Məhkəmə qərarları › İş №1(099)-512/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-512/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-512/2024 16.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1978-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Lerik rayonunun Piran kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X3 Təsərrüfatı Mərkəzinin (bundan sonra Lənkəran RMTM-nin) direktorunun 20 dekabr 2021ci il tarixli, 305 nömrəli əmri ilə yaradılmış Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolaylarında meşələrin qorunub mühafizə edilməsi məqsədi ilə qəfləti yoxlama aparılması üçün yaradılmış komissiyanın sədri-meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis əvəzi Şahid1 göstərişi ilə sonuncu ilə birlikdə həmin əmrin icrası ilə əlaqədar yoxlama aparmaq üçün meşə ərazisinə getmiş komissiyanın üzvü-mərkəzin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Zərərçəkmiş şəxs Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi VAZ-2109 markalı avtomobillə qeyd olunan əraziyə gedərək, həmin vaxt Lənkəran-Lerik avtomobil yolunun hər iki rayonun sərhədinin yaxınlığında, Lənkəran rayonun Təngivan kəndinin ərazisinə düşən hissəsində Şahid1 məxsus “Niva” markalı avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşıb Lerik rayonuna getməyə və orada meşələri yoxlamağa cürətinin çatmadığını və buna istənilən formada mane olacağını inadkarlıqla bildirərək, Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni qeyd olunan meşə dolaylarında mərkəzin direktorunun müvafiq əmri ilə yaradılmış komissiyanın sədri və üzləri ilə birlikdə aparacağı yoxlamadan ibarət yerinə yetirəcəyi həmin qanuni fəaliyyətə mane olmaq üçün Zərərçəkmiş şəxs yaxasından tutub onu iradəsinə zidd olaraq avtomobildən düşürərək yerə yıxdıqdan sonra qəsdən təpiklə sonuncunun döş qəfəsi, qarın və sağ əl nahiyələrinə bir neçə zərbə vuraraq, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid qarının qapalı küt travması, dalağın zədələnməsi və daxili qanaxma, sol Xİ qabırğanın sınığı, sağ əlin V barmağı nahiyəsində sıyrıq və döş qəfəsi nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin verilmiş ittihamda göstərilən əmələ görə özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi 46/4, mənzil 48-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4ində yaşamaqla 2003-cü ildən meşə təsərrüfatı mərkəzində müxtəlif vəzifələrdə işləmiş, 2021-ci ilin dekabr ayında işdən çıxmışdır. Zərərçəkmiş şəxs meşə təsərrüfatı mərkəzinin işçisi kimi 2018-ci ildən tanıyır və onunla münasibtləri normal olmuşdur. Əvvəllər dəfələrlə Ekologiya Nazirliyinə və sosial şəbəkələrdə müraciətlər edərək meşələrdə qanunsuz ağac kəsildiyini bildirib yoxlamalar keçirilməsini tələb etmiş, lakin onun müraciətlərinə əhəmiyyət verilməmiş, heç bir yoxlama keçirilməmişdir. 02 yanvar 2022-ci il tarixdə, saat 10-11 radələrində idarə etdiyi VAZ-21099 markalı avtomobillə Lənkəran rayonu istiqamətində hərəkət edərkən yolda (Lənkəran rayonun Təngivan kəndinin ərazisində) keçmiş iş yoldaşı Şahid1 “Niva” markalı maşınının yolun kənarında, üzü Lənkəran rayonu istiqamətində dayandığını görüb avtomobili saxlayıb düşüb onlarla-keçmiş iş yoldaşları Şahid2, Şahid1 və Zərərçəkmiş şəxsla görüşüb onları çay içməyə dəvət etmiş, onlar da “çox sağ ol, biz dala qayıdırıq” demişlər. Həmin vaxt o, “bəs niyə gəlmişdiz” soruşmuş, onlar da “yoxlamaya gəlmişdik, işimiz alınmadı, geri qayıdırıq” demişlər. Sonra o, Şahid1 “2-3 ildir şikayət edirəm, yoxlamağa niyə gəlmirsiz” deyib Sərrafla zarafatlaşmış, bu zaman Zərərçəkmiş şəxs ona cavab verərək “sən kimsən ki, sənin şikayətinlə gəlib meşəni yoxlayaq” demiş, o da Elşada “mən sənlə danışmıram, Sərrafla danışıram” demiş, Elşad isə ünvanına kobud və nalayiq ifadələr işlədib oradan rədd olub getməsini tələb etmişdir. Elşadın bu hərəkəti ilə bağlı ona iradını bildirdikdə aralarında sözlə mübahisə olmuş və Elşad yaxınlaşıb onun yaxasından tutmuş və bundan sonra onlar biri-birinin yaxasından tutmaqla əlbəyaxa olmuşlar. Sonra Şükürov onu yumruqla vurmaq istədikdə o, özündən uzalaşdırmaq məqsədi ilə sadəcə əli ilə Elşadı geri itələmiş, Elşad da özünü saxlaya bilməyib yerə yıxılmışdır. Elşad yerdən durub yenidən üzərinə gələrkən orada olan şəxslər onları ayırmışlar. Onun Elşadla əlbəyaxa olub mübahisə etmələri vaxtı o, Elşadı yumruqla vurmamış, əli ilə itələyib yerə yıxdıqdan sonra Elşadı təpiklə vurmamış və Elşadın xəsarət almasını görməmişdir. Ola bilsin ki, Elşad yerə yıxılan vaxt hansısa xəsarət almışdır. Əksinə, Elşad onun ünvanına nalayiq və kobud ifadələr işlədib üzərinə gəlib yaxasından tutmaqla onunla əlbəyaxa olmuşdur. Aralarında baş vermiş münaqişə zamanı o, Elşada qəsdən hər hansı bir xəsarət yetirməmişdir. Elşadla aralarında təxminən 3-4 dəqiqə münaqişə olmuş, sonra o, oradan uzaqlaşıb idarə etdiyi avtomobillə Lerik RPŞ-nə gedib Elşadın ona qarşı hərəkətləri barədə şikayət etmişdir. Hadisə baş verən gün əsəbi olmuş, buna görə də ilkin izahatında Elşadın ona xəsarət yetirməsini göstərmiş, əslində Elşad ona heç bir xəsarət yetirməmiş, o da Elşada heç bir xəsarət yetirməmişdir. Aralarında münaqişə vaxtı o, Elşada “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” sözlərini deməmişdir. Sonradan Elşad ondan şikayət edib ağır xəsarət aldığı bildirmişdir. Zərərçəkmiş şəxs hadisə ilə bağlı göstərdikləri tamamilə yalandır. O, aralarında baş vermiş münaqişə vaxtı Elşadın ağır dərəcəli xəsarət almasına və dalağının cırılaraq cərrahi yolla çıxarılmasına inanmır. Həmçinin Zərərçəkmiş şəxs həmin dövrdə Astara meşəbəylikləri üzrə baş mütəxəssisi vəzifəsində işləmiş və Zərərçəkmiş şəxs Lerik rayonu ərazisində yerləşən meşə sahələrində qəfləti yoxlama aparmasına səlahiyyəti olmamış və Lənkəran RMTMnin əmri ilə Lerik meşəbəyliyində qəfləti yoxlama aparılması üçün yaradılmış komissiyaya Zərərçəkmiş şəxs daxil edilməsi tamamilə qanunsuzdur. Ona görə də aralarında baş vermiş münaqişənin Zərərçəkmiş şəxs xidməti vəzifəsinin icrası ilə əlaqələndirilməsi əsassızdır. Bu hadisədən sonra o, işləmək məqsədi ilə Rusiyanın Moskva şəhərinə getmiş, barəsində cinayət işinin olması və axtarışa verilməsi barədə məlumatı olmamışdır. 19 avqust 2022-ci il tarixdə o, Moskva şəhərində polis əməkdaşları tərəfindən tutulmuş, daha sonra Rusiyadan Azərbaycana gətirilmişdir. Hazırda baş vermiş hadisəyə görə əməlindən peşmandır. Baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs onunla barışmış, ona vurulmuş ziyan tərəfindən tam olaraq ödənilmiş və hazırda onların münasibətləri normaldır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X3 Təsərrüfatı Mərkəzinin əməkdaşıdır. Bu hadisə baş verən vaxt Lənkəran RMTM-nin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tanıyır, Mirsadıq da əvvəllər Lənkəran RMTM-nin işçisi olmuş və aralarında münasibətləri normal olmaqla hazırda münasibətləri yaxşıdır. 20 dekabr 2021-ci il tarixdə mərkəzin direktoru tərəfindən bütün meşə dolayının ərazisinin qəfləti yoxlanılması barədə əmr verilmiş və bu əmrin icrası ilə bağlı komissiya yaradılmış, komissiyanın sədri baş mühəndis Şahid1, özü isə komissiyanın üzvü olmuşdur. Əmrə əsasən 22 dekabr 2021-ci il tarixdə Şahid1 və o, Lerik meşəbəyliyinin 14 saylı meşə dolayını yoxlamağa getmişlər. Yoxlama zamanı ağacların kəsilməsi faktları aşkar edilmişdir. Həmin vaxt meşəbəyi Şahid2 onların olduğu yerə gəlib onlardan yoxlamanın aparılmamasını, meşədən çıxıb getmələrini desə də, onlar yoxlamanı aparmış və çoxsaylı ağacların kəsilməsi faktları aşkar edilərək bu barədə akt tərtib edilmişdir. 01 yanvar 2022-ci il tarixdə komissiyanın sədri Şahid1 onun mobil telefonuna zəng edib sabah, yəni 02 yanvar 2022-ci il tarixdə onunla birlikdə Lerik meşəbəyliyini yoxlamağa gedəcəyini, Şahid2 və gözətçinin də yoxlamada iştirak edəcəklərini bildirmişdir. 02 yanvar 2022-ci il tarixdə o, Şahid1lə birlikdə onun idarə etdiyi “Niva” markalı avtomobillə Lerik rayonuna yoxlanılacaq əraziyə getmişlər. Onlar Lerik rayonun girişində dayandıqdan sonra Şahid1 meşəbəyi Şahid2 zəng edib yoxlamada iştirak etmək üçün gəlməsini demiş, Cəfər isə xeyir işinin olduğunu bildirərək yoxlamada iştirak etməkdən imtina etmişdir. Sonra Sərraf meşə gözətçisinə də zəng etmiş, o da anasının xəstə olduğunu bildirib yoxlamada iştirak edə bilməyəcəyini demişdir. Bundan sonra o, Şahid1 “avtomobili döndər evimizə gedək” demiş, Sərraf da avtomobili döndərib Lənkəran rayonu istiqamətində hərəkət edib getmək istəyərkən əvvəllər meşə təsərrüfatı idarəsində işləmiş Şahid3 avtomobili ilə rastlaşmışlar və Nazir avtomobilindən düşüb yaxınlaşıb onlarla görüşüb çay içməyə dəvət etmiş, o isə evə gedəcəklərini deyib avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Sərrafla Nazir isə söhbətlərini davam etdirdikləri vaxt ora meşəbəyi Şahid2 da gəlmiş, onlara yaxınlaşıb salam verdikdən sonra onları çay içməyə dəvət etmiş, onlar da çay içməyəcəklərini, gedəcəklərini demişlər. Sonra Şahid1, Şahid2 və Şahid3 avtomobilin arxasında söhbət etməyə başlamışlar. Onların danışığını eşitmiş ki, onlar biri-biri ilə sözlə zarafatlaşmaqla hər hansı bir ciddi söhbət, o cümlədən yoxlama ilə bağlı söhbətlər etməmişlər. Elə həmin vaxt avtomobilin arxasında başqa avtomobilin dayandığını və avtomobildən düşən şəxsin nalayiq ifadələr işlədib “Lerikdə kişi yoxdur, bu Astaradan gəlib bura”, “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” kimi sözlər demiş, o, həmin şəxsin səsindən tanımışdır ki, gələn şəxs əvvəllər meşə təsərrüfatı idarəsində işləmiş Mirsadıq adlı şəxsdir və “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” ifadəsini Mirsadıq onun ünvanına demişdir. Sonra Mirsadıq avtomobilin qapısını açıb onun yaxasından tutub diziylə qarnından vuraraq onu avtomobildən çəkib yerə yıxmış, nalayiq ifadələr deyə-deyə təpiklə bel və qarın nahiyələrinə çoxsaylı zərbələr vurmuş, orada olan şəxslərdən heç kim onları ayırmamış, bundan sonra Mirsadıq avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. O, birtəhər özünü toparlayıb yerdən qalxıb avtomobilə əyləşmiş və Sərrafı çağırıb onu evə aparmasını demişdir. Hadisədən az sonra səhəti pisləşdiyi üçün o, əvvəl DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, sonra Lerik RPŞ-nə gedib Təqsirləndirilən şəxs şikayət ərizəsi yazmışdır. Bundan sonra halı daha da pisləşdiyi üçün Lənkəran rayon xəstəxanasına müraciət etmiş, orada tibbi müayinə zamanı qabırğasının sınması, qarının travması, dalağının zədələnməsi və digər xəsarətlər alması aşkar edilmişdir. Xəstəxanada cərrahiyyə əməliyyatı olunaraq dalağı çıxarılmış və bir müddət müalicə olunduqdan sonra evinə buraxılsa da, sonradan uzun müddət müalicəsini davam etdirmişdir. Münaqişə zamanı Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər söyməklə yanaşı “Nə meşə yoxlamaq, mən sizə meşə yoxlamağa imkan verməyəcəyəm, Lerik meşələri leriklilərə məxsusdur, sən astaralısan get Astara meşələrini yoxla” kimi ifadələr işlətmişdir. O, hesab edir ki, Təqsirləndirilən şəxs Lerik meşəbəyliyini yoxlamağa mane olmaq məqsədi ilə onu vuraraq xəsarət yetirmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 06 noyabr 2023-cü il və 12 sentyabr 2024-cü il tarixli ərizələri ilə müəyyən edilir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran RMTM-nin meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi ilə münasibti yaxşı olmuşdur. Lənkəran RMTMnin direktorunun 20 dekabr 2021-ci il tarixli əmri ilə Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolaylarında qəfləti yoxlama aparılması üçün komissiya yaradılmış, komissiyanın sədri özü, komissiyanın üzvləri Astara meşəbəylikləri üzrə baş mütəxəssis Zərərçəkmiş şəxs və başqa şəxslər olmuşlar. 22 dekabr 2021-ci il tarixdə direktorun tapşırığına əsasən Elşadla birlikdə Lerik meşəbəyliyini yoxlamağa getmişlər. Yoxlama prosesində onlardan başqa heç kəs iştirak etməmişdir. Yoxlama zamanı meşəbəyi Şahid2 onların olduğu yerə gəlib yoxlama aparmalarına irad bildirmiş, o isə izah etmişdir ki, direktorun əmrinə əsasən yoxlamaya gəlmişlər. Sonra onlar yoxlamanı keçirib çoxsaylı ağacların kəsilməsini aşkar edərək bu barədə müvafiq akt tərtib etmişlər. 01 yanvar 2022-ci il tarixdə Lənkəran RMTMnin direktoru mobil telefonla ona zəng edib tapşırmışdır ki, 02 yanvar 2022-ci il tarixdə Lerik meşəbəyliyini yoxlamağa getsinlər. Sonra o da zəng edib Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş və onlar 02 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində idarə etdiyi “Niva” markalı avtomobillə Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolayılarını yoxlamaq üçün ünvan 4inin ərazisinə getmişlər. Onlar meşəçi postunun yaxınlığında yolun kənarında dayanmış və o, yoxlamada iştirak etməsi üçün meşəbəyi Şahid2 zəng edib onların olduqları yerə gəlməsini demişdir. Elə həmin vaxt keçmiş iş yoldaşı Şahid3 maşınla həmin yerə gəlib onları görüb maşını saxlamış, onlar da Naziri görüb onunla görüşmüş, Nazir onları çaya dəvət etmiş, onlar da çay içməyəcəklərini bildirmişlər. Bir neçə dəqiqə sonra meşəbəyi Şahid2 da ora gəlmişdir. O, meşəbəyi Şahid2 direktorun əmrinə əsasən şübhəli əraziləri yoxlamaq üçün gəldiklərini bildirmiş, Şahid2 isə şəxsi işi olduğunu və meşə gözətçisinin də anasının xəstə olduğunu bildirərək meşə ərazisində yoxlamada iştirak etməkdən imtina etmişdir. Yoxlama baş tutmadığına görə onlar geri qayıtmaq istəmiş və avtomobilə oturub geri qayıtmaq istəyərkən əvvəllər meşə təsərrüfatı idarəsində işləmiş, ünvan 4 sakini Təqsirləndirilən şəxs avtomobillə həmin yerə gəlib avtomobilinin onun avtomobilinin arxasında saxlamışdır. Təqsirləndirilən şəxs avtomobildən düşüb onun avtomobilinin yan tərəfdəki qapını açıb qabaq sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs yaxasından tutub dartıb onu yerə yıxmışdır. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş, lakin onu hansı qaydada, yəni yumruqla və ya təpiklə vurmasını görməmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı “Lerikdə kişi yoxdur, sən Astaradan gəlib burada yoxlama aparırsan” deməsini eşitmişdir. O, dərhal avtomobildən düşüb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kənarlaşdırmış, sonra Təqsirləndirilən şəxs avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. Sonra o, idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs evinə aparmışdır. Bundan sonra ona məlum olmuşdur ki, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs xəsarət alaraq xəstəxanaya müraciət etmiş, sonra orada cərrahiyyə əməliyyatı keçirmişdir. Daha sonra ona məlum olmuşdur ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan ərazidə meşə dolaylarında yoxlamanın aparılmasına mane olmaq üçün Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Şahid2, habelə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Zərərçəkmiş şəxs Lerik RPŞ-nə ünvanlanmış 02 yanvar 2022-ci il tarixli ərizəsi ilə müəyyən edilir ki, 02 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində xidməti vəzifəsinin icrası ilə əlaqədar Lerik meşəbəyliyinin ərazisində yoxlama aparmaq üçün gedərkən Lerik rayonunun Piran kənd sakini Təqsirləndirilən şəxs buna mane olub onu avtomobildən dartıb yerə yıxıb yumruq və təpiklə bədəninə çoxsaylı zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 06 yanvar 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, qeyd olunan cinayət hadisəsi Lənkəran rayonun Təngivan kəndinin ərazisində baş vermişdir. İşdə olan, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X5 19 aprel 2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs 04 yanvar 2022-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək xəstəxananın cərrahiyyə şöbəsinə “Qarının qapalı küt travması. Dalağın cırılması. Sol tərəfli Xİ qabırğanın natamam xətti sınığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İşdə olan, məhkəmə-tibb ekspertizasının 21 yanvar 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində-qarının qapalı küt travması, dalağın zədələnməsi və daxili qanaxma, sol Xİ qabırğanın sınığı, sağ əlin V barmağı nahiyəsində sıyrıq, döş qəfəsi nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində gösərilən şəraitdə, yəni bərk küt əşyalarla (yumruq, təpik) vurma nəticəsində əmələ gələ bilərdi, müddəti qərarda göstərilən tarixə 02 yanvar 2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan, X3 Təsərrüfatı Mərkəzindən daxil olmuş məktub və məktuba əlavə olunmuş əmrlərin surətləri ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs 28 avqust 2018-ci il tarixdən Lənkəran RMTM-nin Astara Meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində, 05 may 2022-ci il tarixdən mərkəzin mühafizə üzrə direktor müavini vəzifəsində işləyir. Lənkəran RMTM-nin Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolaylarında meşələrin qorunub mühafizəsi məqsədi ilə 20 dekabr 2022-ci il tarixli, 305 saylı əmr ilə qəfləti yoxlamaların aparılmasına başlanılmışdır. Habelə Lənkəran RMTM-nin 17 iyul 2021-ci il tarixli, 118 saylı əmr ilə müəyyən edilir ki, Əskərov X2 RMTM-nə mövsümü fəhlə işinə qəbul edilmiş, 27 dekabr 2021-ci il tarixli, 330 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin qurtarması) əsasən əmək müaqviləsinə xitam verilmişdir. İşdə olan, “Əlavə sübutların qiymətləndirilməsi haqqında” 04 may 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Eyni zamanda məhkəmə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş sübutları, eləcə də müdafiə tərəfinin əsaslandığı sübutları tədqiq edib həmin sübutlara hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib huquqi qiymətləndirmə aparmışdır. Belə ki, məhkəmə iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (meşələrdə qanunsuz ağacların kəsilməsi barədə etdiyi şikayətlərə baxılmaması səbəbindən Zərərçəkmiş şəxsla aralarında sözlü mübahisənin yaranması və aralarında baş vermiş münaqişə zamanı “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” deməməsi, onu yumruq və təpiklə vurmaması, ona hər hansı bir xəsarət yetirməməsi, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs göstərdiklərinin tamamilə yalan olması, münaqişə vaxtı Zərərçəkmiş şəxs ağır dərəcəli xəsarət almasına və dalağının cırılaraq cərrahi yolla çıxarılmasına inanmaması, hadisənin Zərərçəkmiş şəxs xidməti vəzifələrinin icrası ilə bağlı baş verməməsi, hadisə baş verən dövrdə Zərərçəkmiş şəxs Astara meşəbəylikləri üzrə baş mütəxəssisi vəzifəsində işləməsi və onun Lerik rayonu ərazisində yerləşən meşə sahələrində qəfləti yoxlama aparmasına səlahiyyətinin olmaması, Lənkəran RMTM-nin əmri ilə Lerik meşəbəyliyində qəfləti yoxlama aparılması üçün yaradılmış komissiyaya Zərərçəkmiş şəxs daxil etməsinin tamamilə qanunsuz olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, ekspertiza rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni meşələrdə qanunsuz ağacların kəsilməsi barədə etdiyi şikayətlərə baxılmaması səbəbindən Zərərçəkmiş şəxsla aralarında sözlü mübahisənin yaranması və aralarında baş vermiş münaqişə zamanı “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” deməməsi, onu yumruq və təpiklə vurmaması, ona hər hansı bir xəsarət yetirməməsi, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs göstərdiklərinin tamamilə yalan olması, münaqişə vaxtı Zərərçəkmiş şəxs ağır dərəcəli xəsarət almasına və dalağının cırılaraq cərrahi yolla çıxarılmasına inanmaması, hadisənin Zərərçəkmiş şəxs xidməti vəzifələrinin icrası ilə bağlı baş verməməsi, hadisə baş verən dövrdə Zərərçəkmiş şəxs Astara meşəbəylikləri üzrə baş mütəxəssisi vəzifəsində işləməsi və onun Lerik rayonu ərazisində yerləşən meşə sahələrində qəfləti yoxlama aparmasına səlahiyyətinin olmaması, Lənkəran RMTM-nin əmri ilə Lerik meşəbəyliyində qəfləti yoxlama aparılması üçün yaradılmış komissiyaya Zərərçəkmiş şəxs daxil etməsinin tamamilə qanunsuz olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyi və Lənkəran RMTM-nin direktorunun 20 dekabr 2021-ci il tarixli, 305 nömrəli əmri ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini və işdə olan digər materialları nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ona həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar törədildikdə bu maddənin tərkib əlamətləri yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 7-ci bəndində verilmiş izaha əsaslanaraq qəsdən sağlamlığa ağır zərər vurma əməlinə münasibətdə bu izah belə qəbul oluna bilər ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər vurması CM-nin 126.2.2-ci maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 126.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Habelə Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və bununla bağlı o, CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ittihamda göstərilən xuliqanlıq niyyəti ilə zərərçəkmişə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi təsdiqini tapmır. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs “Lerik rayonu ərazisində yerləşən meşə dolaylarında ağacların qanunsuz kəsilməsi ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını bəhanə edərək, əslində heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına davranışı ilə açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini” ittihamda göstərsə də, tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni qeyd olunan meşə dolaylarında mərkəzin direktorunun müvafiq əmri ilə yaradılmış komissiyanın sədri və digər üzvləri ilə birlikdə aparacağı yoxlamadan ibarət yerinə yetirəcəyi həmin qanuni fəaliyyətə mane olmaq üçün Zərərçəkmiş şəxs “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” deyib onun yaxasından tutub maşından yerə salıb yumruq və təpik zərbələri vurmaqla döyərək qəsdən onun sağlamlığa ağır zərər vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs həmin əməlin xuliqanlıq niyyəti ilə törətməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarda təsdiqini tapmamışdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması sonuncunun xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olması faktı özü özlüyündə həmin əməlin xuliqanlıq niyyəti ilə tərədilməsi halını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində verilmiş izaha əsaslanaraq qəsdən sağlamlığa ağır zərər vurma əməlinə münasibətdə bu izah belə qəbul oluna bilər ki, qəsdən sağlamlığa ağır zərər vurma o vaxt CM-nin 126.2.4cü maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına qəsdən sağlamlığa ağır zərər vurma). Hazırki iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərər vurma hərəkətlərinin motivi zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni onun yoxlamağa gəlməsi ilə bağlı olmuş, yəni Təqsirləndirilən şəxs “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” deyib Zərərçəkmiş şəxs yaxasından tutub maşından yerə salıb yumruq və təpik zərbələri vurmaqla döyərək qəsdən onun sağlamlığa ağır zərər vurmuşdur. Göstərilən bu hərəkətlərində Təqsirləndirilən şəxs ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyması ilə müşayiət edilməsi müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.2.4-cü maddəsinin tərkib əlamətləri yoxdur və verilmiş ittihamdan CM-nin 126.2.4-cü maddəsi xaric edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qərarın 37-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 126.2.2 və 126.2.4-cü maddələrindən CM-nin 126.2.4-cü (xuliqanlıq niyyətilə) bəndi verilmiş həmin ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin 126.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. İşdə olan, istintaq orqanın “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 05 may 2022-ci il tarixli qərarı müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 22 dekabr 2022-ci il tarixli məlumat məktubu və Rusiya Federasiyası, Moskva vilayəti, Troysk şəhəri, Troysk Rayon Məhkəməsinin qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə Troysk şəhəri, DİO-nın əməkdaşları tərəfindən tutulmuş, daha sonra RF-dan Azərbaycan Respublikasına ekstradisiya olunaraq 21 dekabr 2022-ci il tarixdə həbsdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Lerik Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 06 noyabr 2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 06 ay müddətə sınaq müddəti təyin edilməklə şərti məhkum edilmişdir. Lerik Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinib 340 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83-cü maddəsinin müddəalarına əsasən 26 avqust 2013-cü il və 22 yanvar 2020-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Lerik rayon Piran kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə birlikdə ünvan 4ində yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə kənd sakinlərinin hörmətini qazanmış, kəndin ictimai işələrində iştirak etmiş və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 27 sentyabr 2022-ci il tarixli tibbi arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 16 may 2001-ci il tarixdən “sağ ağ ciyərin filtrativ vərəmi, dağılma mərhələsində” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi bu Məcəllənin 53.1.13-cü maddəsinə və təqsirləndirilən şəxsin “sağ ağ ciyərin filtrativ vərəmi, dağılma mərhələsində” diaqnozu ilə xəstə olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-cu maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi həmin Məcəllənin 53.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar olmadığından Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 126.2.2-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün (azadlıqdan məhrum etmə cəzasının) son həddinin müddəti dörddə üçündən çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, üzləşdirmə istintaq hərəkəti ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, üzləşdirmə istintaq hərəkəti ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbslə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar