Məhkəmə qərarları › İş №1(099)-527/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-527/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-527/2022 26.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Masallı rayonu Miyənkü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmamış, işsiz, Masallı rayonu Nəzəroba kəndində olmaqla yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Masallı rayonu Nəzəroba kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyatyanı sahəsində olan kustar üsulla hazırlanmış istixanada qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr olan ümumilikdə 60 ədəd, yəni külli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmiş və 23 may 2022-ci il tarixdə saat 17 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Masallı rayonu Nəzəroba kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradakı kustar üsulla hazırlanmış istixanada, torpaq səthində yetişdirilmiş 60 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 ildir mədəsində ağrılar olmuş və həmin vaxtdan etibarən bədənində ağrılar olduğundan narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhərində yerləşən tikinti sahəsinə fəhlə işləmiş və iş yerində olduğu zaman yerdən gümüşü rəngli siqaret kağızı olan büküm tapmışdır. O, həmin bükümü götürmüş və içərisinə baxdığı zaman qutunun içərisində çətənə bitkisi toxumları olduğunu görmüşdür. O, həmin bükümü üzərində saxlamışdır. Həmin vaxtlar maddi imkanı çox aşağı olduğundan və narkotik vasitə olan qurudulmuş marixuana əldə edə bilmədiyindən həmin çətənə bitkisinin toxumlarını öz istifadəsi üçün əkib becərməyə qərar vermişdir. 2022-ci ilin mart ayında Masallı rayonu Nəzəroba kəndində yerləşən yaşadığı evə gəlmiş və həmin ay ərzində tapdığı narkotik vasitənin toxumlarını həyətində olan kustar üsulla hazırlanmış istixanada xiyar şitillərinin arasında torpaq səthdə əkmişdir. Təxminən 15 gün sonra həmin bitkilər torpaqdan cücərməyə başlamış, o, həmin bitkilərin kökünə su verərək qulluq etməyə və ümumilikdə 60 ədəd çətənə bitkisi şitili yetişdirməyə başlamışdır. Onun məqsədi həmin şitillər nisbətən böyüdükdən sonra onları yerindən çıxarmaq, həmin bitkilərə aqrotexniki qayadada qulluq göstərərək yetişdirdikdən sonra onları toplamaq və qurutduqdan sonra öz şəxsi istifadəsi üçün saxlamaq olmuşdur. 23 may 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, o da həmin əməkdaşlara baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı həyətində olan istixanada xiyar şitillərinin arasında əkdiyi ümumlikdə 60 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər götürülərək qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə Masallı rayonu Nəzəroba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün saat 17 radələrində polis əməkdaşları, aqronommütəxəssis və hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs Masallı rayonu Nəzəroba kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələr əkibbecərməsində şübhəli olması və həyətinə baxış keçirilməsi barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirməklərinə icazə verməsi barədə ərizə ilə müraciət etmiş və daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində eni 2 metr, uzunluğu 4 metr, hündürlüyü isə 1,3 metr olan və üzəri polietilen örtüklə bağlanmış və kustar üsulla hazırlanmış istixanada 60 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər götürülərək qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik bitkiləri öz istifadəsi üçün əçdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı rayon polis şöbəsinin əməkdaşı Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Nəzəroba kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsində polis əməkdaşları ilə birlikdə hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan kustar üsulla hazırlanmış istixanada torpaq səthdə yetişdirilmiş, xiyar şitilləri arasında 60 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Daha sonra həmin istixananın üzərindəki örtük açılmış və aşkar edilmiş 60 ədəd çətənə bitkiləri torpaq səthindən çıxarılmışdır. Təqsirləndirilən şəxs narkotik bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. İşi üzrə şahid qismində dindirilmiş Şahid5 oxşar məzmulu ifadə verərək Şahid4 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ixtisasca aqranomdur. 23 may 2022-ci il tarixdə Masallı rayonu Nəzəroba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində olan kustar üsulla düzəldilmiş istixanada torpaq səthdə yetişdirilmiş, xiyar şitilləri arasında 60 ədəd çətənə bitkilərinin olduğu aşkar edildikdən sonra istixananın üzərindəki örtük açılmış və aşkar edilmiş 60 ədəd çətənə bitkiləri torpaq səthindən çıxarılmışdır. Həmin bitkilərə baxış keçirilərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılması müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən 60 ədəd çətənə bitkisinin fotoşəkilləri çəkildikdən sonra xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və daha sonra o, aşkar edilmiş çətənə bitkilərinin həqiqətən də narkotik tərkibli bitkilər olması barədə müvafiq rəy tərtib etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 24 may 2022-ci il tarixli 18/614 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş (iyirmi səkkiz) ədəd çətənə koluna bənzər bitkilər....” sözlər və imzalar olan bağlamanın içərisində, ümumi sayı 28 (iyirmi səkkiz) ədəd, ümumi təmiz çəkisi-7040,0 qram olan yaş vəziyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş çətənə koluna bənzər bitkilər 32 ədəd çətənə koluna bənzər bitki....” sözlər və imzalar olan bağlamanın içərisində, ümumi sayı 32 (otuz iki) ədəd, ümumi təmiz çəkisi-5825,0 qram olan yaş vəziyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş (iyirmi səkkiz) ədəd çətənə koluna bənzər bitkilər....” və“Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş çətənə koluna bənzər bitkilər 32 ədəd çətənə koluna bənzər bitki....” sözlər və imzalar olan 2 ədəd paketdəki, ümumilikdə sayı 60 ədəd, ümumi təmiz çəkisi:- 12865 qram olan yaş vəziyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Ekspertiza tədqiqatından sonrakı qalıq 12864,8 qram təşkil edir. Ekspertiza xərclərinə dair bildirə əlavə olunmuş arayışdan görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 25 may 2022-ci il tarixli 602 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 may 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 60 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 23 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyatyanı sahəsindən aşkar edilmiş 60 ədəd ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada əkilib becərilmişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı rayon məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 23 may 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 31 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında 07 iyul 2022-ci il tarixli Lənkəran Rayonlararası Psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallrında olan 14 iyul 2022-ci il tarixli Masallı rayon Mərkəzi Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında 14 iyul 2022-ci il tarixli Masallı rayon Miyanku kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zamanov X2 rayonu Nəzəroba kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından ibarətdir yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 26 may 2022-ci il tarixli qərarla 60 ədəd çətənə bitkisi maddi sübut kimi tanınmış saxlanılması üçün Masallı Rayon Poli Şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi 60 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, ailəsinin yeganə qazanc gətirəni olmasını, ahil yaşda olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə qətimkan tədbiri barəsində məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilməklə, o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Masallı rayon polis şöbəsində saxlanılan 60 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbsə alınmalı, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 23 may 2020-ci il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan 60 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar