Məhkəmə qərarları › İş №1(099)-52/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-52/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-52/2025 15.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1960-cı il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, daimi iş yeri olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbə ə/d, Digah qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 206.3.2-ci maddəsi ilə xx.xx.1986-cı il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, zərgərlik fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Digah qəsəbə ə/d, Digah qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci madddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərinə gedərək orada müxtəlif şəxslərdən xeyli miqdarda, 79142,50 (yetmiş doqquz min yüz qırx iki manat əlli qəpik) manat dəyərində 575,989 karat ölçüdə, 130 qram çəkidə brilyant qaşlar alaraq həmin brilyantları İran İslam Respublikasında malların qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən məlumatı olmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə saxlaması üçün təhvil verərək xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra brilyant qaşları atası Təqsirləndirilən şəxs1 İran İslam Respublikası ərazisində təhvil verməsi üçün qeyd edilən tanışını atası ilə əlaqələndirməklə malların dövlət sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirilməsini təşkil etmiş, eyni zamanda bu cinayətin törədilməsinə rəhbərlik etmiş, digər Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı-Naxçıvan aviareysi ilə Naxçıvan Muxtar Respublikasına getmiş, xx.xx.2024-cü il tarixdə isə Naxçıvan-Bakı avtobus marşrutu ilə sərnişin qismində Bakı şəhərinə gəlmək üçün İran İslam Respublikasına daxil olmuş, orada şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxsdən oğlu Təqsirləndirilən şəxs2 saxlaması üçün verdiyi 575,989 karat brilyant qaşları təhvil alaraq Bakı şəhərində Təqsirləndirilən şəxs2 çatdırmaq üçün çantasındakı gödəkcənin ciblərinə yerləşdirərək saxlamış, daşımış, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı qeyd olunan brilyant qaşlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, oğlu Təqsirləndirilən şəxs2 xahişi ilə xx.xx.2024-cü il tarixdə hava nəqliyyatı vasitəsilə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmiş, orada bir gün qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə Naxçıvan–Bakı avtobusu ilə İİR-ə qayıtmışdır. İİR-nın Culfa şəhərində gömrük məntəqəsinin qarşısında olarkən oğlu Teymura məlumat vermişdir. Daha sonra oğlu Teymurun tanışı Məsud adlı şəxs orada onu tapmış və içərisində briliant qaşlar olan iki ədəd bağlamanı ona vermişdir. Həmin qaşları bir gödəkcənin ciblərinə qoymuş və oğlu Teymurun ona verdiyi 10.000 ABŞ dollarını Məsud adlı şəxsə vermişdir. Daha sonra İrandan müxtəlif siqaret, ərzaq və qeyri-qida məhsulları alıb yenidən avtobusa minərək Biləsuvar şəhərinə doğru yola düşmüşdür. 10 mart 2024-cü il tarixdə səhər saatlarında Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzi vasitəsilə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, gömrük işçisi ondan çantasında və üzərində bəyan edilməli əşya olub-olmadığını soruşmuş, o da bəyan edilməli hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra, gömrük işçisi ondan əl çantasınıı monitora qoymağını xahiş etmiş, monitorda baxış keçirdikdən sonra gömrük işçisi onu yanına çağırmış və hal şahidlərinin iştirakı ilə çantanı açıb yoxlamağa başlamışdır. Yoxlama zamanı çantasında olan gödəkcənin sağ və sol yan ciblərindən gömrük orqanına bəyan etmədiyi qaşlar aşkar edilmişdir. Həmin qaşlar qablaşdırmaları ilə birlikdə tərəzidə çəkilmiş, iki ədəd bükümün ümumi təqribi çəkisinin 130 qram olduğu müəyyən edilmişdir. Daha sonra gömrük işçiləri həmin qaşları protokol tərtib edərək götürmüşlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onlar oğlu Teymurla briliant qaşları gömrük nəzarətindən kənar keçirmək barədə əvvəlcədən danışıb razılığa gəlmişlər, Bakıdan Naxçıvana doğru yola düşəndə ona nə gətirəcəyi deyilmişdi, lakin, ona briliant qaşlar gətirəcəyi deyilməmişdi, onlardan anlayışı yoxdur, fərqləndirə bilmir, ona İranda onu Teymurun əvvəlcədən danışdığı həmin adamın özünün tapacağı deyilmişdir, o, İran bazarı deyilən yerdə gəzərkən bir nəfər ona yaxınlaşıb Həsrət adlı şəxsin o olub-olmamasını soruşmuş, o da Həsrət olduğunu bildirmişdir. O, Naxçıvanda olanda həmin adamla danışmış və səhərisi gün İranda olacağını bildirmişdir, briliant qaşları idman gödəkçəsinin ciblərinə qoymuşdur, o, içəri daxil olan kimi onu ilk olaraq ayaqqabılarından başlayaraq yoxlamışlar, daha sonra çantasını monitora yerləşdirmişlər və hər şey üzə çıxmışdır, o, həmin qaşları Bakı şəhərinə gəldikdən sonra oğlu Təqsirləndirilən şəxs2 verəcəkmiş. Oğlu Teymur zərgərliklə məşğul olduğu üçün qaşlar ona lazım olmuşdur, bu hadisəyə qədər əvvəllər belə oxşar hallar olmamışdır, ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı ona hansısa qaydada təsir olmamışdır, briliant qaşların qiymətinin təhrif olunub-olunmamasından məlumatı yoxdur, gömrükdə qaşları kimin üçün apardığını soruşmamışlar, əməlindən peşmandır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, İran İslam Respublikasından gətirdikləri həmin qaşların ümumilikdə qiyməti 31500 dollar təşkil etmişdir, həmin pulun 10.000 dollarını əvvəlcədən özü vermişdir, 10.000 dollarını atası Təqsirləndirilən şəxs1 vasitəsilə göndərmiş və 11.500 dollar da borclu qalmışdır. Lakin, həmin qaşların ümumi qiyməti ekspert rəyində 80000 manata yaxın bir məbləğ olaraq qiymətləndirilmişdir. Həmin qaşları İranda üç müxtəlif adamdan—Məsud, Mehdi və Eşqin adlı adamlardan almışdır. Həmin qaşların alınmasında özü bilavasitə iştirak etmişdir. Sonradan atası Təqsirləndirilən şəxs1 İrana ərzaq məhsulları gətirməyə getdiyi üçün bu dəfəki qaşların gətirilməsini ona tapşırmışdır. Hansı tarixdə olduğunu isə unutmuşdur. O, müxtəlif tarixlərdə İstanbula və Təbrizə gedib-gəlmişdir. İbtidai istintaqda verdiyi ifadələrin hamısını özü yazmışdır və təsdiq edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, atası Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından nə gətirəcəyini bilmişdir, ibtidai istintaq zamanı ona heç bir təsir edilməmişdir, mülki iddianı qəbul edir və ödəməyə hazırdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, 10 mart 2024-cü il tarixdə Biləsuvar gömrük idarəsi rəsmiləşdirmə mərkəzi birinci bölmədə sərnişin xəttində xidmət apararkən şəxsiyyəti ona sonradan məlum olan vətəndaş gömrük nəzarət şöbəsinə daxil olmuş, öz yüklərini bəyan etdikdən sonra rentgen qurğusuna əl yüklərini qoyub keçdikdən sonra rentgen qurğusunda şübhəli cizgilər aşkar olunmuşdur. Vətəndaşı sorğu-sual edib gömrük nəzarətindən gizlətdiyi hər hansı predmetin olub olmadığını soruşduqda o, heç bir predmetin olmadığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə çantasına baxış keçirilmiş və çantanın içində olan gödəkçənin sağ və sol cibində şəfaf sellofana bükülmüş brillianta bənzər maddələr aşkar olunmuşdur. Həmin maddələr tərəfindən protokollaşdırılıb götürülərək, araşdırılması üçün təhqiqata göndərilmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, xidmətdə olarkən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 görmüşdür, Təqsirləndirilən şəxs1 hansı məqsədlə brilliyant qaşları keçirdiyini soruşmamışdır, Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən keçirmək istədiyi brilliyant qaşlar mütləq şəkildə bəyan olunmalı mallardır və gömrük rüsumu ödənilməlidir, rüsumun məbləğini dəqiq bilmir, vətəndaş gömrük nəzarət zonasına daxil olanda mallarını özü bəyan edir, gömrük keçid məntəqələrində təlimatlandırma vardır, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya olub-olmadığını soruşduqda, üzərində bəyan edilməli əşya olmadığını bildirmişdir, briliant qaşlar Təqsirləndirilən şəxs1 gödəkçəsinin sağ və sol cibindən aşkar olunmuşdur, brilliyant qaşlar Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına keçirilsə idi, bəyan edilməli deyildi, çünki, bu ölkə daxili daşınmadır, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirmişdir ki, 10 mart 2024-cü il tarixdə hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs1 adında vətəndaşın çantasına baxış keçirmək üçün Biləsuvar gömrük idarəsinin əməkdaşları tərəfindən çağırılmışdır. Vətəndaşın çantasının içində paltarının əl ciblərindən brilliyanta oxşar qaşlar aşkarlanmış, idarədə protokol yazılmış və brilliyant qaşlar tərəzidə çəkilmişdir. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs1 sorğu zamanı brilliyant qaşları İrana apardığını, kiməsə verəcəyini demişdir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə ARCM-in 206.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 1) - İşdə olan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 206.3.2-ci maddəsiylə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. (i.v.102-103, 125-126) - İşdə olan xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 123, 146) - İşdə olan 10 mart 2024-cü il tarixli malların yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq-vəzifələri və məsuliyyəti izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Barəsində müvafiq hərəkət aparılan şəxs Təqsirləndirilən şəxs1 gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 əl yüklərinə daxil olan boz rəngli üzərində "Ava” yazısı olan idman çantasının içərisində olan tünd boz rəngli üzərində “Nike” yazısı olan gödəkçənin sağ və sol ciblərindən gömrük nəzarətinə bəyan olunmayan iki ədəd şəffaf sellofana qablaşdırılmış büküm aşkar edilmişdir. Sonra aşkar edilmiş bükümlərə baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Baxış zamanı gödəkçənin sağ cibindən aşkar olunan bükümün içərisində gömrük nəzarətinə bəyan olunmayan xırda ölçülü, şəffaf rəngli qablaşdırmaları ilə birlikdə təqribi çəkisi 66 qram olan qiymətli daş hesab edilən brilyanta oxşar qaşlar olduğu, gödəkçənin sol cibindən aşkar olunan bükümün içərisində gömrük nəzarətinə bəyan olunmayan xırda ölçülü, şəffaf rəngli qablaşdırmaları ilə birlikdə təqribi çəkisi 64 qram olan qiymətli daş hesab edilən brilyanta oxşar qaşlar olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 əl yüklərinə daxil olan boz rəngli üzərində “Ava” yazısı olan idman çantasının içərisində olan tünd boz rəngli üzərində “Nike” yazısı olan gödəkçənin sağ cibindən aşkar edilən xırda ölçülü, şəffaf rəngli qablaşdırmaları ilə birlikdə təqribi çəkisi 66 qram olan qiymətli daş hesab edilən brillianta oxşar qaşlar, gödəkçənin sol cibindən aşkar edilən xırda ölçülü, şəffaf rəngli qablaşdırmaları ilə birlikdə çəksi 64 qram olan qiymətli daş hesab edilən brillianta oxşar qaşlar protokol əsasında götürülərək 2 ədəd xüsusi qablaşdırma vasitəsi olan paketdə ayrı-ayrılıqda qablaşdırılmışdır. (i.v. 12-13) - Baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 10:55-də “Scania” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda Culfa DSMB-dən keçməklə İran İslam Respublikasına daxil olub həmin gün saat 19:13-də Biləsuvar DSMB-dən keçməklə ölkə ərazisinə daxil olması, xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul Aviareysi ilə ölkə ərazisini tərk edib xx.xx.2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə geri qayıtması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Bakı-İstanbul Aviareysi ilə ölkə ərazisini tərk edib xx.xx.2024-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə geri qayıtması müəyyən edilmişdir. Sərhədkeçmə məlumatlarının təhlil edilməsi nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 19:38-də “Mercedes” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda Culfa DSMB-dən keçməklə İran İslam Respublikasına daxil olub xx.xx.2024-cü il tarixdə saat 04:53-də Biləsuvar DSMB-dən keçməklə ölkə ərazisinə daxil olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 20:05-də “Scania” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda Culfa DSMB-dən keçməklə İran İslam Respublikasına daxil olub xx.xx.2024-cü il tarixdə saat 11:20-də Biləsuvar DSMB-dən keçməklə ölkə ərazisinə daxil olması müəyyən edilmişdir. (i.v. 67-70, 79-83) - İşdə olan 19 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əl yükündən aşkar olunmuş 575,989 karat brilyant qaşlar saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə və mühasibat uçotu şöbəsinə təhvil verilmişdir. 29 mart 2024-cü il tarixli aktdan görünür ki, cinayətin törədilməsində alət kimi istifadə edilmiş 1 ədəd gödəkcə saxlanılması üçün “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. (i.v. 85,97) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1438-9/1962 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, sərbəst rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aid olub – brilyantdır. Onlardan: Paket №1-də olan qaşların ölçüləri 0,001-0,004 karat intervalındadır. Ümumi kütləsi 103,050 karat (20.61 qram) təşkil edir. Ümumilikdə 4/5 keyfiyyətlidir. Paket №2-də olan qaşların ölçüləri 0,001-0.009 karat intervalındadır. Ümumi kütləsi 22,400 karat (4.48 qram) təşkil edir. Ümumilikdə 4/5 keyfiyyətlidir, paket №3-də olan qaşların ölçüləri 0,006-0.089 karat intervalındadır, ümumi kütləsi 37, 800 karat (7.56 qram) təşkil edir, ümumilikdə 4/5 keyfiyyətlidir, paket №4-də olan qaşların ölçüləri 0,002-0,045 karat və 0,046-0,170 karat intervalındadır. 0,002-0,045 karat intervalında olan qaşların ümumi kütləsi 124, 300 karat (24,86 qram), 0,046- 0,170 karat intervalında olan qaşlaırn ümumi kütləsi 2,650 karat ( 0,53 qram) təşkil edir, ümumilikdə 4/5 keyfiyyətlidir, paket №5-də olan qaşların ölçüləri 0,001-0,058 karat intervalında olanların ümumi kütləsi 285, 250 karat (57,05 qram), 3 ədəd rəngsiz şəffaf qaşlar ayrı-ayrılıqda 0, 148 karat, 0,178 karat, 0, 213 karat təşkil edir, ümumi kütləsi (ölçüsü) 285, 789 karat təşkil edir, ümumilikdə 5/6 keyfiyyətlidir.Tədqiqata təqdim edilmiş brilyant qaşların ümumilikdə kütləsi (ölçüsü) 575,989 karat təşkil edir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən qaşların növü, ölçüsü, keyfiyyəti, rəng qrupu və digər göstəriciləri nəzərə alınmaqla təqdim edilmiş brilyant qaşların ümumilikdə 10 mart 2024-cü il tarixə orta bazar qiyməti təxminən 79142,50 manat müəyyən edilir (i.v. 61-64) - Biləsuvar Gömrük İdarəsindən daxil olmuş 3-33/1-016561/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, orta bazar qiyməti ümumilikdə 79142,50 manat təşkil edən 575,989 karat brilyant qaşların gömrük dəyəri 55.891,95 manat, ödənilməli olan gömrük ödənişlərinin məbləği isə əməliyyat haqqı 400 manat, X3 isə 10.060,49 manat təşkil edir. Bununla da qeyd olunan brilyant qaşların gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün ödənilməli olan gömrük ödənişlərinin cəmi 10460,49 manat təşkil etməsi müəyyən edilmişdir. (i.v.163) - İş materiallarında olan 13 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Nümayəndə isə mülki iddiaçının nümayəndəsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə mülki cavabdeh kimi tanınmışlar. (i.v. 171-181) - 21 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş xeyli miqdarda, 79142,50 manat dəyərində 575,989 karat brilyant qaşlar və cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd üzərində “Nike” yazısı olan gödəkcə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 205-216) - Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan, həmçinin, mülki iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron məhkəmə vasitəsilə göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 10.461 manat maddi ziyan tam həcmdə ödənildiyindən, mülki iddiaçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiadan imtina edir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət, tələb və iddia yoxdur, cəza təyin edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, 10472 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən AR DGK-nın hesabına ödənilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi biri digəri ilə uzlaşdığından təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, malların yoxlanılması haqqında protokolu, baxış keçirilməsi haqqında protokolu, məhkəmə-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəylərini və digər sənədləri təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın qiymətləndirilməsində mötəbər sübutlar kimi qəbul edir. Əmələ hüquqi qiymət verilməsi: Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 206.3.2-ci maddəsiylə elan edilmiş ittiham öz təsdiqini tapmamaqla, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.1-ci, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.3,206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, təqsirəndirilən şəxslər onunla ittiham olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm bir-birləri ilə, həm də şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək 79142,50 manat dəyərində 575,989 karat ölçüdə, 130 qram çəkidə brilyant qaşları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirmək barədə razılaşmış, Təqsirləndirilən şəxs1 sözügedən brilyant qaşları dövlət sərhədindən gizli olaraq keçirmişdir. Məhkəmə istintaqında tədqiq olunmuş sübutları cinayət işi üzrə müəyyən olunmuş həm faktiki, həm də hüquqi əsaslarla birlikdə dəyərləndirdikdə aşağıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs halında forması mövcud deyildir.

1. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cinayət işində olan 21 may 2024-cü il tarixli qərardan görünür ki, qeyd olunan malların Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində cinayət işi ayrılmış, lakin, hazırki cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər həmin şəxslərin şəxsiyyətinin müəyyən olunması, o cümlədən təqsirləndirilən şəxslərə istinad olunmuş cinayət əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında iştiraklarını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə hökmünün surəti iş materiallarına əlavə edilməmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərin digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi o zaman sübuta yetirilmiş olardı ki, həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la malların qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi barədə qabaqcadan razılaşmasını təsdiq edən mötəbər sübutlar cinayət işində mövcud olmuş olsun. Lakin, iş materiallarında nə təqsirləndirilən şəxslərin ifadələri, nə də ittiham orqanının əldə etdiyi digər sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı şəxslə qabaqcadan razılaşıb plan quraraq malların gömrük nəzarətindən keçirilməsi barədə əlbir olması, o cümlədən bu cinayətin törədilməsində birbaşa icraçı olduğunu təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmçinin, müdafiə hüquqlarının təmininə riayət edilmədən üçüncü şəxslərin əməlinə onun barəsində irəli sürülməyən ittihama baxılarkən qiymət verilərək ittihamın təsdiq edilməsi və gələcəkdə həmin digər şəxslərə qarşı ittihama baxılarkən təqsirlərinin sübuta yetirilmədiyi halda hazırki hökmün qanuniliyi şübhə altına alınmış olardı. Odur ki, yalnız ehtimala əsaslanmaqla, nəinki təqsiri, hətta şəxsiyyəti belə istintaqa və məhkəməyə məlum olmayan şəxslərin təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair ittihamı məhkəmə təqsirsizlik prezumpsiyasına əsasən əsassız hesab edir. AR CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. AR CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

2. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs halında forması ilə cinayətkar əlaqəsi barədə ittiham dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında cinayətin predmeti olan brilyant qaşları əldə edib saxlaması üçün məhkəməyə məlum olmayan şəxsə təhvil verib Azərbaycan Respublikasına qayıtması, atası Təqsirləndirilən şəxs1la həmin şəxsi əlaqələndirərək, atası Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən kənar həmin brilyant qaşları keçirməsini təşkil etməsi, Təqsirləndirilən şəxs1 həmin brilyant qaşları gömrük nəzarətindən keçirib yaxalanması təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, iş materialları ilə sübuta yetirilir. AR CPM-in 126.6-cı maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Göründüyü kimi, təqsirləndirilən şəxslərin etirafedici ifadələri iş materialları ilə sübuta yetirilir. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar əlaqəsinin hüquqi qiymətləndirilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya buna rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 06 may 2022-ci il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni, cinayət qabaqcadan əlbir olan iki və ya daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir.” Bundan əlavə, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 02 iyun 2016-cı il tarixli Plenum Qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, “ Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir.” İş materiallarından göründüyü kimi, cinayətin predmeti olan mallar məhz Təqsirləndirilən şəxs1 tərəfindən bilavasitə gömrük sərhədindən gizli olaraq keçirilmiş, Təqsirləndirilən şəxs2 isə cinayətin predmeti olan brilyant qaşları İran İslam Respublikasında əldə edib heç bir cinayət törətmədən dövlət sərhədini keçdikdən sonra həmin malların Təqsirləndirilən şəxs1 İran İslam Respublikası ərazisində verilməsini, həmin malların qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirilməsini təşkil etmiş və bu cinayətin törədilməsinə rəhbərlik etmişdir. İşin qeyd olunan faktiki hallarının təhlilindən göründüyü kimi, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətmələrinə dair irəli sürülmüş ittiham iş materialları ilə təkzib olunur, əksinə, Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin icraçısı, Təqsirləndirilən şəxs2 isə həmin cinayətin təşkilatçısı olması işdə olan və məhkəmə istintaqında tədqiq olunan sübutlarla sübuta yetirilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 130 qram çəkidə, 575,989 karat ölçüdə, 79142,50 manat dəyərdə brilyant qaşları Azərbaycan Respublikasının dövlət sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirməklə qaçaqmalçılıq cinayətini törətməsi, Təqsirləndirilən şəxs2 isə bu cinayətin törədilməsini təşkil etməsi və ona rəhbərik etməsi sübuta yetirilmişdir. Yuxarıda göstərilənlər məhkəmə tərkibinə belə qərar qəbul etməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 ARCM-in 206.1-ci, Təqsirləndirilən şəxs2 ARCM-in 32.3,206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı cinayət iş materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - İşdə olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları olmamışdır. (i.v. 95-96, 161-162) - İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İƏD üzrə Nümayəndəli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Həsənov X1 rayonu, Digah qəsəbəsi, Ə.Xəqani küçəsində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İƏD üzrə Nümayəndəli tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X1 rayonu, Digah qəsəbəsi, Ə.Xəqani küçəsində qeydiyyatda olmaqla yaşayır, himayəsində 3 azyaşlı övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v. 192-195) - İşdə olan ödəniş qəbzlərindən və AR DGK-dan daxil olmuş müraciətərdən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən maddi ziyan tam həcmdə ödənilmiş, cəza təyini məsələsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, əməlindən səmimi peşman olmasını, yaşını, ilk dəfə cinayət törətməsini və ailəni yeganə dolandıran şəxs olmasını müvafiq olaraq Cinayət Məcəlləsinin 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı övladının olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını müvafiq olaraq Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarların şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəliliyinin maddi ziyanla bağlı olmasını və vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirkarların ilk dəfə cinayət törətməsini və əməllərinə səmimi tənqidi münasibət bildirməsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcə də cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, qeyd edilən səbəbdən təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlıqdan məhrumetməyə nisbətdə daha yüngül cəza növü tətbiq edilməlidir. Bununla belə, törədilmiş cinayətin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olsa da, əməl nəticəsində malların dövlətin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydaları və şərtləri pozulduğundan, bununla da dövlətin, hüquqi və fiziki şəxslərin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulduğundan məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə cərimə və azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail oluması mümkündür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Teymur oğlunun və Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Abşeron rayonu Digah qəsəbəsi Ə.Xəqani küçəsini gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək və belə tədbirləri təşkil etməmək vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 Teymur oğlunun və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. ARCPM-in 187.2-ci maddəsinə əsasən məhkəmə cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı öz hökmündə göstərir. Məhkəmə mülki iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən irəli sürülmüş mülki iddia qəbul edilmiş, məhkəmə baxışının gedişində mülki iddianın predmeti olan 10460,49 manat məbləğində maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən könüllü olaraq ödənildiyindən mülki iddiaçı mülki iddiadan imtina etmişdir. ARCPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsini qəbulu cinayət mühkimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə işin faktiki hallarını, mülki iddiaçının iddiadan imtina etməsinin üçüncü şəxslərin hüquqlarını pozmadığını nəzərə alaraq hesab edir ki, mülki iddiaçının iddiadan imtinası qəbul edilərək mülki iddia üzrə icraata xitam verilməli və mülki iddiaçıya cinayət mühakimə icraatında təkrar iddia vermək hüququnun aradan qalxdığı izah edilməlidir. AR CPM-in 198.3-cü maddəsinə əsasən ekspertiza tədqiqatı xərci kimi 300 (üç yüz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 Teymur oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 150 manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Məhkəmə maddi sübutlara dair məsələyə münasibətdə qeyd edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə və mühasibat uçotu şöbəsində saxlanılan xeyli miqdarda, 79142,50 manat dəyərində 575,989 karat ölçüdə və 130 qram çəkidə brilyant qaşlar hökm qanuni qüvvəyə mindikdən sonra faktiki sahibi Təqsirləndirilən şəxs2 və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd üzərində “Nike” yazısı olan gödəkcə Təqsirləndirilən şəxs1 Teymur oğluna qaytarılmalıdır. Məhkəmə tərkibi, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 06 may 2022-ci il tarixli Qərarı və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 02 iyun 2016-cı il tarixli Plenum Qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Teymur oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona cinayətin predmeti olan 79142,50 manat (yetmiş doqquz min yüz qırx iki manat əlli qəpik) dəyərində 575,989 karat ölçüdə, 130 qram çəkidə brilyant qaşların qırx faizi miqdarında, yəni, 31657 (otuz bir min altı yüz əlli yeddi) manat cərimə edilməklə 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Teymur oğlunun üzərinə yaşadığı Abşeron rayonu Digah qəsəbəsi Ə.Xəqani küçəsini gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək və belə tədbirləri təşkil etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 Teymur oğlunun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Teymur oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona cinayətin predmeti olan 79142,50 manat (yetmiş doqquz min yüz qırx iki manat əlli qəpik) dəyərində 575,989 karat ölçüdə, 130 qram çəkidə brilyant qaşların qırx faizi miqdarında, yəni, 31657 (otuz bir min altı yüz əlli yeddi) manat cərimə edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Abşeron rayonu Digah qəsəbəsi Ə.Xəqani küçəsini gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək və belə tədbirləri təşkil etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 Teymur oğlunun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Teymur oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçının mülki iddiadan imtinası qəbul edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə və mühasibat uçotu şöbəsində saxlanılan xeyli miqdarda, 79142,50 manat dəyərində 575,989 karat ölçüdə və 130 qram çəkidə brilyant qaşlar hökm qanuni qüvvəyə mindikdən sonra faktiki sahibi Təqsirləndirilən şəxs2 və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd üzərində “Nike” yazısı olan gödəkcə Təqsirləndirilən şəxs1 Teymur oğluna qaytarılsın. Ekspertiza tədqiqatı xərci kimi 300 (üç yüz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 Teymur oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 150 manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar