Məhkəmə qərarları › İş №1(099)-528/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-528/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-528/2022 06.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, bu məqsədlə və qabaqcadan əlbir olduğu şəxsin niyyəti ilə əhatə olunmuş qaydada 28 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində cinayətdən xəbərsiz olan tanışı X2 idarə etdiyi “VAZ-2104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildə Biləsuvar-Çaylı- Əsgərabad dövrələmə yolunda yerləşən “Şuşa-Bəhramtəpə-İran sərhədi-Biləsuvar” lövhəsinin yaxınlığına gəlib orada gizlədilmiş bir ədəd sellofan bağlamanın içərisindəki, hər biri bir ədəd bükümdə, təmiz çəkiləri müvafiq olaraq 73,322 qram və 133,422 qram olmaqla, ayrı-ayrılıqda külli miqdar təşkil edən narkotik vasitə olan heroin (bundan sonra heroin) və psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) götürməklə əldə etmiş, həmin avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyub orada saxlamış və Cəlilabad şəhəri istiqamətində daşımışdır. Həmin kütlələr göstərilən tarix və vaxtda Biləsuvar Rayon Polis Şöbəsinin (bundan sonra – Biləsuvar RPŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs və onun olduğu avtomobil Biləsuvar şəhəri ərazisində saxlanılıb Biləsuvar RPŞ-yə gətirildikdən sonra orada həmin avtomobilə baxış keçirilərkən qabaq sağ oturacağının alt hissəsindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroin və metamfetamindən istifadə etmiş, onların satışı ilə məşğul olmamışdır. İş üzrə tutulmamışdan təxminən bir həftə əvvəl “Feysbuk” sosial şəbəkəsində tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı ilə (bundan sonra – “Məhəmməd”) telefon danışığı zamanı sonuncuya şəxsi istifadəsi üçün ona heroin lazım olduğunu demişdir. “Məhəmməd” ona 100 qram heroini Biləsuvar rayonunda deyəcəyi yerdən götürə biləcəyini, bunun müqabilində bank kartının hesabına 1000 manat məbləğində pulu hissə-hissə göndərə biləcəyini demiş, “Məhəmməd”lə razılaşmışdır. 28 aprel 2022-ci il tarixdə telefon danışığı zamanı sonuncu ona Biləsuvar rayonunda gizlətdirdiyi yerdən heroini götürə biləcəyini demişdir. Bu səbəbdən Biləsuvar rayonuna getmək məqsədilə Cəlilabad şəhərində təsadüfən rastlaşdığı, taksi sürücüsü olan tanışı X2 (bundan sonra - İbrahim) idarə etdiyi “VAZ-2104” markalı avtomobili hərəkətdə olarkən saxlatdırıb sonuncudan onu mebel qurması üçün Biləsuvar şəhərinə aparmasını xahiş etmişdir. Həmin vaxt avtomobildə tanışı X4 da olmuşdur. İbrahim təklifi ilə razılaşıb onu idarə etdiyi avtomobildə Biləsuvar şəhərinə aparmışdır. Saat 14 radələrində Biləsuvar şəhərinə çatanda telefon danışığı zamanı “Məhəmməd”ə bu barədə məlumat vermiş, sonuncu ona narkotik vasitəni Biləsuvar şəhərindəki dairəvi yolda “Şuşa-Bəhramtəpə” sözü yazılmış plakatın yanında gizlətdirdiyini demişdir. İbrahim avtomobili onun xahişi ilə həmin plakatın yanında saxlamışdır. O, avtomobildən düşüb həmin plakatın yanına tək gəlmiş, orada gizlədilmiş, içərisində yalnız heroin olmasını bildiyi bir ədəd sellofan bağlamanı satış deyil, şəxsi istifadə məqsədi ilə götürüb əynindəki şalvarın cibinə qoymuş, qayıdıb İbrahimin idarə etdiyi avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Sonuncu avtomobili Biləsuvar şəhərində Cəlilabad şəhəri istiqamətində idarə edərkən yol patrul xidməti avtomobili arxa tərəfdən gəlib sayrışan işıqları yandırmaqla “saxla” işarəsi vermişdir. Buna görə də İbrahim avtomobili saxlamış və avtomobildən düşüb yol patrul xidməti əməkdaşlarına tərəf getmişdir. Həmin vaxt o, şalvarının cibindəki narkotik vasitəni çıxarıb əyləşdiyi oturacağın altında gizlətmişdir. Polis əməkdaşları onları narkotik vasitə ilə bağlı şübhəli olduqlarına görə saxlayıb gəldikləri avtomobildə Biləsuvar RPŞ-yə aparmışlar. Orada həmin avtomobilə baxış keçirilərkən sağ qabaq oturacağının alt hissəsinə qoyduğu bir ədəd sellofan bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bağlamaya baxış keçirilərkən içərisindən ayrıayrılıqda bir ədəd bükümdə heroin və metamfetamin aşkar edilmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. “Məhəmməd”lə sonuncunun ona yalnız heroin göndərəcəyi barədə razılaşdığına görə polis əməkdaşlarına təqdim etdiyi bağlamadan bir ədəd bükümdə aşkar edilmiş metamfetamin ona aid deyildir. İbrahim və Samirin onun “Məhəmməd”lə telefon danışığının məzmunu və onun Biləsuvar şəhərinə narkotik vasitə götürmək üçün getməsindən məlumatı olmamışdır. “Məhəmməd”lə telefon danışıqları müvafiq olaraq onun və “Məhəmməd”in istifadəsində olmuş ***-***-**-** və +98 937 073 2236 mobil nömrələr arasında olmuşdur. Polis əməkdaşları ona qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid1, PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3, DYPB-nin polis nəfərləri Şahid4 və Şahid5 verdikləri ifadələrində iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, sonuncunun sərnişini olduğu “VAZ-2104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın nəticələri barədə Təqsirləndirilən şəxsla eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş və əlavə olaraq göstərmişlər ki, 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış təbbirinin keçirilməsi barədə qəbul edilmiş qərar əsasında sərnişini olduğu “VAZ-2104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlamışlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 28 aprel 2022-ci il tarixdə tərtib edilmiş, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşımasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun sərnişini olduğu “VAZ-2104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və həmin avtomobilə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələrində göstərdikləri məzmunda baş verdiyi, eləcə də Təqsirləndirilən şəxs göstərilən avtomobilə baxış keçirilərkən şifahi qaydada verdiyi izahatında avtomobildən aşkar edilmiş heroin və metamfetaminin ona “Məhəmməd” adlı İran İR vətəndaşı tərəfindən göndərildiyini deməsi, elektron tərəzidə çəkilərkən heroin və metamfetaminin ümumi çəkilərinin müvafiq olaraq 75,50 qram və 144,81 qram olması müəyyən edilir (səh. 4-7, 11, 76-78). - Biləsuvar Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul edilmiş 28 aprel 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (İ cild, səh. 182). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 aprel 2022-ci il tarixli, 19/528 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, hər biri bir ədəd bükümdə, müvafiq olaraq təmiz çəkiləri 73,322 qram və 133,422 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış heroin və metamfetamindir. Tədqiqata sərf edildikdən sonra heroin və metamfetaminin qalıq çəkiləri müvafiq olaraq 73,272 qram və 133,372 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (İ cild, səh. 88-90). - Məhkəmə-narkoloji ekspertizasının 02 may 2022-ci il tarixli, 809 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 172). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri 0,15 qram, külli miqdarının (qramla) aşağı hədləri isə 2,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində iş üzrə polis əməkdaşlarına təqdim etdiyi heroini şəxsi istifadə məqsədilə əldə etməsi və “Məhəmməd” adlı İran İR vətəndaşı ilə sonuncunun ona yalnız heroin göndərəcəyi barədə razılaşdığına görə polis əməkdaşlarına təqdim etdiyi bağlamadan bir ədəd bükümdə aşkar edilmiş metamfetaminin ona aid olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər Təqsirləndirilən şəxs bütün ifadələrində Biləsuvar şəhərindəki dairəvi yolda “Şuşa-Bəhramtəpə” sözü yazılmış plakatın yanından götürüb sərnişini olduğu “VAZ-2104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının alt hissəsində gizlətdiyini göstərdiyi bir ədəd bağlamanı həmin avtomobilə baxış keçirilərkən özünün gizlətdiyi yerdən götürüb təqdim etməsindən sonra həmin bağlamadan bir ədəd bükümdə heroinlə yanaşı, bir ədəd metamfetaminin aşkar edilməsi, Təqsirləndirilən şəxs bütün ifadələrində razılıqlarına əsasən “Məhəmməd” adlı İran İR vətəndaşına onun üçün göndərdiyi narkotik vasitənin dəyərini nisyə qaydada ödəyəcəyini göstərməsi, Təqsirləndirilən şəxs əldə etdiyi heroin və metamfetaminin müvafiq olaraq təmiz çəkilərinin 73,322 qram və 133,422 qram olmaqla, şəxsi istehlak miqdarlarından 488 və 889 dəfə, külli miqdarlarından isə 36 və 66 dəfədən çox olması, beləliklə də, şəxsi istehlak və külli miqdarlarından dəfələrlə artıq olan heroin və metamfetaminin nisyə qaydada alınması faktının özündə həmin kütlələrə dair əsl niyyətin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış olduğunu ehtiva etməsi ilə tam təkzib edilir. Məhkəmə buna görə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq xarakterli olması barədə nəticəyə gəlməklə iş üzrə sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənarkoloji ekspertizasının 02 may 2022-ci il tarixli, 809 nömrəli rəyinə əsasən tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əziyyət çəksə də, onun məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, avtomobilə baxış keçirilməsi barədə 28 aprel 2022-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 aprel 2022-ci il tarixli, 19/528 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və metamfetamin qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)219/2022 nömrəli hökmünün təsdiq edilmiş surəti və həmin məhkəmənin 22 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini 28 iyul 2021-ci il tarixdə, yəni hazırki iş üzrə cinayət əməlindən əvvəl törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır (İ cild, səh. 191, İİ cild, səh. 19-31). Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olsa da, hazırki iş üzrə cinayət əməlini barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün qəbul edilməsi, beləliklə də qanuni qüvvəyə minməsindən əvvəl törətdiyinə görə Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinin məzmununa əsasən onun əməlində cinayətlərin residivi yaranmır. - Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamə, doğum və nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və bir nəfər azyaşlı uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İİ cild, səh. 5-8). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, məhkumluğu olan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində bir nəfər azyaşlı uşağın olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının 7 (yeddi) il müddətə təyin edilməsi zəruridir. Yuxarıda göstərilən səbəbdən ona qəti cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya əməl edilməklə cinayətlərin məcmusu üzrə təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündə müəyyən edilmiş 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə-narkoloji ekspertizasının 02 may 2022-ci il tarixli, 809 nömrəli rəyində göstərildiyi kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alındığına görə bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkiləri müvafiq olaraq 73,272 qram və 133,372 qram təşkil edən heroin və metamfetamin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 03 avqust 2022-ci il tarixli qərarla (İİ cild, səh. 51, 52) cinayət işindən Təqsirləndirilən şəxs iş üzrə qabaqcadan əlbir olduğu şəxs, eləcə də heroin və metamfetamini əldə etmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrıldığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(099)219/2022 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkiləri müvafiq olaraq 73,272 qram və 133,372 qram təşkil edən heroin və metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar