Məhkəmə qərarları › İş №1(099)-528/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-528/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-528/2023 22.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1977-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 30 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 20, 981 qram narkotik vasitə heroini əldə edib daşımaqla özündə saxlamış, 29 mart 2023-cü ildə, saat 18 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Astara rayonu Ərçivan qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd qara rəngli sellofan bükümündə, təmiz çəkisi: -20,981 qram olan narkotik vasitə heroin onun əynində olan qara rəngli parça gödəkçənin sağ iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü ildə Astara rayonunun Pensər kəndində yerləşən bazarın yaxınlığında adını bilmədiyi yalnız üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 80 manat pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin almış, 29 mart 2023-cü ildə saat 16 radələrində rayonun Ərçivan kəndində küçədə piyada gedərkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli parça gödəkçənin sağ iç cibindən 01 ədəd qara rəngli sellofan bükümündə olan narkotik vasitə heroini cibindən çıxarıb polis əməkdaşlarına təqdim edərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 22 qram olmuş, şəxsi axtarışla bağlı polis əməkdaşı tərəfindən tərtib olunan protokola o da imza etmişdir. Sorğu-sual zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir.Hazırda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və ikisi azyaşlı olmaqla dörd uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Astara RPŞ-in Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü ildə Astara rayonu Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça gödəkçənin sağ iç cibindən 01 ədəd qara rəngli sellofan bükümündə heroinə bənzər kütləni çıxarıb onlara təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 22,7 qram olmuş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmiş, təqdim olunan kütlə zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, sonuncu saxlanılaraq şöbəyə gətirilərkən və şöbədə olarkən ona qarşı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, 29 mart 2023-cü ildə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan qara rəngli parça gödəkçənin sağ iç cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, heroinə bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənib götürülmüş, Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu-sual zamanı o, üzərində olan 1 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni Astara rayonunun Pensər kəndində üzdən tanıdığı şəxsdən 80 manata öz istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 30 mart 2023-cü il tarixli 19/370 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd heroinə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 20,981 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin ümumi təmiz çəkisi 20,981 qram olmuş, hazırda qalıq çəkisi 20,931 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 371 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Astara rayon məhkəməsinin 30 mart 2023-cü il tarixli 5(018)- 52/2023 nömrəli qərarından görünür ki, Astara rayon polis şöbəsinin rəis müavini, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi 20,931 qram olan narkotik vasitə heroin Astara rayon polis şöbəsində saxlanılır, istintaq hərəkəti barədə çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumatların olması göstərilən narkotik vasitənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitəni bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 29 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 29 mart 2023-cü ildən hesablanmaqla onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X4 rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 2-si azyaşlı olmaqla 4 uşağı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və ilk məhkumluğunu isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 20,931 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” ilə bağlı çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 29 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsinvə o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 20,931 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə” ilə bağlı çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar