Məhkəmə qərarları › İş №1(099)-507/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-507/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-507/2024 18.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında, Lənkəran şəhəri Şeyx Zahid küçəsi dalan 2, ev 8-dən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, anası Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinə münasibətləri pozulduğuna görə evə girməyə icazə vermədiyi halda evin qapısını itələyib açaraq qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs yataq otağından bir ədəd 400 manat dəyərində 82 diaqonallı “LG” markalı televizor, kolidorda yerləşən bir ədəd 130 manat dəyərində soba, yataq otağında yerləşən, ümumilikdə, 48 ədəd boşqabdan ibarət olan 150 manat dəyərində qab servis dəsti, həyətdə olan 300 manat dəyərində bir kubmetr taxta, yataq otağında yerləşən, bir kiloqramının qiyməti 8 manat, ümumi qiyməti 336 manat olan 42 kiloqramlıq yapon qozu, yataq otağında yerləşən, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 60 manat olan 3 ədəd turşu bankası, yataq otağında yerləşən, bir ədədinin qiyməti 37 manat, ümumi qiyməti 74 manat olan iki ədəd qarğıdalı yağı, bir kiloqramının qiyməti 12 manat, ümumi qiyməti 24 manat olan 2 kiloqramlıq fındıq ləpəsi, qiyməti 13 manat olan bir kiloqram qoz ləpəsi olmaqla Zərərçəkmiş şəxs, ümumilikdə, 1487 manat olan qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2024-cü ilin fevral ayının əvvəllərində, Lənkəran şəhəri mərkəzi bazar ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 2,465 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 09 fevral 2024-cü il tarixdə saat 12:45 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Vaqif küçəsində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 3ə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, dalan 2, ev 8 ünvanında atası X7 məxsus evdə yaşamışdır. Həmin ünvanda yaşamaqla Bakı şəhərində də yaşamışdır. Atası vəfat etdiyindən ata mülkində anası Zərərçəkmiş şəxs ilə yaşamışdır. 4 il olar ki, Azərbaycana geri qayıtmış, belə ki, 2020-ci ildə müharibə dövründə Azərbaycana gəlib, anası ilə 1 il Lənkəranda yaşamışdır. Hadisə baş verəndə anası Abbasova X5 olmuş, ehtiyacı olduğu üçün evə daxil olub 1-2 əşya götürüb satmışdır. Anası evdən əşyaları onun götürdüyünü bilməmiş, sonradan şikayət verdikdən sonra əşyaların onun tərəfindən götürüldüyünü bilmiş, buna görə də hal-hazırda ondan şikayətçi olmamışlar. Üzərində 2 qramdan azca çox metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, əşyaları götürdüyü evin açarlarını anası ona da vermişdir. Həmin evdə yaşadığı üçün həmin evə rahat girib çıxa bilmişdir. Həmin evdən televizor, soba, servis dəsti və ittiham aktında göstərilənləri götürüb satmışdır. Bu barədə anasına məlumat verməmişdir. Həmin əşyaların hamısını birdən götürüb aparıb satmış, həmin vaxt anası Naftalanda müalicədə olmuşdur. Anası evdə olmadığı vaxt açar qonşuda olmuşdur. Anası evdə olmadığı üçün həyət qapısını açarla açıb evə daxil olmuş, digər qapılar bağlı olmuşdur. Üzərində olan psixotrop maddə 2,3 qram metamfetamini tanımadığı şəxsdən almış, istifadə etmək üçün üzərində saxlamışdır. Əvvəllərdə anası Zərərçəkmiş şəxs evdə olmayanda qonşudan evin açarını alıb evə daxil olmuş, anası onu evdə görərkən evə daxil olmasına etiraz etməmişdir. İlk dəfədir ki, anası ondan şikayət etmişdir. Əvvəllər anası onu evdə görərkən evə daxil olmağına etiraz etməmişdir. Anası əşyaların evdən onun götürdüyünü bilsəydi şikayət etməzdi. Televizor işlək vəziyyətdə olmadığı üçün onu satmış, satdığı əşyalara görə anası - Abbasova ona söz deməzdir. Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, dalan 2, ev 8 ünvanında yaşamışdır. Televizor və digər əşyaları götürəndə təxminən yanvar ayının axırları olmuşdur. Yanvar ayının axırları Bakı şəhərində yaşamış, anası Zərərçəkmiş şəxs da Bakıda müalicə də olmuşdur. Anası Zərərçəkmiş şəxs ilə münasibəti pozulmamışdır. Əvvəllər evdən heç bir əşya oğurlayıb satmamışdır. Evlidir, iki qız övladı vardır ki, onlar da Bakıda yaşayırlar. Uşaqlarının ikisi də yetkinlik yaşına çatmışlar. Evdən götürdüyü televizoru qardaşı almışdır. Sobanı, yapon qozu və taxtaları da götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iki qız uşağının olmasını nəzərə alıb barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onun oğlu olduğunu, buna görə ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 330.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yaxın qohumu olduğuna görə onun əleyhinə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı 16 fevral 2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elburus narkotik vasitə aludəçisidir. Sonuncu iki il bundan əvvəl məhkum olunmuş və onunla Lənkəranda yaşamağa başlamışdır. Ailəsi isə Bakı şəhərində yaşayır. Həmin günlərdə Elburus evdə çox şey oğurlayıb satmış, səbəbi isə narkotik vasitə almaq üçün pul əldə etmək olmuşdur. Bu səbəbdən də o, Elburusa evə girməyə çox icazə verməmişdir. 02 yanvar 2024-cü il tarixdə Elburus yaşadığı evə gəlmişdir. Elburusa ərzaq məhsulları vermişdir ki, Bakı şəhərində yaşayan ailəsi üçün aparsın, özü də onların yanına getsin. Elburusa Bakı şəhərinə gedəcəyini, qayıdandan sonra isə Naftalan şəhərinə sanatoriyaya gedəcəyini demişdir. Sonra isə ayrılmışlar. 22 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən evinə qayıtmışdır, elə həmin gündə də Naftalan şəhərinə yola düşmüşdür. 04 fevral 2024cü il tarixdə isə evə qayıtmışdır. Evə gələn zaman qapının sındırıldığını görmüş və başa düşmüşdür ki, evə oğru girmişdir. Bu səbəbdən də polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək zəruri tədbirləri görmüşlər. Bir neçə müddətdən sonra isə ona evinə girən şəxsin oğlu Təqsirləndirilən şəxs olduğu barədə məlumat verilmişdir. Evindən bir ədəd 400 manat dəyərində 82 diaqonallı “LG” markalı televizor, bir ədəd 130 manat dəyərində soba, ümumilikdə, 48 ədəd boşqabdan ibarət olan 150 manat dəyərində qab servis dəsti, 300 manat dəyərində olan bir kubmetr taxta, 42 kiloqramlıq, dəyəri 168 manat olan yapon qozu, 3 ədəd, ümumi qiyməti 60 manat olan turşu bankası, iki ədəd, 74 manat dəyərində olan qarğıdalı yağı, iki kiloqram, ümumi qiyməti 20 manat olan fındıqiçi, bir kiloqramlıq, ümumi qiyməti 10 manat olan qoziçi oğurlanmış, oğurluq nəticəsində ona, ümumilikdə, 1312 manat maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab vermək istədiyini qeyd edib bildirmişdir ki, Elburus qapını sındıraraq içəri girmişdir. Elburus əvvəllər də evdən oğurluq etmiş, valideyn olduğu üçün onu bağışlamışdır. Hazırda da oğlunu bağışlayır, dəymiş ziyanı tələb etmir və ərizəsini geri götürür. Elburus narkotikə görə oğurluq etmişdir. Elburus pandemiya dövründən sonra narkotikdən istifadə etməyə başlamışdır. Elburusun qazancı olmamışdır. Evin qapısının Elburus sındırmasını bilməmişdir. Elburus evdə yaşamaq məqsədi ilə qapını sındırdığını bilsəydi şikayət etməzdi. Elburusa ”evə gəlmə” deməmişdir. Elburus evin açarını istəsəydi ona verməzdi. Naftalana gedəndə evin qapılarını bağlayıb getmiş, evin açarını oğlu Elburusa verməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq qanunun tələblərinə uyğun olaraq oğlu Təqsirləndirilən şəxs barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin qrupa o, Şahid2 və Fuad Fətəliyev daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yerini müəyyən edib müşahidəyə götürmüşlər və az sonra ona yaxınlaşıb özlərini təqdim edib Elburusu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir təsir olmamışdır. Sonuncu barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat malumatı Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə olmuş, aşkar edilmiş maddəyə dair Elburusun heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Vaqif küçəsində saxlamışlar, onun barəsində əməliyyat məlumatı yalnız narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nın əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və o, həmin qrupa daxil olmuş, 09 fevral 2024-cü il, saat 12 radələrində Lənkəran şəhəri, Vaqif küçəsində Təqsirləndirilən şəxs orada olması ehtimalı ilə həmin küçə nəzarətə götürülmüş, sonuncunu həmin küçədə gördükdən sonra ona yaxınlaşıb özlərini təqdim, ona narkotik vasitənin qanunsuz dövriyyəsilə məşğul olması barədə məlumatın olmasının bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, o, sağ yan cibindən balaca bir bükümü təqdim etmiş və həmin bükümün içərisində kristala bənzər maddələr olmuş, özü isə həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Narkotiki Lənkəran şəhərində bazar ərazisində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 09 fevral 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .4-7; 30-32) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 14) - “Şəxsi axtarış və götürmə aparılması barədə” 09 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş viddeoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 2,66 qram olan bir ədəd bükümdə psixotrop madə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. (i.v. 30-32) -Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/121 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə metamfetainə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 2,465 qram olan ağ rəngli kirstallardan ibarət olan maddə metamfetamindir. (i.v. 44-47) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 55-56) -Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2024-cü il tarixli, 4(049)-32/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. (i.v.71- 73) -Məhkəmə tibbi ekspertizasının 10 fevral 2024-cü il tarixli, 111 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (i.v. 74-75) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 fevral 2024-cü il tarixli, 127 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 77) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubun məzmunundan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan 05 ədəd əl-barmaq izinin (hamam və giriş qapıdan götürülmüş) xx xxxxxx 1977-ci il tarixində Lənkəran rayonunda anadan olan Təqsirləndirilən şəxs sol əlinin böyük (02 dəfə), orta və adsız (02 dəfə) barmaqlarının əksləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. (i.v. 79) - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Lənkəran ŞRPŞnin rəisinə müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə Lənkəran şəhəri, Ş.Zahid küçəsində yerləşən evindən tanımadığı şəxs və ya şəxslər tərəfindən ona məxsus “LG” markalı televizor, qaz sobası, qab-qacaq, taxtalar, 12 kiloqram yapon qozu, evdə hazırladığı turşuların oğurlandığını ümumilikdə ona 1000 manat maddi ziyan dəydiyini bildirmişdir. (i.v.83; 139) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 93) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 95) - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2024-cü il tarixli, 19/295 nömrəli rəyindən görünür ki, 82 diaqonallı “LG” markalı televizorun qiyməti 230 manat, yapon qozunun bir kiloqramının qiyməti 8 manat, fındıq ləpəsinin bir kiloqramının qiyməti 12 manat, qoz ləpəsinin bir kiloqramının qiyməti 13 manatdır. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri, çəkisi və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i.v. 118-121) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, sonuncu həmin maddələlrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 143-145) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əşyaları yaşadığı evdən götürdüyünü və bunu oğurluq hesab etmədiyini, evdən götürülən əşyaların onun tərəfindən götürülməsini anası bilsəydi hər hansı şikayəti olmayacağını bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətdən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş metamfetaminin ona aid olduğunu, buna görə də həmin maddə ilə ona elan edilmiş ittiham üzrə müdafiəsi üçün hər hansı dəlil gətirməmişdir. Azərbaycan Respublikasi Ali məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarın müvafiq bəndində göstərilmişdir ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, dalan 2, ev 8-də anası ilə yaşamış, lakin 2024-cü ilin yanvar ayının sonlarında anası Zərərçəkmiş şəxs ilə münasibətləri pozulduğundan anası onu evə daxil olmağa icazə verməmiş, Zərərçəkmiş şəxs həmin evdə yaşamadığı dövrdə evin açarlarını Təqsirləndirilən şəxs verməməklə sonuncunun həmin evə daxil olmasına iradə ifadəsinin olmadığını bir daha göstərmiş, Zərərçəkmiş şəxs həmin dövrdə əvvəlcə Bakı şəhərinə, daha sonra isə Naftalan şəhərinə müalicəyə getmiş və həmin evdə yaşamamış, Təqsirləndirilən şəxs də anası Xanım Abbaszadəyə məxsus olan fərdi yaşayış evinə münasibətləri pozulduğuna görə evə girməyə icazə vermədiyini bildiyi halda evin qapısını itələyib açaraq qanunsuz evə daxil olaraq oğurluq hadisəsi tərətmişdir. Buna görə də onun əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə tərkibi Elburus Abbazadəyə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndinə əsasən metamfetamin psixotrop maddə hesab edilir və həmin psixotrop maddənin xeyli miqdarının artıq miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2 qramdır. Elburus Abbazadənin üzərindən metamfetamin aşkar edilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş videoçəkiliş, ekspertiza rəyi və digər istintaq hərəkəti protokolları və sübutlarla tam təsdiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirdiklərini iş materiallarına uyğun olduğundan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyindən iş üzrə sübut kimi qiymətləndirir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı tam etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər - Şahid1 və Şahid2 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə 09 fevral 2024-cü il tarixli protokol, həmin istintaq hərəkətinə əlavə edilmiş videogörüntü, digər istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2024-cü il tarixli, 19/121 nömrəli və məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 aprel 2024-cü il tarixli, 19/295 nömrəli, ambulator məcburu narkoloji tibbi yoxlamanın 12 fevral 2024-cü il tarixli 127 nömrəli rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən, həmçinin Lənkəran rayon məhkəməsi tərəfindən təqdim edilmiş hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 5 (beş) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 5 (beş) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 12 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 104-106; 123-128) -Lənkəran rayon İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ailə tərkibi həyat yoldaşı, xx.xx.2002 və xx.xx.2004-cü il təvəllüdlü qızlarından ibarətdir. (i.v. 130-131) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 09 fevral 2024-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2024-cü il tarixli 127 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün məhkəmə-kimyəvi ekspertizasının xərci 60 (altmış) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat olmaqla ümumilikdə 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,365 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X10 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının xərci 60 (altmış) manat və məhkəməəmttəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat olmaqla ümumilikdə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,365 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar