Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-512/2022 04.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 09 avqust 1989-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs, 2022-ci ilin aprel ayının əvvəllərində Lənkəran şəhəri Nizami küçəsində yerləşən bazarın qarşısında şəxsiyyəti məlum olmayan şəxsdən 100 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 05 ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi:-4,232 qr;- 6,220 qr;-3,415 qr;-3,842 qr;-2,229 qram ümumi təmiz çəkisi:-19,938 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, daşımaqla üzərində saxlamış və DİN BNMİ-nin X2 Şöbəsinin əməkdaşlarının 26 aprel 2022-ci il tarixdə, saat 01 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qeyd olunan tarixdə, o, yaşadığı Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi 2/10 nömrəli evin yanında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə olan heroin 5 (beş) ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda plasmas qabın içərisində əynindəki idman şalvarının sağ yan cibindən, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi isə həmin şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ilk dəfə 2022-ci il aprel ayının 1-də polis əməkdaşları tərəfindən saxlanılmışdır və polislər ondan pul alıb sərbəst buraxmışlar. Polislər ondan 3000 manat istəmiş, lakin o 2500 manat verə bilmişdir. O polislərə 500 manatı verə bilməyəcəyini dedikdən sonra 26 aprel tarixində Lənkəranda “Şəhidlər” deyilən ərazidə ailəsi ilə yaşadığı evə polis əməkdaşları evin qapısını sındıraraq daxil olmuş və onu X3 aparmışlar. Saxlanılarkən üzərində olan 19 qram heroindən 2 qramı özünə məxsusdur. Həmin 2 qram heroini Lənkəran şəhərində bazarın yaxınlığında Fariz adlı şəxsdən 40 manata almışdır. Üzərində daşıdığı heroini öz istifadəsi üçün saxlamışdır. Heç kimə narkotik satmamışdır. İstintaq zamanı təzyiq altında olduğundan məcbur qalaraq narkotikin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Bundan başqa o, ifadəsində əlavə olaraq göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021-ci ilin dekabr ayının 23-də cəzası başa çatdığı üçün azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində Lənkəran şəhərində bazarın yaxınlığında “İntiqam” adlı şəxsdən 100 manata 5 bükümdə olan heroin almış, həmin heroindən hər gün hissə-hissə istifadə etmiş, 25 aprel 2022-ci ildə cibində təxminən 2 bükümdə heroin qalmışdır. 26 aprel 2022-ci ildə saat 1 radələrində heroindən istifadə etmək üçün küçəyə çıxmış və bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional şöbəsinə aparmışlar.Regional polis şöbəsində tanımadığı və adını bilmədiyi polis işçiləri onun ciblərini axtarmışlar və idman şalvarının sağ yan cibində “İntiqam”dan adlığı və üzərində gizlətdiyi plasmas qabın içərisində olan iki bükümdə heroini, sol yan cibindən isə elektron tərəzini aşkar edib götürmüşlər.Polis şöbəsində döyülmüş, üzərinə əlavə olaraq üç büküm də narkotik qoyulmuşdur. Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Başqa otağa aparılmış və orada vəkil İntiqamın iştirakı ilə üzərinə videoçəkilişlə axtarış aparılmışdır. O, əynindəki idman şalvarının sağ yan cibindəki içərisində 5 bükümdə heroin olan plasmas qabı,sol yan cibindən bir ədəd elektron tərəzini, əynindəki qolsuz gödəkcənin sol yan cibindən "Samsung" markalı mobil telefonu, həmin gödəkcəsinin sol və sağ yan ciblərindən iki qutu "Prima" markalı siqaretləri çıxardıb masanın üzərinə qoymuşdur. Həmin 5 bükümdə olan heroinin özünə məxsus olduğunu, elektron tərəzini isə narkotik alıb satarkən şəxsin onu aldatmaması üçün çəkisini dəqiqləşdirmək məqsədilə həmin elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Heroin olan həmin 5 ədəd sellofan bükülünü elektron tərəzidə çəkilmiş və cəmi çəkisinin 21,29 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Polis şöbəsində vəkilə polis əməkdaşları tərəfindən döyülməsi barədə heçnə deməmişdir. Onun üzərində təxminən 2 qram heroin olmuş və yerdən qalan heroinləri onun üzərinə polis işçiləri qoymuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir Belə ki, məhəkəm istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklə Mübarizə İdarəsinin, X2 şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə, saat 01 radələrində yaşadığı Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi 2/10 nömrəli evin yanında saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilmədən əvvəllər ciblərində qanunsuz əşyaların olub-olmamasını soruşmuş, bundan sonra Samir əynindəki qara rəngli qolsuz gödəkcənin sol yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu, sol və sağ yan ciblərindən iki qutu "Prima" markalı siqareti,əynindəki idman şalvarının sağ yan cibindən içərisində beş ədəd sellofan bükümlər olan bir ədəd plasmas qutunu və həmin idman şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. O, "Samsung" markalı mobil telefonun özünə məxsus olduğunu, həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** nömrələrini işlətdiyini, plasmas qutunun içərisində olan sellofan bükümlərin içərisində 5 bükümdə "kakos" deyilən heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu və ondan 3-4 dəfə istifadə etdiyini bildirmişdir. Beş ədəd bükümlər tərəzidə çəkilmiş və çəkisinin 21,29 qram olduğunu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq hər hansı bir narkotik vasitə qoyulmamış, ona qarşı hər hansı bir zor tətbiq olunmamış, o, heç kim tərəfindən döyülməmişdir. İş üzrə şahid qismində dindirilmiş Narkotiklərlə Mübarizə Baş idarəsinin X2 Şöbənin polis nəfərləri, Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində 5 büküm heroin və bir ədəd elektron tərəzinin aşkar olunduğunu, Samirin həmin narkotikin və tərəzinin ona məxsus olmasını etiraf etdiyini, Təqsirləndirilən şəxs heç kim tərəfindən döyülmədiyini, onun üzərinə əlavə olaraq hər hansı bir narkotik vasitə qoyulmadığını, Samirdə aşkar olunan heroinin çəkisinin 21 qramdan artıq olduğunu göstəmrişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 aprel 2022-ci il tarxli, 19/519 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 05 bükümdə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi..." sözlər və imzalar olan bir ədəd zərfdəki,5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi:-4,232 qr;-6,220 qr;-3,415 qr;-3,842 qr;-2,229 qram ümumi təmiz çəkisi:-19,938 qram qəhvəyi rəngli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər,xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır.Heroin iz şəklində olduğuna görə çəkisini və təhqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş ambulator-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 518 N-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28 aprel 2022-ci il tarixli, 376 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibində olan plasmas qabın içərisindən 5 (beş) ədəd bükülüdə narkotik vasitə olan heroin və həmin şalvarının sol yan cibindən 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülür, Təqsirləndirilən şəxs həmin 5 (beş) ədəd bükülüdə narkotik vasitə olan heroin və 1 (bir) ədəd elektron tərəzinin özünə məxsus olduğunu təsdiq edir. 20 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında ”qərarla 19,788 qram heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan Lənkəran rayonlararası psixiatriya xəstəxanasının 04 may 2022-ci il tarixli 353 N-li tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 05 ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində ümumi təmiz çəkisi:-19,938 qram narkotik vasitə olan heroini satış məqsədilə 2022-ci ilin aprel ayının əvvəllərində Lənkəran şəhərində yerləşən bazarın qarşısında 100 manat müqabilində "İntiqam" adlı şəxsdən əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzidən narkotik vasitə olan heroin satarkən çəkilərini dəqiqləşdirmək üçün istifadə etmişdir. Lakin Təqsirləndirilən şəxs mütəmadi olaraq və 2022-ci ilin aprel ayının əvvəllərində Lənkəran şəhərində yerləşən bazarın qarşısında 100 manat müqabilində ümumi təmiz çəkisi:-19,938 qram narkotik vasitə olan heroin satmış, kök, qarabuğdayı, boyu 170-175 sm, 40-45 yaşlarında olan "İntiqam" adlı naməlum şəxsin kimliyini və yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli qərarla “İntiqam” adlı şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə satması faktıilə bağlı həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində aşkar olunan heroinin və elektron tərəzinin polis əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə Baş idarəsinin X2 Şöbəsində üzərinə qoyulması, habelə üzərində 19 qram deyil, yalnıız 2 qram heroinin olması, heç kimə narkotik vasitə satmaması polis əməkdaşları tərəfindən döyüldüyündən ona qarşı təzyiq olunaraq hədələdiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən doyülməsi ilə bağlı Lənkəran rayon prokurorluğuna müraciət etmiş, həmin fakt üzrə prokurorluqda araşdırma aparılmış, nəticədə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə Baş idarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən qəddar, qyeri insani, ləyaqəti alçaldan rəftara və döyülrək işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığından 7 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan istər Təqsirləndirilən şəxs, istər onun vəkilinə, yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Lənkəran Rayon Məhkəməsinə şikayət vermək hüqularının olması izah edilsə də, lakin həmin şəxslər tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan hər hansı bir şikayət verilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı sürülmüş ittihamda özünü qismən təqsirli bildiyini, əməlindən peşiman olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi qismən etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007;) Bundan başqa, Təqsirləndirilən şəxs üzərində 19 qram deyil, yalnız 2 qram heroinin aşkar olunması, habelə elektron tərəzinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat onun üzərində aparılan şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs üzərində 21 qramdan artıq külli miqdarda heroinin və elektron tərəzinin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin bağlamanı Lənkəran şəhərində şəxsiyyəti müəyyyən olunmayan “İntiqam” adlı şəxsdən aldığı və üzərində qansuz saxlamasını bir daha israrla təsdiq etmişlər. Bundan başqa, “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətlərinin aparılmasında təqsirləndirilən şəxsin üzərindən çıxan heroinin və elektron tərəzinin özünə məxsus olmasını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşakar vəkilin yanında qeyd-şərtsiz və açıq aşkar formada bəyan etmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə narkotki vasitənin və elektron tərəzinin ona məxsus olması ilə bağlı verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, heç yerdə işləməyən və məhkumluğu ödənilməyən Təqsirləndirilən şəxs üzərində 19,938 heroinin və elektron tərəzinin aşkar edilməsi, həmin narkotik vasitəni “İntiqam” adlı şəxsdən alaraq 5 büküm üzərində daşıyıb saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 26 aprel 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən, habelə Lənkəran Rayon Məhkəməsinin 2 aprel 2021 –ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən cəzası 6 ay müddətinə azaldılmışdır. Azərbycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda iki il keçmədən yenidən qəsdən ağır cinayət əməlini törətməsi CM-nin 18 –ci maddəsinin tələblərinə görə cinayətlərin residivini yaradır. İş materiallarında olan 11 iyul 2022-ci il tarixli Lənkəran şəhər 1 N-li sahə ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə kafi xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxs Samr Xəlilovun cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 69.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə cəlir ki, o, əvvəllər qəsdən cinayət töərtdiyinə görə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, CM-nin 65.2-ci maddəsinə əsasən (residivə görə cəzanın təyin edilməsi) Təqsirləndirilən şəxs təyin ediləcək cəza təqsirləndirildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az , yəni 6 ildən aşağı ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcbri müalicə təyin olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 19,788 qram heroin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus içərisində Azercell Telekom» mobil operatoruna məxsus 051 ***-**-** və 051 ***-**-** telefon nömrələri olan 1(bir) ədəd, android tipli, İMEİ 3596xx/xx/011041/0 kodlu, Koreya istehsalı olan “Samsung -J2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 1 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq hazırda Lənkəran ŞRPŞ-də saxlanılan qalıq qalmış 19,788 qram çəkidə narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus içərisində Azercell Telekom» mobil operatoruna məxsus 051 ***-**-** və 051 ***-**-** telefon nömrələri olan 1(bir) ədəd, android tipli, İMEİ 3596xx/xx/011041/0 kodlu, Koreya istehsalı olan “Samsung -J2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-512/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-512/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver