Məhkəmə qərarları › İş №1(099)-524/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-524/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-524/2022 07.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşbul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda yaşayan, barəsində 20 aprel 2022-ci ildə ev dustaqlığı qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində Sabirabad rayonunun Qalaqayın kəndində yaşadığı evin eyvanında 8 ədəd kauçuk dibçəklərdə 24 ədəd külli miqdarda çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, həmin toxumlardan cücərmiş tərkibində narkotik maddələr olan 24 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 18 aprel 2022-ci ildə, saat 11 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilən zaman, evin eyvanında 8 kauçuk dibçəklərdə, ümumi təmiz çəkisi 5,02 qram olmaqla külli miqdar təşkil edən 24 ədəd əkilib becərilməsi qadağan olunanmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində arvadı və 3 azyaşlı uşaqları ilə birgə Sabirabad rayonunun Qalaqayın kəndində yaşayır və elektrik ustası işləməklə ailəsini dolandırır. 2017-ci ildə əldə etdiyi 24 ədəd çətənə bitkisinin toxumlarını 2022-ci ilin mart ayının əvvəllərində yaşadığı evin eyvanında 8 ədəd kauçuk dibçəklərə əkmiş, onlara qulluq edərək becərmiş, 18 aprel 2022-ci ildə saat 11 radələrində yaşadığı evdə olarkən rayon polis əməkdaşları həyətinə gələrək hal şahidlərinin, aqronomun və özünün iştirakı ilə həyətinə və evin eyvanına baxış keçirilmiş, baxış zamanı evin eyvanında 8 ədəd kauçuk dibçəklərə əkib becərdiyi 24 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüş, sonra keçirilən baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmanlıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının, üç azyaşlı uşağının olmasını və ilk məhkumluğunu nəzərə alaraq məhkəmədən ona maddənin aşağı həddində cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Sabirabad RPŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 18 aprel 2022-ci ildə səhər saatlarında Sabirabad rayonunun Qalaqayın kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və evin eyvanına Raufun, hal şahidlərinin və aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncunun evin eyvanında 8 ədəd kauçuk dibçəklərə əkib becərdiyi 24 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüş, sonra keçirilən baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmış, şifahı sorğu zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini özü istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 da ifadə verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 18 aprel 2022-ci ildə, saat 11 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə polis əməkdaşlarının, aqronomun iştirakı ilə keçirilmiş baxışda həmkəndlisi Şahid5 ilə birlikdə orada hal şahidi qismində iştirak etmiş, baxış zamanı evin eyvanının altında kauçuk dibçəklərə əkdiyi ümumilikdə 24 ədəd çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq orada iştirak edən şəxslər tərəfindən imzalanmış, sorğu-sual zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini öz istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 18 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Sabirabad rayonunun Qalaqayın kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətdəki tikililərə baxış keçirilən zaman, yaşadığı evin açıq eyvanının alt hissəsində 8 ədəd kauçuk dibçəklərdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, ümumi təmiz çəkisi 5,02 qram olmaqla külli miqdarda təşkil edən 24 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar olunub götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19 aprel 2022-ci il tarixli, 18/445 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış” sözləri və imzalar olan kağız paketdə ümumi sayı 24 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-5,02 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir.Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 2555 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan aşkar edilərək götürülmüş, ümumi sayı 24 ədəd olan cətənə (kannabis) bitkiləri Sabirabad rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və onu həmin maddə ilə təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 18 aprel 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Sabirabad rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 18 aprel 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməli, oradan isə Bakı İstintaqTəcridxanasına etap olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 16 may 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X3 rayonunun Qalaqayın kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı, 2019, 2021 və 2022-ci ildə doğulmuş 3 azyaşlı uşaqları ilə birgə həmin kənddə yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 3 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olunmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan ümumi sayı 24 ədəd olan cətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan da Bakı İstintaq Təcridxanasına etap olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi sayı 24 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar