindən götürmüş silah və gözəgörmə cihazı, həmçinin onun saxlandığı sahədən götürülmüş, içərisində narkotik maddələr olan çanta özünə məxsus olmaqla onları ona tanışı iranlı Nemət adlı şəxs vermişdir. Onunla birlikdə tutulmuş iranlı Siyamək adlı şəxsin Nemətin ona silah və narkotik maddələr verməsindən məlumatı olmamışdır. O, içərisində narkotik maddələr olan çantanı sərhəddə onu qarşılamalı olan bir nəfərə, yəni Nemətin tanışına verib geri qayıdıb silahı və gözəgörmə cihazı Nemətə verəndən sonra Nemət də dediyi qədər pulu ona verməliymiş, lakin sərhədi keçəndən sonra tutulmuş, silah, gözəgörmə cihazı və içərisində narkotik maddələr olan çanta götürülmüşdür. Hazırda əməlindən peşmandır. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X8 ifadəsində göstərmişdir ki, o, DSX-nin SQ-nın N saylı hərbi hissəsinin hərbi qulluqçusudur. Hərbi hissənin 19-cu sərhəd zastavasının 5-ci sahəsində naməlum şəxslər tərfindən narkotik vasitələrin İrandan Azərbaycan Respublikası ərazisi istiqamətində keçirilməsi ilə bağlı daxil məlumat əsasında 21 oktyabr 2023-cü il tarixdə həmin ərazidə o və kiçik gizir Şahid2 “Pusqu” xidmətinə təyin olunmuşlar. Xidmətdə olduğu vaxt saat 00:10 radələrində iki nəfər şəxsin sərhəd rejim zonasına daxil olub İrandan Azərbaycan Respublikası ərazisi istiqamətinə hərəkət etmələrini müşahidə etdikdən sonra bu şəxslərin hərəkət istiqamətində əlverişli mövqi tutub onların yaxınlaşmalarını gözləmişlər. Həmin şəxslər hərəkət edib onların olduğu yerə yaxınlaşdıqdan sonra onlar bu şəxslərə “Dayan” çağrışı vermiş, həmin şəxslərdən biri, sonradan adının Əli (Təqsirləndirilən şəxs) olduğu bildiyi şəxs şəxs əmrə tabe olmayıb üzərində olan çantanı yerə atıb və əlində olan silahdan havaya atəş açıb geriyə, yəni İran istiqamətində qaçmağa başlamışdır. Sərhəd pozucusunun atəş açmasını görə o, silahdan havaya xəbərdarlıq atəşləri açıb yenidən ona “Dayan” çağrışı vermiş, həmin şəxs, yəni Əli adlı şəxs dayanmış və o, onu tərksilah edib tutmuş, gizir Şahid2 da digər sərhəd pozucusunu tutmuşdur. Saxlandıqdan sonra Əli (Təqsirləndirilən şəxs) adlı şəxsin üzərindən bir ədəd "Baredda" markalı silah və bir ədəd gecəgörmə cihazı, həmçinin ərazidən bir ədəd çanta da aşkar edilib götürülmüş və dərhal bu barədə aidiyyatı üzrə məruzə edilmişdir. Sonra əraziyə gəlmiş həyəcan qrupu tərəfindən tutulmuş şəxslər, habelə götürülmüş silah və çanta sərhəd zastavasına aparılmışdır. Daha sonra ona məlum olmuşdur ki, baxış zamanı bir ədəd çantanın içərisində narkotik maddələr aşkar olunmuşdur. Məhkəmə iclasında Şahid2 şahid Feruz Həsənovun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, 22 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında sərhədçilər xahişi ilə N saylı hərbi hissənin 19-cu sərhəd zastavasında bir ədəd çantaya baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin vaxt özündən başqa bir nəfər şəxs də (Şahid3) orada hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı çantanın içərisində narkotik maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı tutulmuş şəxslərdən biri (Təqsirləndirilən şəxs) içərisində narkotik maddələr olan çantanın ona məxsus olmasını və həmin çantanı İrandan gələrkən özü ilə gətirdiyini bildirmişdir. Sonra sənədləşmə aparılmışdır. İşdə olan, DSX-nin N saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 21 oktyabr 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, 21 oktyabr 2023-cü il tarixdə hərbi hissənin 19-cu sərhəd zastavasının 3-cü sahəsində (Yardımlı rayonunun Ostair kəndininin ərazisində) narkotik vasitələrin İrandan Azərbaycan Respublikası ərazisi istiqamətində keçirilməsi ilə bağlı daxil olmuş məlumat əsasında qeyd olunan ərazidə gizir Feruz Həsənov və kiçik gizir Şahid2 ibarət “Pusqu” xidməti təşkil olunmuşdur. 22 oktyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində göstərilən ərazidə iki nəfər şəxsin sərhəd rejim zonasına daxil olub İrandan Azərbaycan Respublikası ərazisi istiqamətinə hərəkət etmələri müşahidə edilmiş və həmin şəxslər hərəkət edib “Pusqu” xidmətində olan sərhəd naryadına yaxınlaşdıqdan sonra sərhəd naryadı bu şəxslərə “Dayan” çağrışı vermiş, həmin şəxslərdən biri dərhal saxlanılmış digər şəxs tabe olmayıb üzərində olan çantanı yerə atıb və əlində olan silahdan havaya atəş açıb geriyə, İran istiqamətində qaçmağa başlamış, bundan sonra sərhəd naryadı tərəfindən həmin şəxs tərksilah edilib tutulmuş və onun üzərindən bir ədəd "Baredda" markalı silah və bir ədəd gecəgörmə cihazı, həmçinin ərazidən bir ədəd çanta da aşkar edilib götürülmüşdür. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında”, “Götürmə haqqında” və “Baxış keçirilməsi haqqında” 22 oktyabr 2023-cü il tarixli protokollarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən saxlanılmış İran vətəndaşı Təqsirləndirilən şəxs üzərindən "Baredda" markalı tarança, tapançanın üzərində olan bir ədəd daraq, darağın içərisində 10 ədəd patron, tapançanın lülə kanalında olan 01 ədəd patron və bir ədəd gecəgörmə cihazı, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd çantanın içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilib götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində çantanın içərisində ümumi təmiz halda çəkisi 4975 qram narkotik vasitə heroin və ümumi təmiz halda çəkisi 3000 qram psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 4974 qram və qalıq metamfetamin 2999,85 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 01 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş tapança zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, "20.00914" №-li "BAREDDA" markalı, "A6" modelli, səs işarəverici tapançası olub, sonradan lüləsi 7,65 mm kalibrli digər lülə ilə dəyişdirilmişdir, yivli dolu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş, "BAREDDA" markalı, "A6" modelli səs işarəverici tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 10 ədəd 9 mm kalibrli patron tutumlu funksional əhəmiyyət daşımayan komplekt hissə - sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir, həmin sandıqça zavod üsulu ilə istehsal edilmiş 7,65 mm kalibrli patronlarda istifadə edilməsi üçün uyğunlaşdırılmışdır. Tədqiqata təqdim edilmiş 11 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli olmaqla həmin kalibrə malik "VZOR", "ASTRA" və s. uyğun kalibrli yivli odlu tapançalarda istifadə edilən patronlardır, döyüş sursatıdır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, təqdim edilmiş tapançadan atəş açılmışdır, lakin müvafiq elmi metodika olmadığından atəşin vaxtını, eləcədə silah təmizlənməmişdən əvvəl yoxsa sonra təmizləndikdən sonra atəşin açılmasının müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 25 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməli barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış və məcburi müalicəyə ehtiyyacı yoxdur. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 07 yanvar 2024-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-5294,4,9 qram heroin, 1359,8 qram metamfetaminin, bir ədəd "Baredda" markalı odlu silah, 11 ədəd patron və 01 ədəd gecəgörmə cihazı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün DSX-nin İTİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından İran İslam Respublikasının vətəndaşı X1 barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Feruz Həsənov, Şahid2 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayətləri törətmişdir. Habelə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıması, eləcə də qaçaqmalçılıq cinayəti ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən (22 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş) dərman preparatı kimi beynəlxalq adları “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 4975 qram narkotik vasitə olan heroin və 3000 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxsnın niyyəti külli miqdarda narkotik və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış, eləcə də odlu silah və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçib külli miqdarda narkotik və psixotrop maddələri, eləcə də odlu silah və döyüş sursatını üzərində daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, İran vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunması barədə məlumat yoxdur. İşdə olan sənədlərlə və təqsirləndirilən şəxsin ifadəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxx 1986-cı ildə İran İslam Respublikasının Poldəşt şəhərinin Əcirlu kəndində doğulmuş, İran İslam Respublikasının vətəndaşıdır, evlidir, himayəsində iki uşağı vardır və İranın Poldəşt şəhərinin Əcirlu kəndində qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əcnəbilər onlara təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilər. Həmçinin həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, habelə CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 4974 qram heroin və 2999,85 qram metamfetamin məhv edilməli, məhvetmə "Azərbaycan Respublikasının Narkomanlığa və X5 X10 üzrə Dövlət Komissiyası" tərəfindən həyata keçirilməli, habelə bir ədəd "Baredda" markalı odlu silah və on bir ədəd döyüş sursatı olan patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə, eləcə də bir ədəd gecəgörmə cihazı Azərbaycan Respublikası DSX-nin aidiyyəti qrumuna təhvil verilməlidir İş üzrə ekspertiza tədqiqatı xərcləri-242 (iki yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, habelə Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 4974 qram narkotik vasitə olan heroin və 2999,85 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin Habelə iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd "Baredda" markalı odlu silah, 11 (on bir) ədəd döyüş sursatı olan patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə, eləcə də 1 (bir) ədəd göcəgörmə cihazı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aidiyyəti qrumuna təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-242 (iki yüz qırx iki) manat təqsirləndirilən şəxs Xeyirxah Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-506/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-506/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver