Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-511/2025 10.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, - xx xxxxxx 1970-ci ildə ünvan 1 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1, 237.2.3-cü; - xx xxxxxx 1990-cı ildə ünvan 1 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əməklə məşğul olmuş (fəhlə), əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2025-ci ilin aprel ayının sonlarında günü istintaqa və məhkəməyə məlum olmayan tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Neftçala rayonunun Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilində əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda 562 (beş yüz altmış iki) ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib-yetişdirərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 2025-ci ilin may ayının sonlarında günü istintaqa və məhkəməyə məlum olmayan tarixdə əkib-yetişdirərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etdiyi çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığıb həmin yerdə sərib qurutduğu 27,49 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib saxlamış, 13 iyun 2025-ci il tarixdə, saat 16 radələrində Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu, Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilindəki sahəyə baxış keçirilən zaman həmin 562 (beş yüz altmış iki) ədəd külli miqdarda əkib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq etdiyi çətənə (kannabis) bitkisi və əkib-yetişdirərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etdiyi çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığıb həmin yerdə sərib qurudaraq sellofan bükümdə saxladığı 27,49 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2025-ci ilin aprel ayının sonlarında günü istintaqa və məhkəməyə məlum olmayan tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Neftçala rayonunun Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilində əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda 562 (beş yüz altmış iki) ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib-yetişdirərək, aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 13 iyun 2025-ci il tarixdə saat 16 radələrində Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu, Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilindəki sahəyə baxış keçirilən zaman həmin 562 (beş yüz altmış iki) ədəd külli miqdarda əkib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmiş və onlara qulluq etmiş, lakin hadisə yerindən aşkar olunmuş sellofan torbada olan qurudulmuş marixuana ona məxsus olmamışdır. 13 iyun 2025-ci il tarixdə, səhər saat 09-10 radələrində ərzaq almaq üçün motosikletlə dükana getmiş, dükandan çıxandan sonra Nicat və Bahadir adlı iki nəfər polis əməkdaşı onu saxlayaraq səbəbini sonradan bildirəcəklərini deyib avtomobillə sahə polis məntəqəsinə- sahə müvəkkilinin otağına aparmışlar. Polislər onun Təqsirləndirilən şəxs2lə birlikdə narkotik tərkibli bitkilər əkməsi barədə məlumatlı olduqlarını bildirmişlər. Həmin bitkiləri Səyyadla birlikdə əksə də, sahə müvəkkilinə bunu inkar etmiş, düşünmüşdür ki, bəlkə onu qorxudurlar. Polis məntəqəsində bir qədər saxlanıldıqdan sonra hadisə yerinə, yəni Neftçala rayonu, Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilindəki sahəyə aparılmışdır. Həmin yerdən aşkar olunan narkotik vasitə ona məxsus deyildir. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, tutulana kimi arabir marixuanadan istifadə etmişdir. Əkdiyi toxumlar köhnə və çürük olmuş, onların məhsul verəcəyinə inanmamış, lakin yağış yağmış və çücərmişlər. Əkdiyi çətənə kollarının yarpaqlarını qurutmamışdır. Toxumları aprel ayının axırında əkmiş, ikisi xaric digərləri çox balaca olmuşlar. Toxumları əkməkdə məqsədi istifadə etmək olmuşdur. Əkəndə toxumları saymamışlar. Toxumları hardan tapması barədə Təqsirləndirilən şəxs2 məlumat verməmişdir. Bitkiləri əkəndən sonra Səyyadla aralarında bununla bağlı hər hansı razılaşma olmamışdır. Səyyadla bir-iki dəfə həmin yerə gedib baxmış, lakin bitkilərə elə də çox qulluq etməmişlər və çoxusu yanmışdır. Tutulanda üç nəfər polis əməkdaşı onu döymüş, ona psixoloji təzyiq etmişlər, lakin bu barədə rəsmi qaydada heç bir orqana şikayət etməmişdir. Tutularkən videoçəkiliş aparılmış, lakin həmin vaxt nə dediyini xatırlamamışdır. İçərisində narkotik vasitə olan qara rəngli sellofandakı bükümü polislər oraya qoymuş, o da təzyiqə məruz qaldığı üçün həmin narkotikin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Fiziki təzyiqə məruz qalsa da, xəsarətləri olmamışdır. İbtidai istintaq zamanı ona təqdim olunan sənədləri imzalasa da, sənədlərdə nə yazıldığını bilməmişdir. Sellofan torbadakı qurudulmuş marixuananın özünə məxsus olmadığını müstəntiqə də bildirmişdir. Müstəntiqi bir dəfə, o da ibtidai istintaq başa çatanda, vəkilini isə yalnız barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə görmüşdür. İbtidai istintaq zamanı ondan bir dəfə ifadə almışlar. Şahid2 13 iyun 2025-ci il tarixdə, səhər saat 09-10 radələrində onu dükandan çıxanda Şahid5lə birlikdə saxlayıb polis məntəqəsinə aparmamaları barədə doğru ifadə vermir. İçərisində narkotik vasitə olan bükümü hadisə yerinə gətirən və ona təzyiq edənlər məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid3 olmamış, digər polis əməkdaşları olmuşlar, hansı ki, onların ad-soyadlarını bilməmişdir. İstintaq təcridxanasına daxil olarkən müayinə olunmamışdır. Polis Şöbəsində videoçəkilişlə aparılmış istintaq hərəkəti zamanı videogörüntülərdə gərgin görsənməsinə səbəb yüksək təzyiqli olması ilə əlaqədar olmuşdur. Hərbi travması var, lakin rəsmi veteran statusu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadələri ziddiyyət yaranmış hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2025-ci ilin may ayının sonlarında çətənə bitkilərinin yarpaqlarından toplayıb bir qədər qurudulmuş marixuana əldə edərək yaxınlıqda sellofanda saxlamış, 13 iyun 2025-ci il tarixdə, saat 16 radələrində çətənə bitkilərinə baxmağa getmiş, bu vaxt mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik tərkibli bitki əkməsi barədə məlumatlı olduqlarını bildirmişlər. Çətənə bitkiləri əkdiyini bildirərək, onları təqdim etmişdir. Daha sonra orada olan polis əməkdaşları, həmçinin aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman əkilmiş 562 (beş yüz altmış iki) ədəd çətənə bitkisi və qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar kimi o da protokola imza etmiş, daha sonra sənədləşmə işləri üçün Neftçala Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə barəsində tutulma qərarı qəbul edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi təqdim edilmişdir (iş vərəqi 58-60; 217-219). Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsini təsdiq etmədiyini, həmin ifadəni məzmununu oxumadan imza etdiyini və məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, son sözündə narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərdiyi üçün səmimi peşimançılıq çəkməsini, məhkəmənin ədalətinə inandığını bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 iyun 2025-ci il tarixdə Bakı şəhərində olarkən polis əməkdaşı ona zəng edərək heç bir əsas və səbəb göstərmədən onu Neftçala Rayon Polis Şöbəsinə dəvət etmiş, 18 iyun tarixində Bakı şəhərində “Gənclik” metrostansiyasında polis əməkdaşları ilə görüşmüş və şöbəyə aparılmışdır. Polis şöbəsində ona Təqsirləndirilən şəxs1 tutulduğu, onunla birlikdə narkotik tərkibli bitkilər əkməsi bildirilmişdir. Arizə hədə-qorxu gələrək onun əleyhinə ifadə verməsini istəmişlər, Ariz də məcbur qalıb bunu etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, kənddə olanda balıq ovu ilə məşğul olmuş, Ariz də balıqçı olmuş, birlikdə ova getmişlər. Balıq tutarkən Ariz narkotik tərkibli bitkilər əkdiyi yerə, yəni Neftçala rayonu, Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilindəki sahəyə getmiş, o isə buna əhəmiyyət verməmişdir. Yəqin ki, ətrafda olan şəxslər də bunu görmüşlər. İttiham olunduğu cinayət əməli ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, qonşu kimi tanıyır, aralarında narkotik vasitə barədə hər hansı söhbət olmamışdır. İyirmi beş yaşı olanda toyda olarkən narkotik vasitə istifadə etmiş, səhhəti pisləşmiş və bir daha narkotikdən istifadə etməmişdir. Cinayət barədə Təqsirləndirilən şəxs1 eşitdiklərini bilmişdir. Arizin nə işlə məşğul olduğunu anlasa da, bu barədə hüquq-mühafizə orqanına məlumat verməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə dediklərini bildirib imza etmişdir. Cinayət işinin materiallarında olan ifadələrindəki imzalar ona məxsus olsa da, həmin ifadələrin məzmunu ilə tanış deyildir. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2025-ci il tarixli ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranmış hissədə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan arabir, olanda istifadə edir, yəni çəkir. Həmyerlisi Təqsirləndirilən şəxs1 tanıyır, onunla yaxşı və səmimi münasibəti olub, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Söhbət əsnasında Ariz ona deyib ki, birlikdə narkotik vasitə olan qurudulmuş marixuana əksinlər və böyüdüb yetişdirdikdən sonra çəkib xoşhallansınlar. Bundan başqa, Ariz ona 2019-cu ildə narkotik tərkibli çətənə bitkisinin əkini zamanı çətənə toxumlarından bir qədərini öz həyətində yerləşən damda saxlamasını, harada saxladığı barədə əvvəl yadından çıxmasını, bu yaxınlarda damı təmizləyəndə tapdığını demişdir. Ariz Neftçala rayonu, Xəzər kəndi ərazisinə balıq tutmağa getdiyi vaxt gördüyü çöl sahəsindəki qamışlıq ərazidə həmin çətənə toxumlarını əkmək qərarına gəlmiş, bu barədə ona bildirmiş, o da Arizin təklifi ilə razılaşmışdır. Çətənə toxumlarını 2025-ci ilin aprel ayının sonlarında Arizin tapdığı yerdə əkmişlər. Həmin yer Neftçala rayonu, Xəzər kəndi ərazisindən keçən “Muğan” kanalının lap sahil kənarı olub. Həmin yeri belləyib, toxumları səpiblər, daha sonra isə həmin yerin kənarında olan kanaldan qablara su doldurub çətənə bitkilərinə vermişlər. Məqsədləri çəkmək üçün qurudulmuş marixuana əldə etmək olmuş, bu barədə heç kimə deməmişlər. Daha sonra həmin toxumlardan çıxan çətənə bitkilərini yetişdirməyə başlamış, su verib becərməklə qulluq etmişlər. 09 və ya 10 iyun 2025-ci il tarixlərində Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində yerləşən “See Brezze” istirahət mərkəzinin tikintisi üçün fəhlə kimi işləmək məqsədilə çağırılmış, Bakı şəhərinə getdiyi vaxtdan etibarən işi ilə əlaqədar orada qalmışdır (iş vərəqi 100-102). Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsini təsdiq etmədiyini, həmin ifadəni oxumadan imzaladığını, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, son sözündə ittiham olunduğu əməl üzrə təqsiri olmadığını, günahının yalnız Arizin çətənə bitkilərini əkməsi barədə bildiyi halda, bu haqda hüquq-mühafizə orqanlarına məlumat verməməsi olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxslər və şahidlərin ifadələrini) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1, 237.2.3-cü və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 237.2.1, 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyun 2025-ci il tarixdə, günorta saat 16 radələrində Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsində və aqrotexniki qaydada kultivasiya edilməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Neftçala rayonu, Xəzər kəndi ərazisində iş başında olarkən tərəflərindən, yəni, həmin şöbənin əməkdaşları Şahid2, Şahid3, Şahid4 iştirakı ilə saxlanılmışdır. Aqronom-mütəxəssis və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə Neftçala rayonu, Xəzər kəndi ərazisindəki “Muğan kollektoru”nun sahil kənarına baxış keçirilmiş və oradan Təqsirləndirilən şəxs1 əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə kültivasiya edib yetişdirdiyi 562 (beş yüz altmış iki) ədəd çətənə (kannabis) bitkisi, bir ədəd qara rəngli polietilen bükülüdə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, sonra tədbir iştirakçıları ilə birlikdə həmin aşkar olunanları polis şöbəsinə aparmışlar. Şöbədə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə hadisə yerindən aşkar olunanlar qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən iki ədəd kağız paket imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən ona qarşı hər hansı təsir, fiziki güc tətbiq olunmamışdır. Ariz barədə bir neçə mənbədən məlumat daxil olmuş və həmin məlumatı yoxlamışlar. Təqsirləndirilən şəxs2 Arizin ifadəsi əsasında saxlamışlar. Ariz çətənə bitkilərini həmkəndlisi və yaxın dostu Səyyadla birlikdə əkdiyini bildirmiş, həmin bitkilərə su vermişdir. Arizin narkotik əkib-becərməsi və hazırda həmin yerdə olması barədə olan məlumat əsasında birbaşa hadisə yerinə getmişlər. Əməliyyat tədbirində Şahid5, Şahid2, Şahid3 və Şahid4 olmuşlar. Hadisə yerində videoçəkiliş qrup üzvü baş inspektor kriminalisti Elvin Rəcəbov tərəfindən aparılmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Neftçala Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Post Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis serjantı Şahid3, polis serjantı Şahid4 Fariz oğlu və İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid5 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Səyyad könüllü şəkildə gəlmiş, onu polis şöbəsinə aparmışlar və şöbədə əməlini etiraf etmişdir. Hadisə yerində, yəni Neftçala rayonu, Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilindəki sahədə aşkar olunmuş bitkilər müxtəlif hündürlükdə olmuş, bitkilərin istifadəyə yararlığı barədə fikri olmamışdır. Sellofan torbada aşkar olunan qurudulmuş marixuananın həmin əkilmiş bitkilərdən əldə olunub-olunmaması barədə məlumatı yoxdur. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün əməliyyat tədbirinə getməyin deyilmə vaxtını, Təqsirləndirilən şəxs1 hadisə yerində hansı vəziyyətdə saxladıqlarını və sonuncunun saxlanılarkən nə dediyini xatırlamamışdır. Arizi saxlanıldığı gün səhər saat 09-10 radələrində ərzaq dükanının qarşısında görməmişdir. Arizin saxlanıldığı yerdə videoçəkiliş aparılmışdır. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 hadisə yerində, yəni Neftçala rayonu, Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilindəki sahədə əməllərini etiraf etmiş, ona güc tətbiq edilməsinə heç bir zərurət olmamışdır. Özü də Neftçala rayon sakinidir. Arizin çətənə bitkilərini əkdiyi yerdə suvarma üşün şərait, hətta kürək də olmuşdur. Hadisə yerində videoçəkiliş aparılmışdır. Şahid5 ifadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat tədbirini həyata keçirməyə gedəndə Təqsirləndirilən şəxs1 dayanıb kollara baxırmış. Həmin vaxt videoçəkiliş aparılmışdır. Bundan əvvəl Arizi görməmişdir. Arizi saxlanıldığı gün səhər saatlarında Şahid2la birlikdə ərzaq dükanın qarşısında görməmiş, onu saxlamaq məqsədi ilə orada olmamışlar. Ariz çətənə bitkilərini şəxsi istifadə məqsədilə əkdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış fakt əsasında Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.1-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Neftçala Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 Neftçala rayonu, Xəzərkənd kəndində yerləşən, çöl sahəsidə olan qamışlığın içərisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiya etməsində və narkotik vasitələri saxlanmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Neftçala Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı, əmri və məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 ifşa edilməsi məqsədilə ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa məlumat verilmişdir (iş vərəqi 04-06; 09). Neftçala Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu və raportundan görünür ki, həmin tarixdə, saat 16:00 radələrində Neftçala rayonu, Xəzərkənd kəndində yerləşən çöl sahəsidə olan qamışlığın içərisində 562 (beş yüz altmış iki) ədəd olan narkotik tərkibli çətənə bitkisinə bənzər bitki və bir ədəd qara polietilen bükülü aşkar edilmiş, həmin bükülünün içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:00-da ondan götürülmüş kütlələrlə birlikdə polis şöbəsinə aparılmışdır. Bununla əlaqədar məhkəməyə daxil olmuş fotoşəkillər və videoçəkiliş məhkəmə iclasında nümayiş etdirilmişdir (iş vərəqi 07-08; 14). Neftçala Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ailə üzvünə bu barədə məlumat verilmişdir (iş vərəqi 15; 29). Neftçala Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin “baxış, şəxsi axtarış və götürmə barədə” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz əşya, predmet və ya maddə aşkar edilməmiş, sintetik torbada qablaşdırılmış çətənə bitkilərinə oxşar bitkilər həmin torbadan çıxarılaraq sayıldıqda sayı 549 (beş yüz qırx doqquz) ədəd olmaqla müxtəlif hündürlükdə olmaları, elektron tərəzidə çəkilərək çəkisinin 815 qram, zərfdə qablaşdırılmış marixuanaya bənzər kütlənin çəkisinin 26,5 qram olması müəyyən edilmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüş və videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 30-31). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin xx.xx.2025-ci il tarixli aqronom-mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Neftçala rayonu, Xəzərkənd kəndinin çöl ərazisində bitmiş qamışlıq ərazidə əkdiyi əkilib-becərilməsi qanunla qadağan edilmiş, tərkibində narkotik maddələr olan ümumilikdə 562 (beş yüz altmış iki) ədəd müxtəlif hündürlüklərdə, yaş halda narkotik xassəli çətənə bitkilərinə oxşar bitkilərə qismən aqrotexniki qaydada qulluq edilib, dibləri boşaldılıb suvarılaraq qulluq edilmişdir (iş vərəqi 36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/465 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 əkdiyi çətənə bitkilərinə oxşar ...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 562 (beş yüz altmış iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 705,0 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən təqdim olunmuş 562 (beş yüz altmış iki) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 marixuanaya oxşar ...” sözləri və imzalar olan kağız paketdə bir ədəd polietilen bükümdə təmiz çəkisi 27,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş çətənə bitkiləri və qurudulmuş marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. 27,39 qram çəkidə olan çətənə bitkiləri, narkotik vasitə marixuananın 704,52 qram qalığı istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir ( iş vərəqi 41-45). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 52-53). Neftçala Rayon Məhkəməsinin 4(053)-13/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 13 iyun 2025-ci il, saat 18:05-dən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 66-69). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 567 nömrəli, xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə yaralanmış və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Mərkəzi Hərbi Klinik Hospitalda “bud sümüyünün orta 1/3-i səviyyəsində sınığı ilə sol budun odlu silahla dəlib keçən güllə yaralanması” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” (iş vərəqi 75-76). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ailə üzvünə bu barədə məlumat verilmişdir (iş vərəqi 79; 90). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 94-95). Neftçala Rayon Məhkəməsinin 4(053)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablanmaqla üç ay (iyirmi altı) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 108-110). Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xol Qarabucaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışları və xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Neftçala rayonunun Xol Təzəkənd kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Hər ikisi də nizam-intizamlıdırlar, hərbi xidmətdə olmuşlar, Təqsirləndirilən şəxs1 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır, yaralanmışdır, özləri və ailələri kəndin ictimai işlərində fəal iştirak etmişlər (iş vərəqi 118-119; 131-132). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzanı icra edən qurumun qeydiyyatından çıxarılmışdır (iş vərəqi 120-121; 134-141). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4, 18.4.3 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş, habelə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs1 əməllərində cinayətin residivi yoxdur. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın poliklinika şöbəsində 2019-cu il tarixdən narkoloji dispanser qeydiyyatındadır, əsəb-ruhi və nevroloji dispanser qeydiyyatlarında yoxdur (iş vərəqi 123). Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (iş vərəqi 124). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “əşyanı maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27,39 qram müəyyən edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və 704,52 qram çəkidə 562 (beş yüz altmış iki) ədəd çətənə bitkisi (kannabis) maddi sübut hesab edilərək şöbənin saxlancına verilmişdir (iş vərəqi 126-127). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət hadisəsi ilə əlaqədar Şahid5 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində, yəni Neftçala rayonu, Xəzər kəndinin ərazisindəki “Muğan kollektoru”nun sahil kənarında bir daha bildirmiş və bu barədə fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 188-191). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 211-212). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 5572 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə halları olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 220-221). “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 5766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 222-223). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, onlar ifadələrində bildirdiklərini bir-birilərinin üzünə qarşı söyləmişlər (iş vərəqi 233-236). “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanın poliklinika şöbəsində əsəb-ruhi və narkoloji dispanser qeydiyyatlarında yoxdur (iş vərəqi 233). Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.1-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları ilə yanaşı altı ədəd fotoşəkil və iki ədəd videoçəkiliş diski maddi sübut kimi qiymətləndirilmişdir (iş vərəqi 241-254). Neftçala Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixdə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət hadisəsinə dair on ədəd fotoşəkil və bir ədəd qısamüddəti videçəkilişin qeydə alındığı DVD disk məhkəmə iclasında nümayiş etdirilərək tədqiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 4628/2025 və 4686/2025 nömrəli “məhkumun tibbi kitabçası”nın surətlərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 alınında, sol saidin üzərində, sol budun ön səthində köhnə çapıq toxumalarının olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 isə xəsarət qeydə alınmamış, hər iki şəxs həbs olunarkən xəsarət almadıqlarını bildirmişlər. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi1 cəmi 18 (on səkkiz), Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi2 cəmi 14 (on dörd) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə müdafiəçiləri vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmiş və öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların özlərini müdafiə üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər, yəni, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib, onlara qulluq etmiş olsa da, hadisə yerindən aşkar olunmuş sellofan torbada olan qurudulmuş marixuananın ona məxsus olmaması, həmin torbanın tanımadığı polis əməkdaşları tərəfindən oraya qoyulması, 13 iyun 2025-ci il tarixdə, səhər saat 09-10 radələrində ərzaq dükanından çıxanda Nicat və Bahadir adlı iki nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq sahə polis məntəqəsinə, orada bir qədər saxlanıldıqdan sonra Neftçala rayonu, Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilindəki sahəyə aparılması, əkdiyi çətənə kollarına elə də çox qulluq göstərməməsi, yarpaqlarını yığıb qurutmaması, polis əməkdaşlarının onu döymələri, ona psixoloji təzyiq etmələri, müstəntiqi cəmi bir dəfə, o da ibtidai istintaq başa çatanda, vəkilini isə yalnız barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə görməsi, istintaq təcridxanasına daxil olarkən müayinə olunmaması, ibtidai istintaq zamanı verdiyi ifadənin məzmununu oxumadan və ona oxunmadan imza etdiyi; Təqsirləndirilən şəxs2 həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs1la birlikdə narkotik tərkibli bitkilər əkməməsi, Arizin polis əməkdaşlarının təzyiqi altında onun əleyhinə ifadə verməsi, ittiham olunduğu cinayət əməli ilə heç bir əlaqəsinin olmaması, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalaması barədə dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa (Təqsirləndirilən şəxs2 münasibətdə), məsuliyyəti yüngülləşdirməyə (Təqsirləndirilən şəxs1 münasibətdə) yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli protokollarında qeyd olunmuşdur ki, polis əməkdaşları tərəfindən həmin tarixdə, saat 16:00 radələrində Neftçala rayonu, Xəzərkənd kəndində yerləşən çöl sahəsidə olan qamışlığın içərisində 562 (beş yüz altmış iki) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki və içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd qara polietilen bükülü aşkar edilmiş, Təqsirləndirilən şəxs1 aşkar olunan kütlə və bitkilərin özünə məxsus olmasını bildirmişdir /fotoşəkillər və videoçəkilişləri özündə əks etdirən görüntülər məhkəmə iclasında nümayiş etdirilmişdir/ (iş vərəqi 07-08; 30- 31). Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ilkin izahatlarında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində (Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixli ifadəsində) özlərini onlara verilmiş ittiham üzrə təqsirli bildirdiklərini, habelə saxlanılarkən və aparılan istintaq hərəkətləri zamanı heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadıqlarını bildirmişlər (iş vərəqi 37, 49-51, 58-60, 91-93, 100-102) . Bundan əlavə, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Neftçala Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı özünü ona verilmiş ittiham üzrə təqsirli bildiyini, istintaq hərəkətləri aparılan zaman ona qarşı heç bir təzyiq və ya zorakılıq hərəkətlərinə yol verilməməsini bildirmişdir (iş vərəqi 66-69). Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı əkib-yetişdirdikləri tərkibində narkotik olan çətənə bitkiləri (kannabis), həmçinin Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu etiraf etdiyi qurudulmuş marixuana barədə Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/465 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi ilə şübhəli və təqsirləndirilən şəxs qismində tanış olarkən, həmin rəyə dair hər hansı bir şikayət və ya vəsatətlərinin olmadığını qeyd etmişlər (iş vərəqi 46, 116). Məhkəmə cinayət işinin materiallarından onu da müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1la bağlı aparılan bütün istintaq hərəkətləri ibtidai istintaq orqanı tərəfindən ona təyin olunmuş vəkillərinin iştirakı ilə aparılmış, bu barədə sənədlər həm təqsirləndirilən şəxsin özü, həm də müdafiəçiləri tərəfindən imzalanmışdır (iş vərəqi 28-31, 37, 39, 46, 48-61, 72, 215-219, 226-227, 233-236, 261, 265). Cinayət işinin materiallarından o da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Neftçala Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs, 15 iyun və 16 sentyabr 2025-ci il tarixlərində təqsirləndirilən şəxs qismində müstəntiqə ifadə vermiş və qeyd olunan istintaq hərəkətlərinin protokolları iştirakçılar, yəni, Təqsirləndirilən şəxs1, müdafiəçisi və müstəntiq tərəfindən imzalanmışdır (iş vərəqi 49-51, 58-60, 217-219). Məhkəmə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı göstərilmiş təzyiq nəticəsində Arizin onun adını bu cinayətdə hallandırması barədə dedikləri ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan Neftçala Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan məlum olmuşdur ki, həmin tarixdə təqsirləndirilən şəxslər arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 tərkibində narkotik olan çətənə bitkilərini (kannabis) Təqsirləndirilən şəxs2lə birlikdə özünün tapdığı yerdə əkdiklərini etiraf etmişdir (iş vərəqi 233-236). Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı da heç bir təzyiq və təsir altında qalmadan eyni fikirləri səsləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar hər biri ayrı-ayrılıqda mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən onlara göstərilmiş təsir və təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, bu hüquqlarından istifadə etməmişlər. Təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq və təsirlərə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara müraciət etməmişlər, eyni zamanda özləri də bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı onlara fiziki və psixi təsir, təzyiq göstərilməsi ilə əlaqədar yuxarıda qeyd olunanla kifayətlənməmiş, məhkəmə istintaqında bu istiqamətdə araşdırmanı davam etdirərək, tutulduqdan sonra saxlanıldıqları istintaq təcridxanasından 4628/2025 və 4686/2025 nömrəli “məhkumun tibbi kitabçası”nın surətlərini əldı etmiş və məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 alınında, sol saidin üzərində, sol budun ön səthində köhnə çapıq toxumaları aşkar olunmuş, Təqsirləndirilən şəxs2 isə xəsarət qeydə alınmamış, hər iki şəxs həbs olunarkən xəsarət almadıqlarını bildirmişdirlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslərin hadisə ilə bağlı ümumi sözlərlə çıxış etmələri, yəni, Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri əksə də, aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olmaması, Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri əkibbecərməməsi barədə göstərdikləri xüsusatlara tərəflərindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad etmələri qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri izahat və ilkin ifadələrin məhz ifadələrini oxumadan imzalamaları, onlara göstərilmiş fiziki və psixi təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onların göstərdikləri bu xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ilkin ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ilkin ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət işi üzrə Neftçala rayonunun Xəzərkənd kəndində yerləşən çöl sahəsində xx.xx.2025-ci il tarixdə aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində tərtib olunmuş “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokolunda əməliyyat tədbirinin videoçəkilişlə aparılması və çəkilişin əks olunduğu diskin protokola əlavə olunacağı barədə qeyd olunmasına baxmayaraq, işdə olan DVD diskin “boş” olması barədə qeyd edir ki, bununla əlaqədar aidiyyəti üzrə Neftçala Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət olunmuş və şöbədən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda həmin videoyazının hər hansı bir nüsxəsinin polis şöbəsində və prokurorluqda saxlanılmaması, sadəcə olaraq şöbənin əməkdaşları tərəfindən həmin vaxtda qeydə alınmış cinayət hadisəsinə dair fotoşəkillər və qısamüddətli videoyazı təqdim olunmuş, həmin materiallar məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.1 və 51.6-cı maddələrinin tələbinə görə cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. 52.1-ci maddədə isə qeyd olunur ki, sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Neftçala Rayon Polis Şöbəsinin “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda Neftçala rayonunun Xəzərkənd kəndində yerləşən çöl sahəsində cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin videoçəkilişlə aparılması və çəkilişin əks olunduğu diskin protokola əlavə olunacağı qeyd olunmuş, bu barədə DVD disk iş materiallarına əlavə olunmuş, lakin texniki səbəblərdən diskdə fayl müəyyən olunmamışdır. Bununla əlaqədar sorğu əsasında polis şöbəsi tərəfindən sözügedən əməliyyataxtarış tədbirinin görüntülərini əks etdirən fotoşəkillər və qısamüddətli videoçəkiliş məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunarkən həqiqətən də, Neftçala rayonunun Xəzərkənd kəndində yerləşən çöl sahəsində Təqsirləndirilən şəxs1 və polis əməkdaşlarının, bundan başqa çətənə bitkilərinin (kannabis) olduğu müşahidə olunmuşdur. Bundan başqa, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və şahidlər Neftçala Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Post Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis serjantı Şahid3, Şahid4, İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid5 hər biri ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixdə Neftçala rayonunun Xəzərkənd kəndində yerləşən çöl sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin videoçəkilişlə aparılmasını bildirmişlər, bundan əlavə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini (kannabis) həmin ərazidə əkib-becərdiyini səmimi etiraf etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Neftçala rayonunun Xəzərkənd kəndində yerləşən çöl sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmadan həyata keçirilmişdir və həmin tədbiri bütünlüklə özündə əks etdirən videogörüntülərin olmaması cinayət işi üzrə təqsirləndirilən şəxslərə verilmiş ittihamın öz təsdiqini tapmamasına maneə deyildir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Neftçala rayonunun Xəzər kəndinin ərazisindən keçən “Muğan kanalı”nın sahilində əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib-yetişdirərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmişlər, bundan başqa, Təqsirləndirilən şəxs1 kultivasiya etdiyi həmin çətənə (kannabis) bitkilərinin yarpaqlarından qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan saxlamışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa, aşkar olunan narkotik vasitələrin çətənə (kannabis) bitkiləri və qurudulmuş marixuananın çəkiləri də bunu deməyə əsas verir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, Təqsirləndirilən şəxs2lə birgə ittiham olunduqları Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirməyə) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Cinayət Məcəlləsinin 31, 32.2, 34.2-ci maddələrinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məcəllənin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Qanunun ümumilikdə mənasına görə qeyd olunan cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana (kannabis) dövriyyəsi qadağan edilən narkotik vasitədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 5 qramdan 500 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir; “İİİ siyahısı”nda Azərbaycan Respublikasında bitən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəd (31 hissə), yuxarı həddi 800 ədəd (1550 hissə) müəyyən olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1, 237.2.3-cü, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 237.2.1, 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri ilkin izahat və ifadələri (Təqsirləndirilən şəxs2 münasibətdə xx.xx.2025-ci il tarixli ifadəsi istisna olunmaqla) ilə yanaşı, Təqsirləndirilən şəxs1 məhkəmədə qismən etirafedici ifadəsi, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında”, “baxış, şəxsi axtarış və götürmə barədə” xx.xx.2025-ci il tarixli protokollar, onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü və fotoşəkillər, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış çətənə (kannabis) bitkiləri və narkotik vasitə olan qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1, 237.2.3-cü, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 237.2.1, 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1, 237.2.3-cü, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 237.2.1, 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1, 237.2.3-cü, Təqsirləndirilən şəxs2 əməlində isə həmin Məcəllənin 237.2.1, 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 1-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını və Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma almasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, yaşını, narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkibbecərdiyi üçün səmimi peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3-cü maddələrinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 ittiham olunduğu həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara müvafiq olaraq ittiham olunduqları Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 müvafiq qaydada təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1, 237.2.3-cü, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi həmin Məcəllənin 237.2.1, 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən az ağır və ağır cinayətlər hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından onlar azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, iş üzrə ambulator məhkəmə-narkoloji eskpertizasının rəyləri nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində; Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27,39 qram olan narkotik vasitə qurudulmuş marixuana və 704,52 qram çəkidə 562 (beş yüz altmış iki) ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, cinayət hadisəsinə dair fotoşəkillər və videogörüntüləri özündə əks etdirən disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 198.3-cü maddədə isə qeyd olunur ki, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 15 (on beş) manat 97 (doxsan yeddi) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları ibtidai həbs müddəti onların cəzaçəkmə müddətlərinə daxil edilməklə, cəza çəkmələrinin əvvəli tutulduqları gündən, Təqsirləndirilən şəxs1 münasibətdə 13 iyun 2025-ci il, Təqsirləndirilən şəxs2 münasibətdə isə 18 iyun 2025-ci il tarixlərindən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 237.2.1 və 237.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanerində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 15 (on beş) manat 97 (doxsan yeddi) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27,39 qram olan narkotik vasitə qurudulmuş marixuana və 704,52 qram çəkidə 562 (beş yüz altmış iki) ədəd çətənə (kannabis) bitkisi məhv edilsin, cinayət hadisəsinə dair fotoşəkillər və videogörüntüləri özündə əks etdirən disklər iş materiallarında saxlanılsınlar. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-511/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-511/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver