Məhkəmə qərarları › İş №1(099)-522/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-522/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-522/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X12, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, baş ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 4(057)- 17/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü il tarixdə saat 00:10 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman koftasının sağ yan cibindən bir ədəd LD markalı siqaret qutusunun içərisində yeddi ədəd polietilen kəsiyi bükümündə saxladığı ayrı ayrılıqda təmiz çəkiləri-0,512 qram, 0,353 qram, 0,409 qram, 0,399 qram, 0,395 qram, 0,409 qram, 0,400 qram, ümumi çəkisi-2,877 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, mağazadan siqaret alıb qayıdanda 15-20 dəqiqə uşaqlarla söhbət etmişdir. Polis əməkdaşları onlara yaxınlaşmışlar. Üzərində olan siqaret qutusunu ondan götürmüşlər, siqaret qutusunun içərisində istifadə etdiyi bir bükümdə təxminən 0,5 qramdan artıq metamfetamin olmuşdur. Onları birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu yoldaşlarından ayırıb inzibati binanın 2-ci mərtəbəsinə qaldırmışlar. Otaqda ona hədə-qorxu gəlmişlər, onu döymüşlər və qarşısına böyük bir büküm qoyaraq, sənindir demişlər. Polis əməkdaşlarına həmin bükümün özünün olmadığını, siqaret qutusunun içərisində olan bir bükümdə, istifadə etdiyindən sonra çox az miqdarda qalan metamfetaminin özünə məxsus olduğunu demişdir. Polis əməkdaşları 3 nəfər olmuşlar. Ona çox təzyiqlər etmişlər, polis əməkdaşları hətta bağlamada bir kiloqrama yaxın narkotik vasitəni göstərərək onu da üzərinə qoyacaqlarını, onunla birlikdə gətirilmiş şəxslərin arasında böləcəklərini və onunla birlikdə yoldaşlarının da işini sənədləşdirəcəklərini bildirmişlər. Həmin uşaqların heç bir günahı olmamışdır. Yoldaşları heç onun metamfetamin istifadə etdiyini də bilməmişlər. Ümumiyyətlə heç kim onun metamfetamin istifadə etdiyini bilməmişdir. Orta təhsilli olduğu üçün oxuya da bilməmişdir. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədlərə imza etdirmişlər, sonradan bilmişdir ki, onu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirib məhkəməyə vermişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində özü istifadə etdikdən sonra siqaret qutusunun içərisində bir bükümdə metamfetamin olmuşdur. Həmin 1 bükümdə metamfetaminin çəkisi, istifadə etməmişdən əvvəl 0,5 qramdan bir az artıq olardı. Polis əməkdaşları siqaret qutusunu ondan almışlar, səhərə kimi onu döymüşlər. Səhəri günü siqaret qutusunu cibinə qoyaraq çəkiliş etmişlər. Polis əməkdaşları siqaret qutusunu cibinə qoyan zaman içərisinə baxmamış, heç buna imkan da verməmişlər. Siqaret qutusunu cibinə qoyandan sonra videoçəkiliş etmişlər. Videoçəkilişdə siqaret qutusunun içərisindən bükümlər aşkar olunmuşdur, həmin vaxtı özü də təəcüblənmişdir. Ancaq qorxusundan etiraz edə bilməmişdir. Siqaret qutusunu cibinə qoyan polis əməkdaşı, onu saxlayan polis əməkdaşları olmamışlar, başqa polis əməkdaşları olmuşlar. Orada çoxlu polis əməkdaşları olmuşdur. Onu döyən polis əməkdaşlarının adlarını bilməmişdir. Bədənində, o cümlədən gözlərinin ətrafında, başında xəsarətlər olmuşdur. Səhv etmirsə İstintaq Təcridxanasına daxil olanda həmin xəsarətləri qeyd etmişlər. Polis əməkdaşlarından qorxduğu üçün və birinci dəfə tutulduğu üçün İstintaq Təcridxanasında müayinə olunan zaman döyülməsini deməmişdir. Ancaq döyülməsi göz qabağında olmuş, başı partlamış, gözlərinin kənarlarında qançırlar olmuşdur. Bunu videoçəkilişdə də görmək olar, xəsarətlərini müdafiəçisi də görmüşdür. Polis şöbəsinə gətirildikdən sonra üzərinə videoçəkiliş olmadan baxış keçirmişlər. Üzərindən və yanındakı yoldaşlarının üzərindən heç nə aşkar edilməmişdir. Üzərinə qoyulmuş bükümlər ona məxsus olmamış, həmin bükümlərdən xəbəri olmamış, saxlanıldığı gecənin səhəri günü videoçəkilişlə baxış zamanı bükümlərin əlavə olunduğunu bilmişdir. Birinci dəfə üzərinə 27 fevral 2024-cü il tarixdə saat 23-24 radələrində polis şöbəsində baxış keçirilmiş, həmin vaxt videoçəkiliş aparılmamışdır. Onun üzərində olan metamfetaminin yerləşdiyi büküm istifadə etdiyi üçün açıq vəziyyətdə olmuş, içərisində metamfetamin çox az olmuşdur. Siqaret qutusunun içərisindən aşkar edilmiş bükümlərin arasında, onun bükümü də olmuşdur. Ancaq bükümün içərisi açıq vəziyyətdə olmuşdur. Saxlanıldıqdan 3-gün sonra Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, özündə olan bir bükümdə psixotrop maddə sellofana, sonra da siqaretin gümüşü kağızına bükülmüşdür. Şahidlər Şahid2, Şahid3 onu döyməmişlər və polis əməkaşlarının onu döymələrini görməmişlər. Şahid2, Şahid3 onun üzərinə psixotrop maddə qoymamışlar, Şahid2 və Şahid3 yanında kimsə onun üzərinə psixotrop maddə qoymamışdır. Şahid4 onu döymüşdür, dubinka ilə vurub başını partlatmışdır. Sonra 2 nəfər onu tutub döymüşlər. Başında xəsarət olmuş, başı partlamışdır. Gözünün içi qan bağlamışdır. Qollarında dubinka ilə vurma nəticəsində xəsarətlər olmuşdur. Şahid4 qarşısına bir ədəd böyük büküm narkotik vasitə qoyaraq, “bu büküm sənindir, bu bükümlə səni sənədləşdirəcəm” demişdir. Şahid4gil onu döydüklərindən və hədələdiklərindən polis əməkdaşları ilə razılaşmış, onlar nə demişlərsə elə də etmişdir. Bundan sonra üzərinə həmin bükümü qoymayıb, digər bükümləri qoymuşlar. Ondan götürülmüş siqaret qutusu Şahid4 olmuş, Şahid4 siqaret qutusunu gətirib ona vermişdir. Şahid4 ona qarşı başqa qeyri-əxlaqi şeylər də edəcəyini demişdir. Şahid5, Şahid6, Şahid7 və Şahid8 polislərin onu döymələrini görməmişlər. Polis əməkdaşları onu inzibati binanın 2-ci mərtəbəsinə aparmışlar. Onlar isə aşağıda qalmışlar. Videoçəkilişdə siqaret kağızına bükülmüş ağzı açıq olan büküm onun olmuş, bükümün içərisində az olmuş, sonradan 0,53 qram olduğu müəyyən olunmuşdur. Şahid1 onu döyməmiş, ancaq polis əməkdaşı Şahid4 Şahid1 yanında onu döymüşdür. Üzərində bir büküm narkotik vasitə olmuş, yeyib-içməyə gedəndə həmin bükümün üstündən istifadə etmişdir. Narkotik vasitə istifadə edəndən sonra yeyib-içməyə getmişdir. Onunla birlikdə saxlanan uşaqlarla eyni kənddə yaşamışlar və çoxdandır dostluq etmişlər, usta işlədiyi üçün heç kim narkotik vasitə istifadə etdiyini bilməmişdir. Ayda bir-iki dəfə 01 qrama yaxın narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları onların üzərinə tonqalın yanında baxış keçirib polis şöbəsinə aparmışlar. Videoçəkilişdə bükümlərin içərisində açıq olan büküm onundur. Həmin bükümün içərisində olan narkotik vasitədən istifadə etdiyi üçün, bükümdə az bir miqdarı qalmışdır. Bir bükümdə 0.5 qramdan bir az artıq narkotik vasitə almışdır. Polislər həmin büküm içərisinə də psixotrop maddə əlavə etmişlə, həmin bükümü onun üzərindən polis əməkdaşları tonqalın yanında götürmüşlər. Polis şöbəsinə gələndə həmin büküm üzərində olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyini, üzərində psixotrop maddə metamfetamin olmadığını, polis əməkdaşları onu polis şöbəsinə aparıb üzərinə psixotrop maddə qoyduqlarını, psixotrop maddəni götürmədiyi üçün polis əməkdaşlarının onu 9-10 saata yaxın döydüklərini, döyüldüyü və qeyri-əxlaqi hərəkətlər ediləcəyi ilə hədələndiyi və ona təzyiqlər olunduğu üçün polis əməkdaşlarının dediklərini edərək polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş psixotrop maddənin özünə məxsus olmasını bildirdiyini demiş və məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Salyan rayonu, Qarabağlı kəndinin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Salyan rayonu, Qaraçala kəndində yaşayır. 27 fevral 2024-cü il tarixdə, saat 24 radələrində Qaraçala kəndinin sahə rəisi Şahid1 və onun köməkçisi Şahid3 ilə xidmətdə olduqları zaman 4-5 nəfərin tonqal başına yığışaraq uca səslə söhbət etdiklərini görmüşlər. Həmin şəxslərə yaxınlaşıb bu halın yol verilməz olduğunu demişlər. Həmin vaxtı bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə üzərində qadağan olunmuş hər hansı bir predmetin olub-olmaması haqqında suallar verdikdə Təqsirləndirilən şəxs üzərində özünün qəbul etməsi üçün psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və orada olan digər şəxsləri polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsləri şöbəyə gətirərək növbətçi hissəyə təhvil vermişlər Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan bir ədəd “LD” markalı siqaret qutusunun içərisindən 6 ədəd sellofan büküm və bir ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş əlavə bir büküm, cəmi yeddi büküm aşkarlanıb götürülmüşdür. Bükümlər elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkilərinin 3,36 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki psixotrop maddənin adını bilmədiyi iranlı şəxsin telefon vasitəsi ilə ona göndərdiyini "konum" vasitəsi ilə gizlətdiyi yerdən tapıb götürdüyünü demişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Salyan rayonu, Qarabağlı kəndinin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs və yanında olan 4 nəfəri polis şöbəsinə aparmışlar. Siqaret qutusunun içərisindən altı ədəd sellofan büküm və bir ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş əlavə bir büküm, cəmi yeddi büküm aşkar edilmişdir. Siqaret qutusunun içərində bir büküm olmamış, bükümlər xırda-xırda bükümlər olmuşlar. Aşkar olunan siqaret qutusu nazik siqaretin qutusu olmuş, səhv etmirsə siqaret qutusunun içərisində siqaret olmamışdır. Saat 24 radələrində həmin şəxsləri saxlamışlar. Həmin ərazi ictimai yer olmuş, şəxslər də orada yüksək səslə danışmışlar. Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə olduğunu demişdir. Digər şəxslərin də narkotik vasitədən istifadə etmələrini müəyyən etmək və ifadələrinin alınması üçün onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs dərhal polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən 7 büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bir dəfəyə 7 büküm psixotrop maddəni istifadə etmək mümkün deyildir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 fevral 2024-cü il tarixdə, saat 24 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 ilə Qaraçala kəndində xidmətdə olduqları zaman 4-5 nəfərin tonqal başına yığışaraq uca səslə söhbət etdiklərini görmüşlər. Həmin şəxslərə yaxınlaşıb bu halın yol verilməz olduğunu demişlər Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onları polsi şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman psixotrop maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman orada iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən 7 büküm psixotrop maddə aşkar edilmişdir. Siqaret qutusunun içərisində ayrı-ayrılıqda 7 bükümdə psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs tonqalın yanında üzərində psixotrop maddə olduğunu demiş, neçə büküm olduğunu deməmişdir. Polis şöbəsinə gəldikdən sonra “rapot”la rəhbərliyə məruzə olunmuşdur. Təxminən 1 saat ərzində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini görməmişdir. Dindirilmiş Şahid4 Füzuli oğlu ifadəsində bildirmişdir ki, 28 fevral 2024-cü il tarixdə saat 01 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman orada iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən mobil telefon və bir ədəd “LD” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda içərisində 6 ədəd selofan büküm və bir ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş əlavə bir büküm, cəmi yeddi büküm aşkarlanıb götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu, onları öz istifadəsi üçün üzərində gəzdirdiyini, adını bilmədiyi iranlı şəxsin telefon vasitəsi ilə ona göndərdiyi "konum" vasitəsi ilə gizlətdiyi yerdən tapıb götürdüyünü bildirmişdir. Bükümlər elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, siqaret qutusunun isərisindən 7 büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmişdir. O, Təqsirləndirilən şəxs döyməmişdir. Təqsirləndirilən şəxs döyülməsində də orada olmamışdır. Təqsirləndirilən şəxs qarşısına bir büküm narkotik vasitə qoyaraq bu büküm sənindir, bu bükümlə səni sənədləşdirəcəm deməmiş və onu döyməmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Salyan RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində işləyir. 27 fevral 2024-cü il tarixdə, saat 24 radələrində polis əməkdaşları Şahid2 və Şahid3 ilə Qaraçala kəndində xidmətdə olduqları zaman 5 nəfər şəxsin tonqal başına yığışaraq söhbət etdiklərini görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərlə söhbət edən zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün səbəbini soruşmuşlar, Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin şəxsləri polis şöbəsinə aparmışlar, Polis şöbəsində müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan bir neçə bükümü könüllü olaraq çıxarıb təqdim etmiş və öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən bir neçə büküm çıxarıb təqdim etdi, bükümlərin sayı təxminən 4-5 büküm olardı. Təqsirləndirilən şəxs həmin vaxt bükümlərin sayının artırılması barədə hər hansı bir etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş, X20 Məmmədova hər hansı bir təzyiq-təsir olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, digər şəsxlərin də üzərində narkotik vasitə ola biləcəyi ehtimalı olduğuna görə, şəraitə uyğun olaraq orada onların üzərinə baxış keçirmək mümkün olmadığı üçün onların hamısını Polis Şöbəsinə aparmışlar. Narkotik vasitə istifadə edən şəxs öz istifadəsi üçün üzərində 6-7 bükümdə narkotik vasitə gəzdirməsi halı ola bilər. O da ola bilər ki, həmin şəxs hər dəfə istifadəsi üçün almaqda çətinlik çəkməsin deyə birdəfəlik öz istifadəsi üçün bir neçə büküm alıb üzərində saxlaya bilər və ya həmin bükümlərin yenicə almış ola bilər. Bükümlər ayrı-ayrı olmuş, səhv etmirsə sellofan bükümlər olmuşlar. Onun yanında Təqsirləndirilən şəxs döyən olmamışdır. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, çərşənbə günü o, Təqsirləndirilən şəxs, Şahid6, X5 və X8 ilə birlikdə axşam vaxtı kafedə yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra tonqal başına yığışmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb onları polis şöbəsinə aparmışlar. X20 Məmmədovu onlardan ayırıb başqa otağa, onları isə başqa otağa aparmışlar. Üzərilərinə videoçəkiliş olmadan baxış keçirmişlər, səhəri gün onları buraxmışlar. Sərxoş olduğu üçün, üzərilərinə videoçəkilişlə baxış keçirilməsini və səhəri gün saat neçədə onları polis şöbəsindən buraxmalarını xatırlamamışdır. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, onların dördünü də gözləmə otağında saxlamışlar. Dördünü də polis şöbəsindən eyni vaxtda buraxmışlar. Polis şöbəsində polis əməkdaşları onlara demişlər ki, Təqsirləndirilən şəxs üzərindən bir siqaretlik narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilməmişdir. Onların hamısı bir yerdə yeyib-içmişlər, saxlanılan zaman hamısı sərxoş olmuşlar. Təqsirləndirilən şəxs üzərindən 7 büküm narkotik vasitə aşkar olunmasını bilməmişdir. Saxlanılan zaman 5 nəfər olmuşlar. Polis əməkdaşlarının tonqalın yanında üzərilərinə baxış keçirmələri yadında qalmamışdır. Yoldaşları ilə görüşməmişdən qabaq da spirtli işki qəbul etmiş, onlarla da görüşüb birlikdə spirtli içki qəbul etmişdir. Sərxoş olduğu üçün üzərilərinə videoçəkilişin nə vaxt və saat neçədə keçirilməsini xatırlamamışdır. Onları polis şöbəsinə gecə saat 1-ə işləmiş aparmamışlar, tez aparmışlar. Onları şolis şöbəsinə aparandan təxminən 1 saat sonra üzərinə baxış keçirmişlər. Polis şöbəsində onları gözləmə otağında saxlamışlar. Həmin vaxt sərxoş olduğu üçün, onları polis şöbəsinə niyə apardıqlarını bilməmişdir. Təqsirləndirilən şəxs üzərinə tonqalın yanında baxış keçirilməsini xatırlamamışdır. Onları hansı səbəbdən polis şöbəsinə apardıqlarını, polis əməkdaşları onlara deməmişlər. Səhəri günü onlara, sizlik bir şey yoxdur demişlər və onları buraxmışlar. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 27 fevral 2024-cü ildə, təxminən saat 22:30-23 radələrində mağazanın qarşısına çıxmışdır. Uşaqlarla birlikdə tonqalın başına yığışmışlar, sərxoş olmuşlar. Polis əməkdaşları onlara yaxınlaşıb, şübhəli şəxs kimi onları polis şöbəsinə aparmışlar. Sərxoş olduqları üçün həkim dəvət etmişlər. Gecə üzərilərinə videoçəkiliş olmadan baxış keçirmişlər. Üzərindən heç nə aşkar edilməmişdir. Səhəri gün onların dördünü buraxmışlar. Təqsirləndirilən şəxs polis şöbəsində onlardan ayrı saxladıqları üçün, onun üzərindən narkotik vasitənin aşkar olunub-olunmamasını görməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmasını sonradan eşitmişdir. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, onları polis şöbəsinə gətirdikdən sonra Təqsirləndirilən şəxs onlardan ayırmışlar. Onların dördünü bir otaqda saxlamışlar və səhəri gün dördünü də buraxmışlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilməmişdir. Onları polis şöbəsinə aparan kimi üzərilərinə baxış keçirmişlər. Onların hər birinin üzərinə ayrı-arılıqda videoçəkilişlə baxış keçirmişlər. Polis əməkdaşları tonqalın yanında onlara yaxınlaşmışlar, amma üzərilərini yoxlamamışlar. Polis əməkdaşları sərxoş olduqları üçün onları polis şöbəsinə apardıqlarını demişlər. Şöbədə həkim dəvət etmişlər, sərxoşluqları yoxlanılmışdır. Üzərilərinə baxış keçirilməmişdən əvvəl onlara demişlər ki, narkotiklə əlaqədar üzərinizə baxış keçiriləcəkdir. Birinci dəfə üzərilərinə gecə baxış keçirmişlər. Üzərinə baxış keçirilən zaman çəkilmiş və nümayiş etdirilən videoçəkilişdə, müstəntiqin qarşısında olan sənəddəki şəkil onun şəkilidir. Elan olunmaqla nümayiş etdirilən videoçəkilişi isə səhər saat 10 radələrində çəkmişlər, yəni səhəri gün saat 10 radələrində üzərilərinə videoçəkilişlə baxış keçirmişlər. Polis əməkdaşları birinci dəfə gecə üzərilərinə baxış keçirsələr də səhəri gün yenidən üzərilərinə niyə baxış keçirmələri barədə onlardan soruşmamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bilməmiş və görməmişdir. Tonqalın yanında olarkən, onlara yaxınlaşan polis əməkdaşlarının Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunu götürmələrini görməmişdir. Kəndin sahə müvəkkili təzə təyin olunduğu üçün onu tanımamışdır. Dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 27 fevral 2024-cü il tarixdə təxminən saat 22:30-23 radələrində yoldaşları ilə birlikdə tonqalın başına yığışmışlar və sərxoş olmuşlar. Polis əməkdaşları onlara yaxınlaşıb, polis şöbəsinə aparmışlar. Üzərilərinə baxış keçirmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərindən bir baş nəşə aşkar olunmuşdur. Səhəri gün onları buraxmışlar. Polis şöbəsində onlara hər hansı bir təzyiq-təsir olunmamışdır. Verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, onları polis şöbəsinə apardıqdan sonra həkim dəvət etmişlər. Üzərilərinə ayrı-ayrılıqda baxış keçirmişlər, üzərilərindən heç nə aşkar olunmamışdır. Sərxoş olduğu üçün, üzərilərinə saat neçədə videoçəkilişlə baxış keçirilməsini xatırlamamışdır. Elan olunmaqla nümayiş etdirilən videoçəkilişdə müstəntiqin qarşısında olan sənəddəki şəkil onun şəkilidir və həmin videoçəkiliş polis şöbəsinə gətirildiyi gecənin səhəri günü çəkilmişdir. Videoçəkilişdən sonra onları buraxmışlar. Gecə onları polis şöbəsinə gətirdikdən sonra üzərilərinə baxış keçirmişlər. Hüquqi savadı olmadığı üçün, səhər yenidən üzərilərinə videoçəkilişlə baxış keçirilən zaman müstəntiqə, “gecə üzərimizə baxmısınız, səhər niyə yenidən baxırsınız” sualını verə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bilməmişdir. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 27 fevral 2024-cü il tarixdə yoldaşlarla birlikdə tonqalın başına yığışmışlar və sərxoş olmuşlar. Polis əməkdaşları onlara yaxınlaşıb, şübhəli şəxs kimi onları polis şöbəsinə aparmışlar. Sərxoş olduqları üçün həkim dəvət etmişlər. Təqsirləndirilən şəxs onlardan ayırıb başqa otağa aparmışlar. Üzərilərinə baxış keçirtmişlər. Üzərindən heç nə aşkar edilməmişdir. Səhəri gün onların dördünü də buraxmışlar. Tonqalın yanında olarkən polis əməkdaşları onun üzərinə baxış keçirməmişlər. Digər şəxslərin də tonqalın yanında üzərilərinə baxış keçirilməsini xatırlamamışdır. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, səhəri gün saat 15 radələrində onları buraxmışlar. Polis əməkdaşları ona, “narkotik vasitəni cibinə qoy, deyərsən mənimdir” təklifini etməmişlər. Elan olunmaqla nümayiş etdirilən videoda müstəntiqin qarşısında olan sənəddəki şəkil onun şəkilidir. Onları gecə saat 22 radələrində Polis Şöbəsinə aparmışlar və birinci dəfə gecə üzərilərinə baxış keçirmişlər. Təqdim olunmuş videoçəkilişdə yanında olan şəxsin vəkil olduğunu bilməmişdir. Müstəntiq bəlkə də ona, yanında olan şəxsin vəkil olduğunu və adını demiş, ancaq həyəcandan yadında qalmamışdır. Vəkil deyilən şəxsi səhər saat 09:30 radələrində görmüşdür. İdman müəllimi işləyir, saxlanılan zaman siqaret almaq üçün dükana gedən zaman yoldaşlarını tonqalın başında görüb, yanlarına getmişdir. Günorta yoldaşları ilə bir yerdə oturub yeyib-içmişlər, axşam da atası ilə oturub spirtli içki qəbul etmişdir. Polis şöbəsində üzərinə videoçəkilişlə baxış keçirilməsi səhər olmuş, ancaq həmin vaxtı saatın neçə olmasını xatırlamamışdır. İttiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, 28 fevral 2024-cü il tarixdə saat 01-02 radələrində Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilmişdir. Müdafiəçi dəvət etmiş, lakin müdafiəçinin adını xatırlamamışdır. Həmin vaxtı 5 nəfəri Polis Şöbəsinə gətirmişlər. Hamısının üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış axşam keçirilmiş, ola bilsin həmin vaxtı portalda problemlər olub deyə, portal çıxarışlarında səhər saat 09-dan sonranı göstərmişdir. Verilmiş suallara cavab olaraq şahid Sahib Əzizov bildirmişdir ki, şəxslərin üzərinə gecə baxış keçirilmişdir. Fikrincə portalda texniki problemlər olub deyə, çıxarışlarda saat fərqi yaranmışdır. 5 nəfər şəxsin beşini də birlikdə, polis şöbəsinə gətirmişlər, həmin şəxsləri X18nə verməmişlər. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün, polis əməkdaşlarının həmin beş nəfər şəxsi harada saxlamalarını xatırlamamışdır. Təqsirləndirilən şəxsin üzərində olan siqaret qutusunun içərisinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, 2024-cü il 28 fevral tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Salyan rayonu, Qaraçala qəsəbəsində saxlanılaraq Salyan RPŞ-yə gətirilməsi və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda qanunsuz olaraq əldə edib üzərindəki bir ədəd «LD» markalı siqaret qutusunun içərisində yeddi ədəd polietilen kəsiyi bükümündə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri-0,512 qram, 0,353 qram, 0,409 qram, 0,399 qram, 0,395 qram, 0,409 qram, 0,400 qram, ümumi çəkisi-2,877 qram psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi faktı ilə əlaqədar toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v. 1-107) -Salan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid1 tərəfindən Salyan RPŞnin rəisinə ünvanlanmış “raport” da göstərilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid6 və qeyrilərinin sərxoş vəziyyətdə olduqlarını görüb onları 28 fevral 2024-cü il tarixdə saat 00:10 dəqiqədə saxlayaraq həmin gün saat 00:50 radələrində Salyan RPŞ-yə gətirmişlər və növbətçi hissəyə təhvil vermişlər.(i.v. 3) -“şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 15) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki idman koftasının sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunu və idman şalvarının sol yan cibindən qara rəngli «Redmi Not 7» markalı mobil telefonu çıxarıb təqdim edərək, mobil telefonun üzərində bir ədəd ***-***-**-** saylı mobil nömrəsi olduğunu, siqaret qutusunun içərisində isə yeddi bükümdə onların öz aralarında «şüşə» deyə adlandırdıqları maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin siqret qutusu açılıb baxıldıqda onun içərisində 6 ədəd sellofan büküm, cəmi yeddi sellofan büküm aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu, onları öz istifadəsi üçün üzərində gəzdirdiyini, onlardan kiməsə vermədiyini və ya satmadığını, həmin bükümlərdəki psixotrop maddəni də adını bilmədiyi iranlı şəxsin onun telefonuna atdığı «konum»a əsasən Bakı şəhərindəki Əhmədli metrostansiyası yaxınlığında gizlətdiyi yerdən tapıb götürdüyünü bildirmişdir. Sonra həmin bükümlər açılıb baxıldıqda onların hər birinin içərisində ağ rəngli, kristal formalı maddələr olduğu məlum olmuşdur. Bükümlərin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq qaydada 0,45 qram, 0,46 qram, 0,47 qram, 0,50 qram, 0,46 qram, 0, 53 qram, 0,48 qram, ümumilikdə isə çəkilərinin 3,36 qram olması müəyyənləşdirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs istər polis əməkdaşları tərəfindən saxlanılarkən, istərsə də polis əməkdaşları tərəfindən Salyan RPŞ-yə gətirildikdən sonra ona qarşı heç bir təzyiq-təsir göstərilmədiyini bildirmişdir.(i.v. 19-21) -“sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında” 28 fevral 2024-cü il tarixli, 42 nömrəli protokoldan görünür ki, həmin tarixdə saat 02:07-də Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur.(i.v. 25) -“məhkəmə-kimyəvi ekspertizası”nın 28 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə siqaret qutusunun içərisində 7 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,512 qram, 0,353 qram, 0,409 qram, 0,399 qram, 0,395 qram, 0,409 qram, 0,400 qram, ümumi çəkisi 2,877 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir.(i.v. 104-107) -“Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan aşkar olunub götürülmüş bir ədəd mobil telefona baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “Redmi Not 7” markalı mobil telefona baxış keçirilərkən mobil telefonun üzərində bir ədəd “Azercell” mobil operatoruna məxsus ********* nömrənin olması, telefonun “whatsap” bölməsindəki siyahda «Tünzalə xala» adı ilə qeyd edilmiş İran mobil operatoruna məxsus +98 905 *** **** telefon nömrəsinin olması, həmin nömrədən Təqsirləndirilən şəxs məxsus ********* nömrəsinə zəng edən kişi cinsinə məxsus şəxsin 18 fevral 2024-cü il tarixdə saat 13:25-də 0.09 dəqiqəlik və 26 fevral 2024-cü il tarixdə saat 13:57-də 0.04 dəqiqəlik səsli mesajlar göndərməsi və həmin mesajlarda Təqsirləndirilən şəxs nə üçün onun zənglərinə və mesajlarına cavab verməməsinin səbəbini soruşub ondan gileyləndiyi müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus “Redmi Not 7” markalı mobil telefona +**********71 telefon nömrəsindən daxil olmuş səsli mesajlar bir ədəd CD diskinə köçürülərək protokola əlavə edilmişdir.(i.v. 110-111) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Salyan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 4(057)- 17/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, himayəsində yaşlı, xəstə atasının və anasının olmasını, uşaqlarının saxlanılmaları üçün aliment ödədiyini, törətdiyi əmələ görə peşman olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir.(i.v. 112-113, 130-133) -“maddi sübut kimi tanınma haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,527 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.(i.v. 136) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 01 mart 2024-cü il tarixli, 212 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v. 181) -“sübutların qiymətləndirilməsi haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Not 7” markalı mobil telefon maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir.(i.v. 183-189) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2,877 qram psixotrop maddə metamfetaminin mənbəyini və cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v. 190-191) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v. 164-165) -Sayan rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 5-71-7/2-307 nömrəli arayışlardan, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, himayəsində bir azyaşlı, 2015-ci il təvəllüdlü- Kənan Məmmədov adlı oğlu vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v. 166-167) Azərbaycan Respublikası Konstitusiyanı 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət-Prosessual Məcəlləsinin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş Cinayət-Prosessual Məcəlləsinin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüquqları səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirləri görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından bırı olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. “Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda hər bır şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillərin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışlar. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillər təqsirləndirilən şəxslərlə gizli ünsiyyətləri olmamış, onların həmin hüququ məhdudlaşdırılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Puatrimol Fransaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X9rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X11 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması, qeyri-insani hərəkətlər edilməsi ilə bağlı hədələnməsi və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş faktiki olaraq vaxtında aparılmayan, yəni Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 10 saat sonra icra edilsə də geri vaxta yazılmış sənədləri imzalamaqdan ibarət olmuşdur. Müdafiəçi Elman Hənifəli şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş vodeçəkilişdə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətləri və paltarında qana bənzər ləkləri görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair müraciətlər etməmiş, yanız videoçəkiliş zamanı polis əməkdaları tərəfindən hər-hansı təzyiq olunub-olunmamasının soruşulması, polis əməkdaşlarının təzyiqi altında olan Təqsirləndirilən şəxs gözlə görünən “xəsarəti əvvəlcə almısan” deməsi ilə kifayətlənmişdir. Cinayət işinin materiallarının 9-cü səhifəsində olan 28 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün vəkil Elman Hənifəlini dövlət hesabına vəkil verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarının 8-ci səhifəsində olan “vəkillərin siyahısının şübhəli şəxsə təqdim edilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elman Hənifəli tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Cinayət işinin materiallarının 10-cu səhifəsində olan “müdafiəçi dəvət edilməsi haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, vəkil Elman Hənifəli müdafiəçi təyin olunmuş, qərarın surəti həmin tarixli məktubla Salyan Rayon Vəkil Bürosuna göndərilmişdir. Elman Hənifəli həmin tarixli orderi verərək cinayət işinin istintaqında iştirak etməsi üçün buraxılmışdır. Təhlil edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs maddi imkanı çətin olduğundan ona hüquqlarının müdafiəsini həyata keçirmək üçün vəkil Elman Hənifəlini dövlət hesabına vəkil verilməsini xahiş etdiyi ərizə sonuncu tərəfindən də imzalanmışdır. Bu da onu deyməyə əsas verir ki, dövlət hesabına vəkil təyin edilmə proseduru da formal şəkildə icra edilmiş, yəni Təqsirləndirilən şəxs Elman Hənifəlini seçməmişdən sonuncu istintaq orqanının çağırması nəticəsində Təqsirləndirilən şəxs yanında olmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil Elman Hənifəlinin Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, vəkilin həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 14 dəqiqə 10 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda isə şəxsi axtarışın başlanma vaxtı 01:35, bitmə vaxtı isə 02:00 olaraq göstərilmiş, faktiki olaraq 14 dəqiqə 10 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 25 dəqiqə davam etdiyi göstərilmişdir. Videoçəkilişin başlanğıcından sonuna kimi müstəntiq Sahib Əzizovun qarşısında olan stolun üzərində və cinayət işinin materiallarının 4-cü səhifəsinə əlavə olunmuş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən çıxarışdan görünür ki, çıxarış 28 fevral 2024-cü il tarixdə saat 09:39-da çap edilmişdir. Bu onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkəti saat 09:39-dan sonra icra edilmişdir. Videoçəkilişin əvvəlində müstəntiq Sahib Əzizov özünü təqdim etdikdən sonra, “Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini həyata keçirməyə başladım” demişdir. Cinayət işinin materiallarından görünür ki, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair Salyan RPŞ-nə məlumat daxil olmamış, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair hər hansı qərar qəbul olunmamışdır. Cinayət işinin materiallarının 3-cü səhifəsində olan Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid1 tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış 28 fevral 2024-cü il tarixli “raport”da “27 fevral 2024-cü il tarixdə saat 24 radələrində mən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2 və həmin bölmənin polis sahə nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində xidmət apararkən bir neçə şəxsin qəsəbə ərazisindəki yollardan birində tonqal qalayaraq ucadan danışdıqlarını görüb onlara yaxınlaşdıq və gecə saatlarında küçədə ucadan danışmağın yolverilməz olduğunu onlara bildirib nə üçün həmin yerə toplaşmalarının səbəbini soruşduqda onlar bizə “su çərşənbəsi” olduğuna görə tonqal qalayıb ətrafında söhbt etdiklərini bildirdilər. Həmin şəxsləri əvvəldən tanımadığımıza görə onların şəxsliyyətləri tərəfimizdən dəqiqləşdirilərkən onlardan birinin şübhəli hərəkətləri diqqətimizi cəlb etdi və həmin şəxsə şəxsiyyəti barədə, eləcə də üzərində qadağan olunmuş hər hansı bir predmetin olub-olmaması haqqında suallar verdikdə o, özünü bizə rayonun Qaraçala qəsəbə sakini Təqsirləndirilən şəxs kimi təqdim edib, üzərində özünün qəbul etməsi üçün psixotrop maddə olduğunu bildirdi. Ona görə də Təqsirləndirilən şəxs və orada olan digər şəxslər, sonradan şəxsiyyətləri bizə məluma olan Şahid6, Şahid8, Şahid7 və Şahid5 sərxoş vəziyyətdə olduqlarını görüb onlar 28 fevral 2024cü il tarixdə saat 00:10 dəqiqədə tərəfimizdən saxlanılaraq həmin gün saat 00:50 radələrində Salyan RPŞ-nə gətirildi və şöbənin növbətçi hissəsinə təhvil verildi. Odur ki, bununla bağlı müvafiq araşdırma aparılması barədə göstəriş verməyinizi sizdən xahiş edirəm” yazılmışdır. Göründüyü kimi müstəntiq Sahib Əzizovun toplanmış materialdan, o cümlədən sözügedən “raport”dan və Təqsirləndirilən şəxs hansı formada saxlanılaraq polis şöbəsinə gətirilməsindən məlumatı olmamışdır. Cinayət işinin materiallarının 15-ci səhifəsində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 01:20 dəqiqədə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhələr olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 12-ci səhifəsində olan 28 fevral 2024-cü il tarixli vəkil orderinin tapşırığın məzmunu və işin mərhələsi qrafasında Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi yazılmışdır. Həmçinin cinayət işinin materiallarının 1-ci səhifəsində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsəində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Şərh edilənlərdən aydın olur ki, eyni gündə icra edilsə də və əlavə heç bir hal müəyyən edilmədən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu Cinayət Məcəlləsinin maddəsi ilə hüquqi müdafiənin aparıldığı və cinayət işinin başlandığı Cinayət Məcəlləsinin maddələri fərqli olmuş, bu hal müstəntiqlər tərəfindən hər hansı səbəblə izah olunmamışdır. Videoçəkilişdə müstəntiq X24 Məmmədovun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl ona, hüquq və vəzifələri izah olunduğunu və bu barədə yazılı bildiriş verildiyini deyir. Videoçəkilişdə isə Təqsirləndirilən şəxs faktiki olaraq hüquq və vəzifələrinin izah olunmadığı və yazılı bildiriş verilmədiyi görünür. Həmçinin bu onu bildirməyə əsas verir ki, müstəntiq Sahib Əzizov özü videoçəkilişdən əvvəl Təqsirləndirilən şəxsla təması olduğunu etiraf etmiş olur. Videoçəkilişin 00:55-ci saniyəsindən başlayaraq Təqsirləndirilən şəxs hər iki göz ətrafı və gözünün üst nahiyəsində xəsarətlərin olması aydın şəkildə müşahidə olunur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotikə görə saxlanıldığını deyir, sonra üzərindən bir ədəd nazik siqaret olan “LD” siqaret qutusunu çıxararaq stolun üzərinə qoyur, “nədi bu” sualına cavab olaraq “siqaret, metamfetamin” deyir. Üzərində olan bir ədəd mobil telefonu da çıxararaq təqdim edir. Siqaret qutusunun içərisində 6 ədəd sellofana bükülmüş büküm, bir ədəd siqaret kağızına bükülmüş olan sellofan büküm aşkar olunur. Çəkildikdə bükümlər ayrı-ayırıqda 0,45 qram, 0,46 qram, 0,47 qram, 0,50 qram, 0,46 qram, 0,53 qram, 0,48 qram olur, bükümlər birlikdə 3,36 qram olur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs metamfetaminləri bir il bündan qabaq tanış olduğu İran İslam Respublikası vətəndaşından 3 gün bundan qabaq Bakı şəhəri, Əhmədli qəsəbəsində aldığını bildirmişdir. İranlıya 200 manat pul köçürəcəyini, hələ pulu iranlıya göndərmədiyini, metamfetaminləri özü istifadə etmək üçün aldığını, satmadığını, alanda metamfetaminlərin bükümlərdə olduğunu, birindən istifadə etdiyini demişdir. Videoçəkilişin 10:30-cü dəqiqəsindən 10:36-cı dəqiqəsinə kimi polis əməkdaşı Şahid3 qolunda olan saatın əqrəbləri saat 10:15-dəqiqəni göstərir. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti faktiki olaraq 28 fevral 2024-cü il tarixdə saat 10 radələrindən sonra keçirilmiş, yəni Təqsirləndirilən şəxs faktiki olaraq 10 saatdan çox müddət ərzindən Salyan RPŞ-nin əməkdaşlarının sərəncamında olmuşdur. X17 tərəfindən “polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı fiziki və psixi zorakılığa məruz qalmamısan” sualına cavab olaraq Təqsirləndirilən şəxs “xeyir” deyə cavab vermişdir. Müdafiəçi Elman Hənifəlinin Təqsirləndirilən şəxs “saxlanılarkən psixotrop maddə üzərinizdə olub” verdiyini sualına cavab olaraq “bəli”, “7 ədəd bükümdə olub” verdiyi sualına “bəli”, bundan əlavə “üzərinə qoyulmuyub” verdiyi sualına Təqsirləndirilən şəxs “xeyir” deyə cavab vermişdir. Müdafiəçi Elman Hənifəlinin “gözünüzün içərisindəki qırmızın nədən əmələ gəlib” verdiyi sualına Təqsirləndirilən şəxs cavab olaraq “əvvəl yıxılmışam, bir həftə əvvəl ağac dəyib” demişdir. Müdafiəçi Elman Hənifəlinin “köynəyinizin üzərində ləkələr var, onlar nə idi bəs, qan ləkəsi deyildi” verdiyi sualına cavab olaraq Təqsirləndirilən şəxs “yox, xeyir”, “döyülməmisən” sualına da “xeyir” deyə cavab vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli protokolun və videogörüntünün məzmunları tam olaraq eynilik təşkil etməmiş, cinayət işi üzrə əsas sübut olan sözügedən protokola polis əməkdaşları tərəfindən edilmiş qanunsuzları gizlətmək və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasın təmin etmək üçün həqiqəti özündə ehtiva etməyən məlumatlar daxil edilmişdir. Cinayət işinin materiallarının 25-ci səhifəsində olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”nin 28 fevral 2024-cü il tarixli, 42 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:10-da yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarının 39-cu səhifəsində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 həmin tarixdə saat 03:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 42-ci səhifəsində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, saat 03:45 dəqiqədən saat 04:00 dəqiqəyədək Şahid5 üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin istintaq hərəkətinin videoçəkilişi olan və cinayət işinin materiallarının 43-cü səhifəsinə əlavə edilmiş 01 (bir) ədəd diskdən görünür ki, videoçəkilişin başlanğıcından sonuna kimi müstəntiq Sahib Əzizovun qarşısında olan stolun üzərində və cinayət işinin materiallarının 29-cu səhifəsinə əlavə olunmuş Şahid5 şəxsiyyət vəsiqəsindən çıxarışdan görünür ki, çıxarış 28 fevral 2024-cü il tarixdə saat 09:31-də çap edilmişdir. Bu onu deməyə əsas verir ki, Şahid5 üzərində “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkəti saat 09:31-dən sonra icra edilmişdir. Cinayət işinin materiallarının 45-ci səhifəsində olan “şübhəli şəxs statusundan azad etmə haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid5 şübhəli şəxs statusundan azad olunmaqla sərbəst buraxılmışdır. Cinayət işinin materiallarının 47-ci səhifəsində olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”nin 28 fevral 2024-cü il tarixli, 40 nömrəli protokolundan görünür ki, Şahid5 həmin tarixdə saat 01:59-da yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarının 58-ci səhifəsində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid7 həmin tarixdə saat 04:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 60-cı səhifəsində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, saat 04:55 dəqiqədən saat 05:10 dəqiqəyədək Şahid7 üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin istintaq hərəkətinin videoçəkilişi olan və cinayət işinin materiallarının 61-ci səhifəsinə əlavə edilmiş 01 (bir) ədəd diskdən görünür ki, videoçəkilişin başlanğıcından sonuna kimi müstəntiq Sahib Əzizovun qarşısında olan stolun üzərində və cinayət işinin materiallarının 48-ci səhifəsinə əlavə olunmuş Şahid7 şəxsiyyət vəsiqəsindən çıxarışdan görünür ki, çıxarış 28 fevral 2024-cü il tarixdə saat 09:33-də çap edilmişdir. Bu onu deməyə əsas verir ki, Şahid7 üzərində “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkəti saat 09:33-dən sonra icra edilmişdir. Cinayət işinin materiallarının 63-cü səhifəsində olan “şübhəli şəxs statusundan azad etmə haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid7 şübhəli şəxs statusundan azad olunmaqla sərbəst buraxılmışdır. Cinayət işinin materiallarının 65-ci səhifəsində olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” nin 28 fevral 2024-cü il tarixli, 38 nömrəli protokolundan görünür ki, Şahid7 həmin tarixdə saat 01:43-də yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarının 76-cı səhifəsində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid8 həmin tarixdə saat 06:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 76-cı səhifəsində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, saat 06:25 dəqiqədən saat 06:40 dəqiqəyədək Şahid8 üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin istintaq hərəkətinin videoçəkilişi olan və cinayət işinin materiallarının 80-cı səhifəsinə əlavə edilmiş 01 (bir) ədəd diskdən görünür ki, videoçəkilişin başlanğıcından sonuna kimi müstəntiq Sahib Əzizovun qarşısında olan stolun üzərində və cinayət işinin materiallarının 66-cı səhifəsinə əlavə olunmuş Şahid8 şəxsiyyət vəsiqəsindən çıxarışdan görünür ki, çıxarış 28 fevral 2024-cü il tarixdə saat 09:29-da çap edilmişdir. Bu onu deməyə əsas verir ki, Şahid8 üzərində “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkəti saat 09:29-dən sonra icra edilmişdir. Cinayət işinin materiallarının 81-ci səhifəsində olan “şübhəli şəxs statusundan azad etmə haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid8 şübhəli şəxs statusundan azad olunmaqla sərbəst buraxılmışdır. Cinayət işinin materiallarının 84-cü səhifəsində olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” nin 28 fevral 2024-cü il tarixli, 41 nömrəli protokolundan görünür ki, Şahid8 həmin tarixdə saat 02:04-də yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarının 94-cü səhifəsində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 həmin tarixdə saat 07:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 97-ci səhifəsində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, saat 07:40 dəqiqədən saat 08:00 dəqiqəyədək Şahid6 üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin istintaq hərəkətinin videoçəkilişi olan və cinayət işinin materiallarının 97-ci səhifəsinə əlavə edilmiş 01 (bir) ədəd diskdən görünür ki, videoçəkilişin başlanğıcından sonuna kimi müstəntiq Sahib Əzizovun qarşısında olan stolun üzərində və cinayət işinin materiallarının 84-cü səhifəsinə əlavə olunmuş Şahid8 şəxsiyyət vəsiqəsindən çıxarışdan görünür ki, çıxarış 28 fevral 2024-cü il tarixdə saat 09:43-də çap edilmişdir. Bu onu deməyə əsas verir ki, Şahid6 üzərində “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkəti saat 09:43-dən sonra icra edilmişdir. Cinayət işinin materiallarının 99-cu səhifəsində olan “şübhəli şəxs statusundan azad etmə haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid6 şübhəli şəxs statusundan azad olunmaqla sərbəst buraxılmışdır. Cinayət işinin materiallarının 101-ci səhifəsində olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”nin 28 fevral 2024-cü il tarixli, 39 nömrəli protokolundan görünür ki, Şahid6 həmin tarixdə saat 01:50-də yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan Şahid5, Şahid7, Şahid8 və Şahid6 üzərlərində “şəxsi axtarış və götürmə aparılması barədə” 28 fevral 2024-cü il tarixli protokolların və videogörüntülərin məzmunları tam olaraq eynilik təşkil etməmiş, istintaq hərəkətlərinin keçirilmə vaxtları fərqli olsa da protokollara başqa saatlar, yəni yalan məlumatlar yazılmışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. “Şəxsi axtarış və götürmə aparılması haqqında”protokola əlavə edilmiş videogörüntüdə Təqsirləndirilən şəxs gözlərinin ətrafında xəsarətlərin olması vizual olaraq müşahidə olunmuş, hətta müdafiəçisi də bu barədə suallar vermişdir. Salyan RPŞ-dən daxil olmuş məktubda isə Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 00:10-da yaşadığı Salyan rayonu, Qaracala qəsəbəsində saxlanılıb Salyan RPŞ-nə gətirilərkən və eləcə də ondan sonra üzərində hər hansı bir xəsarət olmamış, bu barədə hər hansı bir müraciəti də olmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 2214/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, sonuncu 02 mart 2024-cü il tarixdə istintaq təcridxanasına keçirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs bədəni üzərində sol saidin ön səthində, boynunun sol səthində, sağ kürək nahiyəsində köhnə çapıqlar” olduğu və Təqsirləndirilən şəxs zədə almadığını bildirdiyi yazılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarından qorxduğu üçün İstintaq Təcridxanasına daxil olarkən xəsarət almadığını dediyini, aşkar olunmuş xəsarətlərin həqiqətən köhnə xəsarətlər olduğunu, lakin İstintaq Təcridxanasına daxil olan vaxt gözlərinin ətrafında xəsarətlər olduğunu, gözlərinin içərisinə qan dolduğunu, döyülməsi nəticəsində başının partlamış vəziyyətdə olduğunu, nədənsə bütün bu xəsarətlərin qeyd edilmədiyini bildirmişdir. Təhlil edilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs Salyan RPŞnə aparılan zaman bədəni üzərində hər hansı xəsarət olmamış, faktiki olaraq 10 saatdan çox vaxt ərzində polis əməkdaşlarının sərəncamında olmasından və polis əməkdaşları tərəfindən döyülməsindən sonra bədəni üzərində xəsarətlər yaranmışdır. “İnsan hüquqlarının və X7 haqqında” 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı” 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Cinayət Məcəlləsinin 293-cü maddəsində işgəncəyə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 293-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə və Cinayət-Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən əməliyyataxtarış tədbiri keçirmək səlahiyyətində olan orqanların, o cümlədən polis əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs qəbul edilən vaxt, onun bədəni üzərində xəsarətlər görünsə də bununla bağlı yeri prokurorluq orqanı tərəfindən hər hansı araşdırma aparılmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs işgəncə barədə iddialarına dair məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma apararaq dəyərləndirməlidir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının “X18”ndə işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertiza rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və X7 haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olunmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, X18ndən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə tərkibi hazırkı işdə də hesab edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi işgəncəyə qeyir-insani, alcaldıcı rəftara məruz qalmamasını sübut etmək yükü istintaq orqanının üzərinə düşür. İşin mübahisəsiz halıdır ki, Təqsirləndirilən şəxs 10 saatdan artıq müddət ərzində Salyan RPŞdə saxlanılmaqla polis əməkdaşlarının sərəncamında olmuş, həmin müddət ərzində iki dəfə şəxsi axtarışa məruz qalmış, üzərində cinayət məsuliyyəti yaradacaq miqdarda psixotrop maddə metamfetamin olmadığından üzərinə qoyulmuş 7 bükümdə psixotrop maddəyə münasibətdə etirafedici izahat və ifadələr verməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmış və o, ona qarşı qeyri-əxlaqi hərəkətlər ediləcəyi ilə hədələnmişdir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi Salyan rayon prokurorluğu tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz saxlanılması, döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Halbuki yerli prokurorluq orqanı Təqsirləndirilən şəxs qəbul edən zaman, orada sonuncunun göz ətrafı nahiyələrində xəsarətlərin olmasını müşahidə etmişlər. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasının açıq şəkildə müşahidə edilməsinə baxmayaraq araşdırmanın başladılmamasına, sonuncunun saxlanılan zaman həkim və ya məhkəmətibbi ekspertizasından keçirilməməsinə tənqidi yanaşaraq, Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından müdafiə tərəfinin işgəncə barədə iddialarının araşdırılmasını, məhkəmənin işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsi olduğunu qeyd edir. “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanmas, o cümlədən “inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Hazırkı dövrdə məhkəmə işgəncəyə məruz qalmış Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsini məqbul hesab etmir, məhkəmə tərkibi hesab edir ki, işgəncə faktının baş verməsindən 8 ay müddət kemiş, faktiki olaraq Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər sağalmış, xəsarətlərinin olmasına dair hər hansı tibbi sənəd açılmasına isə istintaq orqanı şərait yaratmamış və ya imkan verməmişdir. Lakin Təqsirləndirilən şəxs Salyan RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasına gətirilən zaman onun bədəni üzərində hər hansı xəsarətin olmaması, ancaq videogörüntü zamanı bədəni üzərində xəsarətlərin görsənməsi, hətta videoçəkiliş aparılan zaman üzərində olan xəsarətlərlə bağlı müdafiəçisi tərəfindən suallar verilməsi bir obyektiv həqiqətdir, hər hansı halla təkzib olunması mümkün deyildir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafedici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə topladığı zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşlarından qorxduğu üçün barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə və İstintaq Təcridxanasına daxil olan zaman müayinə olunarkən məlumat vermədiyini, lakin bədəni üzərində olan xəsarətləri müdafiəçisinin, ibtidai istintaqı aparan müstəntiqin və prokurorun gördüyünü, lakin bununla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı və yerli prokurorluq orqanı tərəfindən müvafiq araşdırmanın aparılmaması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadələrində saxlanılan zaman üzərində, istifadəsindən sonra qalıq qalan az miqdarda metamfetamin olmasını bildirməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin hal ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyildir. Əgər Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman üzərində cinayət məsuliyyətinə cəlb ediləcək miqdarda psixotrop maddə metamfetamin olsaydi, onun 10 saatdan çox müddətdə qanunsuz olaraq polis şöbəsində polisin sərəncamında qalması, ona qarşı işgəncə, qeyri-insani və digər hərəkətlər edilməsinə, hədələnməsinə ehtiyac olmazdı və Təqsirləndirilən şəxs üzərində olan həmin psixotrop maddə metamfetaminə görə məsuliyyətə cəlb edilərdi. Baş vermiş faktiki hallar o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olsa da onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etməmişdir. Təqsirləndirilən şəxs ilkin ifadələrində üzərində olan bükümün içərisinə polis əməkdaşlarının əlavələr etdiklərini, verilmiş ittihamda yazılmış bükümlərin heç birisinin ona aid olmadığını bildirsə də, son sözünü deyən zaman Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyini, üzərində psixotrop maddə olmadığını, polis əməkdaşları onu polis şöbəsinə aparıb üzərinə psixotrop maddə qoyduqlarını, psixotrop maddəni götürmədiyi üçün polis əməkdaşlarının onu 9-10 saata yaxın döydüklərini, döyüldüyü və qeyri-əxlaqi hərəkətlər ediləcəyi ilə hədələndiyi və ona təzyiqlər olunduğu üçün polis əməkdaşlarının dediklərini etdiyini, yəni polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra-Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, şəxsin Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Şərh edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə ilkin olaraq bildirdiyi narkotik vasitə faktiki olaraq mövcud olmamış, mövcud olmayan narkotik vasitəyə görə ittiham verilməsi cinayət-prosessual qanunvericliyin tələblərinə ziddir. Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış istintaq hərəkətinin hansı səbəbdən onun tutulduğu yerdə, tarixdə və vaxtda deyil, məhz Salyan RPŞ-də 10 saatdan çox vaxt keçdikdən sonra aparıldığını, saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetaminin olduğunu demişdirsə, psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs üzərindən götürülməsini müşahidə etmiş şəxslərin yalnız polis əməkdaşlarından ibarət olmasının müstəntiq tərəfindən izah edilməməsi, eləcə də obyektiv həqiqəti özündə ehtiva edən Təqsirləndirilən şəxs üzərində birinci dəfə axtarış aparılan zaman videoçəkilişin aparılmaması və hal şahidlərinin iştirak etməməsi də onu göstərir ki, verilmiş ittiham polis əməkdaşlarının quraması olmuş və polis əməkdaşlarının özləri tərəfindən qoyularaq özləri tərəfindən götürülmüş sübuta əsaslanmışdır. Təqsirləndirilən şəxsla eyni vaxtda saxlanılmış Şahid5 ifadəsində bildirmişdir ki, polis şöbəsində polis əməkdaşları ona, Təqsirləndirilən şəxs üzərindən bir siqaretlik narkotik vasitə çıxdığını demişdilər. Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış digər Şahid8 ifadəsində bildirmişdir ki, polis şöbəsində polis əməkdaşları ona, Təqsirləndirilən şəxs üzərindən bir baş nəşə aşkar olunduğunu demişdilər. Şahid ifadələrini təhlil etdikdə aydın olur ki, Təqsirləndirilən şəxs və onunla birlikdə saxlanılan digər şəxslər Salyan RPŞnə daxil olduqdan sonra onların üzərilərində, videoçəkiliş keçirilmədən və hal şahidləri olmadan şəxsi axtarış aparılmış, ikinci dəfə isə şəxsi axtarış istintaq hərəkəti onların üzərilərində səhər saat 09:30-dan sonra ardıcıllıqla icra edilmişdir. Məhkəmə tərkibi bildirir ki, ittiham hökmü yalnız maddi sübuta-psixotrop maddəyə, xüsusilə də “qoyulma” sübuta əsasən çıxarıla bilməz. Bundan əlavə cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli məqam odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə münasibətdə özünü təqsirli bilməmiş, döyüldüyü, işgəncəyə məruz qaldığı və qeyri-insani hərəkətlərin ediləcəyi ilə hədələndiyi üçün özünə qarşı etirafedici ifadələr verdiyini demişdir. Bundan əlavə şəxsi axtarış və götürmə haqqında protokol, şəxsiyyət vəsiqələrindən çıxarış, işin halları, təqsirləndirilən şəxs və məhkəmə iclasında dindirilən şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 7 bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, Təqsirləndirilən şəxs faktiki olaraq saxlandıqdan 10 saat sonra, onun üzərində şəxsi axtarış və götürmə kimi istintaq hərəkəti icra edilərək, polis əməkdaşlarının özləri tərəfindən də üzərindən götürülmüşdür. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Həmçinin “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə saat 23 radələrində Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yoldaşları Şahid5, Şahid7, Şahid8 və Şahid6la birlikdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə aparılsa da onun faktiki azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən, yəni şübhəli şəxs qismində tutulduğu vaxtdan təxminən 10 saat sonra, yəni məhkəməyədək icraat zamanı toplanmış istintaq sənədlərinə əsasən 28 fevral 2024-cü il tarixdə saat 10:15də üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmaması əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynindəki idman koftasının sağ yan cibindən bir ədəd LD markalı siqaret qutusunun içərisində yeddi ədəd polietilen kəsiyi bükümündə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri-0,512 qram, 0,353 qram, 0,409 qram, 0,399 qram, 0,395 qram, 0,409 qram, 0,400 qram, ümumi çəkisi-2,877 qram psixotrop maddə olan metamfetamin” ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Məhkəmə tərkibi yuxarıda şərh olunanlar nəticəsində belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri, azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş 7 bükümdə psixotrop maddənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələr verməsinə məcbur edilməsi səbəbindən, etirafedici sözləri şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində, eləcə də təqsirləndirilən şəxsə “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilmədiyindən almışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşlarının həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X2rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy təqsirləndirilən şəxs Zaur Məmədovda aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə istintaqı zamanı təyin edilərək alınmış “məhkəmə-kimyəvi ekspertizası”nın 01 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3451 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Bölməsi №1” möhür əksi, “Ekspert Rəyi:3-16-16/2-18/219 28 fevral 2024-cü il HK1/420 Salyan RPŞ Təqsirləndirilən şəxs üzərindən götürülmüş metamfetamin 7 büküm..” yazısı və imza olan paketdəki 7 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 2,527 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,462 qram, 0,303 qram, 0,359 qram, 0,349 qram, 0,345 qram, 0,359 qram, 0,350 qram) ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, 7 (yeddi) ədəd bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi kompoment tərkibinə görə eynidirlər. Sözügedən “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi onu deməyə əsas verir ki, 7 (yeddi) bükümdə olan psixotrop maddə metamfetaminlər eyni mənbədəndir, orada digər hər hansı mənbədən əldə edilmiş metamfetamin yoxdur. Cinayət işinin materiallarının 168-ci səhifəsində olan Salyan RPŞ-nin İB-nə verilmiş əməliyyat tapşırığına cavab olaraq NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 tərəfindən tərtib edilmiş 13 aprel 2024-cü il tarixli “raport” da göstərilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etməsi müəyyən edilsə də, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Məhkəmə istintaqı zaman Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Şahid4 onu döymüşdür. Şahid4 dubinka ilə vurub başını partlatmışdır. Gözünün içi qan bağlamışdır. Qollarında dubinka ilə vurma nəticəsində xəsarətlər olmuşdur. Şahid4 qarşısına bir ədəd böyük büküm narkotik vasitə qoyaraq “bu büküm sənindir, bu bükümlə səni sənədləşdirəcəm” demişdir. Şahid4gil onu döydüklərindən və hədələdiklərindən polis əməkdaşları ilə razılaşmış, onlar nə demişlərsə elə də etmişdir. Bundan sonra üzərinə həmin bükümü qoymayıb, digər bükümləri qoymuşlar. Ondan götürülmüş siqaret qutusu Şahid4 olmuş, Şahid4 siqaret qutusunu gətirib ona vermişdir. Şahid4 ona qarşı başqa qeyri-əxlaqi şeylər də edəcəyini demişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermiş Şahid4, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış-tədbirləri keçirərək “raport” yazmışdır. Belə olan halda verilmiş məlumatın obyektiv və qərəzsiz olmasından söhbət gedə bilməz. Hətta Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra Şahid4 onun üzərində şəxsi axtarış aparılmasında hansı səbəbdən iştirak etməsi məhkəməyə qaranlıq olaraq qalmışdır. Həmçinin verilmiş əməliyyat-axtarışının cavabı ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və “raport”la istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. Cinayət işinin materiallarının 110-111-ci səhiflərində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ondan aşkar olunub götürülmüş bir ədəd “Redmi Not 7” markalı mobil telefona baxış keçirilərkən mobil telefonun “whatsapp” bölməsindəki siyahda “Tünzalə xala” adı ilə qeyd edilmiş İran mobil operatoruna məxsus +98 905 *** **** telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ********* nömrəsinə zəng edən kişi cinsinə məxsus şəxsin 18 fevral 2024-cü il tarixdə saat 13:25-də 0.09 dəqiqəlik və 26 fevral 2024cü il tarixdə saat 13:57-də 0.04 dəqiqəlik səsli mesajlar göndərməsi və həmin mesajlarda Təqsirləndirilən şəxs nə üçün onun zənglərinə və mesajlarına cavab verməməsinin səbəbini soruşub ondan gileyləndiyinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərkibi bildirir ki, həmin məlumatlar tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, təhlil olunduqda və cinayət təqibi üzrə toplanmış digər sübutlar ilə bir-bir müqaisə edildikdə heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımasını təsdiq etmir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən telefonla danışmaq hər bir Azərbaycan Respublikası vətəndaşı kimi Təqsirləndirilən şəxs da Konstitusiyada nəzərdə tutulmuş hüququdur. Məlumatlardan göründüyü kimi danışıqların məzmunda psixotrop maddə ilə bağlı hər hansı fakt yoxdur, həmçinin hər hansı yazılı mətinlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus nömrə ilə danışmasını, onun həmin danışıqları məhz psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşıması ilə bağlı etməsi qənaətinə gəlinməsi məntiqsiz və absurtdur. İbtidai istintaq orqanı tərəfindən təqdim olunmuş iş materiallarında Təqsirləndirilən şəxs ölkə ərazisindən İran İslam Respublikasına keçməsinə dair hər hansı bir məlumat təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən “Redmi Not 7” markalı mobil telefonu çıxararaq təqdim etmiş, həmin telefona Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə baxış keçirilməmiş və müvafiq qaydada qablaşdırılaraq götürülməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi Not 7” markalı mobil telefona şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilərkən hansı səbəbdən baxış keçirilməməsi barədə hər hansı bir məlumat qeyd edilməmiş və arqument gətirilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilməsi istintaq hərəkəti icra edilən zaman, Təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin istintaq hərəkətində iştirak etməmişlər. Hansıki, Cinayət-Prosessual Məcəlləsinin 91.5.14-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünün təqdim etdiyi mobil telefona və cinayət işinin materiallarının 170-174-cü səhiflərində olan “Azercell”dən 06 aprel 2024-cü il tarixli, 7522 nömrəli məktubla daxil olmuş məlumatlara baxış keçirilən zaman müdafiəçisi ilə birlikdə istirak etmək, müvafiq izahlar və vəsatətlər vermək hüququ olmuş, həmin hüquq istintaq orqanı tərəfindən təmin edilməmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən göründüyü kimi Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət tərəfindən təyin edilmiş vəkil Elman Hənifəli də Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi Not 7” markalı mobil telefona baxış keçirilməsini istintaq orqanından tələb etməmişdir. Həmin telefon məlumatarında iş üzrə Təqsirləndirilən şəxs təqsirini sübut edən hər hansı faktlar qeyd edilmədiyindən, Təqsirləndirilən şəxs hüquqlarını pozmaqla, yəni Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən və baxış keçirildiyindən cinayət prosesində sübut kimi qəbul edilə bilməz. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə trəkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Salyan RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,247 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 318, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul vəsaitinin- ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,247 qram psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan “Redmi Not 7” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar