Məhkəmə qərarları › İş №1(099)-506/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-506/2025

15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-506/2025 15.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - X10 (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Muradov Vaqif Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Kürdəmir Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını qanunla müəyyən edilmiş qaydada çəkib qurtarmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Kürdəmir rayonu, Atakişili kəndində yaşamış, 12 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin 4(041)-78/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 dekabr 2025-ci il tarixdə, saat 15:55-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 2 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin fevral ayında Kürdəmir rayonu Pirili kənd Bələdiyyəsinin çöl torpaqlarında ailəsinə məxsus fermanın yaxınlığında ayrı-ayrı yerlərdə torpaqda əkmiş, həmin toxumlardan inkişaf etmiş külli miqdarda 106 (yüz altı) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə saat 05:05 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Pirili kəndinin çöl torpaqlarında olan fermanın yaxınlığında keçirilən baxış zamanı torpaqda əkilmiş 39 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 32000,0 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, daha sonra xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Pirili kəndinin çöl torpaqlarında olan fermanın yaxınlığına keçirilən baxış zamanı torpaqda əkilmiş 67 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 3100.0 qram, xx.xx.2025-ci il tarixdə aşkar edilmiş çətənə (kannabis) bitkiləri ilə orqanoleptik əlamətlərinə görə eyni tərkibli olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 fevral 2025-ci il tarixdə çətənə bitkilərini toxumlarını ailəsinə məxsus olan çöl torpaq sahəsində əkmiş, mart ayının 5-də həmin əraziyə baxmış, toxumların cücərmədiyini görmüş, 23 apreldə yenidən həmin sahənin bir hissəsinə baxmış, 9 ədəd çətənə bitkisinin cücərməsinin şahidi olmuşdur. Digər sahəyə baxmamış, düşünmüşdür ki, may ayında gəlib bir daha baxar, lakin müəyyən səbəblərdən sahəyə gedə bilməmişdir. İyun ayının 12-si Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu Kürdəmir şəhərində, Heydər Əliyev adına parkın yaxınlığında saxlamışlar. Həmin vaxt onun yaxın dostu parkda klip çəkilişi edirmiş. Polis əməkdaşlarının suallarına cavab olaraq çətənə bitkisinin toxumlarını əkdiyini etiraf etmiş və onlarla birlikdə həmin əraziyə getmişdir. Polis əməkdaşları sahədə ümumilikdə 39 ədəd çətənə bitkisi aşkar etmişlər. Daha sonra onu Kürdəmir Rayon Polis Şöbəsinə oradan isə istintaq təcridxanasına aparmışlar. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş 67 ədəd çətənə bitkisinin çıxarılmasında iştirak etməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, çətənə bitkisinin toxumlarını əkdiyi düz sahədə mal-qaranın girməməsi üçün 60-70 santimetr hündürlükdə salafan çəkmişdir. Qulluq etməsə də torpaq sahəsi münbit olduğundan inkişaf etmişdir. Həmin torpaq sahəsi atasına Bələdiyyə tərəfindən icarəyə verilmişdir. Ərazidə onlara məxsus ferma olsa da fəaliyyət göstərmir. Əraziyə baxarkən əvvəllər gördüyü 9 ədəd çətənə bitkisinin olduğu yerdə ümumilikdə 39 ədəd çətənə bitkisi aşkar edilmişdir. 9 ədəd çətənə kolu böyük olsa da, digərləri iki qarış boyunda olmuşlar. 10-15 metr aralıda olan sahədə əkdiyi çətənə kolları barədə polislərə heç bir məlumat verməmişdir. Düşünmüşdür ki, onların da yerini deyərsə işi daha ağır ola bilər. X1 rayon PŞ-nin MSY-nə etap edildikdən sonra 67 ədəd çətənə kolu barədə məlumatı olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Kürdəmir RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qardaşı Möhlət Kərimovun qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumat daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və təxirə salınmaz əməliyyat tədbiri keçirilmişdir. Qrup üzvləri aqronomun iştirakı ilə Kürdəmir rayonunun Pirili kəndinə getmişlər, Möhlət Kərimova məxsus əkin sahəsində sıra ilə düzülmüş çətənə bitkilərinə bənzər torpağa əkilmiş vəziyyətdə bitkilər aşkar etmişlər, aqronom həmin bitkilərə baxış keçirtmiş və bitkilərə aqro-texniki qaydada qulluq olunduğunu bildirilmişdir. Həmin bitkilər torpaqdan çıxarılaraq qablaşdırılmış və daha sonra əraziyə yaxın yerlərə də baxış keçirilmiş orada da əkilmiş, kultivasiya olunmuş çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuşdur. Həmin bitkilər də qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərərk Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 iyun 2025-ci il tarixdə Nəzir adlı şəxsin narkotik vasitələrin dövriyyəsi və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 05:05 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Pirili kəndində saxlayaraq üzərinə baxış keçirmişlər, üzərində hər hansı bir qanunsuz vasitə aşkar olunmamış, verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onlara məxsus fermanın ərazisində çətənə əkmişdir. Onunla birlikdə deyilən ünvana getmişlər, Nəzər Kərimov əkdiyi 39 ədəd narkotik tərkibli çətənə bitkilərinin olduğu sahəni onlara göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, X4 məxsus Kürdəmir rayonu Pirili kəndində yerləşən fermanın ərazisinin çöl sahəsində 67 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar olunması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 237.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır.(i.v.1) -“Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, evə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş baxış keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Kürdəmir RPŞnin İTB-nin polis nəfəri, polis serjantı Şahid2, RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı X9 və Kürdəmir rayon X19 Mərkəzinin bitkiçilik sektorunun müdiri, aqranom X5 iştirakı ilə saat 19:00-da X3 yaşadığı Kürdəmir rayonu Pirili kəndində yerləşən çöl əraziyə gedilmiş, keçirilən baxış zamanı Kürdəmir rayonu, Pirili kəndində olan fermanın yaxınlığında 67 (altmış yeddi) ədəd çətənə bitkisinə bənzər kollar aşkar edilmişdir. Aşkar edilmiş çətənə bitkisinə bənzər bitkilər qablaşdırılmış, DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. -“Torpağa və bitkilərə baxış keçirilməsi barədə” 16 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayon X19 Mərkəzinin verdiyi rəyə əsasən, Kürdəmir rayonu Piril kəndində yerləşən çöl sahəsindən aşkar edilərəkə götürülmüş cəmi 67 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir, həmçinin həmin bitkilərin dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir.(i.v.14) -“Məhkəmə bioloji ekspertizası”nın 18 iyun 2025-ci il tarixli, 18/480 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olnmuş üzərində “Kürdəmir rayonu Pirili kəndində aşkar edilmiş..” sözləri və imzalar olan 02 ədəd polietilen torbada ümumi sayı 67 ədəd, yaş vəziyyətdə təmiz çəkisi - 3100,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə görə görə eyni tərkibli olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 67 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.(i.v.19-22) -“Maddi sübut kimi tanıma haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq çəkisi 3093,30 qram olan 67 ədəd yaş vəziyyətdə olan çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutları saxlanma otağına təhvil verilmişdir. Baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.28) -“Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrəli cinayət işi ilə istintaq davam etdirilmişdir.(i.v.44-45) -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair” 12 iyun 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş baxış keçirilərkən aparılmış video çəkilişdən görünür ki, 12 iyun 2025-ci il tarixdə saat 05:05 dəqiqədə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid4, polis kapitanı Şahid5, həmin idarənin əməliyyat müvəkkili polis mayoru Şahid6 ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində Təqsirləndirilən şəxs saxlanmışdır. Kürdəmir rayonu Pirili kəndi ərazisində Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa cibindən 1 (bir) ədəd “Poco” markalı üzərində 050 ***-**-** nömrəsi olan mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üstündən başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra Kürdəmir rayonu, Pirili kəndində qeyd olunan ünvanda narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Kərimov X7 rayonu, Pirili kəndində olan fermanın yaxınlığında 39 (otuz doqquz) ədəd çətənə bitkisinə bənzər kolları təqdim etmişdir. Aşkar edilmiş çətənə bitkisinə bənzər bitkilər qara rəngli torbaya qoyularaq elektron tərəzidə çəkilmiş və çəkisi 14 (on dörd) kq 830 (səkkiz yüz otuz) qram olmuş və həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Həmçinin həmin ərazidən torpaq nümunəsi də götürülərək möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri öz istifadəsi üçün əkdiyini bildirmişdir.(i.v.55- 57) -“Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və götürülərək qablaşdırılmış 39 (otuz doqquz) ədəd narkotik tərkibli çətənə kollarına bənzər kollar, 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi zərfdən çıxarılıb baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır.(i.v.63-65) -“Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə, saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.75) -“Məhkəmə bioloji ekspertizası”nın 12 iyun 2025-ci il tarixli, 18/461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olnmuş üzərində “..Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 39 ədəd, yaş vəziyyətdə ümumi çəkisi - 32000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.(i.v.92-95) -12 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 39 ədəd çətənə bitkiləri, şitilləri tərkibində narkotike maddələr olan çətənə bitkiləridi, bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumuşaldılmış və mütəmadi olaraq suvarma işləri aparılmışdır. (i.v.96) -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.104-105) -“Maddi sübut kimi tanıma haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 39 ədəd yaş vəziyyətdə olan ekspert tədqiqatından sonra qalıq çəkisi- 31996,10 qram olan çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutları saxlanma otağına təhvil verilmişdir.(i.v.133) -Kürdəmir Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 5(041)-58/2025 nömrəli qərarı ilə “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir.(i.v.143-144) -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X20 18 iyun 2025-ci il tarixli, 18-1-49/2- 618/2025 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində narkoloji qeydiyyatda durur. Həkim psixiatrın qeydiyyatında yoxdur.(i.v.145) -Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin 18 iyun 2025-ci il tarixli, PXOO14902- 24-5 nömrəli məktubundan görünür ki, Kərimov X7 Rayon Məhkəməsinin 1(041)-28/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 2 (iki) ay 10 (on) gün hissəsini çəkmişdir. 12 iyun 2025-ci il tarixə çəkilməmiş cəzası 1 (bir) il 16 (on altı) gün təşkil edir.(i.v.146) -Kürdəmir Rayon Məhkəməsinin 1(041)-28/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v.149-158) -Kürdəmir Rayon Məhkəməsinin 4(041)-78/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmışdır.(i.v.168-172) -“Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi yeri, Kürdəmir rayonu, Pirili kəndində yerləşən fermanın yaxınlığında 39 ədəd və 67 ədəd çətənə bitkilərini əkdiyi ərazini əyani surətdə göstərməklə, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(i.v.181-183) -“Məhkəmə bioloji ekspertizası”nın 25 iyul 2025-ci il tarixli, 18/546 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 67 ədəd və 39 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir.(i.v.212- 214) -“X8 Tibbi Yoxlama”nın 15 sentyabr 2025-ci il tarixli, 1622 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(i.v.233) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin ifadəsində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş 67 ədəd çətənə bitkisinin çıxarılmasında iştirak etməməsi və 23 aprel 2025-ci il tarixdə sahəyə baxarkən 9 ədəd çətənə bitkisinin cücərməsi ilə bağlı irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxsin iştirakı ilə məhkəmə istintaqında tədqiq edilmiş 16 iyun 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, evə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş baxış keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Kürdəmir RPŞ-nin əməkdaşları aqranomun iştirakı ilə təqsirləndirilən şəxsin ailəsinin istifadəsində olan Kürdəmir rayonu Pirili kənd Bələdiyyəsinin çöl torpaq sahəsində 67 (altmış yeddi) ədəd çətənə bitkisinin kollarını aşkar etmişlər. Həmçinin təqsirləndirilən şəxsin 23 aprel 2025-ci il tarixdə 9 ədəd çətənə bitkisinin olduğu yerdə 12 iyun 2025-ci il tarixdə 39 ədəd çətənə bitkisi görməsi onu göstərir ki, əkilmiş çətənə bitkiləri 23 apreldə cücərmə mərhələsində olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs digər sahədə əkdiyi çətənə bitkisinin kollarına əvvəllər baxmadığından həmin sahədə əkdiyi çətənə bitkisinin kollarının cücərməsini və hansı sayda olmasını görə bilməzdi. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə, yəni Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 67 və 39 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961- İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, evə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 16 iyun 2025-ci il tarixli və “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair” 12 iyun 2025-ci il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyləri, məhkəmə-bioloji ekspertizalarının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış çətənə bitkilərinin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan övladlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (Cinayət Məcəlləsinin 59.2) onun cinayət məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 iyun 2025-ci il tarixli tələbnamədən və Kürdəmir Rayon Məhkəməsinin 1(041)- 28/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.140-141, 149-158) -Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Pirili kənd İƏD üzrə nümayəndəliyinin 11 sentyabr 2025-ci il tarixli, 188 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və iki yetkinlik yaşına çatmayan övladlarından - 2009-cu il təvəllüdlü X13 və 2011-ci il təvəllüdlü X6 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.237-238) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X12rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin 18 iyun 2025-ci il tarixli, PXOO14902- 24-5 nömrəli məktubundan görünür ki, Kərimov X7 Rayon Məhkəməsinin 1(041)-28/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 2 (iki) ay 10 (on) gün hissəsini çəkmişdir. 12 iyun 2025-ci il tarixə çəkilməmiş cəzası 1 (bir) il 16 (on altı) gün təşkil edir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs çəkilməmiş qalan 1 (bir) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə birləşdirilərək ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu 12 iyun 2025-ci il tarixdən hesablanmalı və Kürdəmir Rayon Məhkəməsinin 4(041)-78/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi “X8 tibbi yoxlama”nın 15 sentyabr 2025-ci il tarixli, 1622 nömrəli rəyini nəzərə alaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq edilməklə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində narkoloji kabinetində qeydiyyatda olması nəzəzrə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 95 (doxsan beş) manat 85 (səksən beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat 85 (səksən beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq çəkisi - 35087,28 qram təşkil edən 106 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd DVD disklər icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddərində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə tərkibi, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-28/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq təyin olunmuş, 02 (iki) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (biri) il 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 06 (altı) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Onun “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat 85 (səksən beş) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi - 35087,28 qram təşkil edən 106 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd DVD disklər icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ənnağı Məmmədli Hakimlər Cavanşir Nəbiyev Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar