Məhkəmə qərarları › İş №1(099)-520/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-520/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-520/2024 23.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X6 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) CM-nin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitə heroin və psicotrop maddə metamfetamin, habelə külli miqdarda qurudulmuş marixuananı qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair İran İslam Respublikası vətəndaşı olması guman edilən “Behzat” adı ilə tanıdığı şəxs və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Masallı şəhəri Anar Novruzov küçəsində yerləşən istifadəsiz tikilinin həyətində gizlədərək bu barədə “WhatsApp” mobil tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra o, cinayətdən xəbərsiz olan Şahid1 idarə etdiyi “VAZ 21011” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib orada gizlədilmiş qara rəngli idman çantasında olan həmin maddələri əldə edib, daşıyarkən, 12 fevral 2024-cü il tarixdə, saat 21 radələrində Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri A.Novruzov küçəsində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli idman çantasından 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 940,0 qram təşkil edən xüsusilə külli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin, 2 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 975,0 qram və 10,261 qram olmaqla ümumi təmiz çəkisi 985,261 qram təşkil edən tündqəhvəyi rəngli xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroin və 6 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1010,0 qram, 985,0 qram, 970,0 qram, 905,0 qram və 2,495 qram olmaqla ümumi təmiz çəkisi 4862,495 qram təşkil edən orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulduğu vaxtdan təxminən bir ay əvvəl Whatsapp vasitəsilə İran İslam Respublikasının vətəndaşı Behzat adlı şəxslə tanış olmuş, 2024-cü ilin yanvar ayında Behzat ona 30 manat müqabilində iki dəfə şəxsi istifadəsi üçün narkotik vasitə göndərmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Behzatla növbəti dəfə yenə whatsapp vasitəsilə danışarkən Behzat ona çox miqdarda narkotik maddə qurudulmuş marixuana, heroin və psixotrop maddə göndərmək istədiyini, həmin narkotik maddələri Masallı şəhəri ərazindən əldə edib dediyi vaxtda lazım olan adama çatdırmağını, bunun qarşılığında 3000 manat pul verəcəyini bildirmişdir. Pula ehtiyacı olduğundan razılaşmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Behzat ona whatsappa yazaraq dediyi narkotik maddələri Masallı şəhəri ərazində qoyduracağını, gecə saatlarında yerinin dəqiq şəkilini çəkib atacağını və bundan sonra gedib götürməyini bildirmişdirdir. Həmin günü saat təxminən 19 radələrində Behzat whatsapla şəkil və səs ataraq, içərisində 5 ədəd böyük bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd böyük bükümdə heroin və bir ədəd yenə böyük bükümdə metamfetamin, həmçinin özünün istifadə etməyi üçün bir ədəd kiçik bükümdə qurudulmuş marixuana və bir ədəd yenə kiçib bükümdə heroin olan qara rəngli idman əl çantasını Masallı şəhəri ərazində qoydurduğunu, həmin narkotik maddələri tez gedib oradan götürməyini, iki ədəd kiçik bükümdə olan narkotik maddələri istifadə etməyini, böyük bükümdəki narkotik maddələri özündə saxlamağını, dediyi vaxtda və yerdə lazım olan adama çatdırdıqdan sonra 3000 manat hesabına pul göndərəcəyini bildirmişdir. O tanışı taksi sürücüsü Şahid1 zəng edərək Masallı şəhəri Kosakül yaşayış massivində olan dostumun evinə aparmasını demişdir. Birlikdə Masallı şəhəri Kosakül yaşayış massivinə gedən yolda hərəkətdə olarkən həmin yolun kənarında yerləşən, yəni narkotik maddələrin Bezat tərəfindən qoydurulduğu köhnə yardımçı tikilinin yanında Abbasa yalandan təbii ehtiyyaclarını ödəməsi üçün avtomobili saxlamasını xahiş etmişdir. Abbas avtomobili yolun kənarında saxladıqdan sonra o, avtomildən yerə düşüb 25-30 metr aralıda yerləşən həmin yardımçı tikilinin həyətinə daxil olmuşdur. Həyəti bir az axtarıb oradan Behzatın dediyi qara rəngli idman əl çantasını tapmışdır. Çantanı götürüb avtombilə tərəf gedən zaman mülki geyimdə olan polis əməkdaşları onu və Şahid1 saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində olan çantaya baxış keçirilərkən çantada boyuk və kiçik bükümlərdə olan Behzat tərəfindən göndərilən narkotik vasitələr və psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitələri və psixotrop madələr tərəzidə çəkilərək qablaşdırılmışdır. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Masallı Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib daşımasında, istifadə etməsində və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 21 radələrində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Masallı şəhəri Kosakül yaşayış massivinə gedən yolun kənarındakı yardımçı tikilidən götürəcəyi barədə məlumat əldə edib əməliyyat qurupu ilə həmin əraziyə gedib yolun sağ tərəfində yerləşən köhnə yardımçı tikilini kənardan müşahidə etməyə başlamışlar. Qısa müddət sonra VAZ-21011 markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilin gələrək yolun kənarında saxladığını və bir nəfər şəxsin ön sərnişin oturacağından düşərək tələsik təxminən 20-25 metr aralıda olan köhnə yardımçı tikilinin həyətinə daxil olduğunu görmüşlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu və narkotik maddələr götürmək üçün gəldiyini başa düşdüyü üçün bir qədər də gözləmişlər. Təxminən 4-5 dəqiqədən sonra Təqsirləndirilən şəxs əlində böyük ölçüdə idman çantası ilə yardımçı tikilinin həyətindən çıxaraq avtomobilə doğru hərəkət etməyə başlamış, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və külli miqdarda narkotik maddələri əldə etməkdə və satışında şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əlində olan idman çantasının içərində narkotik maddələr olduğunu səmimi olaraq etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs və avtombilin sahibi Şahid1 rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə və əl çantasınpa baxış keçirilməyə başlanılmış. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantanı təqdim edərək içərisində narkotik maddələr olduğunu, həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşı olan Behzat adlı şəxsin ona göndərdiyini, həmin maddələri dediyi yerdən götürüb özündə bir müddət saxlayacağını və 3000 manat pulun müqabilindən dediyi şəxsə çatdıracağını bildirmişdir. Bundan sonra təhqiqatçı A.Paşayev təqdim olunmuş çantanı açıb içərisinə baxmış və orada 7 ədəd böyük və 2 ədəd kiçik qara rəngli sellofan bükülü olduğunu aşkar etmişdir. Aşkar olunmuş bükümslərə baxış keçirilərkən içərisində müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr tərəzidə çəkilərək qablaşdırılmışdır. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən özünü səmimi aparmış, törətdiyi əməli etiraf etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Masallı rayon polis şöbəsinin əməkdaşları - Şahid4, Şahid6 Layiq oğlu, Şahid8, Şahid5 Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 fevral 2024-cü il tarixli 19/135 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ....” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -940,0 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir; 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -975,0 qr; -10,261 qram ümumi təmiz çəkisi: -985,261 qram tünd-qəhvəyi rəngli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: - 990,0 qr; -1010,0 qr; -985,0 qr; -970,0 qr; -905,0 qr; -2,495 qram olmaqla ümumilikdə təmiz çəkisi: -4862,495 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 939,9 qram, heroin narkotik vasitəsi 985,061 qram və narkotik vasitəsi qurudulmuş marixuanna 4861,895 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 144 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 147 nömrəli məhkəmə-tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya baxış keçirilərkən içərisinə 9 ədəd qara rəngli sellofan bükülü aşkar edildi. Həmin bükülülərə baxış keçirilikdə 1-5-ci böyük bükülülərdə qurudulmuş marixuanaya bənzər, 6-cı böyük bükülüdə narkotik vasitə heroinə bənzər, 7-ci böyük bükülüdə psixotrop maddə metamfetaminə bənzər, 8-ci kiçik qara rəngli bükümdə yenə narkotik vasitə qurudulmuş marixuanaya bənzər və 9-cu kiçik bükümdə narkotik vasitə yenə heroinə bənzər maddələr olduğu görünmüşdür. Hər bükülü ayrılıqda elektron tərəzidə çəkildikdə 1-ci bükülünün çəkisinin 990 qr, 2-ci bükülünün çəkisinin 925 qr; 3-cü bükülünün çəkisinin 1045 qr; 4-cü bükülünün 1045 qr; 5-ci bükülünün çəkisinin 1045 qr; 6-cı bükülünün çəkisinin 995 qram, 7-ci bükülünün çəkisinin 890 qram; 8-ci kiçik bükümün çəkisinin 3,5 qram və 9-cu kiçik bükümün çəkisinin 11,2 qram çəkiyə malik olduqları bilinmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı kiçik bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı və heroini Behzat adlı şəxsin istifadə etməsi üçün ayrılıqda ona göndərdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd «Samsung J2» markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd, üzərində ***-***-**-** saylı nömrə olan “Samusung J2” markalı mobil telefon cihazına xx.xx.2024-cü il tarixdə tərəfimdən baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs telefonun “whatsapp” tətbiqində adını “Behzad..ir” kimi qeyd etmiş şəxsin +98 905 *** **** saylı nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 19:30-dan 19:48-dək mətn və səs mesajlaranı göndərməsi və qəbul etməsi, lakin məzmununu silməsi, həmçinin telefonun “Qalareya” bölməsində “Behzat” adlı şəxsə videomüraciət edərək “beş kilo gülü, bir kilo daşı, bir kilo torpağı Bakıya aparacağını, ünvana çatdıracağını, çatana kimi öz başı ilə ona cavabdeh olacağı” sözlərini işlətməsi müəyyən edilmişdir. Samusung J2” markalı mobil telefon cihazının digər hissəslərinə əlavə keçirilən baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir başqa xüsusat aşkar edilməmişdir. Aşkar edilmiş videomüraciət iş üzrə sübut əhəmiyyətli olduğundan mobil telefonun yaddaşından bir ədəd CD-R diskinə köçürülməklə götürülmüşdür. Silinmiş mətn və səs mesajlarının fotoşəkilləri çəkilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən və DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış müvafiq məktublarda +98 905 068 3961 saylı telefon nömrənin İran İslam Respublikasının “İran MCİ” mobil şəbəkəsinə aid olması müəyyən edilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 17 fevral 2024-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalmış 939,9 qram psixotrop maddəsi metamfetamin, 985,061 qram narkotik vasitəsi heroin və 4861,895 qram narkotik vasitəsi qurudulmuş marixuanna maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Masallı RPŞnin sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan «əşyanın maddi sübut kimi tanınma haqqında» 19 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinən aşkar edilərək götürülmüş üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Samsung J2” markalı mobil telefon cihazı və içərisində iş üçün xüsusi əhəmiyyət kəsb edən videomüraciət olan bir ədəd CD disk və iki ədəd foto şəkil sübut növü kimi tanınmış, bir ədəd mibil telefon Masallı RPŞ-nin maddi sübutlar saxlanılan otağa təhvil verilmiş, bir ədəd CD disk və fotoşəkillər iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı rayon məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 12 fevral 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan Masallı Rayon Mərkəzi X5 Şəxsin 14 mart 2024-cü il tarixli məktubundan görünür ki Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji və narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Tribunalının 22 noyabr 1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243, 220-1 maddəsinin 1-ci bənd, 241-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Xalq Məhkəməsinin 04 noyabr 1996-cı il tarixli qərarı ilə 3 il 3 ay 17 gün şərti azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Masallı rayon Qızılavar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi arvadından, 2 yetkinlik yaşına çatmış və bir xx.xx.2014-cü il təvəllüdlü X3 adlı azayaşlı uşağından ibarətdir, yaşadığın müddətdə Təqsirləndirilən şəxs dəfələrlə şifahi şikayətlər daxil olmuş, ərazidə keçirilən tədbirlərdə heç vaxt iştirak etməmiş, yaşayış yeri üzrə mənfi xarakterixə olunur. İş materiallarında olan 08 may 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarla cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan CM-nin 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və cinayət təqibi CM-nin 234.4-1-ci maddəsi ilə davam etdirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs CM-nin 234.4- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Masallı rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 939,9 qram psixotrop maddə metamfetamin, 985,061 qram narkotik vasitəsi heroin və 4861,895 qram narkotik vasitəsi qurudulmuş marixuanna məhv edilməli, həmin şöbədə saxlanılan Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Samsung J2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarında saxlanılan içərisində iş üçün xüsusi əhəmiyyət kəsb edən videomüraciət olan bir ədəd CD disk və iki ədəd foto şəkil cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 12 fevral 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Masallı rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq qalmış 939,9 qram psixotrop maddə metamfetamin, 985,061 qram narkotik vasitə heroin və 4861,895 qram narkotik vasitə qurudulmuş marixuanna məhv edilsin. - Masallı rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Samsung J2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. - Cinayət işinin materiallarında saxlanılan içərisində iş üçün xüsusi əhəmiyyət kəsb edən videomüraciət olan bir ədəd CD disk və iki ədəd foto şəkil cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar