Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-508/2023 16.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran rayonu, Velədi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı «Dayı» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Dayı» adlı şəxs və qeyriləri ilə külli miqdarda – 23225,601 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda – 6945,0 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda – 23615,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda – 7980,0 qram çəkidə psixotrop maddə metamfetamini məlum olmayan vaxtda Astara rayonunda dəqiq müəyyən edilməmiş yerdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu idarə etdiyi “Vaz 21065 minik” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobillə Astara rayonu ərazisinə gedib «Dayı» adlı şəxsin tapşrığına əsasən müəyyən edilməyən şəxs tərəfindən həmin yerə qoyulmuş 23225,601 qram narkotik vasitə heroini, 6945,0 qram narkotik vasitə tiryəki, 23615,0 qram narkotik vasitə qurudulmuş marixuananı və 7980,0 qram psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi avtomobildə saxlayaraq daşımış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 40,601 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 23:20-də Lənkəran rayonu, Sütəmurdov kəndinin ərazisində yerləşən “Məkan” çay evinin qarşısında saxlanılaraq 16 mart 2023-cü il tarixdə saat 00:30dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 40,601 qram çəkidə narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21065 minik” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı külli miqdarda – 23185,0 qram çəkidə eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin 2900,0 qram, 2880,0 qram, 3420,0 qram, 2480,0 qram, 3180,0 qram, 2660,0 qram, 3250,0 qram və 2415,0 qram olmaqla 08 ədəd bükümdə, külli miqdarda – 6945,0 qram çəkidə eyni tərkibli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək 995,0 qram, 1000,0 qram, 990,0 qram, 980,0 qram, 1000,0 qr, 995,0 qram və 985,0 qram olmaqla 07 ədəd bükümdə, külli miqdarda – 23615,0 qram çəkidə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 5500,0 qram, 5050,0 qram, 1655,0 qram, 7510,0 qram və 3900 qram olmaqla 05 ədəd bağlamada, həmçinin külli miqdarda – 7980,0 qram çəkidə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 995,0 qram, 995,0 qram, 995,0 qram və 995,0 qram olmaqla 08 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Dayı”adlı iralını uzun müddətdir tanıyır, onunla Lənkəran şəhərində bazarda satıcı işləyərkən tanış olmuşdur. Həmin şəxs ona “palma” ağacının toxumunu göndərəcəyini və həmin toxumu Bakı şəhərində dediyi şəxsə çatdırmalı olduğunu demişdir. 15 mart 2023-cü il tarixdə Lənkəran şəhərində “Şəms” şadlıq sarayında toy məclisində olmuş, axşam saat 22 radələrində toydan çıxaraq idarə etdiyi VAZ 21065 markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobillə “palma” toxumunu götürmək üçün Astara rayonu, Rinə kəndinə “Dayı” adlı şəxsin dediyi yerə yollanmışdır. Kəndə çatdıqdan sonra iki nəfər şəxs maşının arxa yük hissəsini açıb kisələri maşına qoymuşlar, özü maşından düşməmişdir. Bundan sonra yaşadığı evə getmiş və oradan Bakı şəhərinə yola düşmüşdür. Yolda olarkən Lənkəran rayonu ərazisində polis əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Saxlanılarkən üzərində və avtomobilində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. İstintaq zamanı verdiyi ifadəsi məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, “Dayı” adlı iranlı ilə aralarında hər hansı bir pul söhbəti olmamışdır. Dayı ona kisəni verəcəyi adamın adını Bakı şəhərinə çatdıqdan sonra deyəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığından istintaq zamanı etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan 3 ay əvvəl “Dayı” kimi tanıdığı iranlının sifarişi ilə narkotiki Bakı şəhərində xatırlamadığı yerə qoyduğuna görə onun adına olan plastik karta 5.000 manat pul yüklənmişdir. Bundan sonra, 15 mart 2023-cü il tarixdə Dayı ona zəng edərək axşam saatlarında Astara rayonu, Rinə kəndinin ərazisində içərisində narkotik olan bağlamaları götürüb Bakı şəhərinə aparmasını, bunun müqabilində ona 10.000 manat (on min) pul, həmçinin bir bükümdə təxminən 50 qrama yaxın heroin verəcəyini bildirmişdir. Onunla razılaşmış və özünə məxsus olan Vaz 21065 minik markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobillə Astara rayonuna yola düşmüş, həmin yeri tapıb bağlamaları götürüb maşının arxa yük yerinə qoymuş, bükümlərin birinin yanında bir ədəd balaca bükümün olduğunu görüb onu şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra idarə etdiyi avtomobillə yaşadığı kənd istiqamətində yola düşmüş, məqsədi evə gedib ailə üzvlərinə təəcili Bakı şəhərinə işlə bağlı getməli olduğunu izah edib Bakı şəhərinə yola düşmək olmuşdur. Həmin gün saat 23:20 radələrində yaşadığı kənd istiqamətində gedən zaman Lənkəran rayonu, Sütəmurdov kəndinin ərazisində polis əmkdaşları tərəfindən saxlanılmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü, digər ciblərindən avtomobilin açarını, mobil telefonunu, şəxsiyyət vəsiqələrini, şəhadətnaməni və plastik kartları təqdim etmişdir. Avtomobilin arxa yük hissəsinə baxış keçirilən zaman isə oradan 02 ədəd torbanın içərisinə baxış keçirilən zaman ayrı-ayrı bükümlərdə külli miqdarda narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, narkotki vasitələri və psixotrop maddəni “Dayı” adında iranlı ona göndərmiş, onları Bakı şəhəri aparıb deyilən yerə qoyacağı halda bunun müqabilində ona 10000 manat pul veriləcək idi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin Cənub Baş Regional şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağıl əməliyyat qrupu yaradılmışdır. 15 mart 2023-cü ildə saat 23 radələrində Vüsal Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində olan “Məkan” çay evinin yaxınlığında “Vaz 21065 minik” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobildə saxlanılmış və Regional şöbəyə aparılmışdır. Şəxsi axtarış zamanı Vüsal əynində olan şalvarının cibindən 40 qram heroini, mobil telefonunu və digər şəxsi əşyalarını çıxarıb təqdim etmişdir. Narkotik və mobil telefon götürülmüş, digər şəxsi əşyalar isə özünə qaytarılmışdır. Daha sonra onun idarə etdiyi avtomobilə də videoçəkilişlə vəkilin iştirakı ilə baxış keçirilmiş, avtomobilin arxa yük hissəsində 2 ədəd torbada çoxsaylı bükümlərdə külli miqdarda heroin, marixuana, tiryək və metamfetamin aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Vüsal bildirmişdir ki, həmin narkotik vasitələri ona “Dayı” adında iranlı göndərmiş, bağlamaları aparıb Bakı şəhərində iranlının dediyi yerə qoyarsa bunun müqabilində ona 10.000 manat pul verəcək idi. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs “palma” ağacının toxumlarını deyil, narkotik götürməyə gəlmişdir. Ona qarşı heç kim tərəfindən zor tətbiq edilməmişdir. Saxlanılarkən o, əməlini səmimi etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 16 mart 2023-cü il tarixli 19/309 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 40,601 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 m, **-BO-*** q/n-lı avtomaşından aşkar edilmiş sintetik torbada heroinə, tiryəkə və metamfetaminə bənzər kütlələr qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd kisədəki, 8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 2900,0 qr: - 2880,0 qr: - 3420,0 qr: -2480,0 qr: - 3180,0 qr: - 2660,0 qr: - 3250,0 qr: - 2415,0 qram: ümumi təmiz çəkisi: - 23185,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 7 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 995,0 qr: - 1000,0 qr: - 990,0 qr: - 980,0 qr: - 1000,0 qr: - 995,0 qr: - 985,0 qram: ümumi təmiz çəkisi: - 6945,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdirlər, kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər; 8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 1000,0 qr: - 1000,0 qr: - 1000,0 qr: - 1000,0 qr: - 995,0 qr: - 995,0 qr: - 995,0 qr: - 995,0 qram: ümumi təmiz çəkisi: - 7980,0 qram olan ağ rəngli kristal şəkilli maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər. - Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 m, **-BO-*** q/n-lı avtomaşından aşkar edilmiş sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd kisədəki, 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: - 5500,0 qr: - 5050,0 qr: - 1655,0 qr: - 7510,0 qr: - 3900 qram: ümumi təmiz çəkisi: - 23615,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. - Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomaşından aşkar edilmiş ümumilikdə 9 ədəd olmaqla ümumi təmiz çəkisi: - 23225,601 qram olan heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 mart 2023-cü il tarixli 304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, narkotik vasitə heroini bir ildir intranazal yolla qəbul edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “baxış və götürmə aparılması haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21065 minik” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə tiryək və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, “Dayı” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyəti, olduğu yer və Azərbaycan Respublikasındakı əlaqələrini müəyyən etmək mümkün olmamışdır. “Dayı” adlı şəxsin şəxsiyyətini və cinayətin digər iştirakçılarının şəxsiyyətini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonda İran İslam Respublikasının mobil operatoruna məxsus +**********06 saylı mobil nömrə “Dayı” adı ilə qeyd olunmuş və bu nömrələr arasında “watsapp” ani mesajlaşma mübadiləsi sistemində çoxsaylı görünütülü və danışıq zənglərinin aparılması müəyyən edilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin, həmçinin idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 23224,701 qram qalmış narkotik vasitə heroin, 6944,3 qram qalmış narkotik vasitə tiryək, 23614,5 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 7979,2 qram qalmış psixotrop maddə metamfetamin və “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. 15 may 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 243.4.3-cü maddəsi ilə ayrıca icrata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək çoxdankı tanışı «Dayı» adında iranlının ona «palma» ağaclarının toxumunu göndərdiyini, toxumları Bakı şəhərinə çatdırmalı olduğunu, “palma” toxumunu götürmək üçün Astara rayonu, Rinə kəndinə “Dayı” adlı şəxsin dediyi yerə yollandığını, kəndə çatdıqdan sonra iki nəfər şəxs maşının arxa yük hissəsini açıb kisələri maşına qoyduqlarını, özünun isə maşından düşmədiyini, maşında narkotikin olmasından məlumatının olmadığını, «Dayı» ilə narkotik haqqında söhbətlərinin olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq məhkəmə istintaqında ifadəsində göstərdiyi xüsusatları işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı ilk gündən ilkin izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli və ilkin olaraq təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində özünü təqsirli bilərək “Dayı” adında iranlının ona göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Astara rayonu ərazisindən götürüb Bakı şəhərinə aparıb iranının dediyi yerə çatdırıcağı halda ona 10.000 manat miqdarında pul veriləcəyini, üzərində aşkar olunan heroinin də özünün məxsus olduğunu səmimi etiraf etmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs iranlının ona “palma” ağaclarının toxumunu göndərməsi, həmçinin avtomobilinin yük yerinə iki nəfər tanımadığı şəxsin iki kisə qoyması barədə hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən görünür ki, şəxsi axtarış və baxış keçirilən zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şalvarının cibindən aşkar olunan külli miqdarda heroinin və idarə etdiyi avtomobilin yük yerindən aşkar olunan külli miqdarda narkotki vasitələrin və psixotrop maddənin ona “Dayı” adında iranlı tərəfindən göndərildiyini səmimi etiraf edir, narkotik vasitələrin və psixotrop maddənin avtomobilin yük yerinə tanımadığı şəxslər tərəfindən qoyulması, habelə “palma” ağaclarının toxumları barədə hər hansı bir dəlil irəli sürmür. Həmçinin «mobil telefona baxış keçirilməsi haqqında» protokolla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs İran mobil operatoruna aid +**********06 nömrələri ilə “Dayı” adı ilə qeyd olunmuş “votsap” vasitəsilə çoxsaylı telefon danışıqları olmuşdur. Bundan başqa, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edilməlidir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, «şəxsi axtarış və götürmə aparılması», «mobil telefona baxış keçirilməsi», «avtomobilə baxış keçirilməsi» haqqında protokolları, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, tiryək, qurudulmuş marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs külli miqdarda və müxtəlif çeşidlərdə narkotik vasitələri və psixotrop maddəni sifariş verməsi, onları 10000 manat pulun müqabilində Bakı şəhərinə aparıb «Dayı» adında iranlının dediyi yerə çatdıracağı və işin digər halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə etməsi, saxlaması, daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İş materiallarında olan qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü ildə saat 23.20-də saxlanılmış, 16 mart 2023-cü ildə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 mart 2023-cü ildən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşıdran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələri görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməldir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji xəstəxanaında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 23224, 501 qram heroin, 6944,3 qram tiryək, 23614,5 qram qurudulmuş marixuana, 7979,2 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsunq” marklı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, disklər isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji xəstəxanaında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 23224, 501 qram heroin, 6944,3 qram tiryək, 23614,5 qram qurudulmuş marixuana, 7979,2 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsunq” marklı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, disklər isə cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yuz iyirmi) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cavid Səfərli Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-508/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-508/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver