Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-510/2024 12.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərində istintaqa “Rza” adı ilə məlum olan şəxslə satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və satışından əldə ediləcək vəsaitin öz aralarında bölünməsi ilə bağlı əvvəlcədən razılığa gəlib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq Rza adlı qrup üzvünün istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunusz olaraq əldə etdiyi bir ədəd bağlamada təmiz çəkisi 1891,538 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Masallı-Yardımlı avtomobil yolunun Yardımlı ərazisindən keçən hissəsində yol kənarında gizlətməsi barədə məlumatı ondan aldıqdan sonra qeyd olunan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin fevral ayının əvvəlində Yardımlı rayonu ərazisində ona məlum olan yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanda yerləşən evə daşıyaraq orada saxlamış, Rza adlı qrup üzvü ilə əvvəlcədən razılaşdığı kimi həmin narkotik vasitənin satışını realizə etmək üçün 15 fevral 2024-cü il tarixdə yaşadığı evdə 21,538 qramını ayırıb sellofan kəsiyinə bükərək əynində olan gödəkçəsinin sol yan cibində, qalan 1870,0 qramını isə sellofan bağlamada bükərək əlində tutub, onları üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşlarının həmin gün keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat 13 radələrində Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq regional şöbənin ünvan 3 ünvanda yerləşən inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sellofan bükülüdə, təmiz çəkisi 21,538 qram olan hissəsi əynində olan gödəkçənin sol yan cibindən, bir ədəd sellofan bağlamada təmiz çəkisi 1870,0 qram olan hissəsi isə sol əlində tutduğu sellofanın içərisindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, lakin satışı ilə məşğul olmur və eyni zamanda heç kimlə əlbir olmamışdır. Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 15 ünvanında qardaşı və onun ailəsi ilə birlikdə yaşamışdır, subaydır, əvvələr heç vaxt evli olmamışdır, ixtisasca iqtisadiyyatçı olmaqla ali təhsillidir, lakin heç bir yerdə işləməmişdir. 1997-ci ildən narkotik vasitə istifadə edir. Narkotiki əvvəllər tüstüsünü udmaq yolu ilə qəbul etmiş, sonradan isə inyeksiya vasitəsilə qəbul etməyə başlamışdır. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində adlarını bilmədiyi şəxslərdən almışdır. Narkotik vasitələrdən istifadəyə görə bir dəfə həbs də olunmuşdur. Hazırki cinayət işi üzrə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmuş, lakin çəkisi ittiham aktında qeyd olunduğu qədər olmamışdır. Sadə mobil telefon işlətmiş, İran vətəndaşı ilə yazışmamışdır. Saxlanılması belə olmuşdur ki, 15 fevral 2024-cü il tarixdə, günorta vaxtı küçədə maşın axtaran zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onlardan biri ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduğunu, üzərində şəxsi axtarış aparılmalı olmasını demiş, lakin ətrafda insanların intensiv hərəkətinə görə şəxsi axtarışın polis şöbəsinin inzibati binasında keçirilməli olduğunu izah etmiş, o da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birinə aparılmış, orada ona şübhəli şəxs qismində tutulduğunu bildirib hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibində olan mobil telefonu, sol yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu Lənkəran şəhəri, 20 Yanvar küçəsində dördyolun yanında saxlamışlar. Üzərində şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılmış və üzərində 21 qrama yaxın narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni tanımadığı adamdan şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitələrlə bağlı kifayət qədər məlumatlı olmasının səbəbini narkotik vasitə aludəçisi olması ilə əlaqələndirmişdir. Rza adlı İran vətəndaşını tanımır. Onda “WhatsApp” proqramı vasitəsilə kiminləsə danışmaq üçün yararlı telefon olmamışdır. Polis tərəfindən tutularkən əlində içərisində marixuana olan bağlama olmuşdur. Videoçəkiliş zamanı narkotik vasitənin təsiri altında olduğundan bağlamadakı narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotiki təxminən on il əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsdən aldığını, Rza ilə aralarında yaxşı münasibət olmasını, danışdıqlarını, hətta bir neçə dəfə görüşdüklərini, tutulmamışdan təxminən on beş gün əvvəl Rzanın ona zəng edib İrandan göndərdiyi qurudulmuş marixuananı Lənkəranda satıb 4.000 (dörd min) manat pulu ona göndərməsi barədə təklif etməsini, pulu Rzanın ona atacağı kart hesabına göndərəcəyini, bundan sonra Rzanın ona içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı Masallı-Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində olan lövhənin altında qoyduğunu deməsini, tanımadığı yol maşını ilə həmin yerdəki lövhənin altında olan bağlamanı götürüb geri qayıtmasını, evdə bağlamanı açıb içərisindəki marixuanadan bir qədər şəxsi istifadəsi üçün götürüb, qalanını isə yenidən əvvəlki qaydada bağlamasını, narkotiki satmağa qorxduğu üçün Rzanın onunla əlaqə saxlaya bilməməsinə görə növbəti gün istifadə etdiyi telefonu və nömrəni atmasını, özünə təzə telefon və nömrə almasını, qurudulmuş marixuananı evdə saxlamağın təhlükəli olmasını düşünüb onu Ələt-Astara magistralının Lənkəran rayonu Şilavar kəndindən keçən hissəsində, yolun sağındakı yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan qəbiristanlıqda basdırmaq və lazım olan zaman götürüb istifadə etmək qərarına gəlməsini bildirmişdir. Həqiqətdə isə narkotik vasitəni Rza adlı şəxsdən almamış, yoldan tapmış və qəbiristanlıqda gizlətmək niyyətində olmuşdur. Videoçəkilişdən qabaq polis əməkdaşları tərəfindən ona nəyi deməsi barədə tapşırıq verilməmiş, bu və ya digər formada təsir-təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxs və şahidlər) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsi X2 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımış, aralarında ədavət və ya düşmənçilik, qohumluq əlaqəsi olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 baş əməliyyat müvəkkili işlədiyi dövrdə ona Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat müvəkkili təyin edilmişdir. Əməliyyat qrupunda ondan başqa polis nəfərləri Şahid2 və Şahid3 olmuşlar. 15 fevral 2024-cü il tarixdə, saat 13 radələrində onun rəhbərliyi və göstərişi ilə Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün Lənkəran şəhərinə çıxmışlar və Ü.Hacıbəyov küçəsində, yəni Azadın yaşadığı evin ətrafında intensiv müşahidələr aparandan sonra Azadı küçədə piyada hərəkət edərkən görmüşlər. Azada yaxınlaşıb, özünü və yanında olan polis əməkdaşlarını təqdim etmiş, Azad da özünü təqdim etmişdir. Azada bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə gəlməlidir. Azad etiraz etmədən onlarla birlikdə polis şöbəsinə aparıldıqdan sonra müdafiəçi ilə təmin olunmuş, daha sonra isə təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlamamışdan əvvəl təhqiqatçı Azada təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa, könüllü şəkildə təqdim etsin, Azad da əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd sadə mobil telefon, sol cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş, həmçinin əlindəki torbanı masanın üzərinə qoyub içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Azad şifahi sorğu-sual zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, həmin büküm və torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana var, üç-dörd gün öncə İran vətəndaşı olan Rza adlı şəxslə əlaqəyə girərək onun vasitəsilə əldə etmiş və narkotik vasitənin müqabilində pul ödəməli olmuş, lakin qarşı tərəfi aldatmış və heç bir ödəniş etməmiş, narkotik vasitəni evdə saxlamaq istəməmiş, başqa bir yerdə gizlətmək istəmişdir. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları sualları cavablandıraraq bildirmişdir ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatında narkotik vasitənin miqdarı haqqında məlumat olmamışdır. Səhv etmirsə, Azad narkotik vasitəni Yardımlı rayonundan əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini özü üçün götürdüyünü, qalanını isə gizlətmək istədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 polis nəfərləri, polis baş serjantları Şahid2 və Şahid3 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki,: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 xx.xx.2024-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:00-da Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən yaşadığı evin yaxınlığında küçədə əlində sellofan torba olarkən saxlanılaraq regional şöbəyə aparılmışdır (iş vərəqi 10). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 12; 21). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən ilkin çəkisi 28,54 qram, əlindəki sellofan torbadan isə ilkin çəkisi 1 kiloqram 955 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs üzərindən və əlindəki torbadan aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmiş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 30-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 3- 16-16/2-19/145 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükülüdə təmiz çəkisi 21,538 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; üzərində “Vət. Təqsirləndirilən şəxs əlində aşkar edilmiş sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, bir ədəd bükülüdə təmiz çəkisi 1870,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; üzərlərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” və “Vət. Təqsirləndirilən şəxs əlində aşkar edilmiş sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı, ümumilikdə iki ədəd bükülüdə ümumi təmiz çəkisi 1891,538 qram marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1891,338 qram narkotik vasitə olan kütlə geri qaytarılmış, aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 46-50). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 56-57). Lənkəran Rayon Məhkəməsinin 4(049)-39/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 fevral 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan seçilmişdır (iş vərəqi 73- 78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X11 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 131 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqi 81-82). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhəməsinin 12 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət bu cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq həmin Qərarın 36cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir (iş vərəqi 85-86; 93-100; 112- 118). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddədə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 513 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (iş vərəqi 89). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 109-110). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 3-13-7-1/2-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edir, üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etməkdə məqsədi onu satmaq olmuşdur (iş vərəqi 124). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (iş vərəqi 125). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham olunmuşdur (iş vərəqi 127-128). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə hazırki cinayət işindən ayrıca icraata material ayrılmış; Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 21,538 qram, bir ədəd bağlamada təmiz çəkisi 1870,0 qram, ümumilikdə təmiz çəkisi 1891,538 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 1891,338 qram qalığı maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş; aparılmış şəxsi axtarış və götürmə, eləcə də təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınmışdır (iş vərəqi 141-147). Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hesabatından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 9 (doqquz) iş saatı həcmində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar verilmiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmaması, yalnız narkotik vasitə istifadəçisi olması, polis əməkdaşları tərəfindən evinin yanında deyil, Lənkəran şəhəri, 20 Yanvar küçəsində dördyolun yanında saxlanılması, saxlanılarkən üzərində narkotik vasitə olması, lakin çəkisinin ittiham aktında qeyd olunduğu qədər olmaması, Rza adlı İran vətəndaşını tanımaması, bu hissədə narkotikin təsiri altında olduğundan ibtidai istintaq zamanı məhkəmədəkindən fərqli ifadə verməsini, əslində narkotik vasitəni yoldan tapması məzmunda ifadə verməsi əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X4 inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) aşkar olunmuş narkotik vasitə ilə bağlı hər hansı narazılıq bildirməmiş, əksinə narkotik vasitənin özünə məxsus olmasını etiraf etmiş, izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində də eyni məzmunlu, əlavə olaraq polis əməkdaşları tərəfindən Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən yaşadığı evin yaxınlığında küçədə saxlanılmasını, ona qarşı hər hansı bir zor tətbiq edilməməsini, hədə-qorxu gəlinməməsini, bu barədə heç kimdən şikayətçi olmadığını bildirmişdir. Bundan başqa, o, Lənkəran Rayon Məhkəməsinin barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmədə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindəki məzmunda ifadə vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə barədə məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatət və ya etirazının olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırkı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələri arasında qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaması, narkotik satışı ilə məşğul olmaması barədə olan hissədə yaranmış ziddiyyəti əsaslandıra bilməməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini yaranmış ziddiyyətlə bağlı hissədə müdafiəçisinin iştirakı ilə verməsi, habelə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilməməsi, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ondan aşkar olunmuş qurudulmuş marixuananın hissələrə bölünməsi, çəkisi narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ Siyahısı”nın 1-ci maddəsinin 146-cı bəndinə əsasən marixuana dövriyyəsi qadağan olunmuş narkotik vasitədir. Sözü gedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109, 109.1-ci bəndlərinə görə təmiz halda 500 (beş yüz) qramdan 50.000 (əlli min) qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarda o da qeyd olunmuşdur ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlaməti kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqeyə görə qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, Masallı-Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində gizlətmiş digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Yardımlı rayonu ərazisindən keçən hissədə olan lövhənin altında gizlədilmiş külli miqdarda narkotik vasitəni götürərək satış məqsədi ilə saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və əlində olan bağlamadakı narkotik vasitəni satmaq niyyətində olmaması, şəxsi istəfadəsi üçün saxlamasını bildirsə də, məhkəmə tərkibi hesab edir ki, qeyd edilən narkotik vasitəni Yardımlı rayonu ərazisində gizlətmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsin və ya şəxslərin məqsədi həmin maddənin satışına yönəlmiş, onun və ya onların göstərişi ilə Azad narkotik vasitəni həmin ərazidən götürüb satmaqla aralarında olan vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısı olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Rza” adlı şəxsə kömək göstərməyə yönəlmiş hərəkətlər etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs konkret olaraq kimə və ya kimlərəsə marixuana satmasa da, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin və ya şəxslərin narkotik vasitənin satışına yönəldilmiş hərəkətlərinə kömək etməklə, yəni aralarında olan rol bölgüsünə əsasən gizlədilmiş narkotiki qanunsuz olaraq əldə edib realizə etməklə narkotik vasitələrin satışı cinayətində cinayətin icraçısı hesab edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda qurudulmuş marixuana əldə edib, saxlamaq və daşımaqla realizə etmək niyyətində olması, onun məhz həmin maddənin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri ilə yanaşı, hər iki istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürülmə aparılması haqqında” 15 fevral 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməlləriini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə eyni zamanda hazırkı cinayət işi üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 21,538 qram, bir ədəd bağlamada təmiz çəkisi 1870,0 qram, ümumilikdə təmiz çəkisi 1891,538 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 1891,338 qram qalığı məhv edilməli; aparılmış şəxsi axtarış və götürmə, eləcə də təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun ibtidai istintaqda və məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 21,538 qram, bir ədəd bağlamada təmiz çəkisi 1870,0 qram, ümumilikdə təmiz çəkisi 1891,538 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 1891,338 qram qalığı məhv edilsin; aparılmış şəxsi axtarış və götürmə, eləcə də təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-510/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-510/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver