Məhkəmə qərarları › İş №1(099)-525/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-525/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-525/2025 02.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X11 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – Hüseynli Misrabim Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.2000-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 dekabr 2025-ci il tarixdə saat 15:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu “Milad” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə iki ədəd kisədə qablaşdırılmış altı ədəd bağlamada külli miqdarda-6070,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının Astara rayonu, Alaşa kəndi ərazisində yerləşən 14-cü sahəsinin arxa tərəfində yarımtikilinin həyətində gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 21 mart 2025-ci il tarixdə saat 22 radələrində bu cinayət əməlindən xəbərsiz, tanışı X4 idarə etdiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib həmin əraziyə gedib, orada avtomobildən düşüb qeyd olunan yerdən iki ədəd qara rəngli kisədə qablaşdırılmış, altı ədəd bağlamada ayrı-ayrılıqda 1000,0 qram, 1010,0 qram, 1015,0 qram, 1020,0 qram, 1005,0 qram və 1020,0 qram olmaqla cəmi, külli miqdarda- 6070,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, gəldiyi avtomobilə tərəf daşıyaraq avtomobilin arxa oturacağının üzərinə qoymuş, avtomobillə həmin ərazidən uzaqlaşmaq istəyərkən həmin ərazidə dövlət sərhədinin mühafizəsi üzrə “Gözətçi dəstə” sərhəd naryadını təşkil edən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının hərbi qulluqçuları tərəfindən saxlanılmış, “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilən zaman arxa oturacaqda iki ədəd kisədə qablaşdırılmış altı ədəd bağlamada külli miqdarda-6070,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir ay əvvəl Milad adlı İran İslam Respublikası vətəndaşına ona şəxsi istifadəsi üçün narkotik vasitə marixuana göndərməsi üçün 700 manat pul göndərmişdir. Milad narkotik vasitəni qısa zaman ərzində ona göndərməli olsa da, bir neçə gün müxtəlif bəhanələr gətirərək vəd etdiyi narkotik vasitəni ona göndərməmişdir. Daha sonra Milad ona narkotik vasitəni Lənkəran rayonu ərazisinə “qoydura” biləcəyini demiş, o Miladın bu təklifi ilə razılaşmamışdır. Sonradan müddətin uzandığını görüb Miladın təklifi ilə razılaşmış, Milad narkotik vasitəni gizlətdiyi yerin konumunu və fotoşəkillərini ona “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Milad ona konum atdığı yerdə 6 kq marixuana olduğunu, göndərdiyi 700 manat pulun əvəzi olaraq 1 kq marixuana götürməsini, yerdə qalan 5 kq marixuananı isə magistral yolda çıxdıqdan sonra istədiyi yerə qoyub həmin yerin konumunu ona göndərməsini bildirmişdir. O, Miladın göndərdiyi konuma daxil olduqda narkotik vasitənin Astara rayonu, Alaşa kəndi ərazisində gizlədildiyini müəyyən etmişdir. 21 mart 2025-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan tanışı Nemətin avtomobili ilə Astara rayonuna yola düşmüş, lakin Astara rayonuna narkotik vasitə əldə etmək üçün getməsi barədə Nemətə heç bir məlumat verməmiş, Nemətə yalandan Astara rayonuna tanışından gül və limon ağacı götürmək üçün getdiyini bildirmiş, onu Astara rayonuna aparıb-gətirməsi müqabilində 200 manat pul vəd etmişdir. O, konumla hərəkət edərək Astara rayonu, Alaşa kəndi ərazisinə gəlmiş, avtomobildən düşərək sərhəd zastavasının yaxınlığında olan yarımtikiliyə yaxınlaşmış, orada gizlədilmiş içərisində narkotik vasitə marixuana olan iki ədəd kisəni götürərək avtomobilin arxa oturacağına qoymuş, avtomobillə həmin ərazidən uzaqlaşmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onları saxlamış, avtomobilə baxış zamanı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, 4-5 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Miladdan əvvəllər də şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Belə ki, o, Miladla tutulmamışdan təxminən bir il əvvəl “Teleqram” mobil tətbiqi vasitəsilə tanış olmuşdur. “Telegram”da olan qrupların birində Miladın profilində marixuana şəkli görmüş, profilin statusundan isə Miladın narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək üçün Milada “Teleqram” mobil tətbiqi vasitəsilə müraciət etmişdir. Sonradan Miladla “Whatsapp” mobil tətbiqi vasitəsilə danışmışdır. Milad onunla Azərbaycan dilində İran ləhcəsi ilə danışmışdır. Miladla heç vaxt üzbəsurət görüşməmişdir. O, üç dəfə 50 qram, bir dəfə isə 100 qram olmaqla ümumilikdə dörd dəfə Bakı şəhəri ərazisində Miladın göndərdiyi konumlardan narkotik vasitə əldə etmişdir. 50 qram marixuana üçün 350 manat, 100 qram marixuana üçün isə Milada 700 manat pul göndərmişdir. Sonuncu dəfə də Milada 100 qram marixuana əldə etmək üçün 700 manat pul göndərmişdir. Milad ona 700 manat qarşılığında 1 kq marixuana verməyi təklif etdikdə tamahına aldanaraq onun təklifi ilə razılaşmışdır. Lakin, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İki ədəd qara rəngli kisədə hər birində üç ədəd bağlama olmaqla ümumilikdə altı ədəd bağlamada marixuana olmuş, Miladla aralarındakı razılaşmaya görə bağlamanın birini o özü üçün götürməli, digər beş ədədini isə magistral yola çıxdıqdan sonra yolun üzərində istədiyi yerə qoymalı və həmin yerin konumunu Milada göndərməli imiş. Milada narkotik vasitənin pulunu həmişə onun göndərdiyi Leobanka məxsus bank kartı vasitəsilə göndərmişdir, lakin həmin kartın nömrəsini xatırlamır, həmçinin kartın şəklini mobil telefonundan sildiyindən həmin kartın şəkli mobil telefonunda da qalmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının təminat qrup komandiri kiçik gizir Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:00-dan saat 00:00-dək N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 7-8-ci sahələrinin arxa hüdudunda sərhəd naryadının üzvü olan baş gizir Şahid2 ilə birlikdə “Gözətçi Dəstə” sərhəd naryadına təyin olunmuş, həmin gün xidməti vəzifələrini icra edərkən radiorabitə vasitəsilə 15-ci sahə istiqamətində şübhəli avtomobilin hərəkət etməsi barədə məlumat verilmiş, o, Bəhruzla birlikdə həmin istiqamətdə hərəkət etmişdir. 14-cü sahə ərazisində həmin avtomobilə yaxınlaşdıqda avtomobildə olan adlarını sonradan bildiyi İlqar və Nemət onları görüb avtomobildən aşağı düşərək qaçmağa çalışmışlar. Onlar İlqar və Neməti saxlamış, bu barədə sərhəd zastavasına məlumat verilmişdir. Daha sonra İlqargilin gəldiyi “Kia Rio” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa oturacağının üzərində içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamalar aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı İlqar Astara rayonu, Alaşa kəndinə iranlının göndərdiyi narkotik vasitəni əldə etmək üçün gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə onu N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasına çağıraraq İlqar və Nemətin üzərlərinə və onların avtomobilinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmişlər. O, baxışda hal şahidi qismində iştirak etməyə razılaşmış. Baxış zamanı İlqara məxsus iki ədəd kisədə olan altı ədəd bağlamada narkotik vasitə aşkar edilmişdir. X21 Xidmətinin əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsirə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdir etmişdir. Məhkəmə istintaqı zamanı CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidlərin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə) şahidlər N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının 2-ci mühafizə qrupunun komandiri baş gizir Şahid2, 14-cü sərhəd zastavasının rəisi vəzifəsini icra edən kapitan Şahid3 və 14-cü sərhəd zastavasının 1-ci manqasının qumbaratan köməkçisi əsgər Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələri elan edilərək tədqiq edilmiş, həmin ifadələrin Şahid1 ifadəsi ilə oxşar məzmunlu olduğu müəyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, 14-cü sərhəd zastavasının rəisi vəzifəsini icra edən kapitan Şahid3 tərəfindən imzalanmış raportdan görünür ki, xx.xx.2025 ci il tarixdə saat 20:00-dan saat 00:00-dək 14-cü sərhəd zastavasının “növbətiçi operator” sərhəd xidmətinə təyin olunmuş əsgər Şahid4 tərəfindən saat 22:08 radələrində SZ-nın 14-cü sahəsində (38O26'59"N48O48'28"E) 140 nömrəli sərhəd nişanından 850 metr sola sərhəd xəttindən 150 metr aralı mühəndis çəpərindən 5 metr arxada Alaşa-Astara avtomobil yolunda bir ədəd şübəli avtomaşının dayanması və içərisindən bir nəfərin düşərək “feyxoa bağı” adlanan yer istiqamətində hərəkəti müşahidə olunmuşdur. Zastava rəisi tərəfindən sərhəd komendantlığının komendantına vəziyyətlə bağlı məruzə olunduqdan dərhal sonra, sərhəd komendantlığı hesabına 14-15-ci SZ-ların arxa istiqamətində "Gözətçi dəstə" sərhəd naryadı xidmətini təşkil edən baş gizir Şahid2 oğlu və kiçik gizir Əbdulqasımov Elvin oğlu həmin sahəyə hərəkət etmişlər. Saat 22:36 radələrində təkrarən həmin avtomaşının hərəkəti və bir nəfər şəxsin “feyxoa bağı” adlanan yerdən əlində 2 ədəd bağlama ilə avtomaşına doğru irəliləyib maşına minməsi müşahidə olunmuşdur. Sərhəd zastavasının şəxsi heyəti "Silaha" komandasına qalxaraq həmin əraziyə doğru hərəkət etmiş, arxa istiqamətdə olan "GD" sərhəd naryadı xidməti avtomobilin qarşısını kəsmiş, avtomobil yolun kənarındakı dirəyinə dəyərək qəza vəziyətinə düşdükdən sonra avtomobildən iki nəfər şəxs düşərək “feyxoa bağı” adlanan yer istiqamətdə qaçmağa başlamışdır. Qaçan şəxslər dərhal "GD" sərhəd naryadı tərəfindən saxlanılmışlar. İlkin baxış zamanı avtomobildən ümümi çəkisi 6 kq 354 qram marixuana aşkar olunmuş, hadisə yerində saxlanılmış şəxslərin Abşeron rayonu Saray qəsəbə sakinləri xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1985-ci il təvəllüdlü X7 olması müəyən olunmuşdur. (Cild 1, i.v. 6;) İşdə olan, 22 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuşdur. (Cild 1, i.v. 8;) İşdə olan, 22 mart 2025-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, 21 mart 2025-ci tarixdə saat 22:36 radələrində Astara rayonu ərazisində saxlanılmış Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs və X1 hadisə yerinə gəldikləri “KİA RİO” markalı “**-RY-***” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin arxa oturacağında 2 (iki) ədəd qara rəngli bağlamalar aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan bağlamaları özünün həmin yerə qoyduğunu, həmin bağlamalarda narkotik vasitə olan marixuana olmalı olduğunu bildirmiş, bundan sonra qeyd olunan bağlamalar baxış keçirilməsi üçün götürülmüşdür. (Cild 1, i.v. 19-21;) İşdə olan, 22 mart 2025-cü il tarixli “aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs və X1 hadisə yerinə gəldikləri “KİA RİO” markalı “**-RY-***” dövlət nömrə nişanlı avtomobilin arxa oturacağından aşkar edilərək götürülmüş 2 ədəd qara rəngli bağlamalar açılaraq içərilərinə baxış keçirilən zaman bağlamaların hər birinin içərisində 3 (üç) ədəd olmaqla ümumilikdə 6 (altı) ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içərilərindən ot şəkilli, kəskin qoxulu, narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddənin marixuana olmalı olduğunu qeyd etmiş, həmin bükümlər çəkildikdən sonra ümumi çəkisinin 6 kq 354 qram olması müəyyən edilmişdir (Cild 1, i.v. 22-25;) İşdə olan, 22 mart 2025-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, fotoşəkillərdən və 14-cü sərhəd zastavasının sahəsinin sxemindən görünür ki, 21 mart 2025-ci il tarixdə saat təqribən 22:36 radələrində saxlanılmış Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs və X1 hadisə yeri Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının 14-cü sahəsinin arxa hüdududur. Ərazi mürəkkəb relyefə malikdir, ətrafda feyxua ağacları və düzənlik sahə vardır. Hadisə yeri Azərbaycan Respublikası Astara rayonu, Alaşa kəndi ərazisində yerləşir. Hadisə yerinin yaxınlığında yaşamaq üçün yararsız vəziyyətdə olan yarımtikili mövcuddur. Həmin yerə baxış zamanı Təqsirləndirilən şəxs 2 ədəd bağlamada olan narkotik vasitənin məhz həmin yartımtikilinin həyətindən əldə edib hadisə yerinə gəldikləri avtomobilə qoyduğunu bildirmişdir. (Cild 1, i.v. 26-30;) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 22 mart 2025-ci il tarixli, 7/491 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Dövlət Sərhəd Xidməti Zərflər üçün №29” dairəvi möhür əksi olan şəffaf polietilen torbada ümumi sayı 6 (altı) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000 qram, 1010 qram, 1015 qram, 1020 qram, 1005 qram və 1020 qram olmaqla, ümumi çəkisi 6070 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuanaların təmiz çəkisi -6070 qram, tədqiqata sərf edilmişdir -0,3 qram, qalıq -6069,7 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. (Cild 1, i.v 46-48;) İşdə olan, 22 mart 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdə, saat 16:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 51, 60;) İşdə olan, 23 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v 106-107;) İşdə olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 mart 2025-ci il tarixli 4(009)- 147/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 mart 2025-ci il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs izahatında özünü təqsirli bilmişdir. (Cild 1, i.v. 129-130;) İşdə olan, 23 mart 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, ekspert tədqiqatından qalıq çəkisi 6069,7 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v. 148-149;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 22 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v. 158;) İşdə olan, 24 mart 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus «Huaweı» markalı tünd mavi rəngli mobil telefonda “Azerfon” operatoruna məxsus “***-***-**-**” saylı mobil nömrə vardır. Mobil telefonun açılış parolu “1-2-3-6-9” rəqəmləri üzərindən sürüşdürməklə açılır. Qeyd olunan mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dır. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə şəxsiyyəti istintaqa Milad adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə audio zənglərin olması aşkar edilmişdir. Həmin nömrə ilə yazışmalara daxil olduqda görünür ki, xx.xx.2025-ci il tarixdə şəxsiyyəti istintaqa Milad adı ilə məlum olan şəxs Təqsirləndirilən şəxs “Man xeber de”, “Oldum de man nolde”, “Nolde”, “Alo”, “Man ber suz de man oldum man gardas burda ne de”, “Alah and olsun oldum valah” məzmununda mesajlar, xx.xx.2025-ci il tarixdə isə “Zang ele”, “Salam, necəsən yaxşısan?, bir dənə rahatçılığa çıxdın mənə bir dənə zəng elə qadoo alım”, “Ac de”, “Alo”, “Pox telfun ac de”, “Zang ele”, “Ber sey lazam de”, “San”, “Gardas man ber yaz nec de vazyt”, “De belm”, “Oryam parteyr axe”, “Alah an olsun”, “Olmisam”, “Bel yane”, “Oryam gedeib”, “Gardas can”, “Bu ber cvab ver”, “Valah gelb gerz kecerdeyam”, “Gardas man ber cvab ver”, “Adam gunderm”, “Yanua”, “Ber dene cavab ver man”, “Ay gardas noleb ber sey var de bem”, “Yaz de”, “Ne var”, “Salam”, “Gardas man ber cvab yaz san anun can”, “Anam can olram man”, “San anun cab deyram”, “Ber keme yaz de baxrsan yaz meysan”, “Salam”, “Gardas necsan”, “Yaxsı san”, “Telfun cex man zang ele”, “Tez”, “Gardas man burda saxlab lat”, “Buraxmeylar”, “Deyr pol duz”, “Dux”, “San and veryam anun can man ber suz de”, “Bular masın aleb lar man de buraxmeylar”, “San anun can deyram”, “San o yedeymez duz curk”, “Ay gardas valah bular man oldercak”, “Zarfat yux du burda”, “Ber kelme ber suz yaz de”, “San anun can”, “Man ber suz yaz”, “Man san bu harkt elemamisma” məzmununda mesajlar yazmışdır. Həmçinin, Təqsirləndirilən şəxs mobil telefonunun zənglər bölməsinə baxış keçirilən zaman sonuncunun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə şəxsiyyəti istintaqa Milad adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə cavabsız mobil zənglərin olması aşkar edilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs mobil telefonunun qalareya bölməsinə baxış keçirilən zaman şəxsiyyəti istintaqa Milad adı ilə məlum olan şəxsin “WhatsApp” üzərindən “screen” edilmiş 02 ədəd fotoşəkil aşkar edilmiş və həmin fotoşəkillər çap edilərək protokola əlavə edilmişdir. (Cild 1, i.v. 160-162;) İşdə olan, 03 aprel 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Huaweı» markalı tünd mavi rəngli mobil telefonun ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. (Cild 1, i.v. 178;) İşdə olan, Saray qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saray qəsəbəsi, Ə.Vahid küçəsi, 20 saylı evdə qeydiyyatdadır. Saray qəsəbə İƏD-si üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində istər qəsəbə əhalisi tərəfindən, istərsə də qonşuları tərəfindən heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Onun aşağıda adları qeyd edilən ailə üzvləri var:

1. Atası: Qurbanov Nuhulla Xoşqədəm oğlu.

2. Anası: X9.

3. Qardaşı: X10.

4. Bacısı: X8. (Cild 1, i.v. 214;) İşdə olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 4(009)- 356/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3 ay, yəni 22 noyabr 2025-ci il tarixədək uzadılmışdır. (Cild 2, i.v. 21-25;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 18 aprel 2025-ci il tarixli, 3/384 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd biçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçaqdır və soyuq silah hesab edilmir. Qeyd: Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (Cild 2, i.v 29-30;) İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 may 2025-ci il tarixli, 2936 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v. 32;) İşdə olan, 08 oktyabr 2025-c il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v. 52;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək əldə etdiyi narkotik vasitələrlə bağlı satış niyyətinin olmadığını bildirsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində xx.xx.2025-cü il tarixdə Astara rayonu, Alaşa kəndi ərazisində əldə etdiyi iki ədəd qara rəngli kisədə qablaşdırılmış altı ədəd bağlamada olan ümumi çəkisi 6070,0 qram olan marixuananı məhz satış məqsədilə əldə etməsini təsdiq etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “üç dəfə 50 qram, bir dəfə isə 100 qram olmaqla ümumilikdə 4 dəfə Bakı şəhəri ərazisində Miladın göndərdiyi konumlardan narkotik vasitə əldə etmişəm. 50 qram marixuana üçün 350 manat, 100 qram marixuana üçün isə Milada 700 manat pul göndərmişəm. Sonuncu dəfə də Milada 100 qram marixuana əldə etmək üçün 700 manat pul göndərmişəm. Milad mənə 700 manat qarşılığında 1 kq marixuana verməyi təklif etdikdə tamahıma aldanaraq onun təklifi ilə razılaşmışam. Miladla aramızdakı razılaşmaya görə bağlamanın birini özüm üçün götürməli, digər beş ədədini isə magistral yola çıxdıqdan sonra yolun üzərində istədiyim yerə qoyub həmin yerin konumunu Milada göndərməli idim” məzmunlu ifadə vermişdir. Həmin ifadədən aydın olur ki, Təqsirləndirilən şəxsla Milad arasında şəxsi istifadəsi üçün narkotik vasitələrin alqı-satqısı zamanı 100 qram qurudulmuş marixuananın qiyməti 700 manat olmuşdur. Miladın Təqsirləndirilən şəxs təklif etdiyi 1 kq qurudulmuş marixuananın “bazar qiyməti” isə İlqarın Milada göndərdiyi puldan ən azı 10 dəfə çox olmuşdur. Bundan belə bir nəticəyə gəlmək olur ki, Miladın tapşırığına əsasən Təqsirləndirilən şəxs 5 kq qurudulmuş marixuananı magistral yolda gizlətməklə bağlı sonuncu ilə razılığa gələrkən onun niyyəti qazanc əldə etmək yəni, 700 manat pulun qarşılığında daha çox miqdarda (on dəfə çox) narkotik vasitə əldə etmək olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələrini yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən cinayəti əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək hissəsi külli miqdir, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə, bu Qərarın 12-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxsdən götürülmüş 6070,0 qram (6 kq 070 qram) narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayətkar qrupun üzvləri ilə razılaşmasına əsasən qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib, saxlayıb, daşıması, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın çəkisinin xeyli miqdarının aşağı həddindən 1214 dəfə, külli miqdarının aşağı həddindən 12 dəfə çox olması onun həmin maddəni Milad və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıması kimi qiymətləndirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Milad adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3- cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-147/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsetmə müddətinin əvvəli 22 mart 2025-ci il tarixdən hesablansa da cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2025-ci il tarixdə saat 22:36-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçulları tərəfindən saxlanılmış, yəni onun azadlığı faktiki olaraq 21 mart 2025-ci il tarixdə məhdudlaşdırılmışdır. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə narkoloji ekspertizası” 19 may 2025-ci il tarixli 2936 saylı rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6069,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 134 (bir yüz otuz dörd) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351- 353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 21 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6069,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 134 (bir yüz otuz dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Cavanşir Nəbiyev Hakimlər: Ənnağı Məmmədli Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar