Məhkəmə qərarları › İş №1(099)-515/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-515/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-515/2024 04.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 avqust 1981-ci ildə İran İslam Respublikası Aslandüz rayonu Nurməmmədli kəndində doğulmuş, İran İslam Respublikası vətəndaşı, təhsilsiz, evli, işləməyən, məhkum olunmamış, İran İslam Respublikası Aslandüz rayonu Nurməmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs digər şəxslərlə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, 14 dekabr 2023cü il tarixdə İran İslam Respublikasında cinayətkar qrupun üzvlərindən 14850 qram, külli miqdarda qurudulmuş marixuananı əldə etmiş, saxlamış və özü ilə daşıyaraq həmin tarixdə saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin Füzuli rayonu Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının xidməti sahəsindən nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin külli miqdarda narkotik vasitə onda aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ilə elan edilmiş ittihamın üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə İran İslam Respublikası Aslandüz rayonu Nurməmmədli kəndində yaşayır. Bəzən narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. X2 Respublikası ərazisində əkin sahəsi vardır. Həmin sahədə pambıq əkmişdir. İşçilərin pulunu verə bilməmiş və işçilər ondan əmək haqlarını tələb etmişlər. 14 dekabr 2023-cü il tarixdə evində olduğu zaman arvadının qardaşı Şəhrəm Xeyrabadi dostu İsrafil Midai ilə birlikdə onlara gələrək tanışları Mərifət və Yaşar adlı şəxslərlə birlikdə sərhəddən Azərbaycan tərəfə keçməklə Azərbaycan tərəfdə qoyulmuş, içərisində narkotik vasitələr olan bağlamanı İran tərəfə keçirmək lazım olduğunu bildirmişlər. Şəhrəm Xeyrabadi bu işin müqabilində ona on milyon iran realı pul verəcəyini bildirmişdir. Pambıq sahəsində işləmiş işçilərin əmək haqqını ödəmək üçün ona pul lazım olduğundan Şəhramın təklifi ilə razılaşmışdır. Bağlamada Şəhramın dediyinə görə 16-17 kiloqram qurudulmuş marixuana olmalı imiş. Marixuana Şəhrama, Mərifətə və Yaşara məxsus olmuşdur. Onun Azərbaycan Respublikasına keçərək bağlmanı götürüb iran tərəfə keçirməsi üçün 14 dekabr 2023-cü il tarixdə İsrafil özünün idarə etdiyi avtomobil ilə onu və Şəhramı Araz çayının sahilinə gətirmişdir. O, Araz çayından Azərbaycan Respublikası tərəfə keçmişdir. Çayın sahilinə çıxan kimi sərhədçilər tərəfindən saxlanılmışdır. Onun narkotik vasitəni götürmək imkanı olmamışdır. Sərhədçilər onu çayın içindəcə tutmuşlar, sonra qabağına 3-4 sumka qoyub şəklini çəkmişlər. Onun əlində Azərbaycan tərəfdə aşkar olunan bağlamanı o, İran tərəfdən gətirməmişdir. O, Azərbaycan Respublikası ərazisində sərhədçilər tərəfindən döyülməmişdir. O, zastavada olanda çantaları gətirib qoymuşlar qabağına oradan çantaları görmüşdür. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 14 dekabr 2023-cü ildə İran İslam Respublikası Aslandüz rayonu Nurməmmdəli kəndində yaşadığı evdə olarkən arvadının qardaşı olan Şəhrəm Xeyrəbadi adlı şəxs özünün dostu İsrafil Midayi ilə birlikdə yanına gəlib ona tanışları olan Mərifət və Yaşar adlı şəxslərlə birlikdə qaçaq yolla Azərbaycan Respublikasına göndərdikləri içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları geriyə gətirmək lazım olduğunu və bunun qarşılığında ona on milyon iran realı verəcəyini vəd etmişlər. İmkansızlıq səbəbindən Şəhrəm Xeyrəbadinin təklifi ilə razılaşmış, Şəhrəm Xeyrəbadi və İsrafil Midayi ilə birlikdə Araz çayının İran İslam Respublikası sahilinə getmişlər. Oradan o, çayı keçməklə qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə Şəhramın dediyi, içərisində narkotik vasitə olan bir ədəd bağlamanı özü ilə birlikdə İran İslam Respublikasına aparmaq üçün gəlmişdir. Çayı keçib Azərbaycan Respublikası tərəfdə Araz çayının sahilinə çıxan kimi sərhədçilər tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf etməklə içərisində narkotik vasitə olan bağlamanı özü ilə birlikdə geriyə, yəni İran İslam Respublikasına aparmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra ərazidə axtarış aparılan zaman saxlanıldığı yerin yaxınlığından bir ədəd bağlama aşkar edilmiş, fikirləşmişdir ki, həmin bağlama Şəhrəmin ondan İran İslam Respublikasına qaytarmasını istədiyi bağlamadır. Sonradan iştirakı ilə həmin bağlamaya baxış keçirilən zaman qeyd olunan bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. 14 dekabr 2023-cü ildə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməkdə məqsədi on milyon iran realı qarşılığında qayını Şəhrəmin Azərbaycan Respublikası əraizisindəki içərisində narkotik vasitə marixuana olmalı olan bir ədəd bağlamasını götürüb özü ilə birlikdə yenidən İran İslam Respublikasına aparmaq olmuşdur. Şəhrəm ona qeyd olunan bağlamada narkotik vasitə ot, yəni marixuana olmalı olduğunu, çəkisinin isə təxminən 16-17 kiloqram olmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, «N» saylı hərbi hissənin 18-ci sərhəd zastavasının qrup komandiri vəzifəsində işləyir. 14 dekabr 2023-cü il tarixdə 18-ci sərhəd zastavasının 15-ci sahəsi istiqamətindən dövlət sərhədindən qanunsuz yolla külli miqdarda narkotik vasitə keçiriləcəyinə dair məlumat daxil olduğundan həmin tarixdə saat 14:00-dan saat 20:00-dək sahədə “Pusqu” sərhəd naryadı təşkil olunmuşdur. 14 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Araz çayından insan hərəkətinin səsləri gəldiyini eşidib səs gələn istiqamətə diqqətlə baxdıqları zaman bir nəfər şəxsin əlində bir ədəd bağlama ilə Araz çayını keçib İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla gəldiyini müşahidə etmişlər. Həmin şəxsin bir qədər Azərbaycan Respublikası istiqamətində içəriyə doğru irəliləməsini gözləmişlər ki, “dayan!” komandası verdikləri zaman həmin şəxsin əks istiqamətdə qaçıb getməsinin qarşısını ala bilsinlər. Qeyd olunan şəxsin təxminən 5-6 metr içəriyə doğru hərəkətinə şərait yaratdıqdan sonra tərəfindən “dayan!” çağırış komandası verilmiş və həmin şəxsi əlində olan bağlamanı ataraq yerə uzanmışdır. Həmin şəxsi saxladıqdan sonra X2 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs və onun gətirdiyi bağlama zastavaya aparılmış və götürülmüşdür. Bu barədə sənədləşmə aparılmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, 14 dekabr 2023-cü il tarixdə 18-ci sərhəd zastavasının inzibati binasında İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz yolla keçərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdiyi yerdən aşkar edilmiş bir ədəd bağlamaya baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin bağlama açılaraq içərisinə baxış keçirilən zaman içərisindən 15 ədəd bükümlərdə otabənzər, kəskin qoxulu maddənin olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. O da hal şadidi kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 18-ci sərhəd zastavasının əsgəridir. 14 dekabr 2023cü il tarixdə saat 14:00-dan saat 20:00-dək zastavanın 15-ci sahəsində təşkil olunmuş pusqu naryadında iştirak etmişdir. Həmin gün saat 15 radələrində Araz çayından insan hərəkətlərinin səslərinin gəldiyini eşitmişlər. Həmin əraziyə baxdıqda bir nəfər şəxsin əlində bir ədəd bağlama olmaqla çayı keçdiyini görmüşlər. Həmin şəxs çayı keçdikdçn sonra «dayan» komandası vermişlər. Həmin şəxs əlindəki bağlamanı yerə ataraq uzanmışdır. X2 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Həmin şəxs və keçirdiyi torba zastavaya aparılmışdır. Zastavada torbaya baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanayaoxşar maddə aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer «N» saylı hərbi hissənin 18-ci sərhəd zastavasının 15-ci sahəsidir. Həmin istiqamətdə saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş bir ədəd bağlamaya baxış keçirilən zaman içərisində on beş ədəd bükümdə ümumi çəkisi 15600 qram təşkil edən qurudulmuş marixuanayabənzər maddə olması aşkar olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1697 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumilikdə on beş ədəd bağlamalarda olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 14850 qram təşkil edir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməklə özü ilə daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs özü ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə keçirməməsi, Azərbaycan Respublikası ərazisində olan narkotik vasitəni İran İslam Respublikasına keçirmək məqsədi ilə dövlət sərhədini qanunsuz yolla keçərək Azərbaycan Respublikasına gəlməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, hadisənin bilavasitə şahidlərinin ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Araz çayından qanunsuz yolla Azərbaycan Respublikasına keçərkən içərisində narkotik vasitə olan bağlama onun əlində olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyə etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxsə CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 14849,250 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkümlüğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 14849,250 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar