Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-507/2023 07.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Sərvan oğlunun ğiştirakları ilə, xx xxxx 1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, Ağcabədi rayonu, Avşar ərazi dairəsi, Avşar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 19,866 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 730 qram çəkidə qurudulmuş marixuana əldə edib üzərində və yaşadığı Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 dekabr 2022-ci il tarixdə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20-də Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında saxlanılıb Abşeron Rayon Polis İdarəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 19,866 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 20 dekabr 2022-ci il tarixdə saat 19:30-dan etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağından 01 ədəd qara rəngli torbada külli miqdarda 730 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 20 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində olan zaman kəndə olan şəxslər arasında olan söhbətlərdən ona məlum olmuşdu ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kənd ərazisində yaşayan “nəşə” çəkən şəxsləri tutmaq üçün rayon ərazisinə gəliblər və bir neçə şəxsə onun fotoşəkillərini göstərib harada olmağı barədə soruşmuşlar. O, də mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün ehtiyat edib həmin səhər tezdən 08 radələrində yol taksilərindən birinə əyləşib Bakı şəhəri istiqamətində getmişdir. Həmin vaxt üzərində və yaşadığı ünvanda hər hansı bir narkotik vasitə olmamışdır. Saat 12 radələrində Bakı şəhərinə çatıb Masazır dairəsi yaxınlığında yerləşən “Ağ Hotel” ə daxil olmaq istəyən zaman 4 nəfər şəxs ani olaraq üzərinə hücum çəkib saxlayaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Onu yumruq zərbləri ilə vuraraq avtomobilə salmışlar. Sonra Abşeron Rayon Polis İdarəsinə gətirib orada bir neçə sənəd yazıb sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Onu otaqların birində döyərək gödəkçəsinin cibinə 20 qrama yaxın narkotik vasitə heroin qoyub həmin bükümü videoçəkiliş zamanı təqdim edib İran vətəndaşı “Baba” adlı şəxsdən almasını söyləməyi tapşırmışlar. Buna etiraz etdikdə onu ailə üzvləri ilə hədələyib dediklərinə əməl etmədiyi halda ailə üzvlərimi də narkotiklə sənədləşdirəcəklərini demişlər. Bundan ehtiyat edib onların dedikləri ilə razılaşmış və üzərinə videoçəkiliş ilə axtarış həyata keçirilən zaman polis əməkdaşları tərəfindən cibinə qoyulan 01 ədəd bükümü təqdim etmişdir. Bundan sonra ona rayona gedib orada da müəyyən sənədləşmə işləri görməli olduqlarını demişlər. Yolda olarkən ona evində də çəkiliş olacağı və oradan narkotik vasitə qurudulmuş marixuana çıxaracaqlarını, həmin narkotik vasitənin özünə aid olmasını söyləməyini tapşırmışlar, buna qəti şəkildə etiraz etdiyi halda yenidən arxada yanında oturan şəxslər sillə zərbələri ilə vurub ailə üzvlərini də bu işə qatacaqları ilə hədələmişlər, o da onlarla razılaşmış və yaşadığı ünvana videoçəkiliş ilə baxış keçirilən zaman əvvəlcədən polis əməkdaşları tərəfindən yerləşdirilən sellofan bağlamanı təqdim edib özünə məxsus olmasını söyləmişdir. Əslində isə üzərindən aşkar olunmuş heroin və evindən aşkar olunmuş qurudulmuş marixuana ona aid olmamışdır, həmin narkotik vasitələrini üzərinə və evinə polis əməkdaşları qoymuşlar. Günahı olmadağı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadələri elan edilmişdir. Həmin ifadələrdə o, göstərmişdir ki, saxlanılmamışdan 2-3 gün əvvəl 300 manat müqabilində İran vətəndaşı “Baba”dan 300 manat müqabilində narkotik vasitələr heroin və qurudulmuş marixuana almışdır. Həmin maddələri “Baba” Ağcabədi rayonu ərazisində qoyduğu yerdən götürmüşdür. Heroin kiçik bükümdə olduğu üçün cibinə qoymuş, marixuananı isə yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evdə özünə məxsus otağa qoymuşdur. 20 dekabr 2022-ci il tarixdə saat 12:20 radələrində Abşeron rayonu, Masazır dairəsi yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq Abşeron rayon Polis İdarəsinə aparmışlar, orada üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz maddı olduğu halda təqdim etməsi təklif edilmiş, o, da həmin heroini təqdim etmişdir, sorğu sual zamanı yaşadığı evdə də narkotik vasitə marixuana olmasını bildirmiş, bundan sonra Ağcabədi rayonuna getmişlər, orada evdə saxladığı marixuananı təqdim etmişdir. Saxlanılan zaman, eləcə də üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşları onun üzərinə və yaşadığı evə narkotik vasitə yerləşdirmişlər, onu döyərək təzyiq göstərildiyi, ailə üzvləri ilə təhdid edilməsi üçün həmin narkotik vasitələrin ona məxsus olmasını bildirmiş” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadələrini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 20 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində olmasını müəyyən etmişlər və həmin istiqamətdə gedərək müşahidə aparmışlar. Saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən isə 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuş, bundan əlavə digər ciblərindən özünə məxsus mobil telefon, pul əskinasları və plastik bank kartlarını təqdim etmiş, şəxsi axtarış zamanı digər hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, təxminən 5-10 ildir ki, narkotik maddə istifadəçisi olmasını, narkotik vasitəni İran vətəndaşı “Baba” adlı şəxsdən 100 manata aldığını, həmçinin Ağacabədi rayonunda yarləşəb evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvana tərəflərindən baxış keçirilməsinə etirazının olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs, müdafiəçisi, əməliyyat qrupunun üzvləri ilə birlikdə Ağcabədi rayonu, Avşar kəndinə gəlmişlər. 20 dekabr 2022-ci il tarixdə saat 19:30-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ünvanda saxladığı narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin ünvanda narkotik vasitələr saxladığını bildirərək özünün qaldığı, qonaq otağından sağ tərəfdə yerləşən otağa daxil olaraq yataq dəstinin altından 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Baxış zamanı həmin sellofan torbanın içərisində tünd yaşıl rəngli kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evdən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni də İran vətəndaşı “Baba” adlı şəxsin vasitəsilə 15 gün öncə Ağcabədi rayonu ərazisindən 200 manata əldə edərək öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı heç bir təziq, təsir döymə olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 dekabr 2022-ci il tarixli 6/7113 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd sellefon bükümdə təmiz çəkisi 19,866 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasiitələr” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatdan sonrakı qalıq heroin 19,866 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli 7/1427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 730 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonrakı qalıq marixuanna 729,9 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edır. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli 7743 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli 5988MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – hər iki almacıq-yanaq nahiyyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Aşkar edilmiş xəsarətlərlə bağlı Nərimanov rayon prokurorluğu tərəfindən araşdırılma aparılmış və 10 aprel 2023-cü il tarixli «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tətdiq edilmiş həmin videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bkümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümə baxış keçirilərkən bükümün içərisindən qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tətdiq edilmiş həmin videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağından 01 ədəd qara rəngli sellefon torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 19,816 qram narkotik vasitə heroin və 729,9 qram narkotik vasitə qurudulmuş marixuanna maddi sübut kimi tanınmış və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi həvalə olunan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Ağcabədi rayonu, X5 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X3 rayonu Avşar kəndində qeydimyyatda olmaqla yaşayır, ailə tərkibi anasından və qardaşından ibarətdir, yaşadığı müddət ərzində özünü sakit, təbiətli, özündən böyüklərə hörmətlə yanaşan, yoldaşlarına qarşı səmimi və intizamlı bir şəxs kimi aparmış, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 20 may 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış və götürmə zamanı çəkilən videogörüntülərini özündə saxlayan 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin haqqında» 25 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin və qurudulmuş marixuanna narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin və qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Əliyev X1 xəstəliyindən əzab çəkmədiyinə görə barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. lakin ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mürarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 19,816 qram narkotik vasitə heroin və 729,9 qram narkotik vasitə qurudulmuş marixuanna məhv edilməli, “şəxsi axtarış və götürmə” və “baxış keçirtmə və götürmə haqqında”protokollarınıın videogörüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 86 (səksən altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mürarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 19,816 qram narkotik vasitə heroin və 729,9 qram narkotik vasitə qurudulmuş marixuanna məhv edilsin, “şəxsi axtarış və götürmə” və “baxış keçirtmə və götürmə haqqında”protokollarınıın videogörüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 86 (səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-507/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-507/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver