Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-523/2023 09.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,681 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 0,155 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki, təmiz çəkisi 8,20 qram və 0,10 qram olmaqla çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümümi təmiz çəkisi 8,30 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlayıb üzərində daşıyarkən, Şirvan şəhər polis şöbəsinin X5 bölməsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün 11 mart 2023cü il tarixdə saat 23:30 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək üzərində video-çəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş polietilen kəsiyi bükümdə təmiz çəkisi 2,681 qram psixotrop maddə olan metamfetamin, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,155 qram narkotik vasitə olan tiryək, bir ədəd polietilen kəsiyi bükümdə 8,20 qram və bir ədəd tamlığı pozulmuş siqaretin içərsində 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən narkotik vasitə istifadəçisi kimi təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən marixuanadan istifadə edir. Hadisə günü Şirvan şəhərində Dəniz marektin yaxınlığında işıqforun qırmızı işığından keçdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb, Şirvan ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı isə üzərindən marixuana, tiryək və metamfetamin aşkar edilmişdir. Həmin vaxt narkotik vasitələri yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis şöbəsində ona qarşı heç bir təsir və ya təzyiq edilməmiş, lakin üzərində olan metamfetamin 0,6-0,7 qram çəkidə olmuş, digər narkotiklərin də çəkisi az olmuşdur. Həmin narkotikləri isə yaşadığı ərazidə zibil qutusunun yanından birlikdə yerdən tapmışdır. Marixuanadan özü istifadə etmək üçün üzərində saxlamış, digər narkotikləri isə hansı səbəbdən üzərində saxladığını bilmir, onları atmağı düşünmüşdür. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan ŞPŞ-nin X5 bölməsinin Yol-Patrul xidmətinin baş inspektoru vəzifəsində işləyir. 11 mart 2023-cü il tarixdə saat 23:30 radələrində Şirvan ŞPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid2 və Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində xidmətdə olduqları zamanı “VAZ 2107” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozduğunun şahidi olmuşlar, həmin avtomobil tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşdıqları zamanı sürücü Təqsirləndirilən şəxs və avtomobildə sərnişin olan Samir İsmayılov, Ramal Məmmədov özlərini şübhəli apardıqlarından, narkotik vasitələrin təsiri altında olmalarından şübhələndiklərindən, onları Şirvan PŞ-yə dəvət etmişlər. Onları növbətçi hissəyə təhvil vermiş, bu barədə raportla rəhbərliyə müraciət edərək, aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişlər. Raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuş, Təhqiqat bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya vəkil təyin olunmuş, vəkil gəldikdən sonra video-çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “West” markalı siqaret qutusu təqdim etmiş, həmin qutunun içərsindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər maddə, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, 1 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddə və yarı istifadə olunmuş 1 ədəd siqaretin içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə təqdim etmiş, həmin bükümlərdə narkotik vasitə qurudulmuş marixuananın və tiryəkin, psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin narkotik vasitə qurudulmuş marixuananın və tiryəkin, psixotrop maddə olan metamfetaminin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni 11 mart 2023-cü il tarixdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşadığı evin küçəsindən yerdən tapdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2107” markalı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış keçirilən zaman heç bir qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Şirvan ŞPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Şahid1, inspektor Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, xx.xx.2023-cü ildə saat 23:30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən VAZ2107 markalı, ** EZ *** dövlət nömrə nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pzomuş, tərəflərindən saxla işarəsi verilmişdir. Saxladıqdan sonra özlərini təqdim edib sənədlərin istədikdə sürücü və yanındakı sərnişinlər özlərini şübhəli aparmışlar, həmin şəxslərlə söhbət edərkən içki qəbul etmədiklərini hiss edib narkotik maddələrin təsiri altında olduqlarından şübhələnərək onları polis şöbəsinə dəvət etmişlər. (c İ, i.v 6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən saat 23:30-dan faktiki olaraq azadlığı məhdudlaşdırılmış hesab edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 17-18) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd “West” markalı siqaret qutusunun içərsindən 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 1 ədəd mavi rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, 1 ədəd siqaretin içərsində narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 25-28) İşdə olan, məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/291-18/292 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 1 ədəd gümüşü rəngli kağıza bükülmüş polietilen kəsiyi bükümündə-təmiz çəkisi 2,681 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəksi-0,155 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəksi 8,20 qram olan bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 ədəd tamlığı pozulmuş siqaretin içərsində təmiz çəkisi 0,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetaminin təmiz çəkisi-2,681 qr, cəmi tədqiqata sərf olundu-0,05 qr, qalıq-2,631 qr. Tiryəkin təmiz çəkisi-0,155 qr, cəmi tədqiqata sərf olundu-0,05 qr, qalıq- 0,105 qr, marixuana ümumi çəkisi-8,30 qr, cəmi tədqiqata sərf olundu-0,04 qr (hər ob-0,02 qr, qalıq-8,26 qr). Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (c İ, i.v 38-41) İşdə olan, nikah və doğum haqqında şəhədatnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2020-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü iki uşağı vardır. (c İ, i.v 61-63) İşdə olan, xx.xx.2023-cü il tarixli Şirvan Şəhər Məhkəməsinin 4(032)-112/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 77-83) İşdə olan, Şirvan ŞİHB-nın Hacıqəhrəmanlı qəsəbə icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə keçirilən Respublika və yerli əhəmiyyətli tədbirlərdə özünün və ailə üzvlərinin iştirakını təmin etməmiş və özünü təşəbbüskar, bacarıqlı vətəndaş kimi göstərə bilməmişdir. (c İ, i.v 112) İşdə olan, xx.xx.2023-cü il tarixli verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəki və qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamni haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. (c İ, i.v 131) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (c İ, i.v 137-138) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli 2849 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 139-140) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı 2,631 qram psixotrop maddə metamfetaminin, 0,105 qram tiryəkin və 8,26 qram narkotik vasitə qurudulmuş marixuananın qalıqları maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. (c İ, i.v 143-154) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitələrin çəkisi az olmuş, eyni zamanda ondan aşkar edilmiş psixotrop maddənin də çəkisi 0,6-0,7 qram olmuşdur. Təqsirlərdirilən şəxsin irəli sürdüyü dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə narkotik vasitə olan tiryək, bir ədəd bükümdə və bir ədəd tamlığı pozulmuş siqaretin içərsində narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Bu hal işin mübahisəsiz hallarıdır. Lakin Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmetlərin çəkisi mübahisələndirərək, şəxsi axtarış zamanı təqdim etdiyi bükümlərdə olan narkotik vasitələrin və psixotrop maddənin çəkisinin az olduğunu iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən əvvəlcə elektron tərəzidə çəkilərək, təqribi çəkiləri müəyyən edilmiş, bundan sonra həmin predmetlər ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılıb, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənir. Bundan sonra məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının rəyi ilə həmin maddələrin hansı növdə narkotik vasitələr və psixotrop maddə olması və çəkiləri müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən təqdim edilmiş maddələr dərhal elektron tərəzidə çəkilərək təqribi çəkiləri müəyyən edilmiş və qablaşdırılaraq götürülmüş, daha sonra həmin predmetlərin növü və çəkisi isə ekspert tərəfindən müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkilərinin az olması barədə irəli sürdüyü dəlil iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokol, ona əlavə edilmiş videoçəkiliş, məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/291-18/292 №-li rəyi və şahid ifadələri ilə tam təkzib edilir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisinin az olması barədə gətirdiyi dəlili məsuliyyətini yüngülləşdirmək məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda – bir ədəd bükümdə ümumi təmiz çəkisi 2,681 qram psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,155 qram narkotik vasitə olan tiryək, bir ədəd bükümdə 8,20 qram və bir ədəd tamlığı pozulmuş siqaretin içərsində 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamini əldə etdikdən sonra 3 (üç) ədəd bükümdə, yəni 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş polietilen kəsiyi bükümdə təmiz çəkisi 2,681 qram psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,155 qram narkotik vasitə olan tiryək və 1 (bir) ədəd polietilen kəsiyi bükümdə 8,20 qram və 1 (bir) ədəd tamlığı pozulmuş siqaretin içərsində 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxsin əldə etdiyi şəxsi istehlak miqdarında narkotik vasitə tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuana və külli miqdarda psixotrop maddə metamfetamini kiməsə satması, ümumiyyətlə onun həmin vasitə və maddələrin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında narkotik vasitə tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuana və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin tutulmasından əvvəl onun hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddənin satışı ilə məşğul olması, kiməsə narkotik vasitələr və psixotrop maddə satması, narkotik vasitələr və psixotrop maddənin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddəni əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Ümumiyyətlə təqsirləndirilən şəxsin tutulmasına səbəb onun narkotik vasitələr və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar olmamışdır. Başqa sözlə, o, tutulanadək əməliyyat orqanında onun narkotik vasitələr və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən narkotik vasitələri konkret şəxslərə satması barədə heç bir məlumat olmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan sübutlar arasında təqsirləndirilən şəxsin narkotik vasitələr və psixotrop maddənin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Yəni, hüquq mühafizə orqanları təqsirləndirilən şəxsin narkotik vasitələr və psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı obyektiv, dəqiq və yoxlanılmış məlumata sahib olmamışlar. İş materiallarına əlavə edilmiş raportdan isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində idarə etdiyi VAZ2107 markalı, ** EZ *** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və Şirvan ŞPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, saxladıqdan sonra sürücü və yanındakı sərnişinlər özlərini şübhəli aparmışlar, həmin şəxslərlə söhbət edərkən içki qəbul etmədiklərini hiss edib narkotik maddələrin təsiri altında olduqlarından şübhələnərək onları polis şöbəsinə dəvət etmişlər. Qeyd edilənləri təhlil edib məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına onun narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddəni əldə etməsi, qeyd edilən vasitələr və maddənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla təqsdiq olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddənin satışı ilə məşğul olması barədə cinayət işinin materiallarında hər hansı sübut (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) mövcud deyil. Digər sübutlar olmadığı halda şəxsin üzərindən bir ədəd bükümdə təmiz çəkisi 2,681 qram psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,155 qram narkotik vasitə olan tiryək, bir ədəd bükümdə 8,20 qram və bir ədəd tamlığı pozulmuş siqaretin içərsində 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanması isə özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri və maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan başqa, “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının qanuniliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə (2006), “Fadin Rusiyaya qarşı” iş üzrə (2006), “Lenskaya Rusiyaya qarşı” iş üzrə (2009) və “Radçikov Rusiyaya qarşı” iş üzrə (2007) qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Eyni zamanda cinayət işinin materiallarında olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Başqa sözlə, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 2,681 qram psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,155 qram narkotik vasitə olan tiryək, bir ədəd bükümdə 8,20 qram və bir ədəd tamlığı pozulmuş siqaretin içərsində 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istifadəsi üçün əldə etməsi, yəni həmin çəkidə olan maddələrin onun bir neçə günlük istifadə dozası ola bilməsi ağlabatandır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs CM-nin 234.4.3- cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitənin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə və narkotik vasitələr əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə və narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak üçün əldə edildiyini etiraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında əsaslı olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1-2). Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 17-18) və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi barədə etirafedici ifadə vermişdir. (cild 1, iş vərəqə 65-67). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində elə CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilərkən istinad edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitələrin növlərini və psixotrop maddəninin çəkisinin külli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən külli miqdarda psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə külli miqdarda psixotrop maddə və narkotik vasitələri qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız onun külli miqdarda psixotrop maddəni, narkotik vasitə olan qurudulmuş marixuananı və tiryəki üzərində saxlamasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (cild İ şübhəli şəxs – iş v. 47-49; təqsirləndirilən şəxs – iş v. 65-67; Şahid1 – iş v.98-100; Şahid2– iş v. 128-130; Şahid3– iş v. 117-119), nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2023-cü il tarixli məktub – iş v. 131) ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı üç aya yaxın müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 25 may 2023-cü il tarixli qərarı ilə 13 mart 2023-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa təqsirkarın narkotik vasitələri və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən həmin maddələrin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 12 mart 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə narkotik vasitə olan tiryək, bir ədəd bükümdə və bir ədəd tamlığı pozulmuş siqaretin içərsində narkotik vasitə olan qurudulmuş marixuana istisna olmaqla, onun həmin maddələrin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitələr və psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək verdiyi bütün izahat və ifadələrdə üzərindən aşkar olunmuş maddələri məhz şəxsi istifadəsi üçün əldə edib, saxlayaraq daşıdığını bildirmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə narkotik vasitə olan tiryək, bir ədəd bükümdə və bir ədəd tamlığı pozulmuş siqaretin içərsində narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında narkotik vasitə tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuana və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə xx.xx.2023-cü il tarixdə onun üzərindən həmin predmetlərin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitələr tiryək, marixuana və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki olaraq azadlığının məhdudlaşdırıldığı andan, 11 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,631 qram psixotrop maddə metamfetamin, 8,26 qram narkotik vasitə qurudulmuş marixuana, 0,105 qram narkotik vasitə tiryək məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan olan 99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,631 qram psixotrop maddə metamfetamin, 8,26 qram narkotik vasitə qurudulmuş marixuana, 0,105 qram narkotik vasitə tiryək məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-523/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-523/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver