Məhkəmə qərarları › İş №1(099)-531/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-531/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-531/2022 25.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1985-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polsin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində tanışı Zərərçəkmiş şəxs ona olan 230 manat borcunu qaytarmaması səbəbindən şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə və sağ ayaq nahiyəsinə qəsdən bir dəfə olmaqla, ümumilikdə iki dəfə qəsdən vuraraq sonuncuya müvafiq olaraq sol yan səthinin qarın boşluğuna keçən və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara xarakterli həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya və sağ bud nahiyəsində deşilmiş-kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs bir neçə müddət bundan öncə Cəlilabad rayon mərkəzi xəstəxanasının qarşısında kafe işlədən şəxs kimi tanımışdır. Onunla əvvəllər münasibəti normal olmuşdur. Aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Eyni zamanda Cəlilabad şəhər sakini Şahid2 uzun müddətdir tanımışdır. Belə ki, Seyfəddin onunla birlikdə evlərin təmir edilməsində usta kimi fəaliyyət göstərir. O, Seyfəddinlə bir neçə dəfə bir yerdə işləmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Seyfəddin onunla əlaqə saxlayıb Teymurun evində təmir işlərini görmək lazım olduğunu bildirmiş və əgər işi yoxdursa birlikdə işləməyini təklif etmişdir. Bir neçə gün sonra Teymura məxsus fərdi yaşayış evində Seyfəddinlə birlikdə işə başlamışdır. Təxminən 5-6 gün ərzində işi yekunlaşdırmışlar. Teymurla Seyfəddin onlara veriləcək zəhmət haqqı barəsində qabaqcadan razılaşmışlar. Teymur evin təmir edilməsi ilə bağlı onlara 730 manat pul verməli olmuşdur. Onlar işi yekunlaşdırdıqdan sonra Teymur Seyfəddinə 500 manat pul verib qalan 230 manat pulu daha sonra verəcəyini bildirmişdir. Bir neçə ay keçməsinə baxmayaraq Teymur qalan 230 manat borcunu verməmişdir. O və Seyfəddin Teymura dəfələrlə borcunu qaytarmasını bildirsələr də Teymur hər dəfə yaxın müddət ərzində borcunu qaytaracağını deyib onlara yalan vəd vermişdir. 12 aprel 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyini, hansı səbəbdən hər kəsin yanında mənə borcunun olduğunu dediyini bildirərək telefonda onu söyüb təhqir etməyə başlamışdır. Bir saat sonra Cəlilabad şəhəri, M.Hüseyn küçəsində onu gözləyəcəyini demişdir. O, Teymurla razılaşmışdır. Bir saat sonra Cəlilabad şəhəri, M.Hüseyn küçəsində Zərərçəkmiş şəxsla görüşmüş, 230 manat borc üstündə aralarında mübahisə başlamış və onlar dalaşmışlar. Onlar tutaqlaşdıqdan sonra hər ikisi yerə yıxılmışdır. O, Teymurun içkili olduğunu görmüşdür. Teymur yerdə olan zaman onun sinəsindən tutub buraxmamışdır. Bundan sonra o, əsəbləşib üzərində saxladığı bıçağı çıxararaq Teymurun qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Teymur onun yaxasını buraxmışdır. O, tez ayağa qalxmışdır. Əlində olan bıçağı yolun kənarına atmışdır. Bundan sonra o, polis şöbəsinə gəlmişdir. Bundan bir müddət sonra Teymurun Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət etdiyi və onun barəsində şikayət etdiyini bilmişdir. Hazırda Teymurla barışmış, onun xəstəxana və müalicə xərclərinə köməklik etmişdir. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verməzdən altı ay əvvəl ona məxsus Cəlilabad şəhəri, S.Axundov küçəsində yerləşən fərdi yaşayış evində təmir işlərini gördürmək üçün usta kimi fəaliyyət göstərən qonşusu Şahid2 müraciət etmişdir. Seyfəddinlə razılaşdıqdan bir neçə gün sonra adını sonradan bildiyi Mirdəyazla birlikdə onlara gəlmişdir. Seyfəddin ona məxsus fərdi yaşayış evində təmir işlərini görən zaman Mirdəyazın ona kömək edəcəyini və birlikdə işləyəcəklərini bildirmişdir. O, Seyfəddinə etiraz etməmişdir. Bundan sonra Mirdəyaz və Seyfəddin birlikdə ona məxsus evdə təmir işlərinə başlamışlar. Seyfəddin və Mirdəyaz təmir işlərini bitirdikdən sonra Seyfəddinlə razılaşdığı kimi zəhmət haqqı olaraq 730 manat pulun 500 manatını vermişdir. Qalan 230 manat pulu isə daha sonra verəcəyimi bildirmişdir. Seyfəddin onunla razılaşmışdır. Təmir işlərinə başlamazdan öncə o, Seyfəddinlə razılaşmışdır. Bu səbəbdən yekunda zəhmət haqqı ilə bağlı Seyfəddinlə söhbət etmişdir. Onun Mirdəyazla hansı formada razılaşdığını bilməmişdir. Seyfəddinlə aralarında olan razılaşmaya əsasən qalan 230 manat borcunu bir neçə aya verməli idi. Hadisədən təxminən bir ay öncə Seyffəddin və Mirdəyaz ona məxsus olan kafeyə gəlmiş, ona borclu qaldığı 230 manat pulu verməyini istəmişlər. O, Seyfəddinə narahat olmamağını deyib yaxın müddət ərzində ona borclu olduğu 230 manat pulu toplayıb verəcəyini bildirmişdir. 12 aprel 2022-ci il tarixdə özünə məxsus kafedə spirtli içki qəbul etmişdir. Həmin gün saat 20 radələrində istifadəsində olan mobil nömrədən Mirdəyazın istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Mirdəyaz onunla razılaşdıqdan sonra təxminən bir saata Cəlilabad şəhəri, M.Hüseyn küçəsinə gəlməsini istəmişdir. Bir müddət kafedə oturduqdan sonra həmin gün saat təxminən 21 radələrində qonşusu Əzizağa ilə birlikdə Mirdəyazla görüşmək üçün piyada Cəlilabad şəhəri, M.Hüseyn küçəsinə getmişdir. Az gözlədikdən sonra Mirdəyaz onun yanına gəlmişdir. Onunla salamlaşdıqdan Mirdəyaza hansı səbəbdən onun nənəsi Şəfiqəgilə getdiyini soruşmuşdur. Mirdəyaz ona olan 230 manat borcunu qaytarmağını istəmişdir. O, Mirdəyaza borclu olmadığını demişdir. Lakin Mirdəyaz təkidlə ona borclu olduğunu bildirdiyi üçün aralarında münaqişə yaranmışdır. Mirdəyazla tutaqlaşmış və hər ikisi yerə yıxılmışdır. Bu zaman Mirdəyaz üzərində gəzdirdiyi bıçağı çıxararaq onun qarın nahiyəsinin sol hissəsinə və sağ ayağına zərbələr endirmişdir. Həmin vaxt bədənində istilik hiss etmişdir. Mirdəyaz dərhal ayağa qalxıb oradan uzaqlaşmışdır. O, da ayağa qalxmış və yaşadığı ev istiqamətində hərəkətə başlamışdır. Yolda olan zaman tanışı Elgün Mercedes markalı avtomobillə onun yanında saxlamış və xəsarət aldığını görüb onu dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. Ona orada ilkin tibbi yardım göstərilmişdir. Daha sonra isə xəstəxanada yanına gələn polis əməkdaşına baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan hər hansı tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs azadlıdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Teymur onunla əlaqə saxlayıb özünə məxsus fərdi yaşayış evində təmir işləri görmək lazım olduğunu bildirmişdir. O, Teymurla razılaşmışdır. Daha sonra özünə kömək etmək məqsədilə usta yoldaşı Mirdəyaza zəng edib Teymurun yaşadığı fərdi yaşayış evində təmir işlərini görmək lazım olduğunu bildirmiş və əgər işi yoxdursa birlikdə işləməyini təklif etmişdir. Mirdəyaz əlində iş olmadığını bildirib onunla razılaşmışdır. Teymurla onlara veriləcək zəhmət haqqı barəsində qabaqcadan razılaşmışdır. Belə ki, Teymur 730 manat puldan 500 manatını onlara verəcək, qalan 230 manatını isə yaxın bir iki aya verəcəkdir. Onlar işi yekunlaşdırdıqdan sonra Teymur ona 500 manat pul verib qalan 230 manat pulu daha sonra verəcəyini bildirmişdir. O, Teymuru tanıdığını, yaxın bir ay müddətində onlara qalan 230 manat borcunu verəcəyini demişdir. Mirdəyaz daha heçnə deməmiş və onunla razılaşmışdır. Lakin bir neçə ay keçməsinə baxmayaraq Teymur onlara qalan 230 manat borcunu verməmişdir. O və Mirdəyaz Teymura dəfələrlə borcunu qaytarmasını bildirsələr də Teymur hər dəfə yaxın müddət əzrində borcunu qaytaracağını deyib onlara yalan vəd vermişdir. 12 aprel 2022-ci il tarixdə saat təxminən 21 radələrində Mirdəyaza məxsus mobil nömrədən ona zəng gəldiyini görmüşdür. O, cavab verən zaman Teymurun telefonda olduğunu bilmişdir. Həmin vaxt Teymur ona nə qədər borcunun olduğunu soruşmuşdur. O, Teymurun onlara 230 manat borcunun olduğunu bildirmişdir. Teymur həmin pulun hansı hissəsinin ona, hansı hissəsinin Mirdəyaza çatacağını soruşmuşdur. O, həmin puldan 130 manat Mirdəyaza, 100 manat isə ona çatacağını demişdir. Teymurun aqressiv şəkildə ona çatan 100 manat pulu verəcəyini, lakin Mirdəyaza çatan 130 manat pulu verməyəcəyini demişdir. Teymur Mirdəyazın borcla bağlı onun nənəsi Şəfiqənin evinə getdiyi üçün ona qarşı əsəbi olduğunu bildirmişdir. Həmin vaxt Teymur Mirdəyazın ünvanına nalayiq ifadələr işlədib pulu ona verməyəcəyini demişdir. Mirdəyaz Teymura irad bildirib ondan yaşca böyük olduğunu demişdir. O, bütün danışıqları mobil telefondan eşitmişdir. Elə həmin anda Mirdəyaz və Teymurun tutaqlaşdığını eşitmişdir. O, nə qədər telefondan qışqırsa da xeyri olmamışdır. Az keçmiş Mirdəyaz ona zəng etmişdir. O, Mirdəyazdan nə baş verdiyi soruşmuşdur. Mirdəyaz Teymurla tutaqlaşdığını nəticədə bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. O, Teymura etdiyi hərəkətlə bağlı irad bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə saat təxminən 21 radələrində tanışı Teymurla birlikdə Cəlilabad şəhəri, M.Hüseyn küçəsinə getmiş, belə ki, sonuncu ona Mirdəyaz usta ilə görüşəcəyini bildirmişdir. Onlar görüşəndən sonra Teymurla Mirdəyaz 230 manat üstündə mübahisə etmişlər, daha sonra dalaşmağa başlamışlar və yerə yıxılmışlar. O, dərhal yaxınlaşaraq onları aralamağa çalışmış. Teymur ayağa qalxmış və onda bıçaq xəsarəti olduğunu görmüşdür. Mirdəyaz isə çıxıb getmişdir. Teymurun qarın nahiyyəsindən qan gəlirmiş, buna görə də o xəstəxanaya getmişdir. X3 barışmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət alması hadisənin baş verdiyi yer Cəlilabad şəhəri, M.Hüseyn küçəsidir, ətrafı hasarla və şəhər tipli tikililərlə əhatə olunub, hadisə yerinin baxışının aparılması zamanı bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 639 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol yan səthinin qarın boşluğuna keçən və nazik bağırsağı zədələyən 1/bir/ədəd kəsilmiş-deşilmiş yara və sağ bud nahiyəsində 1/bir/ ədəd deşilmiş-kəsilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə qarının sol yan səthinin qarın boşluğuna keçən və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sağ bud nahiyəsindəki deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 258 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs boynun arxa səthində qançır, sağ diz oynağı nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 361/MTKŞ-2022 nömrəli rəyində göstərilir ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. İş materiallarında olan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1949 rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyəti n müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçilik, adaptivlik, qıcığa qarşı həssaslıq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situsasiyası ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli «maddi sübut kimi tanınma haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aralarında yaranan münaqişə zəmnində Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bir ədəd bıçaq maddi sübut qismində tanınaraq saxlanmasından ötrü Cəlilabad rayon polis şöbəsinin “maddi sübutların saxlanması” otağına təhvil verilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə arayış və xasiyyətnamədən görünür ki, Yaqubov X1 rayonu, N.Nərimanov küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası, arvadı, və 2015-ci il təvəllüdlü Mirağa Yaqubov və 2018-ci il təvəllüdlü Mirhüseyn Yaqubov adlı övladlarından ibarətdir, yaşadığı müddət heç bir şikayət və daxil olmamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli qərarla ilə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Cəlilabad rayon mərkəzi xəstəxanası X5 verilmiş 21 iyul 2022ci il tarixli, 976 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixoloji və narkoloji kabinetlərinə müraciət etməmiş və dispanser qeydiyyatında yoxdur. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 126.1ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması əməlini yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinə əsasən “Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”, “Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilib həmin Məcəllənin 52-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona CM-nin 126.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü – müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan dəyişdirilməməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan- Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən istifadə etdiyi və Cəlilabad rayon polis şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar