Məhkəmə qərarları › İş №1(099)-53/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-53/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-53/2022 21.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1968-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarı ilə barəsində təyin olunmuş 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası dəyişdirilərək qazancından dövlət nəfinə 15 (on beş faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay islah işləri cəzası ilə əvəz edilmiş, barəsində 22 noyabr 2021-ci il tarixdə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndi tətbiq olunmaqla təyin olunmuş cəzadan azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Füzuli rayonu, Babı kəndində yaşayan xalası qızı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən tanışı vasitəsi ilə sonuncunun oğlu X1 Füzuli rayon polis şöbəsinin İstintaq bölməsində barəsində istintaqı aparılmış cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası CM-in 150.1, 181.2.3 və 181.2.5-ci maddələrindən qanunsuz olaraq həmin Məcəllənin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyini yalandan vəd edərək belə niyyəti olmadan 2019-cu ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs sonuncunun anası Şahid1 məxsus olan Füzuli rayonu Babı kəndində yerləşən fərdi yaşayış evində 3.000 (üç min) manat məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs həmin ilin avqust ayının sonlarında yuxarıda qeyd edilən evdə ona 2500 (iki min beş yüz) manat məbləğində pul vermiş, bir neçə gün keçdikdən sonra ona telefonla zəng vuraraq əlavə 500 (beş yüz) manat pul verilməsinin də vacib olduğunu bildirməsindən sonra Zərərçəkmiş şəxs cinayətdən xəbərsiz olan qardaşı Şahid2 vasitəsilə 29 avqust 2019-cu il tarixdə Füzuli rayonu, Babı kəndində yerləşən poçt vasitəsilə onun adına həmin məqsədlə 500 (beş yüz) manat məbləğində pul göndərmiş, beləliklə o, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs 3.000 (üç min) manat məbləğində pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə, yəni X1 əməlinin cinayət qanunu ilə nəzərdə tutulmuş maddələrdən daha yüngül məsuliyyət nəzərdə tutulan maddəyə qanunsuz tövsif edilməsinə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Budan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrar ələ keçirmək məqsədilə 2019-cu ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlayaraq sonuncunun oğlu X4 rayon polis şöbəsinin İstintaq bölməsində barəsində istintaqı aparılmış cinayət işi üzrə əməlinin Füzuli rayonunun sabiq prokuroru, baş ədliyyə müşaviri Ramazan Hadıyev tərəfindən CM-in 150.1, 181.2.3 və 181.2.5-ci maddələrindən qanunsuz olaraq həmin Məcəllənin daha yüngül məsuliyyət nəzərdə tutan maddəyə tövsif edilməsi üçün 10.000 (on min) manat məbləğində pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs ona inandığı üçün 2019-cu ilin noyabr ayının ortalarında cinayətdən xəbərsiz olan qardaşı Şahid2 ilə birlikdə onun atasının Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evinə gedərək ona 10.000 (on min) manat məbləğində pul vermiş, lakin Qorxmaz İdriszadənin əməli istintaq zamanı qanuni əsaslarla tövsif edilərək əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, daha sonra isə Şirvan Apellyasiya Məhkəməsinə göndərildiyindən Zərərçəkmiş şəxs ondan bunun səbəbini soruşduqda, o, 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs yenidən aldadaraq məsələni Şirvan Apellyasiya Məhkəməsinin cinayət işi icraatında olan hakimlə danışılıb həll edildiyini, hər hansı problemin olmayacağını yalandan bildirib, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə, yəni Qorxmaz İdriszadənin əməlinin daha yüngül məsuliyyət nəzərdə tutulan maddəyə qanunsuz tövsif edilməsinə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təkrar təhrik etmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç kimə rüşvət verməmişdir. Füzuli rayonu Babı kəndində yaşayan Zərərçəkmiş şəxs onun doğma xalası qızıdır. 2019-ci ilin iyun ayında Füzuli rayonu Kərimbəyli kəndində olarkən xalası qızı Xumar onun mobil telefonuna zəng edib oğlu Qorxmazın Bəxtiryarla dalaşdığını və Qorxmazın zorlama maddəsi ilə təqsirli bilindiyini, işin Füzuli rayon polis şöbəsində aparıldığını və Qorxmaza köməklik göstərməsini xahiş etmişdir. Bir neçə gündən sonra Qorxmaz həbs olunmuşdur. Qorxmaza köməklik etmək məqsədi ilə, yəni onun maddəsini daha yüngül maddəyə dəyişmək və həbsdən azad olunması üçün xalası qızı Xumar Füzuli rayonu Babı kəndində 2019-cu ilin avqust ayında ona 2500 manat pul vermişdir. Bundan bir neçə gün sonra Xumar daha 500 manat göndərəcəyini demiş, həmin pulu Eldost poçt vasitəsilə Bakı şəhərinə ona göndərmişdir. 2019-cu ilin noyabr ayında isə Füzuli rayonu Kərimbəyli kəndində yaşayan anasının evində Xumar və Eldost əlavə olaraq ona 10.000 manat pul vermişlər. Bu məsələ ilə bağlı Füzuli rayonun sabiq prokuroru Ramazan müəllimə pul verməmişdir. Qorxmazın işi sonradan Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, dəfələrlə həmin məhkəmədə olmuş və vəkil İntiqam müəllimlə görüşmüş, sonuncu ona “əgər şikayət geri götürülməsə Qorxmaza köməklik etmək mümkün olmayacaq” demişdir. Bəxtiyar şikayətçi olduğu üçün Qorxmaza məhkəmədə qanuni cəza verimlişdir. X7 məhkəməsinə göndərilmiş, Qorxmaz barəsində olan qərar dəyişdirilməmişdir. Orada heç kimlə görüşməmiş və heç kimə pul verməmişdir. Xumar özü ona pul vermişdir ki, oğlunun azadlığa buraxılmasına kömək olunsun. Qorxmaz həbsdə olarkən dəfələrlə onun yanına getmişdir. Xalası qızı pulu da ona görə vermişdir. Xumardan pul istəməmişdir. Xumardan aldığı 13.000 manat pulu təcridxanada saxlanılan Qorxmazın şəxsi ehtiyaclarına xərcləmişdir. Səs yazılarında da eyni fikirləri səsləndirmişdir. Xumarın ondan şikayət etməsinin səbəbini bilmir. Bu günə kimi Xumarın pulunu qaytarmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallara, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri məhkəmə istintaqında dindirilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Beklə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Qorxmazın 2019-cu ilin iyun ayında Füzuli rayonu Babı kəndiyndə yerləşən anasının evində bacısı oğlu Bəxtiyarla mübahisəsi olmuş, bununla bağlı Füzuli RPŞ-də araşdırma aparılmış və buna görə də oğlu Qorxmaz həbs olunmuşdur. Xalası qızı Təqsirləndirilən şəxs ilə 2019-cu ilin avqust ayında Füzuli rayonu Babı kəndində yaşayan sonuncunun anasının evində görüşmüş, oğlu Qorxmaza köməklik etməsinə, onun həbsdən azad olunmasına köməklik göstərməsini xahi etmişdir. Maral ona Baş prokurorluqda tanışlarının olduğunu və onların vasitəsilə pul qarşılığında Qorxmazın cəzasını yüngülləşdirə biləcəyini söz vermişdir. Bu işə görə Maral ondan əvvəlcə 3000 manat istəmişdir. Bunun üçün 8 baş qoyununu satmış və bir qədər olan torpaq sahəsini icarəyə verib 2500 manat düzəltmiş, 2019-cu ilin avqust ayının sonlarında Maral öz oğlu Kənanla onlara gedərək 2500 manat pulu ondan almış və narahat olmamasını demişdir. Maral sonradan onun qardaşı Eldosta zəng edərək 500 manatı da göndərməsini demiş, 2019-cu ilin avqust ayının sonunda qardaşı Eldosta 500 manat pul vermiş və sonuncu həmin pulu poçt vasitəsilə Marala göndərmişdir. Maral onlardan Qorxmaza ev dustaqlığı və ya azadlığın məhdudlaşdırılması cəzası veriləcəyi vədi ilə əlavə olaraq 10.000 manat da istəmişdir. 5000 manatını anasından 5000 manatını da Eldost yaxın dostu olan Müşviqdən almış və Füzuli rayonu Kərimbəyli kəndində öz qardaşı ilə aparıb Marala vermişlər. Lakin Qorxmazın işi “yüngülləşmədən” cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə verildikdən sonra Marala bu barədə demiş, Maral ona yalan vəd verərək oğlunun bir aya azadlığa çıxacağını və narahat olmamasını bildirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğlu Qorxmaza qanuni cəza verilmiş, sonra apelyasiya şikayəti verilmiş, iş Şirvan Apelyasiya Məhkəməsində olarkən Marala zəng etmiş, Maral ona narahat olmamağı, orada sürprizlə qarşılaşacağını bildirmişdir. Lakin Şirvan Apelyasiya Məhkəməsindədə Qorxmaza verilmiş cəza dəyişməmişdir. Bütün bunlardan sonra Marala verdikləri pulu qaytarmasını dəfələrlə tələb etmiş, lakin Maral müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Maral hazırki vaxta qədər pulu ona qaytarmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunmuş bacısı oğlu Qorxmaz İdriszadənin əməlini yüngülləşdirmək və onu həbsdən azad etmək üçün Füzuli rayonu Babı kənd sakini Maraq Xəlilova onları aldadaraq Baş prokurorluqda işləyən tanışlarına pul vermək adı ilə 2019-cu ilin iyun, avqust və noyabr aylarında onlardan əvvəlcə 2500 manat, daha sonra poçt vasitəsilə 500 manat və yenidən 10.000 manat pul aldığını, bu günə kimi müxtəlif bəhanələrlə həmin pulu qaytarmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 uzun müddətdir ki, tanıyır. Eldost onun həmkəndlisidir. 2019-cu ilin noyabr ayının əvvəllərində Eldost yaşadığı Füzuli rayonu, Babı kəndindəki evinə gələrək, ondan 5000 manat borc pul istəmiş, o, Eldostdan bu qədər pulu hansı səbəbdən borc aldığını soruşduqda, sonuncu bacısı Xumarın oğlu Qorxmazın maddəsinin yüngülləşdirmək üçün həmin pulu Təqsirləndirilən şəxs verəcəyini, sonuncunun isə həmin pulu kiməsə verəcəyini bildirmişdir. O, da Eldosta bildirmişdir ki, “sabah bizə gələrsən, 5000 manat məbləğində pulu sənə düzəldib verərəm.” Eldost da onunla razılaşmış, sabahısı gün səhər saatlarında Eldost onun yaşadığı evə gəlmiş, o, özündə olan 5000 manat məbləğində pulu Eldosta vermişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 5 oktyabr 2021-ci il tarixli, 4/1274-4/1312 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, “PTT-20200923-WA0000.opus” adlı fonoqramdakı yazılı mətn bu cürdür: Q1 - Xumar, salam. Neynirsən, nağarırsan? Vəziyyətin zad? Xumar, demək Qorxmazın işi təyin olunubdu, oktyabrın 2, 2-nə. İsmayıl Əhmədov sudya. İlkin baxış olacaq oktyabrın 2-si. Hə, indi mənə dedilər, xəbər verdilər. İndi Allah qoysa üstünə düşəciyik. Ona qədər də, indi 1-2 günlük də vəkilin zadın təyin eliyək. Narahat olma, yaxşı olacaq deyəsən. Lap yaxşı. İsmayıl Əhmədov, oktyabrın 2-si. “PTT-20201128-WA0012.opus” adlı fonoqramdakı yazılı mətn bu cürdür: Q1 -Xumar, axşamın xeyir. Ədalətə səs göndərməkdənsə, mənə zəng eliyəsən gərək. Zəngini də götürmüşəm həmişə, heş adboy da verməmişəm. Yekə qadınsan, mərfətin- qanacağın olsun, ... Qorxmaza da əziyyəti mən çəkmişəm indiyə qədər. Çəkil deyirsən, bu günnən çəkilərəm. Yenə də mən deyirəm, mənim atabatama lənət, yenə də deyirəm. Bax, get adam da tut, vəkil də tut. Eybi yoxdu, mən çəkildim qırağa, çəkildim qırağa. Get, əgər o işi başa vuran bir oğlan olsa, bax duracam belə, bax duracam, belə lombultuynan tüpürərsən sifətimə. Di get. Sən ... ağzaa gələni danışırsan az, belə. Kimdi az sənin tutduğun adam, sənin vəkilin? Qoy getsin, sədrnən danışsın. Sənin oğlun üçün xahiş də olunubdu, sənin oğlun üçün zəng də olunubdu. Bilirsən, hamısını mən qəşəng bilirəm. Kim də gedib, kim də deyib hamısını mən bilirəm. Lap cibiə 100.000 yox e, 150.000 min qoy get. Əgər o pul götürülsə, yenidən qayıdıb sifətimə tüpürərsən mənim. İndi bilirsən necədi? Birinci, sənin oğlun bu işinin dayandırılması nə Marallıqdı, nə onnux, bunnux deyil. Mən də istiyərdim tez olsun. İndi sən heç televizora baxmırsan az, məhkəmələr nə gündədi? Ayın neçəsinə kimi məhkəmələri görürsən, mən yenə də dünən əlaqə saxlamışam, deyiblər görək, görək bu ayın içinə sala bilərikmi. Sən nədi az? Sənin admın kimdi az? Sənin vəkilin kimdi? Gələk oturaq üzbəüz danışaq. Bax, üzbəüz durum vəkilin çıxardacaq getsin çıxartsın. Bax, mən onu deyirəm. Onda mən çıxardıb saa 13.000 yox, 20.000 verməsəm, mənim atama lənət, di get. Xumar, eybi yoxdu, sənin bu sözlərin var haa,… deyirsən e, yadında saxla, Maral əlin buladığı işi, heç bir adam sona çatdıra bilməz. Yadında saxla. Ayıbdı e, səninçün bu qədər əzab-əziyyət çəkdim. 2-3 gün bunnan qabax mən gedib başqa yerdə olmuşam. Danışılıb, deyilib, ad-familiyası verilib, indi sənin adamın çıxdı qoy getsin. Sənə dedim, vəkil tut, vəkil nə var ki, vəkil nağayrır. Gedir vəkil də, mən də dəstəkliyərəm vəkili. Vəkil də onun düzgünlüyün sübut eliyəcəy, vəkil onu müdafiyə eliyəcəy, vəkil onun nə olduğunu dəyəcək, daha vəkilə heş kim icazə vermiyəcək ki, getginən sən Allah sədrnən danış, bu uşağı çıxard. Mən saa deyirəm. Özüz bilərsiz, özüz bilərsiz. Qutardın cərə qutar, cəhənnəmə qutar. Sən bu qədər mənim əziyyətimi heç elədin sən. Heç elədin. Utanmaz. O boyda yoo, indi gələcəm, 1- 2 günə kəndə gəlləm, həmən Daşqınnan oturacam üzbəüz, indi (söyüş) Daşqının? Bax elə bu səsi də ona çatdır. Həə. İndi getsin kim danışır danışsın, eybi yoxdu. Həə, Maral danışıbdı, sədrə deyilibdi. Onnan sonra adam tutmusan, yaxşı eləmisən. Mən də sənnən razıyam. Vəkil tutmalısan da, niyə tutmursan ki? Qoy vəkil o qədər müdafiə eləsin, sağlığ olsun, sağlığ olsun. Hər şeyin başı sağlığdı. Mənə belə söz yazmağın nəyi yoxdu. Sən deyəsən, mən elə yavaş-yavaş danışdım, deyəsən sən özü ağıllı, özü ağıllı hesab elədin. Ayıb olsun sənə. 1 sentyabr 2021-ci il tarixli protokolla Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “Whatsapp” proqramı vasitəsi ilə danışdıqlarına dair səs yazılarının köçürüldüyü 1 ədəd diskə baxış keçirilmişdir. 3 sentyabr 2021-ci il tarixli “götürmə aç baxış aparılması haqqında” qərarla Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi Təqsirləndirilən şəxs ilə “Whatsapp” ani yazışma proqramında səsli mesajların olduğu, oğlu Qorxmaz İdriszadəyə məxsus 1 ədəd “Samsung S-5 mini” markalı mobil telefon götürülmüşdür. 6 sentyabr 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs izahatına əlavə etdiyi 1 ədəd disk, Təqsirləndirilən şəxsdan götürülmüş səs nümunələrinin köçürüldüyü 1 ədəd disk və Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi oğlu Qorxmaz İdriszadəyə məxsus 1 ədəd “Samsung S-5 mini” markalı mobil telefon maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, Füzuli rayon prokurorluğunda saxlanılan mobil telefon isə 11 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs qaytarılmışdır. 20 sentyabr 2021-ci il tarixli diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 avqust 2019-cu il tarixdən 01 iyul 2021-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin sahibləri barədə məlumatlar qeyd edilmişdir. 01 avqust 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində telefon nömrələrindən zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin anten dairələri üzrə məlumatları qeyd edilmişdir. 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddət ərzində telefon nömrələrindən zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin anten dairələri üzrə məlumatları qeyd edilmişdir. “505104778-ant 21.xlsx” faylına daxil olduqda 01 yanvar 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək olan müddət ərzində telefon nömrələrindən zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin anten dairələri üzrə məlumatları qeyd edilmişdir. “505104778-sms.txt” faylının içərisində ********* saylı telefon nömrəsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. “**********78.txt” faylının içərisində R.Məmmədov küçəsi, ev 24, mənzil 23 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********* mobil telefon nömrəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək olan izahlı qaimə hesabatı tərtib olunmuşdur. Müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ********* saylı telefon nömrəsi onun öz adına rəsmiləşdirilmiş və həmin nömrənin anten dairəsi 05 avqust 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək, 25 avqust 2019-cu il tarixdən 26 avqust 2019-cu il tarixədək, 14 noyabr 2019-cu il tarixdən 16 noyabr 2019-cu il tarixdək Füzuli rayonunun Babı kəndi ərazisində qeydə alınmışdır. Bundan başqa müəyyən edildi ki, 26 fevral 2020-ci il tarixdə saat 14:58 dəqiqədə **********36 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********78 telefon nömrəsinə “COX SAGOL EZİYYET. CEKDİNZ. XALAM. BİRDE. CALSN. QORXMAZ. CİXNZ. BİZE. GORE. OZNE. HECNE. ETMESN. BİZİ. FİKRESN. GOZUN. QABAGNA. QOYSUN. O. ADA. USTE N.GOTURDUN.. ONA. BİLEM. ONA. PİS.TESR. EDİR. SAGOL” məzmunlu SMS daxil olmuşdur. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmünün surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 150.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(106)-26/2021 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, X2 barəsində çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Füzuli rayon X5 Hüquqi şəxsindən daxil olmuş 05 oktyabr 2021-ci il tarixli, 617 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji dispanserində xəstə kimi qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası dəyişdirilərək qazancından dövlət nəfinə 15 (on beş faiz) məbləğində pul tutulmaqla ona 6 (altı) ay islah işləri cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsindən daxil olmuş 16 sentyabr 2021ci il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş 6 ay müddətinə islah işləri cəzasını işləmədiyi üçün bu günə kimi çəkməmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəməyə təqdim olunmuş 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Dövlət Sosial Müdafiə X8 şəxsinin 10 saylı Regional ərazi fondunun 02 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs şöbədən heç bir növ pensiya, müavinət və ya təqaüd almır. İş materiallarında olan Füzuli RPŞ-nın 3 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 24, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adına heç bir nəqliyyat vasitəsinin qeydiyyata alınmaması müəyyən edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin 3 sentyabr 2021-ci il tarixli 02/69 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Füzuli rayonu ərazisində hər hansı təsərrüfatın olması qeydiyyata alınmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 36-cı bəndində göstərilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq, həm də rüşvət verməyə təhrik etmə (32.4,312-ci maddələri ) kimi qiymətləndirilir. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi tövsif edilir, onların zərər çəkimş qismində tanınması istisna olunur. Odur ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs qismində iştirakını istisna edir. Beləliklə də, Təqsirləndirilən şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında məhkəmə məsuliyyətinə verilmiş Qorxmaz İbriszadəyə aşağı həddə cəza verilməsinə sonuncunun anasına vəd edərək səlahiyyətli vəzifəli şəxslərə pul vermək adı ilə Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etməsi və vədinə əməl etmək niyyətində olmadan 13.000 manat məbləğində pulu hissə-hissə müxtəlif vaxtlarda sonuncudan alıb dələduzluq yolu özgənin əmlakı ələ keçirməsi məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2015-ci il tarixli qərarına əsasən şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-in 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-in 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. CM-in 99-2-ci maddəsinə əsasən Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına hər hansı bir daşınar və daşınmaz əmlak yoxdur. Həmçinin, məhkəmə istintaqında müəyyən edilmişdir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs Marala Xəlilova cinayət yolu ilə əldə etdiyi 13.000 manat məbləğində pulu xalası qızı Zərərçəkmiş şəxs qaytarmamışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınması, habelə CM-nin 99-2-ci maddəsinə əsasən Marala Xəlilovaya münasibətdə əmlakın dəyərinə görə müsadirənin edilməsinin mümkün olmaması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4 -cü maddələri “az ağır”, CM-nin 32.4, 312.2-ci maddəsi isə “ ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 178.2.2., 178.2.4 -cü maddələrin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 32.4, 312.2-ci maddəsinin sanksiyasında isə dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanma müddəti cəza müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbiri seçildiyi vaxtdan – 11 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs izahatına əlavə etdiyi 1 ədəd disk, Təqsirləndirilən şəxs götürülmüş səs nümunələri olan 1 ədəd disk cinayət işində saxlanılmalı və 1 ədəd “Samsung S-5 mini” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312.2-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə ekspertiza xərci 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs izahatına əlavə etdiyi 1 ədəd disk, Təqsirləndirilən şəxs götürülmüş səs nümunələri olan 1 ədəd disk cinayət işində saxlanılsın və 1 ədəd “Samsung S-5 mini” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar