Məhkəmə qərarları › İş №1(099)-518/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-518/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-518/2025 10.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbə ərazi dairəsi, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı (bundan sonra İİR vətəndaşı) kimi təqdim edən şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İİR vətəndaşının sifarişi ilə göndərilən maddələrin satışının həyata keçirilməsi üçün sonuncunun göndərdiyi külli miqdarda, 8790 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlayaraq yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb, orada narkotik vasitənin külli miqdarda 5820 qram çəkidə olan hissəsini gizlədərək saxlamış, qalan külli miqdarda 2970 qram çəkidə olan hissəsini isə üzərində saxlamaqla İmişli rayonu, Ağaməmmədli kəndi ərazisi, Kürdəmir-İmişli magistral yolunun 79-cu kilometrliyinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 iyul 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22.40-da İmişli rayonu, Ağaməmmədli kəndi ərazisi, Kürdəmir-İmişli magistral yolunun 79-cu kilometrliyində piyada hərəkətdə olarkən saxlanılaraq həmin gün saat 22.45-dən etibarən videoçəkilişdən istifadə edilməklə üstünə baxış keçirilən zaman saxladığı bir ədəd torbada altı ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram, 1020,0 qram, 955,0 qram, 1020,0 qram, 875,0 qram və 940,0 qram olmaqla ümumilikdə külli miqdarda 5820 qram çəkidə tərkiblərinə görə eyni olan və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 12 iyul 2025-ci il tarixdə saat 01.00-da Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbə ərazi dairəsi, Bəhrəmtəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində yerləşən tövlədən çıxarıb təqdim etdiyi bir ədəd kisədə üç ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 985,0 qram, 915,0 qram və 1070,0 qram olmaqla ümumilikdə külli miqdarda 2970 qram çəkidə həm öz aralarında və həmçinin, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə ilə tərkibinə görə eynilik təşkil edən və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü, 11 iyul 2025-ci il tarixdə balıq tutmağa getmiş, yolda polis əməkdaşları onu tutmuşlar, polis əməkdaşları ona 5 kq marixuana göstərərək ona məxsus olmasını demişdirlər, sonra evinə baxış keçirilmişdir, polis əməkdaşları evinə də 3 kq narkotik vasitə qoymuşdurlar. Evinə baxış keçirilməzdən əvvəl, polis əməkdaşları evinə girib narkotiki yerləşdirib küçəyə çıxmışlar, bundan sonra isə çəkilişlə evə daxil olmuşlar. Uzun müddət Rusiyada yaşamışdır, 1 ildir ki Azərbaycanda yaşayırdı. Üzərində və evində aşkar olunmuş marixuana ona məxsus olmamışdır, həmin maddələri polis əməkdaşları qoymuşlar. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə günü saat axşam 21-22 radələrində balıq tutmağa getmək üçün evdən çıxdığını, orada başqa balıq tutanların da olduğunu, nə səbəbə polislərin onu tutmasını bilmədiyini, aşkar olunmuş narkotik vasitələrinin ona məxsus olmadığını, əvvələr narkotik vasitələrindən istifadə etmədiyini, əvvələr heç bir polis əməkdaşı ilə ədavətinin olmadığını, heç bir İİR vətəndaşı ilə danışmadığını, tutulan vaxtı üzərində mobil telefonun olduğunu, polis əməkdaşları avtombilə baxış keçirdiklərini, avtomobildən heç bir şey aşkar olunmadığını, polis əməkdaşları yoldan kənarda ağacların arasında bağlamada narkotik vasitə göstərdiklərini, ona məxsus olmasını bildirdiklərini, orada axtarış apardıqdan sonra təxminən 1 saat sonra onu evinə apardıqlarını, evində və həyətində axtarış apardıqlarını, həyətdəki tövlədən bağlamanı aşkar etdiklərini, baxış keçirilən zaman arvadının evdə olduğunu, evinə baxış keçirilərkən çəkiliş aparıldığını, orada ona «boynuna al, yoxsa arvadını və qızını da aparacağıq» sözlərini dedikləri, həmçinin polis əməkdaşları tərəfindən döyüldüyü üçün məcbur qalıb narkotik vasitələrinin ona məxsus olmasını dediyini, tutulan zaman üzərində 650 manat pul olduğunu, 30 ildən artıqdır ki, Rusiyada yaşadığını, əsas qazancının Rusiyadan olduğunu, Azərbaycanda işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, hadisədən bir ay əvvəl “WhatsApp” vasitəsilə İİR vətəndaşı zəng etmiş və özünü Şəhruz adı ilə təqdim etmişdir. İİR vətəndaşı narkotik satışında köməklik etməsi və yaxşı gəlir əldə edəcəyini demişdir. İİR vətəndaşı tanışlarının vasitəsilə İrandan Azərbaycana göndərdiyi narkotik vasitələri göstərilən yerdən götürüb deyilən ünvana çatdıracağı halda ona 2.000 manat verəcəyini vəd etmiş, o, təklif əlverişli olduğundan razılaşmışdır. İİR vətəndaşı təxminən 8–9 kq nəşə (qurudulmuş marixuana) göndərəcəyini demişdir. 10 iyul 2025-ci il tarixdə İİR vətəndaşı zəng edərək Füzuli rayonu ərazisində külli miqdarda narkotik vasitə olduğunu, həmin yeri izah edərək götürməsini tapşırmışdır. O da həmin yerə gedərək narkotik vasitəni götürmüş və evindəki tövlədə gizlətmişdir. Orada doqquz bağlama nəşə olmuşdur. Bundan sonra, 11 iyul 2025-ci il tarixdə İİR vətəndaşının göstərişi ilə həmin doqquz bağlamadan altısını götürüb torbaya qoyaraq İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən Kürdəmir–İmişli magistral yolunun 79-cu kilometrliyinə gətirmiş və saat 22:40 radələrində avtomobilin yaxınlığında əlində həmin torba ilə polis əməkdaşları onu saxlamışlar. Onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməsini tələb etmişlər. Bundan sonra o, əlində saxladığı torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən altı ədəd bağlamada qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin kütlələr qablaşdırılmışdır. Daha sonra onun İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşadığı evə getmişlər. Orada həyətin tövləsindən bir kisədə üç bağlama qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “heç bir İİR vətəndaşı ilə danışmaması, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində və evində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən üzərinə və evinə narkotik vasitə qoyulması, polislərin ona «boynuna al, yoxsa arvadını və qızını da aparacağıq» sözlərini deməsi, həmçinin polis əməkdaşları tərəfindən döyüldüyü üçün məcbur qalıb narkotik vasitələrinin ona məxsus olmasını bildirməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. İbtidai istintaq zamanı verdiyi ifadələr isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri sübut növü kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əridir. 12 iyul 2025-ci il tarixdə, qaranlıq vaxtı evdə qızı ilə birlikdə olduğu zaman qəfil polis əməkdaşları Kamillə birlikdə həyətlərinə gəlmişdirlər. Polis əməkdaşları həyətdə axtarış aparıb həyətdəki tövlədən bağlamalar aşkar etmişdirlər. Polis əməkdaşları həmin bağlamalarda narkotik maddə olduğunu demişlər. O heç bir narkotik vasitə görməmişdir, tövlədə narkotik vasitə olmasından xəbəri olmamışdır. Həmin maddələrin tövləyə kim tərəfindən qoyulmasından xəbəri olmamışdır. Əri narkotik vasitə ilə məşğul olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 Sahib oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib İmişli rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, avtomobillə daşıması, həmçinin yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsi barədə məlumat daxil olmuşdur. 11 iyul 2025-ci il tarixdə, saat 22:40-da İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən Kürdəmir–İmişli magistral yolunun 79-cu kilometrliyində, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı avtomobilin yaxınlığında, əlində saxladığı bir ədəd torba ilə piyada hərəkətdə olan zaman saxlanılmışdır. Üzərinə baxış keçirilərkən Kamil əlində saxladığı bir ədəd torbanı təqdim etmişdir. Həmin torbaya baxış zamanı altı ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, suallara cavab olaraq Kamil bildirmişdir ki, aşkar olunan kütlələr qurudulmuş marixuanadır, həmin kütlələri “Şəhruz” adlı İİR vətəndaşı ilə razılaşmasına əsasən bir gün əvvəl Füzuli rayonu ərazisində gizlədilmiş yerdən digər ünvana çatdırmaq məqsədi ilə əldə etmişdir, bunun müqabilində 2.000 manat almalı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindəki evinə baxış keçirilmiş, baxış zamanı həyətdəki tövlədən bir kisədə üç bağlama qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 iyul 2025-ci il tarixli 7/951 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı və imzalar olan şəffaf polietilen bağlamadakı 06(altı) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1010qram; 1020qram; 955qram; 1020qram; 875qram; 940qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadı. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 03(üç) ədəd bağlamalarda* ayrı-ayrılıqda təmiz çəkiləri: 985qram; 915qram; 1070qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonrakı qalıq qurudulmuş marixuana narkotik vasitəsi 8 kq 789,1 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edır. İş materiallarında olan 22 sentyabr 2025-ci il tarixli 5921 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 12 iyul 2025-ci il tarixli «əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsinə dair» protokol və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə, saat 22:40-da İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən Kürdəmir–İmişli magistral yolunun 79-cu kilometrliyində əlində saxladığı bir ədəd torba ilə piyada hərəkətdə olan zaman saxlanılmışdır. Ona üzərində narkotik vasitələr varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd torbanı təqdim etmişdir. Həmin torbaya baxış zamanı altı ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. O, həmin kütlələri “Şəhruz” adlı İİR vətəndaşının vasitəsilə bir gün əvvəl Füzuli rayonu ərazisində gizlədilmiş yerdən digər ünvana çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 2.000 manat almalı olduğunu bildirmişdir. İş materiallarında olan 12 iyul 2025-ci il tarixli «əməliyyat axtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsi haqqında» protokol və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən evinə baxış keçirilmiş. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evdə narkotik vasitələrin olduğu halda təqdim etməsi təklif olunur, o da evin həyətindəki tövlədən 1 ədəd kisədə 3 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. İş materiallarında olan 12 iyul 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci tarixdə saat 22:40 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 11 iyul 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2025-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 11 iyul 2025-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuna uyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli Respublika Psixatriya Xəstəxanası X8 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan 28 iyul 2025-ci il tarixli Respublika Narkoloji Mərkəzi X8 məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan İmişli rayon Bəhrəmtəpə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2006-cı il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmış qızından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 12 iyul 2025-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 8 kq 789,1 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 24 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, baxış keçirilməsinə dair videogörüntülərin yazıldığı 3 ədəd DVD disk maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 24 sentyabr 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsindən cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-nin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 1 yetkinlik yaşına çatmış uşağının olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 8 kq 789,1 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, axtarış və baxış keçirilməsinin videogörüntülərinin yazıldığı 3 ədəd DVD disk, cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 11 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2025-ci il tarixdən hesablansın. İş üzrə 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 8 kq 789,1 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş materiallarına əlavə olunmuş şəxsi axtarış və baxış keçirilməsinin videogörüntülərinin yazıldığı 3 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar