Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-515/2022 25.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 198,490 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla özündə saxlamış, 05 aprel 2022-ci il tarixdə saat 16 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı o, Astara rayonu Şahağacı kəndində saxlanılaraq Astara şəhəri, H.Əliyev prospekti 35 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 198,490 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən narkotik vasitə istifadə etmişdir. 04 aprel 2022-ci il tarixdə təxminən saat 19 radələrində iranlı Şervinlə telefonda birbaşa və whatsapp vasitəsi ilə danışaraq ondan heroin göndərməsini istəmişdir. İranlı da onun istəyini qəbul etdikdən sonra Bakı şəhəri 7-ci mkr ərazisindəki «Soliton» restoranının yaxınlığında yerləşən parkın içindəki zibil qabının içinə qoyacağını gedib oradan götürməyini demişdir. Bundan sonra o, Şervinin dediyi yerə gedib oradan, yəni parkın içindəki zibil qabının içərisindən 1 ədəd göy rəngli sellofan görüb onu götürmüşdür. Heroini oradan götürdükdən sonra Astara rayonu Şahağacı kəndinə gəlmiş, artıq 05 aprel 2022-ci il tarixdə o, həmin kənddə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsində baxış keçirilən zaman onun üzərində cəmi 4 qram heroin olmuş, polis əməkdaşları ona təzyiq göstərməklə heroinin miqdarını 200 qrama qədər artırmışlar. Əməlinin düzgün tövsif edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, İran vətəndaşı Şervinlə razılaşmasına əsasən sonuncu ona 100 qram heroin göndərməli və o, Şervinin pulunu heroini satdıqdan sonra verməliymiş. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində “üzərində cəmi 4 qram heroin olmuşdur, polis əməkdaşları tərəfindən təzyiq göstərilməklə 200 qram heroin əlavə edilmişdir” xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, onun məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Astara rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 05 aprel 2022-ci il tarixdə saat 08 radələrində Astara rayonu Şahağacı kəndində körpünün yaxınlığında Təqsirləndirilən şəxs «Mercedes» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində video çəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. O da həmin vaxt əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxıldıqda bükümdə spesifik iyə malik olan, qəhvəyi rəngli və toz formada olmaqla narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs də həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və onu Bakı şəhərindən aldığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin, üzərində qanunla qadağan olunmuş hər hansı bir başqa əşya aşkar olunmamışdır. Həmin heroin qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs hər hansı bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli 18/413 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs cibindən aşkar olunmuş bir büküm kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -198,490 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı qalıq heroin 198,440 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli 408 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin bizə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsit axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 11 noyabr 2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi təğbiq edilməklə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan Astara rayonu, Ərçivan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 16 iyul 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 198,,440 qram heroin narkotik vasitə maddi sübut kimi tanınmış saxlanılması üçün Astara Rayon Poli Şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından digər cinayət işinin ayrılması və icraata başlanması haqqında» qərarla Təqsirləndirilən şəxs narkotik vasitəni alıdı naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlindən peşman olmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş olduğundan, o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Astara rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 198,440 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Astara rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 198,440 qram heroin narkotik vasitəsi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-515/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-515/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver