Məhkəmə qərarları › İş №1(099)-513/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-513/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-513/2023 27.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisləri - X5, X6, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1993-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1965-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində idarə etdiyi VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Xocavənd kəndi ərazisindən keçən 98-ci kilometrliyində 80 km/saat sürətlə Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən "X13" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, ötmə əməliyyatının təhlükəsiz başa çatdırılması təmin edilmədiyi vəziyyətdə ötmə əməliyyatına başlamamalı, idarə etdiyi VAZ 21074 markalı avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və avtomobilin öz hərəkət zolağında dayandıqlı hərəkətini təmin etməli olduğu halda bunu etməyərək qarşısında hərəkətdə olan avtomobili əks hərəkət zolağına çıxmaqla ötdükdən sonra öz hərəkət zolağına qayıtdıqda idarəetməni itirərək hərəkət üçün təhlükə yaratmış, idarə etdiyi VAZ 21074 markalı avtomobil çəpləşərək yanakı hərəkət edərək qarşıdan əks istiqamətdən St.Mingəçevir istiqamətində 60 km/saat surətlə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi X16 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə St.Mingəçevir istiqamətində olan yolun sağındakı sarı xətdən ortaya doğru 2 m məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan iki nəfər şəxsin, yəni idarə etdiyi avtomobildə olmuş sərnişinlər doğma qardaşı X4 başın təpə sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, başın təpə nahiyəsində əzilmiş-cırılmış yara, qarnın sağ yarısının aşağı şöbəsində qançır, sol budda əzilmiş yara ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, domğa bacısı X1 əsası sümüyünün xətti sınığı, başın örtük yumşaq qişası altında qansızma, baş beyin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, sağ bazu sümüyünün qapalı qəlpəli sınığı ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 KBT-si, alın nahiyəsində epidural qansızma, alın sümüyünün sınığı xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 sağ aşağı ətrafın, sağ körpücük sümüyünün, əng və çənə, oturaq sümüyünün sınığı, qarnın qapalı küt travması, dalağın cırılması, daxili qanaxma xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində idarə etdiyi X16 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Xocavənd kəndi ərazisindən keçən 98-ci kilometrliyində 80 km/saat sürətlə St.Mingəçevir istiqamətində hərəkətdə olarkən "X13" Azərbaycan Respublikası Qanununun 50cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yaranan anda, yəni VAZ 21074 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda idarə etdiyi avtomobili toqquşma yerinə çatmadan dayandırmalı olduğu halda bunu etməyərək əks istiqamətdən Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində 80 km/saat surətlə hərəkətdə olarkən qarşısında hərəkətdə olan avtomobili əks hərəkət zolağına çıxmaqla ötdükdən sonra öz hərəkət zolağına qayıtdıqda idarərtməni itirdikdən sonra çəpləşərək yanakı əks hərəkət yoluna çıxmış avtomobilin arxa sağ qanadı ilə avtomobilinin qabaq hissəsi ilə St. Mingəçevir şəhəri istiqamətində olan yolun sağındakı sarı xətdən ortaya doğru 2 m məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan iki nəfər şəxsin, yəni VAZ 21074 markalı avtomobildə olmuş sərnişinlər X4 başın təpə sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, başın təpə nahiyəsində əzilmiş-cırılmış yara, qarnın sağ yarısının aşağı şöbəsində qançır, sol budda əzilmiş yara ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X1 əsası sümüyünün xətti sınığı, başın örtük yumşaq qişası altında qansızma, baş beyin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, sağ bazu sümüyünün qapaılı qəlpəli sınığı ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 KBT-si, alın nahiyəsində epidural qansızma, alın sümüyünün sınığı xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 sağ aşağı ətrafın, sağ körpücük sümüyünün, əng və çənə, oturaq sümüyünün sınığı, qarnın qapalı küt travması, dalağın cırılması, daxili qanaxma xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ailəvi Ağcabədi rayonunda keçirilən həmkəndlisinin toy məclisinə dəvət olunmuşdur. Həmin gün saat 12 radələrində şadlıq evinə getməmişdən əvvəl özünə məxsus VAZ 21074 markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arvadı Tərlan, bacısı Əziz, bacısının əri Yasir və qardaşı Uğurla birlikdə əvvəlcə qız evinə Hindarx kəndinə getmiş, sonra oradan çıxıb barmağında kiçik yara olduğundan toy karvanından ayrılıb əvvəl Ağcabədi şəhərinə gedib aptekdən yara bandı alıb hamı ilə birlikdə şadlıq evinə yollanmaq istəmişdir. Mingəçevir- Bəhrəmtəpə yolunda Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan hansısa avtomobili ötüb keçmək üçün 80 km/saat surətlə hərəkət edərkən əks hərəkət zolağına çıxmaqla onu ötmüş, sonra öz yoluna qayıdanda avtomobilinin sağ təkəri yoldan çıxmış, idarəetməni itirmiş, avtomobili sürüşərək yolun digər hərəkət hissəsinə çıxmış, avtomobilinin arxa sağ tərəfi ilə qarşıdan gələn «Mercedes Atego» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi toqquşmuşdur. Ötmə əməliyyatını edərkən qarşıdan gələn maşını görməmişdir. Hadisə vaxtı yolda hərəkət surəti 90 km/saat olmuş, özü isə 80 km/saat surətlə hərəkət etmişdir. Qəza nəticəsində bacısı Əziz və qardaşı Uğur vəfat etmiş, arvadı Tərlan və özü xəsarət almışlar. Özü də ciddi xəsarət aldığından bir neçə gün xəstəxanada yatmış sonra evə yazılmışdır. Hazırda zərərçəkmiş şəxslərlə və onların hüquqi varisləri ilə barışmışdır. Hadisə nəticəsində doğma qardaşı və bacısını itirmişdir. Əməlindən peşmandır. Məhkəmədən hazırda himayəsində iki azyaşlı uşağının olmasını, arvadının heç yerdə işləmədiyini, özünün fəhləlik edib gündəlik çörəkpulu qazanıb ailəsini dolandırmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Şahid2 məxsus, etibarnamə ilə idarə etdiyi «X17» avtomobillə təxminən 12:30 radələrində tanışı Orxan Müştəbzadə ilə birlikdə Ağcabədi şəhərindən çıxıb Mingəçevir- Bəhrəmtəpə yolu ilə Bərdə şəhəri istiqamətinə gedərkən qarşıdan toya gedən avtomobil karvanının gəldiyini görmüşdür. Karvanın arxasından hərəkət edən VAZ 21074 markalı avtomobil ötmə edib öz hərəkət zolağına qayıtmış, həmin vaxt 21074 markalı avtomobil öz hərəkət zolağına çıxdıqda aralarında olan məsafə təxminən 200 metr olmuşdur. VAZ 21074 markalı avtomobil təxminən 150 metr öz zolağı ilə hərəkət etdikdən sonra idarəetməni itirib sol yanı üstü onun üzərinə doğru sürüşüb onun yolunda avtomobilinin qabaq tərəfindən sağ yanı ilə toqquşmuşdur. Qəza nəticəsində həmin avtomobildə olan 5 nəfər şəxsdən 2 nəfər sərnişin vəfat etmiş, sürücü və digər sərnişinlər isə yaralanmşlar. Qəza nəticəsində özü və kabinada olan Orxan adında sərnişin heç bir xəsarət almamışlar. VAZ 21074 markalı avtomobil ani anda onun yoluna çıxdığından, hadisədən yayına bilməmişdir. Hadisə vaxtı 70 km/saat surətlə avtomobili idarə etmişdir. VAZ 21074 markalı avtomobil ani anda onun yoluna çıxmışdır. Həmin anda aralarında 10 metrdən az məsafə olmuş, VAZ 21074 markalı avtomobili gördüyü andan 1 saniyə sonra toqquşma baş vermiş, buna görə də hadisənin qarşısını ala bilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli özünün etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum Uğur Nağıyev onun doğma qardaşıdır. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində qardaşı Uğur digər qardaşı Yusifin idarə etdiyi VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailəvi Ağcabədi rayonuna toya gedərkən St.Mingəçevir –Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Xocavənd kəndindən keçən 98-ci kilometrliyində qarşıdan hərəkətdə olan Rafiq adında şəxsin idarə etdiyi «X16» markalı **-UN- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobildə olan qardaşı Uğur və bacısı Əziz hadisə yerində ölmüşlər. Sükan arxasında olan digər qardaşı Yusif və maşında olan Yusifin arvadı yaralandıqlarından xəstəxanaya yerləşdirilmişlər. Sağ qalan qardaşı Yusif bir neçə gün xəstəxanada müalicə almış, sonra evə qayıtmışdır. Doğma qardaşı Yusifə və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətlərinin və tələbinin olmadığını, onlarla barışdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum Əziz Nağıyeva onun doğma qızıdır. Əziz həmkəndlisi Yasirlə evli olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində qızı Əziz, yeznəsi Yasir, oğlu Uğur, gəlini Tərlan digər oğlu Yusifin idarə etdiyi VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toya gedərkən St.Mingəçevir–Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Xocavənd kəndindən keçən 98-ci kilometrliyində qarşıdan hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi X16 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə oğlu Uğur və Əziz hadisə yerində ölmüşlər. Hadisə vaxtı maşında olan digər oğlu Yusif və onun arvadı Tərlan xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. Dərhal Ağcabədi RMX-na yollanmışdır. Oğlu Yusif və gəlini Tərlan xəstəxanada müalicə aldıqdan sonra evə qayıtmışlar. Oğlu Yusif və Rafiqdən heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətinin və tələbinin olmadığını, onlarla barışdığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Əziz Nağıyeva onun arvadıdır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Xəyalın toy məclisində iştirak etmək üçün toya dəvət olunmuş, qaynı Yusifdən gedəndə onları da aparmasını xahiş etmişdir. Həmin gün saat 11 radələrində Yusifin idarə etdiyi VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxmışlar. Maşını Yusif idarə etmiş, özü qabaqda sərnişin yerində əyləşmiş, arxasında Uğur, ortada Əziz, sol tərəfdə arxada Tərlan əyləşmişlər. Hindarx kəndinə qız evindən şadlıq evinə yollanarkən Yusifin barmağında xəsarət olduğundan aptekə getmək üçün toy karvanını keçib surətlə hərəkət etmişdir. St.Mingəçevir- Bəhrəmtəpə yolunda Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən Yusif qarşısında eyni zolaqda hərəkətdə olan avtomobil ötüb öz zolağına qayıdanda avtomobilin sağ təkəri yolun sağ ehtiyyat hissəsinə çıxdığına görə avtomobilin idarəetməsini itirmiş, avtomobil fırlanıb əks hərəkət yoluna çəp formada çıxıb Beyləqan rayonu istiqamətindən gələn «X16» markalı **-UN- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə arvadı Əziz və qaynı Uğur hadisə yerində vəfat etmiş, o, Yusif və Tərlan xəsarət alaraq bir neçə gün xəstəxanada müalicə almışlar, sonra evə buraxılmışlar. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətinin və tələbinin olmadığını, onlarla barışdığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həmkəndlilərinin toy məclisində iştirak etmək üçün yaşadığı Rəncbərlər kəndindən əri Yusifin idarə etdiyi VAZ 21074 markalı maşınla qız evinə Hindarx kəndinə yollanmışlar. Maşını əri Yusif idarə etmişdir. Maşında özü, mərhum qaynı Uğur, baldızı Əziz və sonuncunun əri Yasir olmuşlar. Əri Yusifin barmağında xəsarət olduğundan aptekə getmək üçün toy karvanını irəli keçmişlər, st.Mingəçevir - Bəhrəmtəpə yolunda Ağcabədi rayonu istiqamətinə hərəkətdə olarkən Yusif qarşıda hərəkət edən avtomobili ötmüş, sonra öz yoluna qayıdarkən idarəetməni itirmiş və əks istiqamət hərəkətinə keçərək qarşıdan gələn hansısa avtomobillə toqquşmuşdur.Huşunu itirmiş və birdə xəstəxanada ayılmışdır. Hadisə vaxtı özü sürücünün arxasında, Yasir ön oturacaqda, Əziz ortada, Uğur isə arxa sağda əyləşmişdir. Baş vermiş hadisə nəticəsində xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədən əri Təqsirləndirilən şəxs1 və digər Təqsirləndirilən şəxs2 həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətinin və tələbinin olmadığını, onlarla barışdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü ildə həmkəndliləri olan Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə və onun yaxın qohumlarını özünün toy məclisinə dəvət etmişdir. Toy karvanı ilə birlikdə əvvəlcə Hindarx kəndinə qız evinə yollanmışlar ki, hazırki həyat yoldaşını götürüb şadlıq evinə getsinlər. Yusif maşını özü idarə edirdi. Hindarx kəndindən çıxıb Ağcabədi şəhərinə şadlıq evinə yollanarkən st.Mingəsevir - Bəhrəmtəpə yolunda Yusif toy karvanını, sonra isə qarşısında olan digər maşını keçib öz hərəkət zolağına qayıdarkən idarəetməni itirmiş və qarşıdan gələn maşınla toqquşmuşdur. Hadisə yerinə çatdıqda artıq qəza baş vermiş, qəzanın baş vermə anını onlar görməmişdir. Hadisə nəticəsində Yusifin olduğu avtomobildə olan bacısı Əziz, qardaşı Uğur hadisə yerində ölmüşlər. arvadı Tərlan, bacısının əri Yasir və onun özü ağır xəsarətlər almışlar. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, özü fərdi qaydada avtomobil yağ və hava filterlərinin satışı ilə məşğul olur. Həmin ehtiyat hissələrini Təqsirləndirilən şəxs2 icarəyə götürdüyü «X16» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə regionlara daşımışlar. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağcabədi şəhərindən çıxıb Mingəçevir-Bəhrəmtəpə yolu ilə Bərdə şəhərinə gedərkən qarşıdan toya gedən avtomobil karvanı gəldiyini görmüşdür. Karvanın arxasından gələn VAZ 21074 markalı avtomobil ötmə edib öz hərəkət zolağına çıxmış, həmin avtomobil onlara yaxınlaşdıqda ani olaraq idarəetməni itirib Təqsirləndirilən şəxs2 sürdüyü avtomobilin qarşısına çıxmış və onların üzərinə doğru sürüşə-sürüşə hərəkət edərək olduqları hərəkət zolağında avtomobilin qabaq tərəfindən sağ yanı üstə toqquşmuşdur. Qəza nəticəsində digər avtomobildə olan sərnişinlərdən ikisi vəfat etmiş, digərləri xəsarət almışdır. Özü və Təqsirləndirilən şəxs2 heç bir xəsarət almamışlar. Hadisə zamanı hava yağışlı olmuşdur. Həmin vaxt Vaz 21074 markalı avtomobilin öz yoluna keçməsini 10 metr məsafədən görmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-si il tarixli 04 №-li rəyindən görünür ki, X4 bədənində aşkar edilmiş xəsarətlər – başın təpə sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə asası sümüyünün xətti sınığı, başın təpə nahiyəsində əzilmiş-cırılmış yara, qarnın sağ yarısının aşağı şöbəsində qançır, sol budda əzilmiş yara. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X4 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 08 yanvar 2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X4 ölümünə bilvasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma, kəllə əsası və təpə sümüklərinin sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X4 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl, yəni 08 yanvar 2023-cü il tarixdə baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında metik, etil, propil, butil və amıl spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), feotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (196/k saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi akt) Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-si il tarixli 03 №-li rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər – kəllə əsası sümüyünün xətti sınığı, başın örtük yumşaq qişası altında qansızma, baş beyin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, sağ bazu sümüyünün qapalı qəlpəli sınığı. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X3 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 08 yanvar 2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X3 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X3 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl, yəni 08 yanvar 2023-cü il tarixdə baş vermişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında metik, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), feotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkat edilməmişdir. (195/k saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi akt) Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 158 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – KBT-si, alın nahiyəsində epidural qansızma, alın sümüyünün sınığı, bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 154 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – sağ aşağı ətrafın, sağ körpücük sümüyünün, əng və çənə, oturaq sümüyünü sınığı, qarnın qapalı küt travması, dalağın cırılması, daxili qanaxma, bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 02 may 2023-cü il tarixli 8/915 nömrəli rəyi ilə müəyyən edilmişdir ki; - VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - X16 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 8 yanvar 2023-cü il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan və yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən 98-ci kilometrliyində baş vermişdir. Yolun ümumi eni 8,2 metrdir. Hərəkət hissənin eni 7.4 metrdir. Avtomobil yolu iki istiqamətlidir, Ağcabədi rayon, Beyləqan rayon istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Hər iki istiqaməti ağ qırıq xətlər arakəsmə ayırır. Yolun hər iki istiqamətin sağında 2,5 metr enində yol çiyni yerləşir, hərəkət hissə ilə yol çiyinləri arasında sarı düz nişanlama xətti ilə işarələnmiş 40 sm. enində asfalt hissə yerləşir. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşduğu yer müəyyən edildi ki, VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa sağ qanadı ilə «X16» markalı **-UN-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə St.Mingəçevir istiqamətində olan zolaqda yolun sağında olan sarı xətdən orataya doğru 2 m məsafədə toqquşmuşdur. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Hadisə baş vermiş ərazidə sürət həddi 90 km/saat sürətlə məhdudlaşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 9 mart 2023-cü il tarixli «şahidin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, şahid Təqsirləndirilən şəxs2 əyani olaraq haisənin hansı şəraitdə və harada baş verdiyini hadisə yerində göstərmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 07 №-li tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs1 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 08 №-li tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs2 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Gəncə RQİ və TBŞdən daxil olmuş 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AB 564567 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Gəncə RQİ və TBŞdən daxil olmuş 20 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək AE 443012 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf edərək özünün müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Məhkəmə istintraqında Təqsirləndirilən şəxs2 Məhəmməd oğlu özünün müdafiəsi üçün dəlil gətirərək ifadəsində VAZ 21074 markalı avtomobilin ani anda onun yoluna çıxdığını, həmin anda aralarında 10 metrdən də az məsafə olduğunu, qarşıdan gələn VAZ 21074 markalı avtomobili gördüyü andan bir saniyədən sonra toqquşmanın baş verdiyini, buna görə də hadisənin qarşısını ala bilmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq ifadəsində göstərdiyi bu xüsusatı işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs2 ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərsə də, onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə yanaşı digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, həmin rəyin təsviri əsaslandırıcı hissəsindən və aparılmış hesabatdan məlum olur ki, VAZ 21074 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda «X17» markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin (Sa=135 metr) avtomobilin dayanma yolundan (Sd=51,6 metr) böyük olması onu izah edir ki, göstərilən vəziyyətdə sürücü Qurbanov təhlükə yaranan andan tədbir görməklə idarə etdiyi “X17” markalı avtomobil toquşma yerinə çatmadan, yəni toqquşma yerinə (135-51,6=83,4 metr) 83,4 metr qalmış dayandırmağa imkanı olmuşdur. Yəni, “X13 ” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 hərəkət üçün təhlükənin yarandığını gürdükdə nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azalmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda bunu etməmiş, nəticədə toqquşma baş vermişdir. Odur ki, məhkəmə iş üçün əhəmiyyətli və yekdil olan yol-nəqliyyat hadisələri ekspertizasının rəyini, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu, sxemi və fotocədvəli, habelə zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini və cinayət işində olan digər sənədləri işin obyektiv hallarına uyğun gəldiyi üçün ittihamın qanuni və əsaslı həlli üçün Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən sübut növü kimi qəbul edir. Beləliklə də, məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli arayışdan və doğum haqqında şahadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı Zərərçəkmiş şəxs2 və övladları- xx.xx.2016-cı il təvəllüdlü oğlu Aylar Nağızadədən, xx.xx.2020-ci il təvəllüdlü qızı Dəniz Nağızadədən ibarətdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Rəncbərlər KİƏD-si üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RMX X15 2 may 2023-cü il tarixli 525 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarında olan Masallı RİHB-nın Şərəfə KİƏD-si üzrə nümayəndəsinin 25 aprel 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı X2 ibarətdir. İş materiallarında olan Masallı RMX X15 19 aprel 2023-cü il tarixli 579 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ailəyə yeganə qazanc gətirən şəxs olmasını, baş vermiş hadisə nəticəsində özünün də bədən xəsarəti almasını, yaxın qohumları olan-doğma qardaşı Uğur Nağıyevi və bacısı Əziz Nağıyevanın vəfat etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən və başqa) yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən hadisənin təşəbbüskarı Təqsirləndirilən şəxs1 olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməlinin məhz onlar tərəfindən törədilməsi və təqsirli olmaları tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində onların təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı, təyin olunmuş cəza çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Bundan başqa, Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı bir mövcud olduğu halda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-nin 263.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 10 il olduğundan onlara həmin cəzanın dörddə üçündən, yəni 7 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar təqsirkarların şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənlərin özlərinin və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ - 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və X16 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 64 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxslərin hüquqi varislərinə və zərərçəkmiş şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, yaşadığı ərazi üzrə, rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs1 məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün bu hissədə icrası onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs2 məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün bu hissədə icrası onun yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ - 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və X16 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 64 (altmış) manat olmaqla tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar